• cümə axşamı, 28 mart, 23:50
  • Baku Bakı 13°C

Təyyarədə uçmaqdan qorxuram

11.02.14 11:49 1636
Təyyarədə uçmaqdan qorxuram
Ötən gün gənc müğənni Ayaz Qasımov “Kaspi”nin qonağı oldu. Müğənni bizimlə söhbətində Türkiyə şou-biznesinə qatılan müğənnilərimizdən, yeni layihələrindən danışdı. Onun sözlərinə görə, Türkiyə şou-biznesində daxil olmaq üçün yalnız iki yol var - ya orada yaxın dostların olmalıdır, ya da Türkiyə televiziyalarına külli miqdarda pul verilməlidir ki, onun da buna ehtiyacı yoxdur.
Tənbələm

- Çoxdandır sizdən yeni mahnı eşitmirik.

- Yaxın zamanlarda bu tilsimi sındıracam. Hazırda yeni mahnılar üzərində işləyirəm. Üç mahnı hazırlamışam və onları uzun müddətdir ki, tamaşaçılara təqdim etmək istəyirdim. Üzrlü səbəblərdən mahnı bir az gecikdi. Mahnıların üçü də fərqli janrdadır. Ümid edirəm ki, tamaşaçıların xoşuna gələcək. Düşünürəm ki, bunlar əvvəlki uğurlarımın siyahısına daxil ola biləcək mahnılar olacaq.
- Şou-biznesdə konsertlər mövsümü başlayıb. Bəs siz necə, konsert verməyi düşünmürsünüzmü?

- Əslində konsert verməyi planlaşdırmamışam. Amma bu mənim çoxdankı arzumdur. Təssüflər olsun ki, buna vaxt tapa bilmirəm. Konsert verməyi çox istəyirəm, ancaq nə edim ki, tənbələm. Əgər təşkilatçılar mənə bununla bağlı münasib təklif irəli sürsələr, mən də onlara güvənib konsert verərəm. Düşünürəm ki, yaradıcı insan üçün konsert mütləq və mütləq olmalıdır. Konsert vermək üçün təşkilatçılardan və ya sponsorlardan təklif gəlsə, məmnuniyyətlə dəyərləndirərəm.
- Müğənnilərimiz Azərbaycanda konsertdən pul qazanmağın mümkün olmadığını deyirlər. Buna görəmi konsert verməyə həvəsli deyilsiniz?

- Mənə elə gəlir ki, konsert vermək üçün elə də külli miqdarda pul lazım deyil. Burada əsas xərc sponsorların üzərinə düşür. Sponsor reklam məqsədi ilə pul ödəməyə razılaşır. Əslində konserti müğənni özü etməməlidir. Bu, təşkilatçıların və sponsorların təşəbbüsü ilə həyata keçməlidir. Müğənni özü belə işlərlə maraqlanmamalıdır. Reallıqdır ki, bu gün bizim gəlir mənbəyimiz toylardır. Vaxtımın çox hissəsini toylara ayırmışam, bu da mənə olan tələbatdan irəli gəlir. Mən özüm də buna məcburam. Toy sahiblərinə deyə bilmərəm ki, siz gözləyin, mən konsert verim sonra gəlim. Təbii ki, bu işi özüm də fikirləşirəm. Əgər mən toy sahiblərinə yox desəm, toy biznesi də əlimdən yavaş-yavaş çıxacaq.
Dünya praktikasında belə bir şey yoxdur

- Bəzi insanlar şou-biznesi ciddi sənət hesab etmirlər. Şou-biznes nümayəndəsi olaraq siz necə düşünürsünüz?

- Mən bu sənəti ciddi hesab edib gəlmişəm. Hər zaman müğənnilik sənətinə ciddi yanaşmışam. Ümumiyyətlə, musiqi çox ciddi sənətdir. Bu sənət elə bir şeydir ki, başqa ölkələrdə vətənini tanıda və ya yaxşı şəkildə təmsil edə bilərsən. Kim ki bu işə dırnaqarası baxır, demək ki, o özü də dırnaqarası insandır. Bu sözü deyən o qədər boş insandır ki, musiqi haqqında bu cür fikirləşir. Tamaşaçılar məni musiqiyə görə tanıyıb, qəbul ediblər. Mən başqa sahədə çalışsaydım, bu qədər uğur qazana bilməzdim. Bu çox ciddi bir sahədir. Bu sənətin sayəsində həyatda maddi və mənəvi cəhətdən də özümə bir yer tutmuşam. Sağ olsun musiqiyə dəyər verən insanlarımız. Biz bu sənət üçün illərimizi vermişik.
- Niyə efirdə çox az-az görünürsünüz? Efirə çıxmaq üçün də vaxtınız yoxdur?

- Tamaşaçının gözünü çox yormaq lazım deyil. Toylara tez-tez gedirəm deyə, efirə çıxmağa vaxt çatdıra bilmirəm. Əgər toyum olduğu gün verilişlərə dəvət alıramsa, düşünürəm ki, efirə çıxmağı çatdırmaram, ona görə toya gedirəm. Toylarda məni sevən tamaşaçılarla tez-tez görüşürəm. Bizim toylarda mənə daha çox tələbat var, ona görə də tamaşaçıya təqdim etdiyim işin mükəmməl olmasını istədiyim üçün vaxtımın çoxunu ora ayırıram. Yəni bir əldə beş qarpız tutmaq istəmirəm. Bəzi insanlar toyda oxumağa dırnaqarası baxır. Musiqiçilərin əksəriyyətindən toya gedəndə “əşi, toydur da, gedib yola verəcəm” kimi fikirlər eşidirəm. Ancaq məsələyə belə yanaşmaq olmaz. Kimlərsə söyləyir ki, Ayaz efirə nəyə görəsə çıxmır. Bu belə deyil, sadəcə olaraq işimə məsuliyyətlə yanaşıram.
- Toylara çox getdiyinizi deyirsiniz. Səsiniz hər gün canlı ifaya tab gətirə bilirmi?

- Əlbəttə. Vokal termində elə bir şey yoxdur ki, ifaçı hər gün oxusun. Bu, müğənninin özü üçün də ziyandır. Azərbaycan yeganə ölkədir ki, ifaçıları 10 saat canlı oxuya bilir (gülür). Hərdən oturub düşünürəm ki, doğrudan da bizim ifaçılarımız çox güclüdür. Dünya praktikasında belə bir şey yoxdur. Türklərin özü toyda bir neçə saat oxuyandan sonra yorulurlar.
Gözümdən düşüb
- Türklər demişkən, Türkiyə şou-biznesinə qatılmağı düşünürsünüzmü?

- Türkiyə şou-biznesini bizimkilər o qədər ucuzlaşdırdı ki, artıq gözümdən düşüb. Əvvəllər Türkiyədəki dostlarımız bizi ora dəvət etməyə çalışırdılar. Ancaq vəziyyəti belə görəndə imtina etdim.
- Necə?

- Türkiyə şou-biznesinə qatılmaq üçün gərək oradakı yaradıcı qrup ilə münasibətin olsun, yoxsa yetmiş milyon əhalinin arasında kimdir bizim müğənniləri tanıyan? Onların kifayət qədər müğənniləri var. Nə bilsinlər ki, Azərbaycanda Ayaz adlı müğənni var? Türkiyədə tanınmağın ən asan variant odur ki, orada yaxın dostların olsun və sənin üçün hər bir şəraiti yaratsınlar. Mən də gördüm ki, bizdən nə qədər müğənni oranın şou-biznesinə qatılmağa can atdı. Düşündüm ki, nə dostlarıma, nə özümə əziyyət verim. Türkiyə şou-biznesində vəziyyət bizimki kimi deyil. İki il bundan öncə Türkiyənin TRT televiziyasına dəvət almışdıq. Orada gördüklərimdən sonra şoka düşdüm. Biz öyrəşmişik ki, efirlərə çıxanda pulu özümüz verək ki, bizi çəksinlər. Orada Azərin xanımın verilişinə dəvət almışdıq. Bizi orada çox yüksək səviyyədə qarşıladılar və xidmət göstərdilər. Veriliş bitəndən sonra onlar mənə zərf təqdim etdilər. Baxdım ki, zərfin içinə pul qoyublar. Çox təəccübləndim. Mənə dedilər ki, bu sizin əməyinizin qarşılığıdır. Mən şokda idim. Fikirləşirdim ki, görəsən televiziya adama pul verər? Biz belə bir şey görməmişik.
- Düşünürsünüz ki, sizdən öncə gedən müğənnilərdən sonra onlar qədər tanınmazdınız?

- Yox, sadəcə Türkiyədəki dostlarıma boş yerə əziyyət vermək istəmədim. Mən türklərdə öz ifaçılarına olan hörməti görmüşəm. Biz yaxşı oxusaq da, türklər öz ifaçılarını daha yaxşı tutublar, onları bizdən üstün dəyərləndiriblər. Biz hələ indi-indi inkişaf etməyə başlamışıq. Bizim müğənnilərimizdən kim olur-olsun, nə qədər pul xərcləmələrindən asılı olmayaraq, onlar üçün heç bir fərqi yoxdur ki, buraya qonşu dövlətlərdən kimsə qatılıb. Onlar bizim müğənnilərə sadəcə olaraq kommersiya gözü ilə baxırlar. Düşünürlər ki, görəsən bu müğənnidən nə qədər pul alacam. Çünki həmin insanlara bu sərf edir. Əslində bizdə də elə olsa, yaxşı olar. Belə vəziyyətlə qarşılaşanda mən çox inciyirəm. Efirlərimizdə daha çox türk və rus klipləri yayımlanır, özü də pulsuz. Mənə ən çox bu təsir edir. Bəyəm Türkiyə telekanalları bizim müğənnilərin kliplərini orada pulsuz göstərirlər? Qətiyyən. Bizim kliplərimiz orada heç zaman pulsuz göstərilə bilməz. Çəkinmirəm, ad da çəkə bilərəm. Brillant Dadaşova, Röya Ayxan guya heç pul xərcləmədən Türkiyə telekanallarına çıxıblar? Yəni belə şeylərə inanırsınız? Burdan Türkiyə şou-biznesinə nə etsən, hamısı boşdur. Səni görmək istəyən elə gəlib Azərbaycanda görəcək. Qurban olum, öz vətənimə! Dünyanın əksər yerində yaşayan azərbaycanlılar məni yaşadıqları ölkələrə dəvət edirlər. Ancaq məndə yüksəklik qorxusu olduğu üçün təyyarəyə minmirəm. Uçmağı sevmirəm. Bu da mənim bir mənfi tərəfimdir. Düşünürəm ki, başıma faciəli nə gələcəksə, həmin o təyyarədə gələcək (gülür). İçimdə bir qorxu var.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər