• cümə axşamı, 28 mart, 18:23
  • Baku Bakı 13°C

Teymur Rəcəbov Azərbaycan tarixində ilk dəfə Dünya Kubokuna sahib olub

04.10.19 18:52 1518
Teymur Rəcəbov Azərbaycan tarixində ilk dəfə Dünya Kubokuna sahib olub
Teymur Rəcəbov Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kubokunun qalibi olub. O, oktyabrın 4-də Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən turnirin finalında çinli Liren Dinqi məğlub edib.
Qrossmeysterlər finalda 10 görüş keçiriblər. Şahmatçılar arasında dörd klassik partiya oynanılıb. Klassik partiyanın birinci görüşündə zəka ustaları xalları yarı bölüblər. İkinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız üçüncü qarşılaşmada 45-ci gedişdə rəqibini məğlub edib. Şahmatçıların dördüncü görüşündə də heç-heçə qeydə alınıb - 2:2.
Finalda qalib müəyyənləşmədiyi üçün oktyabrın 4-də tay-breyk qarşılaşmaları oynanılıb. Tay-breyk çərçivəsində dörd rapid yarışında da qalib müəyyənləşməyib - 2:2. Bilts partiyasında isə ardıcıl iki görüşdə qələbə qazanan T.Rəcəbov turnirin qalibi olub.
Beləliklə, rəqibini 6:4 hesabı ilə məğlub edən T.Rəcəbov Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kuboku turnirinin qalibi olub.
Xatırladaq ki, turnirdə mübarizəyə altmışdörddəbir finaldan başlayan T.Rəcəbov birinci mərhələdə Farer Adaları təmsilçisi Helgi Ziskanı, otuzikidəbir finalda rusiyalı Sənan Syugirovu məğlub edib. Şahmatçımız onaltıdabirdə digər rusiyalı şahmatçı Daniil Yuffaya, səkkizdəbir finalda isə komanda yoldaşı Şəhriyar Məmmədyarova qalib gələrək dörddəbir finala yüksəlib. O, dörddəbir finalda ABŞ təmsilçisi Cefferi Xionqu, yarımfinalda isə fransalı Maksim Vaşe-Laqravi üstələyərək finala vəsiqə qazanıb.
Qeyd edək ki, Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.
Sentyabrın 10-da başlayan dünya kuboku turnirində Azərbaycanın beş şahmatçısı mübarizəyə qoşulub. Turnirdə Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar.
Turnirin mükafat fondu 1,6 milyon dollardır.
banner

Oxşar Xəbərlər