• çərşənbə axşamı, 19 mart, 07:15
  • Baku Bakı 8°C

Təxribata uymaq olmaz

17.07.19 18:52 36740
Təxribata uymaq olmaz
İyulun 14-də günorta saatlarında Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin "Keşikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilib. Bu hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilib. Bununla yanaşı, Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­ib. Hadisə ilə əlaqədar Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, ondan məsələ ilə bağlı müvafiq izahat istənilib. Gürcüstan Xarici İşlər Nazirliyi də hadisəni pisləyən açıqlama ilə çıxış edib və bu istiqamətdə ciddi araşdırmalar apararaq günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib. Gürcüstanın Baş naziri Mamuka Baxtadze isə mediaya açıqlama verərək, bunun təəssüfedici insident olduğunu söyləyib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da açıqlama yayaraq, qeyd olunan hadisəni pisləyib. O bildirib ki, Azərbaycan sərhədçilərinə qarşı törədilən son təxribat dövlətlər arasındakı münasibətlərə birbaşa zərbə vurmaq məqsədi daşıyır. Administrasiya rəsmisi qeyd edib ki, hər iki ölkənin müvafiq qurumları ciddi araşdırmalar aparmalı, bu təxribatı törədən qüvvələri müəyyən edərək onlara qarşı ciddi ölçü götürülməliydilər. Prezidentin köməkçisi deyib ki, iki qonşu dövlət arasında formalaşmış dostluq, strateji tərəfdaşlıq münasibətləri kimlərisə ciddi narahat edir və bu ölkələri, onların xalqlarını qarşı-qarşıya qoymağa çalışan qüvvələr var.
Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovsözügedən insidentin Gürcüstan hökuməti ilə əlaqəsinin olmadığını güman edib. Bununla yanaşı, o bildirib ki, Gürcüstan sərhədçiləri öz hərəkətsizliyi ilə bu təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar. X.Xələfovun fikrincə, bu kimi təxribatlar və insidentlər iki ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur. Ona görə də bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar.


Qeyd edilən insidentlə əlaqədar "Kaspi” qəzetinə açıqlama verən Gürcüstan parlamentinin azərbaycanlı millət vəkili Mahir Dərziyev bildirib ki, Gürcüstanda milliyətindən asılı olmayaraq hər bir vətəndaş David Qareçi – Keşikçidağ məbədində yaşanan insidentə Gürcüstan-Azərbaycan dostluğu, qardaşlığı, strateji tərəfdaşlığı prizmasından yanaşmalı və bu kontekstdə münasibət sərgiləməlidir. O, əsrlərdir ki, Azərbaycan və gürcü xalqlarının dostluq-qardaşlıq şəraitində yaşadığını diqqətə çatdıraraq, hazırda müstəqil və müasir ölkələrimizin strateji tərəfdaş olduğunu vurğulayıb. M.Dərziyev deyib ki, beynəlxalq hüququn tələbinə uyğun olaraq, hər iki ölkə bir-birinin sərhədini, ərazi bütövlüyünü, suverenliyini tanıyır, beynəlxalq müstəvidə bir-birinin haqq işini müdafiə edir: "Son dövrlərdə ölkələrimiz arasında mədəni, humanitar, siyasi, iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edir, hər iki tərəfin iştirakı ilə mühüm beynəlxalq əhəmiyyətli nəhəng layihələr uğurla həyata keçirilir. Gürcüstan-Azərbaycan əməkdaşlığı həm region, həm də beynəlxalq aləm üçün bir örnəkdir, faydalıdır. Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq layihələr, Şərqlə-Qərbi birləşdirən nəqliyyat dəhlizləri, hər iki ölkədə inşa edilmiş beynəlxalq limanlar buna əyani misaldır. Gürcüstandakı dostlarımız bu reallıqları nəzərə alaraq obrazlı şəkildə qeyd edirlər ki, Gürcüstanın geniş ixrac potensialı yoxdur, amma yeri gələndə Azərbaycan-Gürcüstan dostluğunu, əməkdaşlığını nümunəvi model kimi bütün dünyaya ixrac edə bilərik. Təbii ki, bütün bunlar bizdə qürur hissi doğurur”.


M.Dərziyev bildirib ki, ümumilikdə Gürcüstan cəmiyyəti, o cümlədən azərbaycanlılar bu dostluğun, əməkdaşlığın daha da möhkəmlənməsində maraqlıdırlar. Onun sözlərinə görə, Gürcüstan cəmiyyətinin mütləq əksəriyyəti dərk edir ki, sözügedən dostluğun, qardaşlığın alternativi yoxdur: "Bu danılmaz faktı, reallığı hər iki dövlətin düşmənləri də gözəl bilirlər. Onlar bu əlaqələrə xələl gətirmək üçün müxtəlif məkrli planlar qurur, bunu həyata keçirməyə çalışırlar. David Qareçi - Keşikçidağ məbədi ətrafında süni ajiotajın yaradılmasına edilən cəhdlər də bu qəbildəndir. Birmənalı olaraq qeyd edə bilərik ki, bu təxribatlar ölkələrimizin uğurlarını, günü-gündən möhkəmlənən əlaqələrini istəməyən qüvvələrin, düşmənlərin ssenarisində yer alan məsələlərdir. Gürcüstanın Baş naziri Mamuka Baxtadze də 3 gün əvvəl Keşikçidağ kompleksi ərazisində baş verən hadisəyə münasibət bildirərək bunun təəssüfedici insident olduğunu bəyan edib. Həmçinin qeyd edib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcək. O, bunun hər birimiz üçün çox həssas məsələ olduğunu diqqətə çatdıraraq, komissiyanın və müvafiq qurumların normal rejimdə fəaliyyətlərini davam etdirməsinə imkan verməyi hamıdan xahiş edib”.


Deputat Gürcüstanın Cənubi Qafqazın ən dindar ölkəsi olduğunu, David Qareçi - Keşikçidağ məbədinin isə gürcülər üçün müqəddəs yer sayıldığını xatırladıb. Bununla belə o, məsələnin hüquq çərçivəsində həllini tapmasının vacibliyini vurğulayıb: "Gürcüstanda kilsənin çox böyük nüfuzu var. Əhalinin böyük əksəriyyəti xristian-pravoslav dininə etiqad edir. Bu, onların haqqı və hüququdur. Lakin bununla yanaşı, bir vacib məqamı da unutmaq olmaz ki, həm Azərbaycanın, həm də Gürcüstanın ərazisinin 20 faizi işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazisi işğal edilib. Belə bir situasiyada öz Vətənini sevən, ölkəsinin taleyini düşünən hər bir vətənpərvər insan, o cümlədən Gürcüstan vətəndaşı anlamalıdır ki, David Qareçi - Keşikçidağ məbədi ətrafında baş verənlər, süni ajiotajın yaradılması bizlərin diqqətini əsas problemlərimizdən, yəni işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində aparılan işdən yayındırmaq məqsədi daşıyır. Bununla həm ölkələr arasında, həm də cəmiyyətlər daxilində qarşıdurma yaratmaq niyyəti güdülür. Qaşınmayan yerdən qan çıxarılmasına imkan vermək olmaz. Ona görə də ayıq-sayıq olmalı, təxribatlara uymamalı, Baş nazir Mamuka Baxtadzenin vurğuladığı kimi, səbir və təmkinlə rəsmi dairələrin fəaliyyətinə imkan yaratmalıyıq. Hesab edirəm ki, bu məsələ yalnız beynəlxalq hüquq çərçivəsində, danışıqlar masası ətrafında həllini tapmalıdır”.


Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə öz "Facebook” səhifəsində hadisəyə münasibət bildirib. O, yaşanan insidentin böyük narahatlıq doğurduğunu xatırladaraq, Gürcüstan rəhbərliyinin məsələni çox ciddi araşdıracağına, günahkarların qanun qarşısında cavab verəcəyinə əminliyini ifadə edib. Deputatın sözlərinə görə, elə tədbir görülməlidir ki, gələcəkdə bu sayaq xoşagəlməz hallar yaşanmasın. Millət vəkili qeyd edib ki, millətindən, vətəndaşlığından asılı olmayaraq Gürcüstanla Azərbaycan arasında nifaq salmağa cəhd edən hər bir kəs qanun qarşısında məsuliyyət daşımalıdır. İşçi qrupun rəhbəri həssas çoğrafi mövqedə yerləşən Azərbaycan və Gürcüstanın strateji tərafdaş ölkələr olduğunu, xalqlarımızı qədim tarixə malik möhkəm dostluq və mehriban qonşuluq ənənələrinin birləşdirdiyini diqqətə çatdırıb: "Regionumuz nəhəng beynəlxalq layihələrin reallaşdığı məkandır. Bu məkanda başlıca söz sahibi Azərbaycan və Gürcüstandır. Hər iki ölkə regionun mühüm sabitlik təminatçıları olaraq çıxış edirlər. Bu mövqeyimizi gözü götürməyənlər də az deyil. Bəzi gürcü din nümayəndələri, gürcü olmayan, sonradan gürcüləşmiş şəxslər, reytinqləri kifayət qədər aşağı olan partiyalar Keşikçidağ məsələsini şişirdərək onu sanki Gürcüstan hakimiyyətinin görməli olduğu ən mühüm vəzifə kimi dəyərləndirirlər, mövcud xüsusda ittihamlar yağdırırlar. Məqsədləri Azərbaycan və Gürcüstan cəmiyyətində gərginlik yaratmaqdır. Mən məsələnin kökünü dərində görürəm. Şərqi Qərb ilə birləşdirən, konkret olaraq Çinlə Avropanın yeni, əslində isə qədim olan ticarət yolunun Azərbaycan və Gürcüstan üzərindən keçməsi, habelə regionumuzun Avropanın enerji təminatında ciddi rol oynaması müəyyən güc mərkəzlərinin mənafelərinə uyğun deyil. Gərginliyin yaranmasında məhz onlar maraqlıdırlar. Burada erməni faktorunu da unutmaq olmaz. Ermənilərə Azərbaycan-Gürcüstan dostluğu, nəinki Azərbaycanın, eləcə də Gürcüstanın güclü olması sərf etmir. Ermənilər bu gün də Gürcüstana qarşı torpaq iddiasındadırlar. Yada salım ki, 2008-ci ildə baş vermiş müharibədə abxazların və osetinlərin tərəfindən Gürcüstana qarşı çoxlu sayda erməni də döyüşüb. Bu, danılmaz faktdır”.


Ə.Amaşov əminliklə qeyd edib ki, Azərbaycan və gürcü xalqları həmişə olduğu kimi, yenə də müdriklik nümayiş etdirəcək, qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin sarsılmasına yönələn təxribata imkan verməyəcəklər: "Hər iki ölkənin media nümayəndələrinə hadisələrə soyuq başla yanaşmağı, xalqlarımızı birləşdirən məsələlərinin işıqlandırılmasına daha çox üstünlük vermələrini tövsiyə edərdim”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər