Texnoloji fəsadlar
ABŞ-ın Texas ştatının məşhur Baylor
Universitetinin alimləri hələ bir neçə il bundan əvvəl smartfonları ailələri
dağıdan "yenilik” kimi qiymətləndirəndə, araşdırmaları cəmiyyətdə təəccüblə
qarşılandı. Baxmayaraq ki, aparılan sorğularda respondentlərin 70 faizi
problemin artıq cəmiyyətdə mövcudluğunu təsdiqləmişdi. "Başlanğıcda insanların
komfortu, ünsiyyət vasitəsi kimi yaranan mobil telefonlar sonradan dağıdıcı
funksiyası ilə də məşhurlaşdı. Texnoloji
yeniliklər özü ilə fəlakətlər də gətirir” - deyə alimlər qeyd edirdilər.
İndi isə alimlər baş sındıraraq bu faydalı alətlərin "zərəri”ndən qaçmağın yollarını
düşünürlər.
Elə bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin internetin
Azərbaycanda tənha insanların sayının artmasına və boşanmaların çoxalmasına
təsir etməsi ilə bağlı narahatlığını da problemin bizim cəmiyyətə sirayət etməsinin
təzahürü kimi dəyərləndirmək olar.Belə ki, Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün
Səfərov "internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də
boşanmasına təsiri güclənir” - deyə qeyd edib.
Cəmiyyətdə baş verən
ailə dramları, xüsusən qadınların zorakılığa məruz qalması faktlarının kökündə
çox vaxt əsaslı olub-olmasa da, təsdiqini tapıb-tapmasa da, sosial şəbəkələr
vasitəsilə xəyanət məsələsi durur. Məhz əsası olan və olmayan bu şübhələr sonradan
qadınlara qarşı zorakılığın artmasına, onların bəzi hallarda rüsvayçılığa məruz
qalmasına səbəb olur. Əlbəttə, cinayətə heç kəs haqq qazandırmasa da, texnoloji
alətlərdən faydalı istifadənin hamı tərəfdarıdır.
Virtual xəyanət
"Demək olmaz ki, bu qadınların hamısı cahildir.
Onların bəziləri hətta oxumuş, iş sahibidirlər. Amma ağıl yoxdur. Ailəni,
övladını düşünmədən xəyanətə sürüklənirlər". Sosioloq Əhməd Qəşəmoğlu
sosial şəbəkələrin bu gün ailələrin dağılmasında böyük rol oynadığını təəssüflə
qeyd edir: «Artıq hüquqda "virtual xəyanət” adlı termin yaranır. Yəni əvvəllər
xəyanətdə fiziki olaraq istifadə olunur və ona görə cəzalar verilirdisə, bu gün
artıq virtual xəyanət ciddi müzakirə obyekti olub. Hətta təkliflər səslənir ki,
bununla bağlı qanunvericilikdə müəyyən maddələr nəzərdə tutulsun”.
İnternet inkişaf etdikcə, sosial şəbəkələrin
günümüzün ayrılmaz hissəsinə çevrildiyini deyən sosioloq bizim bu inkişafdan
geri qala biləcəyimizi düşünmür: "Əgər ölkəyə qrip yayılıbsa, buna qarşı
immuniteti gücləndirmək lazımdır. İnsanların immuniteti güclü olanda, xəstəliyə
qarşı müqavimət də güclü olur. Biz gənclərdə mənəvi immuniteti gücləndirmək
istiqamətində çalışmalıyıq. Mən həmişə deyirəm: sosial şəbəkələr ilan zəhəri
kimidir – düzgün istifadə edəndə dərman, aşırı olanda öldürücüdür. Ona görə biz
orta məktəblərdə məzmunlu, elmi üsullarla hazırlanmış tədris vasitələrindən
istifadə etməliyik. Ciddi elmi əsaslarla fəaliyyət proqramı hazırlanmalı,
ölkədə güclü maarifləndirmə işləri həyata keçirilməlidir”. Qadınların sosial
şəbəkələrə aludəliyinə və bu üsullarla ailəyə xəyanətinə gəlincə, sosioloq
bildirir ki, bizim qadınların bəzilərinin təhsil səviyyəsi aşağı olduğundan,
həm də evdə işsizlikdən darıxdığından başlarını ya kompyuter, ya da mobil
telefonla qatırlar: "Belə vəziyyətdə onlar kənar əlaqələr yaradırlar. Xüsusən,
əgər ailə münasibətlərində gərginlik varsa, qadın həyat yoldaşından eşitmədiyi
xoş sözləri təsadüfən ona dostluq göndərən kənar adamdan eşidirsə, bu, onu daha
çox cəlb edir. Real həyatda bəzən 5-6 aya aradan götürülə bilməyən pərdə sosial
şəbəkədə iki-üç saata və ya bir-iki danışıqdan sonra aradan qalxır. Necə
deyərlər, üz görmür, göz utanmır. Açıq-saçıq mətnlər yaranır. Hansı ki,
Azərbaycan qadını buna vərdiş etməyib və bunlara qarşı immuniteti yoxdur. Digər
tərəfdən, ər sarıdan arzuolunan nəvaziş də çatışmır. Buna görə tez bir zamanda
arzuolunmaz münasibətlər yaranır. Bu da ailənin dağılmasına və ailə
münaqişələrinə, bəzən də faciələrə gətirib çıxarır. Ancaq bəzi ailələr də olur
ki, onlar biabırçılığın baş verməməsindən ötrü səslərini çıxarmırlar. Bu cür
hadisələr ailədə mühitin pozulmasına, uşaqların tərbiyəsinə və mənəviyyatlarına
mənfi təsir edir. Ailənin gələcək taleyi də pozulur. Hesab edirəm ki, təcili
şəkildə ciddi fəaliyyət proqramı hazırlanmalıdır».
Keçmişdəkiləri
axtarmağın psixoloji problemi
Psixoloq Zeynəb
Əyyubova boşanma iddialarının təkcə kişilər tərəfindən
irəli sürülməsi fikri ilə razı deyil. Belə ki, boşanma statistikalarına baxanda,
iddia ərizəsi hər iki tərəfdən yazılır: "Sosial şəbəkələr həyatımıza işıq
sürəti ilə daxil olandan sonra təkcə qadınlar deyil, kişilər tərəfindən də
xəyanətlər baş verdi. Sadəcə, Azərbaycan mentalitetində kişilərin belə
hərəkətləri qabardılmır. Qadınların isə bu cür səhvlərə yol vermələri qabardılır
və cəmiyyətdə bağışlanılmaz kimi qəbul olunur”.
Psixoloqun fikrincə, qadın qayğısızlıqdan və
diqqətsizlikdən dolayı ən zəif vaxtlarında keçmiş sinif yoldaşını, sevgilisini,
keçmiş nişanlısını sosial şəbəkə vasitəsilə axtarıb tapır və ya o olmasa belə,
yeni bir insanla yazışmaqla ilkin mərhələdə onunla dərdləşmək, başa düşülmək
istəyir. Digər mərhələdə isə aldatmaq məqamına gəlib çıxır. Qadınların
keçmişdəkiləri axtarmağında psixoloji problem var. Çünki onlar keçmişi
xatırlayarkən o həyatlarında olan insanlarla bağlı pis heç nəyi yada salmırlar.
Axtardıqları yalnız yaxşını xatırlamaqdır”. Psixoloq həyata keçirdikləri
seanslar, terapiyalar zamanı bu cür hadisələrlə tez-tez qarşılaşdığını deyir: «Bu
günlərdə mənə şikayət edən bir kişi dörd dəfə xəyanətin qurbanı olduğunu dedi.
Bağışlamasına rəğmən uğur əldə edə bilməyib. Demək, ailədə nəsə düz deyil.
Bunun da nəticəsində ailələrdə bu cür problemlər baş verir».
Z.Əyyubova sosial şəbəkələrə aludə olan və bu üzdən
ailəsində qalmaqal və ya xəyanət yaranan qadınlara haqq qazandırmağın tərəfdarı
deyil: "Azərbaycan qadınına, mənəviyyatı xalqımızın milli mentalitetinə xas
olan bir xanıma xəyanət etmək, aldatmaq kimi ucuz işlər yaraşmaz. Əgər doğrudan
yolunda getməyən nəsə varsa, ailə böyükləri ilə, himayədarları ilə
məsləhətləşib problemi yoluna qoymağa çalışın. Aldatmaq qədər iyrənc varianta
əl atmayın». Psixoloqun fikrincə, toy mərasimlərinin dəbdəbəli keçməsinə
xərclənən vəsaitlər maariflənməyə sərf olunsa, daha yaxşı nəticə verər: «Biz
bir cütlükük, hansısa məqamda uyuşmamaq mümkünmü?» kimi məqamlarla bağlı
psixoloqlara müraciət olunsa yaxşı olar. Əvvəllər toy kasetlərinə baxanda,
görürdük ki, ata qızını gəlin köçürəndə «sən bu evdən gəlinliklə çıxırsan,
yalnız ağ kəfənlə qayıda bilərsən» - deyirdi. İndi isə atalar çox vaxt: «sən
çağır, atan hazır» - deyirlər. Mən demirəm ki, Azərbaycan valideyni öz
övladının arxasında durmasın, amma şüuraltı qızının gedəcəyi evdə fundamenti
zəif qazmasın».
İnsan səhv addım
atırsa
Vəkillər Kollegiyasının
üzvü Ruslan VəliyevKomitənin səsləndirdiyi fikirləri inkar etmir: "Görünür, Komitənin problemlə
bağlı statistik məlumatları və faktları var. Ancaq öz təcrübəmdən və məşğul
olduğum işlərdən çıxış edərək deyə bilərəm ki, ailələrin boşanmasının əsas
səbəbi heç də təkcə qeyd olunan məsələlər deyil. Yəni boşanmaların müxtəlif səbəbləri ola bilər. Təbii ki, Komitənin qeyd etdiyi nüans da boşanmanın
səbəblərindən biri ola bilər. Həmçinin informasiya texnologiyaları inkişaf etdikcə, insanların sosial şəbəkələrdə çox vaxt
keçirməsi də ailələrdə münaqişələrə səbəb ola bilən amillərdəndir”.
Hüquqşünas hesab edir ki, insanların pis əməlləri,
xəyanətləri əvvəllər dillə çatdırılırdı və bu yenə də ailələrin dağılmasına və
digər faciələrə səbəb olurdu: "İndi isə belə informasiyaların çatdırılması üçün
daha operativ vasitələr var. Bu
da mobil telefondur. Telefon adi vaxtda informasiyanın çatdırılması üçün
bir vasitədir, ancaq bəzən fərqli məqsədlər üçün də gərək olur. Hesab edirəm
ki, insanlar çıxış yolu kimi daha vicdanlı davranmalı, ailə münasibətlərində
daha düzgün addım atmalıdırlar. Bu cür məsələlərdə yanlışlığa yol verənlərin
aqibəti təbii ki, kədərli olacaq. Ümumiyyətlə, insan səhv addım atırsa, bunun
mənfi nəticələri olmalıdır».
Mütəxəssislər bildirir ki, smartfonlar həyatımızda
nə qədər mühüm yer tutsa da, bəzən həyatımıza faciələr də gətirirlər. Bəzən
bunu müşahidə etmirik, amma telefonlar, planşetlər tədricən münasibətləri
soyudur. Əgər hər şey belə davam edərsə, insanlar ümumiyyətlə canlı ünsiyyətin
nə demək olduğunu unudacaqlar. Ailədən başlayan bu cür münasibətlər bütün
cəmiyyətə sirayət edəcək. Digər tərəfdən, alimlər yeni nəsil texnologiyaların
yaradılması üzərində düşünürlər. İnsan münasibətləri və texnologiya arasında
vurnuxmaların sonunun necə olacağı isə hələ məlum deyil...
Təranə Məhərrəmova