• cümə axşamı, 18 aprel, 13:48
  • Baku Bakı 22°C

Texnologiyaların sayı artdıqca, xəstəxanalardakı çarpayılar azalacaq

15.03.17 16:56 753
Texnologiyaların sayı artdıqca, xəstəxanalardakı çarpayılar azalacaq

Martın 14-də "Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə Bakıda "Gələcəyin səhiyyə müəssisəsi” adlı seminar keçirildi. Tədbirdə Milli Məclis, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin və "Microsoft Azerbaijan” şirkətinin rəsmiləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan "Microsoft”un Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Həşimov bildirdi ki, seminar təmsil etdiyi şirkətin "Milli İnkişaf Planı”nın tərkib hissəsidir və səhiyyə sahəsində aparıcı texnologiya və innovasiyaları nümayiş etdirmək məqsədilə təşkil olunur: "Bir müddət öncə 8 yaşlı oğlumla həkimə müraciət etməli olduq. Bizə aparıcı bir mütəxəssis məsləhət gördülər. Daha sonra isə başqa həkimin qəbuluna yazılmaq ehtiyacı yarandı. Bildirdilər ki həmin həkimin qəbuluna yazılmaq üçün gecə saat 4-də qəbula gəlmək lazımdır və bu halda bir-iki gündən sonra qəbul vaxtı əldə edə bilərsiniz. Yeganə çıxış yolumuz bu olduğu üçün getdik. Amma düşündüm ki necə ola bilər ki, XXI əsrdə Azərbaycanda belə bir problem var? Bu gün "Microsoft”un imkanları sayəsində istənilən vaxt həkimin qəbuluna yazılmaq mümkündür. Adi məsləhət üçün isə həkimin qəbuluna yazılmağa ehtiyac yoxdur, skayp üzərində həkimlə vaxt təyin edib adi məsələləri müzakirə etmək olar”.
Millət vəkili Rəşad Mahmudov bildirdi ki, seminar həkimlər və tibb sahəsində çalışanlar üçün çox önəmlidir: "Söhbət təkcə bir həkimin qəbuluna düşməkdən deyil, ənənəvi tibdə xəstəxanalar içərisində data bazaların hazırlanmasında gedir. Çünki bu data bazalar hansısa bilgiyə çatmaq üçün deyil, gələcək planlamaların qurulması, ölkənin səhiyyə sektorunda gələcək addımların atılması, finansal, xəstəliklərlə mübarizə proqramların yaradılması burada planlamanın aparılmasına köməklik edəcək. Bu gün ölkəmizin böyük xəstəxanalarında yüksək texnologiyalardan istifadə olunur. Kağızsız idarəetmə sisteminin səhiyyədə istifadə olunması təkcə xəstəxanaların öz daxillərində sürətli iş qurmaq cəhətdən əhəmiyyətli deyil. Eyni zamanda, icbari tibbi sığortanın tətbiqi istiqamətində işlər gedir ki, bu da əlaqələrin vahid bazada qurulmasında böyük rol oynayır. Düşünürəm ki, bu formatda təşkil olunan tədbirlər bu sahədə fəaliyyət göstərən şirkətlər və buna ehtiyac duyan qurumlar arasında əlaqələrin qurulmasına yardım edəcək”.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov dedi ki, hazırda Elektron Hökumət Portalına müraciətlərin sayı 40 milyonu ötüb. Portalda 89 qurumun, o cümlədən 41 dövlət təşkilatının 400-dən çox xidməti aktivdir. Bu xidmətlərdən 33-ü səhiyyə sahəsinin elektron xidmətləridir: "Elektron səhiyyə xidmətlərinin sayı onu göstərir ki, səhiyyə sahəsində məlumatların elektron formada təqdim edilməsinə xüsusi diqqət yetirilir. Yaxın zamanlarda yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi elektron imzaya sahib olan vətəndaşların sayını artıracaq. Əlbəttə, bu da vətəndaşların elektron səhiyyə xidmətlərindən istifadə edərkən fərdi məlumatları əldə etməsini təmin edəcək".
"Microsoft” korporasiyasının səhiyyə həlləri üzrə direktoru Lorenzo Penqo "Gələcəyin səhiyyə müəssisəsi” mövzusunda təqdimatla çıxış etdi. Bildirdi ki, elektron olaraq elə bir sistem tətbiq edilməlidir ki, insanları narahat edən, daha çox xərcə səbəb olan faktorlar aradan qalxsın: "Nə qədər yeni cihazlar kəşf olunsa da, insanların tələbatları da dəyişir. Ona görə bu ikisini birləşdirmək lazımdır. Texnologiyaların sayı artdıqca, xəstəxanalarda çarpayılar azalacaq. Yəni, onlayn xidmət çoxalır. Əvvəllər xəstəxanadan çıxandan sonra lazım olanda onlayn yardım alırdılar. Rəqəmsala keçildiyində artıq videokonsultasiyalara üstünlük verilir, ehtiyac olduğu halda klinikaya gedilir”.
L.Penqo bildirdi ki, burada məlumatların təhlükəsizliyi, şəxsi məlumatların qorunması, şəffaflıq məsələləri də xüsusilə diqqətdə olur. Onun sözlərinə görə həkimlərin texnologiyalardan istifadə etmə vaxtları da minimumlaşdırılmalıdır: "Bəzən həkimlər elektron sistemə daxil olmaq üçün yarım saata qədər vaxt sərf edirlər. Amma onların əl, barmaq, göz sensoru vasitəsilə çox asanlıqla sistemə daxil olmalarını təmin etmək mümkündür”.
Seminarda "TeleSəhiyyə”, "Xəstəxana İnformasiya Sistemi – eResept”, "Kağızsız səhiyyə - rəqəmsal görüntüləmə”, "Səhiyyədə təhlil həlləri” mövzuları üzrə təqdimatlar keçirildi, panel müzakirələri təşkil olundu.
Aygün
banner

Oxşar Xəbərlər