• cümə, 29 Mart, 14:36
  • Baku Bakı 14°C

Texnologiyaların balaca əsirləri

11.05.16 13:16 3430
Texnologiyaların balaca əsirləri
Müasir texnologiyalar dünyası məktəbliləri və məktəbəqədər yaşlı uşaqları zəbt edib. Bugünkü uşaqlar hətta baba və nənələri ilə də kompyuterlə əlaqə saxlayırlar. Gənc valideynlərin özləri də informasiya kommunikasiya texnologiyalarından istifadə ilə yaşa dolurlar. Hamının sosial şəbəkələrdə hesabı, elektron ünvanları var. Evlərdə televizorların altlığını zəbt edın DVD-lər artıq çoxdan dəbdən düşüb. İndi mənzillərdə quraşdırılan Wi-Fi-lar artıq TV-ləri də gözdən salıb. Uşaqlar internet kafelərin daimi sakinlərinə çevriliblər və onların əllərindən oyunların pultu düşmür...
Hazırda mütəxəssisləri uşaqların meyil etdiyi zərərli oyunların məzmunu narahat edir: "Zərərli oyunları təhsilyönlü proqramlarla necə əvəzləmək olar?” və ya "Uşaqların yeni texnologiyalara marağını onların xeyrinə necə dəyişmək mümkündür?”- kimi suallara cavab axtarılır.
Keçən il Rusiyanın nəhəng İKT şirkətlərindən biri 5 min valideyn arasında «Sizin uşaqlarınız planşetlərdən və kompyuterdən ən çox nə vaxt istifadə edirlər?» sualı ilə sorğu keçirib. Demək olar ki, 46 faiz ata və ana 1-3 yaşı qeyd edib. 7 yaşlıların isə artıq 70 faizi planşetlərdən istifadə edirlər. Bundan əlavə, həkimlər 3 yaşına qədər uşaqların ekran qarşısında oturmasını da məsləhət görmürlər. Belə ki, 3 yaşından 7 yaşına qədər uşaqlara planşetlərlə gün ərzində yarım saat məşğul olmaq olar.
Bəzən valideynlər işlə məşğul olarkən uşaqlarının başını qatmaq üçün onların əlinə mobil telefonlar və ya planşetlər verirlər. Əvvəlcə bu «oyuncaqlar» faydalı görünür, uşaqlar rəngləri, sadə fiqurları öyrənir. Hətta hərfləri öyrənmək də onlar üçün problemə çevrilmir. Tədricən onlar döyüş qəhrəmanlarından özləri üçün kumirlər də müəyyənləşdirirlər. Problem ondadır ki, bütün bunlar cavabsız qalmır. Uşaqların nitqinin inkişafında yubanma meydana çıxır. Nəticədə valideyn psixoloqa, loqopedə, nevroloqa müraciət etməli olur. Get-gedə artan oyunlar uşağı zədələyə, valideynə isə problem yarada bilir: «Əvvəllər uşaqlar onlar üçün xüsusi hazırlanan oyuncaqlarla oynayırdılar. Qız uşaqları gəlinciklərlə, oğlanlar isə əsasən top, oyuncaq silah, maşın və s. oyuncaqlarla böyüyürdülər. İndi isə onları İKT əvəz edib. Bu, bir tərəfdən uşaqların inkişafına səbəb olursa, digər tərəfdən onlara ziyan gətirir» - deyə rusiyalı psixoloqlar bildirirlər: "Uşaqlar planşetləri, tabletləri dil açmamışdan əvvəl əllərinə götürürlər”. Ekspertlər "xaltura” edən proqramlarla tez-tez rastlaşdıqlarını söyləyirlər. Belə ki, aqressiv cizgi personajları ilə zəngin olan proqramlar «Uşaqların inkişafı» adı ilə bazara çıxarılır. Valideynlər isə çox vaxt oyunların rəngarəngliyinə aldanırlar. Mütəxəssislər uşaq planşetləri üçün proqramları mənfi nümunə kimi göstərirlər. Elektron oyunları yoxlamaq üçün ekspertlərə təkcə valideynlər deyil, həmçinin onları hazırlayanların özləri də müraciət edirlər. Onu da qeyd etmək lazımdır ki, yeni texnologiyalar həqiqətən şagirdlərin motivasiyasını artırır. Onlar hər hansı materialı dinamik və aydın şəkildə təsəvvür edə bilirlər. Bütün bunlarla bərabər, yayılan oyunlar dərslik deyil və heç bir halda məktəbəqədər və uşaq bağçasının uşaqları üçün məsləhət görülmür: "Unutmaq lazım deyil ki, kompyuterlə uzunmüddətli iş uşağın səhhəti üçün ziyan yaradır. Bu, təkcə onun görmə qabiliyyəti ilə bağlı deyil, həm də onun onurğa sütununun zədələnməsinə səbəb olur» - deyə Rusiya Elm və Təhsil Mərkəzinin əməkdaşı Tatyana Volosovski deyir: «Yeniyetmələrə, internetdə oyunların qabağında saatlarla vaxt keçirən cavanlara sosial və psixoloji kömək lazımdır. Onların böyük ünsiyyət problemi var».
Bizim ölkəmizdə uşaqların internet oyunları ilə bağlı yaşlarına uyğun paketləri olmasa da, onlar texnologiyalara hədsiz meyl edirlər. İctimai nəqliyyatda, küçə və parklarda azyaşlıların əlində mobil telefonlar, planşetlər və onlardan ayrılmayan baxışlar görmək mümkündür.
Mütəxəssislər valideynləri ayıq-sayıq olmağa çağırır.
Zərərli vərdiş
"Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumovanın fikrincə, bu gün uşaqları kompyuterdən və ya planşetdən kənarlaşdırmaq mümkün deyil. Belə ki, nə valideynlər bu aludəçiliyin öhdəsindən gələ bilər, nə də modernləşmənin qarşısını almaq olar: "Uşaqları dünyada baş verən texnologiyaların inkişafından təcrid etmək olmaz. Onların internetdə oyunlara qatılaraq kompyuterin qarşısında çoxlu vaxt keçirmələri beyinlərindəki psixoloji meyillərin mənfi tərəfdən inkişafına səbəb olur. Uşaqlar aqressivləşir və həmin aqressiyanı xüsusən yaşıdlarına, ailə üzvlərinə və ətraflarına ötürürlər. Bunun da ağır fəsadları olur. Biz buna zərərli vərdiş kimi baxa bilərik. Biz zərərli vərdişlərə narkotiklərə və alkoqolizmə meyilliliyi aid etmişik. Bu gün də uşaqların kompyuter qarşısında aşırı vaxt keçirmələri internetin də zərərli vərdiş kimi siyahıya düşməsinə səbəb olub». Təşkilat rəhbəri hesab edir ki, uşaqların kompyuterdə və planşetdə zərərli oyunlara meyil göstərməsinə yalnız valideynlər mane ola bilər: «O uşaqları nəzarətdə saxlamaqla, internetə girişə qadağa qoymaqla, hansı saytlara maraq göstərməsinə nəzarəti gücləndirməklə valideynlər cəmiyyətə də töhfə vermiş olarlar. Onlar uşaqları müşahidə edə və yoxlaya bilərlər. Çox vaxt valideynlər azyaşlı uşaqlarının səs-küy salmaması və ya başlarını qatması üçün onların əllərinə planşet verirlər. Ancaq digər tərəfdən, uşağın psixoloji durumu korlanır və bununla da onun ünsiyyət tələbatı ödənilmir. Uşaq özünü cəmiyyətdə hiss edə bilmir, qapalı böyüyür. Nəticədə uşaq öz emosiyalarını kompyuterə tökür. Bu da get-gedə cəmiyyətdə insanların bir-biri ilə ünsiyyətinin itməsinə gətirib çıxarır. Nəticədə insan öz əhval-ruhiyyəsini, sözünü bölüşməyə insan tapmır. Bu, hətta böyüklərdə də müşahidə olunur”. K.Aşumova gileylənir ki, bu gün hətta evlərdə ataların da kompyuter oyunlarına düçar olması hallarına rast gəlinir. Belə ki, uşaq bu halı valideyndə gördükdən sonra bu onun üçün də vərdişə çevrilir: "Hesab edirəm ki, maarifləndirmə işi ilk növbədə cəmiyyətdə böyük insanlarla aparılmalıdır. Valideynlərə övladları ilə daha çox vaxt keçirmək, qayğı ilə yanaşmaq, dərsdən gələndən sonra onların günlərinin necə keçməsini soruşmaq lazımdır. Yəni uşaq öz emosiyalarını və ya aqressiyasını kompyuterə tökməsin, onu evdə ünsiyyətlə əvəzləyə bilsin. Uşaq dərsdən gələndən sonra müəllimin verdiyi tapşırıqlarla məşğul olmalı, kənar vərdişlərə meyil etməməlidir». K.Aşumova hesab edir ki, məktəblərimizdə internetə çıxış olmadığından təhsil ocaqlarında xüsusən informatika müəllimləri və psixoloqlar uşaqların kommunikasiyadan, elektronlaşmadan düzgün istifadə etməsinin qaydalarını izah etməli, həm də onun fəsadlarından danışmalıdırlar: "Hansısa hadisəni nümunə gətirmək və ya elektronlaşmanın inkişafından danışmaqla onlardan istifadənin düzgün qaydalarını uşaqlara başa salmaq lazımdır. Ancaq uşaqları kompyuterdən tamamilə kənarlaşdırmaq fayda verməyəcək. Çünki uşaqlar adətən qadağaya meyilli olurlar. Valideyn, uşağın püxtələşdiyi mühit və məktəb uşağı bu sahədə düzgün maarifləndirməlidir ki, o, internetdən istifadənin müsbət və mənfi tərəflərini başa düşsün».
Gün ərində nəzarət
Psixoloq Narınc Rüstəmovanın fikrincə, kompyuter oyunları vasitəsilə uşaqlara mənfi vərdişlər aşılanır. Belə ki, yanlış davranışlar şüuraltı inkişaf edir və bu da onlara yeniyetməlik dönəmində həmin qaydalarla hərəkət etmək mesajını ötürür. Psixoloqun sözlərinə görə, Avropada uşaqların internetdən istifadəsi üçün paketlər mövcuddur. Həmin paketlərdə zorakı oyunlar, müəyyən pornoqrafik kadrlara baxmağa qadağalar qoyulur: "Hələ ki bizdə bu tip paketlər formalaşmayıb». Psixoloqun fikrincə, kompyuter oyunları erkənləşdiyindən azyaşlı uşaqların əlində də planşetlər, mobil telefonlar görmək olur: "Belə ki, onlar əllərindəki vasitələrlə oyunlara rahatlıqla çıxışlar edir, hətta bəzən oradakı hərəkətlərə o qədər aludə olurlar ki, onları öz yaşıdlarına tətbiq etməkdən çəkinmirlər. Onlar aqressiyalarını tay-tuşlarına və ailə üzvlərinə yönəldirlər. Məsələn, oyunun qəhrəmanının silahdan atəş açması, oğurluq etməsi və s. kimi yanlış davranışlar uşaqlara aşılanır. Xüsusən yeniyetməlik dönəmində uşaqlar həmin oyunlardan təsirlənirlər. Aqressiv oyunlara baxan uşaqlarda xüsusən yeniyetməlik dönəmində yanlış davranışlar özünü göstərir. Avropa ölkələrində bu cür oyunlara giriş şəxsi kredit kart şifrəsi tələb edir. Bu da həmin saytlara giriş məhdudiyyətini artırır». Psixoloqun fikrincə, bu cür oyunlara nəzarət həm dövlət çərçivəsində, həm də ailə çərçivəsində olmalıdır. Uşaqlarda şiddətə meyillilik daha güclü olduğundan onlar qorxulu oyunları daha çox seyr edirlər. Təbii ki, bu da onlara pis təsir edir: "Avropada kompyuter asılılığı dördüncü yeri tutur. Artıq bu ölkələrdə kompyuter asılılığını müalicə edən reabilitasiya mərkəzləri var. Çünki kompyuter oyunlarına meyilli olan uşaqlarda aqressiya müşahidə olunur, onlar yaşıdlarına qarşı şiddət tətbiq edirlər. Belə uşaqlar qapalı olur, ünsiyyətdən qaçırlar. Əgər valideynin əlindən də telefon və ya planşet düşmürsə, bir gün bu meyildən uşaqda da yaranacaq. Onun üçün valideyn də nümunə üçün internetə meyilliliyini azaltmalıdır”. Psixoloq deyir ki, 10 yaşa qədər uşaqlar gün ərzində kompyuterdə 30-45 dəqiqə, 10 yaşından yuxarı uşaqlar isə saat yarım vaxt keçirə bilərlər: "Gün ərzində uşaqların bu limitlərlə texnologiyalardan istifadə etməsi onların həftə sonu kompyuter aclıqlarını təmin etmələrindən daha çox fayda verir. Kompyuteri uşağa rüşvət kimi öyrətmək olmaz. Belədə uşaq həftənin sonunu gözləməklə səhərdən axşamacan diqqətini ona yönəldir”. N.Rüstəmova hesab edir ki, aqressiv və pornoqrafik oyunlar çox olduğundan uşaqların kompyuter oyunlarına meyil etməsini zarafat kimi qəbul etmək olmaz: "Bunların hamısı uşağın şüuraltında iz qoyur. Ona görə yaxşı olar ki, kompyuter oyunları heç də zarafat kimi qəbul olunmasın. Uşağa nəzarət gücləndirilməlidir. Biz uşaqları kompyuterdən tam məhrum edə bilmərik. Çünki hamının evində telefon və ya planşet var. Sadəcə, buna nəzarəti gücləndirmək lazımdır. Biz əgər uşağa şəxsiyyət kimi hörmət ediriksə, onun maraqlarına da hörmət etməyi bacarmalıyıq”.
Hazırda bizim uşaqların ünsiyyət problemi və aqressiv meyilləri ilə bağlı psixoloqlara və loqopedlərə müraciətlərin daxil olduğu bildirilir. Bu mərhələyə qədərki yol isə təbii ki, daha çox valideynlərdən asılıdır. Nə qədər ki bu müraciətlərin sayı kütləvi hal almayıb...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər