• cümə, 29 Mart, 06:19
  • Baku Bakı 5°C

Texniki səhvə görə yaranan anlaşılmazlıq

17.01.18 10:30 1462
Texniki səhvə görə yaranan anlaşılmazlıq
Dünən səhər tezdən Dövlət Yol Polisinin əməkdaşı sürücü Bəxtiyar Məmmədliyə yaxınlaşaraq, ona ödənilməmiş cəriməsinin olduğunu bildirib. Sürücü təsdiq edir ki, həqiqətən də ötən il noyabrın 9-da yol hərəkəti qaydasını pozduğuna görə 3 bal və 60 manat cərimə olunub. O, məsuliyyətli vətəndaş kimi noyabrın 10-da öz cəriməsini ödəyib və ödəniş qəbzini hər ehtimala qarşı evdə saxlayıb.

Amma Yasamal Rayon Yol Patrul Xidmətinin əməkdaşları onu saxlayaraq bildirib ki, cərimə ödənilmədiyinə görə avtomobil cərimə meydançasına aparılmalıdır. Həmin vaxt ödəniş qəbzi sürücünün yanında olmadığı üçün yol polisi əməkdaşlarına ödənişi sübut edə bilməyib. Polis əməkdaşı ödənişin sistemə oturmadığını dəfələrlə təkrar edib. B.Məmmədli isə anlaşılmazlıqdan sonra qərara gəlir ki, ASAN xidmətin qaynar xəttinə zəng vurub məsələni aydınlaşdırsın. Sözügedən qurumdan bildiriblər ki, həqiqətən həmin cərimə artıq ödənilib və onun adında ödənilməyən heç bir cərimə yoxdur. Buradaca qeyd edək ki, ASAN-PAY-dakı şəxsi kabinetdə avtomobillə bağlı bütün cərimələr yerləşdirilir. Bunun vasitəsilə siz özünüz də cərimənizin olub-olmadığını rahatlıqla öyrənə bilərsiniz. Texnika və texnologiyanın günü-gündən inkişaf etdiyi, hər şeyin elektronlaşdırıldığı bir dövrdə bu cür problemin yaşanması müəyyən suallar doğurur. Əgər sürücünün şəxsi kabinetində ödənişi göstərən qəbz varsa, bu informasiya Dövlət Yol Polisinin elektron sisteminə niyə iki ay ərzində köçməyib? Ümumiyyətlə problem nədən qaynaqlanır, bu, sadəcə texniki məsələdirmi? Növbəti dəfə polis əməkdaşı eyni səbəblə saxlayarsa, sürücü nə etməlidir?
Məsələ ilə bağlı nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynovla əlaqə saxladıq. O bunun texniki problemdən qaynaqlandığını bildirdi: "Belə olan halda, Baş Dövlət Yol Polisi İdarəsinin elektron müraciətlər səhifəsinə müraciət etmək lazımdır. Məncə, bu, texniki məsələdir. Şikayətçi bildirməlidir ki, mən cəriməni ödəmişəm, zəhmət olmasa, sistemdə düzəliş edin. Burada əlavə heç nəyə ehtiyac yoxdur. Yəqin ki, hər hansı bir texniki səbəb ucbatından cərimə sistemdə qeyd olunmayıb. Bəzən kiminsə yadından çıxır və ödəniş aylarla sistemə düşmür. Belə hallar çox olur. Bəzən sistemdə müəyyən problemlər yarana bilir”.
Ekspert İlqar Hüseynli deyir ki, problemin ən qısa həll yolu ödəniş qəbzini polisə təqdim etməkdir: "Əvvəla onu deyim ki, Dövlət Yol Polisi əməkdaşı vətəndaşı saxlayaraq onun nəqliyyat vasitəsini cərimə meydançasına aparmaq hüququna malik deyil. Ona görə ki, avtomobili cərimə meydançasına aparmazdan əvvəl bununla bağlı məhkəmənin müvafiq qərarı olmalıdır. Əgər sürücü nəzərdə tutulan müddət ərzində cəriməni ödəməyibsə, bu zaman Dövlət Yol Polisi orqanları həmin sürücü haqqında məhkəmə orqanlarında vəsatət qaldırır və bundan sonra məhkəmənin sözügedən məsələ ilə bağlı xüsusi qərarı olur. Sürücünün tapılması və nəqliyyat vasitəsinin dayanacağa aparılması ilə bağlı qərar çıxdıqdan sonra yol polisi əməkdaşı həmin sürücünün avtomobilini cərimə meydançasına apara bilər. Əgər hər hansı qayda pozuntusuna görə sürücüyə inzibati protokol tərtib edilibsə, yaxud da elektron protokol onun ünvanına göndərilibsə, bu cərimələrin ödənilməsi üçün 30 gün müddət təyin edilib. Cərimə ödənildikdən sonra bu məsələ ilə bağlı cəriməni qəbul edən orqan dövlət yol polisi orqanlarına elektron şəkildə məlumat ötürür. Daha sonra həmin sürücünün şəxsi kabinetinə daxil olarkən orada göstərilir ki, məbləğ ödənilib. Yol polisi əməkdaşı elektron qaydada sürücünün şəxsi kabinetinə daxil olaraq cərimənin ödənilməsi ilə bağlı qeydiyyat apara bilər. Müstəsna hal ola bilər ki, cərimənin ödənilməsinə dair məlumat sürücünün şəxsi kabinetinə ötürülməz. Ona görə də neqativ hallar zamanı yaxşı olar ki, cərimənin ödənilməsinə dair qəbzi sürücü yol polisi əməkdaşına təqdim etsin. Bu, problemin ən rahat həllidir. Çünki gün ərzində xeyli sayda cərimə ödənilir və sistemə köçürülür. İnformasiya bazasına ötürülərkən təsadüfi səhv nəticəsində müəyyən problemlər yarana bilər. Bu zaman sürücü arxayın olur ki, cəriməni ödəyib. Ona görə də həmin qəbzi polis əməkdaşına təqdim etməsilə məsələ öz həllini tapa bilər”.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovbildirdi ki, bu zaman Dövlət Yol Polisi Şöbəsi ilə əlaqə yaradılmalıdır: "Vətəndaş qeydiyyatda olduğu rayon dövlət yol polisi şöbəsi ilə məsələni araşdıra bilər. Belə hallar müxtəlif səbəblərdən qaynaqlana bilir. Amma bütün hallarda məsələ araşdırılmalı və səbəblər üzə çıxmalıdır. Ola bilsin ki, cərimə ödənilərkən texniki nasazlıq olub və qeydiyyatdan keçməyib. Texniki bir nasazlıq ucbatından yarana bilən problemdir. Bəzən belə hallar olur. Amma bu, vətəndaşları narazı salmamalıdır. Belə halda, sürücü yaxşı olar ki, verilən qəbzi saxlasın və yol polisi əməkdaşlarına müraciət etsin”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər