• çərşənbə axşamı, 23 aprel, 11:31
  • Baku Bakı 20°C

Texniki peşə təhsilinin vəziyyəti “rusca”dır

18.10.13 11:11 6597
Texniki peşə təhsilinin vəziyyəti “rusca”dır
“9 il öncə saç ustası olmaq üçün 3 aylıq kursa getdim və kursu bitirdikdən sonra müxtəlif gözəllik salonlarında çalışmağa başladım. Usta kimi çalışmaqla özümə 9 il ərzində 2 ev almışam”.
Müsahibimiz Cəmilə Heydərovanın sözlərinə görə, saç ustası olmaq üçün kursa 3 il ali məktəbə imtahandan kəsiləndən sonra gedib. Müsahibimiz deyir ki, indi ali məktəbə qəbul olmadığına görə şükr edir: “Ali məktəbə qəbul olsaydım, yəqin diplomlu işsizlərdən biri də mən olardım”.
Belə bir məsəl var ki, sənətkar günortaya kimi ac qalar, günortadan sonra çörəyi gələcək. Amma bu gün ölkəmizdə çoxları bu məsəli qulaqardına vurur. Hamı övladının ali təhsil alması üçün əlindən gələni və gəlməyəni etməyə çalışır. Ölkəmizdə texniki-peşə məktəblərinin vəziyyəti və peşəyə marağın olmaması səbəblərini öyrənmək üçün həm 16 saylı Bakı Peşə Liseyinə üz tutduq, həm də mütəxəssislərlə söhbətləşdik.
Sovetlərdən qalma emalatxana
Sözügedən liseydə qarşımıza ilk çıxan Orxan Muradov bir ildir ki, 16 saylı Bakı Peşə Liseyində oxuyur. Deyir ki, əslində qaynaqçı yox, futbolçu olmaq istəyir, amma valideynləri onun bu liseydə oxumasını istəyir: “Həm də futbola gedirəm. Futbolçuluq, ya qaynaqçı - ikisindən birini seçəcəyəm”.
Liseydə söhbətləşdiyimiz şagirdlərin əksəriyyəti diplom almaq üçün buraya gəldiklərini dedilər. Adının çəkilməsini istəməyən şagirdlərdən biri isə bildirdi ki, bura gələndə qaynaqçı olmağa həvəsi var idi: “Ancaq burada oxuya-oxuya bu sənətə həvəsim öldü. Həm oxuyan uşaqların demək olar heç biri qaynaqçı olmaq istəmir, dərsə maraq göstərmirlər, həm də qaynaq üçün aparatlar keçmişdən qalmadır. Indi heç bir zavodda bu texnikadan istifadə edilmir”.
Həqiqətən də qaynaq emalatxanasında vəziyyət o qədər də ürəkaçan deyildi, divarlar adamın üstünə gəlirdi. Hiss olunurdu ki, zala son dəfə Sovet dövründə əl gəzdirilib.
“Peşə liseyi diplom almaq üçündür”
Qaynaq zalından fərqli olaraq 16 saylı liseyin inzibati binasında və digər otaqlarda vəziyyət yaxşıdır. Amma uşaqlar yenə də sənət öyrənməyə meylli deyillər. Liseyin direktoru Əbülfət Qarayev deyir ki, valideynlərdə və təhsil alan şagirdlərdə belə bir fikir var ki, peşə liseyi diplom almaq üçündür. Mühasibatı öyrənən qrupda apardığımız kiçicik sorğu da Ə.Qarayevin dediyi fikirləri təsdiqlədi. Qrupda kimin gələcəkdə mühasib olduğunu soruşduq. Səkkiz şagirddən cəmi biri əlini qaldırdı. Şagirdlər valideynlərinin məsləhəti ilə burada təhsil aldıqlarını bildirdilər.
Sovet dövründə sənətə maraq çox idi
Amma dərziliyi öyrənən qrupda abı-hava fərqli idi. Bu qrupda az da olsa gələcəkdə öz sənətinin arxasınca getmək istəyənlər var. Dərziliyi öyrənən Gülnaz Abdullayeva liseyi bitirəndən sonra sənədlərini universitetdə modelyerlik üzrə davam etdirmək istəyir. Deyir ki, öz istəyi ilə bu sənəti seçib və gələcəkdə məşhur modelyer olacağına inanır.
Sovet dövründən sözügedən liseydə dərzi ustası işləyən Bəyimxanım Əliyeva deyir ki, sözügedən qrupda oxuyan 10 şagirddən cəmi 3-4-nü gələcəkdə dərzi kimi görür: “Amma Sovet dövründə bu sənətə, ümumiyyətlə, sənətə maraq çox idi”.
Tələbələr 5, müəllimlər 2 dəfə azalıb
Qeyd edək ki, hazırda Azərbaycanda 108 peşə-ixtisas təhsili müəssisəsi var. Bu təhsil müəssisələrində 30 min 664 nəfər təhsil alır. 1991-ci ildə 176 peşə-ixtisas müəssisəsi olub. Həmin dövrdə 82 min 188 tələbəyə 3465 müəllim dərs deyib, peşə öyrədib. 2013-cü ildə isə 15 min 246 nəfər peşə-ixtisas təhsili müəssisələrini bitirib. Onlara 1794 müəllim dərs deyib. Son 22 il ərzində tələbələrin sayı 5 dəfə azalsa da, müəllimlərin sayı cəmi 2 dəfə azalıb.
“Velosiped icad etməyə ehtiyac yoxdur”
Tanınmış təhsil eksperti, professor, parlamentin Təhsil Komitəsinin keçmiş sədri Şahlar Əsgərov bizimlə söhbətində bildirdi ki, bütün gəncləri 1-ci sinifdən 11-ci sinfə kimi oxutmaq düzgün deyil: “Sənətə meyli olanları texniki-peşə məktəblərinə yönəltməklə biz həm təhsilin keyfiyyətini qaldıra, həm də gözəl sənətkarlar hazırlaya bilərik. Mən görürəm ki, Təhsil Nazirliyi də bu işə diqqət ayırır”.
Ş.Əsgərov düşünür ki, texniki-peşə məktəblərini inkişaf etdirmək üçün yenidən velosiped icad etməyə ehtiyac yoxdur: “7-9-cu siniflərdə oxumağa meyli az olan, daha çox dəcəlliyə meyl edən şagirdləri texniki-peşə məktəblərinə yönəltmək lazımdır. Bu yaxınlarda açıqlama verildi ki, Azərbaycanda orta məktəb şagirdlərinin 60 faizi məktəb proqramını mənimsəmir. Ayıya velosiped sürməyi öyrədirlər, amma Azərbaycan məktəblərində riyaziyyatı öyrədə bilmirlər. Buna görə də oxumaq istəməyən, sənətə meylli şagirdi peşə öyrənməyə yönəldir, adını da qoyuruq texniki-peşə məktəbi”.
Maddi-texniki baza yenilənməlidir
Təhsil üzrə ekspert Əjdər Ağayevin fikrincə, peşə təhsilinə marağı artırmaq üçün ölkədə təbliğat aparmaq lazımdır: “Bizdə bu sahədə maarifləndirmə çox zəifdir. Marağı artırmaq üçün həm də maddi-texniki bazanı gücləndirmək, liseylərdə ixtisasların sayını artırmaq lazımdır”.
16 saylı Bakı Peşə Liseyinin direktoru Əbülfət Qarayev bizimlə söhbətində bildirdi ki, peşə liseylərini inkişaf etdirmək üçün ilk növbədə liseylərin bazasını möhkəmləndirmək və ali məktəblərə marağı olmayan uşaqları peşəyə yönəltmək lazımdır: “Düzdür, biz orta məktəblərdə təbliğat aparırıq. Amma bu, kifayət deyil. Uşaqların marağını artırmaq üçün bazanı gücləndirməliyik, emalatxanalar daha müasir olmalıdır. Məsələn, bizim qaynaq-çilingər emalatxanasında texnika yeni deyil. Düşünürəm ki, texnika yeni olsa, peşə liseylərinə axın daha çox olar, uşaqlarda maraq oyanar ki, istədiyi peşələri burada öyrənə biləcəklər”.
Bir şagirdin təhsil alması üçün il ərzində dövlət tərəfindən nə qədər pul ayrılmasına gəlincə, direktor bildirdi ki, 2013-cü ilin yanvar ayından onların məktəbinə pul ayrılmayıb: “Müəllim maaşını, tələbə təqaüdünü kartla alır”.
“Sənət öyrənmək mədəniyyətimiz yoxdur”
Qeyd edək ki, Avropada peşə məktəblərini iqtisadiyyatın əsas gücü sayırlar. Buna görə də, Qərb hökumətləri keyfiyyətli və təminatlı tədris üçün peşə məktəblərinin inkişafı üçün hər cür şərait yaradır, lazımi vəsait ayırır. Avropada hər il yeniyetmələrin 20-25 faizi peşə təhsilinə yönəlir, Azərbaycanda isə bu rəqəm 10 faizin altındadır.
Təhsil eksperti Əjdər Ağayevin sözlərinə görə, bizdə ümumiyyətlə, sənət öyrənmə mədəniyyəti formalaşmayıb: “Estoniyada olanda bir şeyin şahidi oldum. Orada nazirin övladı peşə məktəbində oxuyurdu. Ümumiyyətlə, sözügedən ölkədə insanlarda belə bir fikir var ki, həyatını qazanmaq üçün hansısa peşəni öyrənməlisən”.
Əjdər Ağayevin fikrincə, Azərbaycan vətəndaşlarının beyinlərində olan stereotipləri qırmaq lazımdır: “Təəssüflər olsun ki, bizdə bütün valideynlər istəyir ki, uşaqları ali təhsil alsın. Fikirləşirlər ki, niyə filankəsin oğlu, qızı universitetdə oxusun, onlarınkı peşə öyrənsin? Uşaq bacardı-bacarmadı onu illərlə repetitor yanına yollayıb aşağı balla da olsa ali məktəbə girməsinə nail olurlar. Ancaq başa düşmürlər ki, güclə oxuyan uşaq ali məktəb diplomu ilə də heç bir yerdə işləyə bilməyəcək. Amma hansısa peşəyə yiyələnib zavoda, fabrikdə işini qura bilər”.
Orta məktəbi bitirənlərin 60 faizinin peşəsi yoxdur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, orta məktəbi bitirənlərin 60 faizi əmək bazarına peşəsiz daxil olur: “Baş Məşğulluq İdarəsinin apardığı monitorinqlər bunu göstərir. Belə adamların işlə təmin olunması isə çox çətindir. Ölkəmizdə ixtisaslı fəhlə peşələrinə daha çox ehtiyac var. Bunlar qaynaqçılar, müxtəlif istiqamətli çilingərlər, xidmət sahəsinin işçiləridir. Peşəkarlıq səviyyəsi daha çox olan kadrlar daha tez işlə təmin olunurlar. Elə peşələr var ki onların əməkhaqqı 1000 manata qədər olur. Ümumiyyətlə, ixtisaslı fəhlə peşələri həmişə tələb olunan peşələrdəndir. Bu cür peşə sahibləri işsiz qalmırlar. Məşğulluq mərkəzlərinə müraciət edən işəgötürənlərin də əsasən ixtisaslı fəhlələrə ehtiyacı olur”.
Yerləri kim müəyyənləşdirir?
Bəs, peşə liseylərində şagirdlər üçün ayrılan yerlər və ixtisaslar nəyə əsasən müəyyənləşdirilir?
16 saylı texniki-peşə liseyinin direktoru Əbülfət Qarayev liseylərinin yerləşdiyi Qaradağ rayonundakı məşğulluq idarəsi ilə əlaqə saxladıqlarını dedi: “Rayonumuzda yerləşən müəssisələrdə hansı peşəyə tələb olduğunu məşğulluq idarəsindən öyrənirik. Buna münasib olaraq yerləri müəyyənləşdirib Təhsil Nazirliyinə göndəririk. Təhsil Nazirliyi öz növbəsində təqdim etdiyimiz yerləri təsdiqləyir. Rayonumuz sənaye rayonu olduğundan burada təmirçi-çilingər və qaynaqçılara daha çox ehtiyac var. Buna görə də qəbul zamanı təmirçi-çilingər və qaynaq üzrə daha çox şagird qəbul olunur. Şirkətlərlə əlaqə saxlayıb liseyi uğurla bitirmiş şagirdlərlə işləməyi təklif edirik”.
“Kadrları çətinliklə tapırıq”
Ölkəmizdə 100-dən çox peşə təhsili verən məktəblər olsa da, sənaye şirkətlərinin əksəriyyəti ixtisaslı fəhlə tapmaqda çətinlik çəkirlər. Bunun üçün iş axtarışı saytlarına baxmaq kifayətdir. Saytlardan göründüyü kimi, aşpaz, çörəkbişirən, veb-dizayner, dizayner, mühasib, qaynaqçı, kompyuter ustası kimi peşələrə ehtiyac var. Daş karxanasında direktor kimi çalışan Şahin Sadıqov deyir ki, onların kombayn mütəxəssisinə və çilingərə həmişə ehtiyacları olub: “10 ildən çoxdur ki, burada çalışıram və bu illər ərzində sözügedən peşə sahiblərini tapmaqda həmişə çətinlik çəkirik”.
“Akkord” şirkətinin kadrlar şöbəsindən də bildirdilər ki, onlar əsasən əlində sertifikatı, diplomu olan peşə sahiblərinə üstünlük verirlər: “Amma kadrları çox çətinliklə tapırıq. Müsahibəyə gələnlər arasında peşəkarlar, öz işini bilənlər çox az olur. Hazırda kran maşinistinə ehtiyacımız var, əmək birjalarına da müraciət etmişik, amma yaxşı mütəxəssis tapa bilmirik. Müsahibəyə gələnlər arasında texniki-peşə məktəbini bitirib heç nə bilməyənlər də olur. Buna görə də bəzən vakansiyaya uyğun işçilər təcrübəli işçilərimizin yanında təcrübə keçir, sınaq müddəti ərzində öyrənə bildikləri təqdirdə, onları işə götürürük”.
Sonda qeyd edək ki, bu ildən etibarən Təhsil Nazirliyi tərəfindən “Müasir Azərbaycan peşəkarları” layihəsi həyata keçirilir. Layihə çərçivəsində müxtəlif peşə liseylərində “quru inşaat ustası”, “elektrik-qaz qaynaqçısı”, “bərbər”, “dülgər, xarrat-parket ustası”, “turizm və xidmət sahəsi” istiqamətində peşəkar kadrların hazırlanması nəzərdə tutulur.
Lalə Musaqızı

banner

Oxşar Xəbərlər