• cümə, 29 Mart, 17:53
  • Baku Bakı 14°C

Texniki baxış qaydalarına edilən dəyişiklik çaşqınlıq yaratmamalıdır

08.05.16 15:34 1028
Texniki baxış qaydalarına edilən dəyişiklik çaşqınlıq yaratmamalıdır
Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edib. Yeni dəyişikliyə görə, nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli olan şəxs), onlara məxsus nəqliyyat vasitələrini texniki baxış talonunda müəyyən edilən vaxtdan gec olmayaraq, dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməyə borcludurlar.
Əsasnaməyə əsasən nəqliyyat vasitələrinə dövlət texniki baxışı nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, "Dövlət rüsumu haqqında" qanun ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbzlər, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi] və nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə), təqdim edildikdən sonra həyata keçirilib.
Dəyişikliyə əsasən isə bu sənədlərdən biri ilə bağlı tələb dəyişib. Artıq nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı deyil, ümumiyyətlə texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi tələb olunacaq.
Texniki baxış zamanı nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə) təqdim olunduqda nəqliyyat vasitəsinə texniki baxış keçirilir.
İndiyə qədər nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan təsərrüfatlarda hüquqi və fiziki şəxslər nəqliyyat vasitələrinə təminatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində aparıblar. Dəyişikliyə əsasən isə bundan sonra nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan təsərrüfatlarda hüquqi və fiziki şəxslər nəqliyyat vasitələrinə texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində aparacaqlar.
Son dəyişiklik bəzi avtomobil sahibləri və sürücülər arasında çaşqınlıq yaradıb.
Bu məsələlərlə bağlı Trend-ə açıqlama verən ekspert Ərşad Hüseynov bu prosesdə yeniliyin olmadığını bildirir. Ə.Hüseynov bildirib ki, sürücü və avtomobil sahibləri dəyişiklikdən narahat olmamalıdırlar: "Dəyişikliyin praktiki əhəmiyyəti yoxdur. Bu, sırf texniki prosesdir. Dəyişiklikdən əvvəl sənəddə "təminatlı texniki xidmət sahələrindən arayış alına bilər" sözləri qeyd edilmişdi ki, yeni dəyişikliyə görə bu ifadə sənəddən çıxarılıb. Nəqliyyat vasitəsi texniki baxışa gedərkən əgər nasazlıq yaranarsa, bu nasazlıq aradan qaldırılaraq təkrar texniki baxış keçirilməlidir. Nasazlığı sürücü texniki xidmət sahəsinə getmədən özü aradan qaldıra bilər. Məsələn, nəqliyyat vasitəsi texniki baxışa təqdim olunarkən, həmin nəqliyyat vasitəsinin təkəri normativlərə cavab vermir. Sürücü nəqliyyat vasitəsinin təkərlərini dəyişdirir və onu yenidən texniki baxışa təqdim edir. Bunun üçün hansısa təmir sahəsinə getməyə əsas yoxdur. Amma sənəddə nəzərdə tutulmuşdu ki, sürücü bunun üçün texniki xidmət sahəsinə müraciət edərsə, həmin xidmət sahəsinin təmir barədə təqdim etdiyi arayış texniki baxışa təqdim olunmalıdır. Arayış texniki baxış məntəqəsinə təqdim edilsə də, həmin məntəqədə nəqliyyat vasitəsinə yenidən baxış keçirilir. Yəni, bu arayışın olub-olmaması əhəmiyyət daşımır. Əvvəlki sənəddə "təminatlı texniki xidmət sahələrindən arayış alına bilər" sözü artıq işlədilmişdi. Azərbaycanda təminatla bağlı kifayət qədər qanunverici aktlar var. Amma sənəddə anlaşılmazlıq var idi. Belə çıxırdı ki, guya Azərbaycanda təminatlı xidmət də var, təminatsız xidmət də. Ona görə də, sənəddə dəyişiklik edildi və bu lazımsız ifadə çıxarıldı".
banner

Oxşar Xəbərlər