• cümə axşamı, 25 aprel, 10:05
  • Baku Bakı 14°C

“Texnika və gübrəyə tələbat tam ödənilmir”

20.12.13 13:52 1606
“Texnika və gübrəyə tələbat tam ödənilmir”
Azərbaycanda əhalinin 40%-i aqrar sektorda cəmləşib. Hazırda ölkənin kənd təsərrüfatı sektorunda texnika və gübrəyə olan tələbat tam ödənilmir. Eyni zamanda, məhsuldarlığın səviyyəsi aşağıdır.
«APA-Economics»in məlumatına görə, bunu «Azərbaycan və Türkiyə iş birliyi çərçivəsində aqrar sahənin imkanları və inkişaf perspektivləri» mövzusunda bu gün Bakıda keçirilən konfransda çıxışı zamanı Prezident Administrasiyası aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov bildirib.
Onun sözlərinə görə, ölkədə intensiv inkişafın təmin edilməsi ilə bağlı dövlət başçısı bu sahədə çalışan dövlət qurumları qarşısında ciddi vəzifələr müəyyən edib: «Türkiyənin aqrar sahədə yaxşı təcrübəsi var. Məsələn, Azərbaycanda əkin sahələrinin heç 1%-i sığortalanmayıb. Biz Türkiyədən aqrar sığorta sistemini təkmilləşdirməyin yollarını öyrənə bilərik. Aqrar sahədəki digər mühüm problemlərdən biri təsərrüfatlarımızın həddindən artıq xırdalanmasıdır. Heyvandarlığın genetik potensialı hələ də zəifdir. Türkiyədə uğurlu fəaliyyət göstərən damazlıq təsərrüfatları mövcuddur. Həmçinin, daha nümunəvi toxumçuluq təsərrüfatlarının yaradılmasına ehtiyac var. Digər tərəfdən, kənd təsərrüfatına ayrılan investisiyaların həcmi azdır».
Şöbə müdiri hesab edir ki, bu problemlərin həlli üçün fermerlərə səmərəli dövlət dəstəyi təşkil olunmalıdır. Aqrar sahədə rəqabət fəaliyyətini təmin etmək məqsədilə kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə olunmalı, bitkiçilik və heyvandarlığın intensiv inkişafı təmin olunmalıdır.
banner

Oxşar Xəbərlər