• çərşənbə, 13 Noyabr, 23:22
  • Baku Bakı 10°C

Tətiyi kim çəkəcək?

02.04.21 18:30 1075
Tətiyi kim çəkəcək?
İranla ABŞ arasında gərginlik, sonu olmayan problem kimi görünür
Co Baydenin prezident seçilməsindən xeyli müddət keçsə də, xarici siyasətdə köklü dəyişikliklərə imza atmağa müvəffəq olmayıb. Düzdür, bir sıra istisnalar var. Məsələn, Bayden Trampın qoşulmadığı Paris iqlim sazişinə qayıdacağını bəyan etdi, ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından çıxması prosedurunu dayandırdı, eləcə də, Meksika ilə sərhəddə divarın inşasının hüquqi əsaslarını ləğv etdi. Eyni zamanda, ABŞ-ın miqrasiya siyasətinə yenidən baxmağı qərarlaşdırıb. Lakin ən əsas problemlərdən biri İranla olan münasibətləridir ki, bu da düzələnə oxşamır. Belə ki, bu günlərdə İrana qarşı birtərəfli sanksiya rejimini uzatmaqla, Bayden proqnozlaşdırılan gözləntilərin üstündən xətt çəkmiş oldu. Özü də yeni administrasiya İran rəhbərliyinin siyasətini ölkəsinin milli təhlükəsizliyinə təhdid hesab etdiyi üçün belə bir qərar verdiyini bildirib. Dövlət katibi Entoni Bliken ABŞ-ın yeni xarici siyasət strategiyası ilə bağlı nitqində deyib ki, Bayden administrasiyası, ABŞ diplomatiyasının dünyada liderliyini bərpa etmək, müttəfiqləri ilə münasibətləri yoluna qoymaq və opponentləri Çin, Rusiya və İrana qarşı layiqli müqavimət göstərmək istəyir. Onun sözlərinə görə, ABŞ xarici siyasətinin prioriteti hərbi müdaxilə yox, diplomatiya olacaq.
Qarşı tərəf də sərt xəbərdarlıqla çıxış edib. Qeyd edilib ki, Birləşmiş Ştatlar bütün sanksiyaları qaldırmasa, Tehran uranın 20 faizədək zənginləşdirilməsini dayandırmayacaq. Halbuki, ABŞ mediası daha öncə yazırdı ki, İranın nüvə proqramı ilə bağlı çıxılmaz durumun həllindən ötrü danışıqlarda yeni təkliflər irəli sürüləcək.
İranın aparıcı rəsmilərindən biri Press TV-yə deyib ki, ABŞ İrana qarşı bütün sanksiyaları birinci qaldırsa, Tehran uranın 20 faiz səviyyəsində zənginləşdirilməsini dayandıracaq. Xəbərdə o da bildirilir ki, Birləşmiş Ştatlar sanksiyaları qaldırmasa, Tehran 2015-ci il nüvə sazişi çərçivəsində öhdəliklərindən geri çəkilməyə davam edəcək. "Vaşinqtonun vaxtı sürətlə bitir”, - xəbərdə vurğulanır. İyunda İranda prezident seçkisidir və mayda seçki kampaniyası başlayır. 2015-ci il nüvə sazişini imzalayan və ABŞ-la diplomatik əlaqəni dəstəkləyən hazırkı İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifi mühafizəkar qrupun əvəzləyəcəyi əksəriyyətdə şübhə doğurmur. Buna görə də, növbəti İran prezidentinin ABŞ-la nüvə diplomatiyasına şübhə ilə yanaşacağı daha çox ehtimal olunur.

14 dəfə çox zənginləşdirilmiş uran ehtiyatı
Qeyd edilir ki, ABŞ prezidenti Co Bayden administrasiyası beynəlxalq nüvə sazişi çərçivəsində tərəflərin öhdəliklərini bərpa etməsindən ötrü İranı danışıqlara çəkməyə çalışır. Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur. İran isə nüvə sazişinin yalnız mülki məqsədli olduğunu bildirir. Baydenin sələfi Donald Tramp 2018-ci ildə Birləşmiş Ştatları sazişdən çıxardı və ardınca da İran iqtisadiyyatına sanksiyaları bərpa etdi. Tehran da buna, öhdəliklərindən tədricən çəkilməklə cavab verdi. Sazişdə uranın zənginləşdirilməsinə 3.67 faizlik limit qoyulub. Ötən ay Beynəlxalq Atom Enerjisi Agentliyi İranın uranı 20 faizədək zənginləşdirdiyini təsdiqlədi. Üstəlik, qurum bildirib ki, ölkənin zənginləşdirilmiş uran ehtiyatı 2015-ci il sazişində nəzərdə tutulandan 14 dəfə çoxdur. "Politico” media orqanı vəziyyətdən hali olan iki nəfərə istinadla yazıb ki, ABŞ-ın administrasiya rəsmiləri ən tezi bu həftə danışıqlara təkan vermək üçün yeni təklif irəli sürməyi planlaşdırırlar. Təklifdə, İrandan nüvə fəaliyyətinin bir hissəsini dayandırması istəniləcək, qabaqcıl sentrifuqlar və uranın 20 faizədək zənginləşdirilməsi kimi. Həmin şəxslərdən biri deyib ki, detallar üzərində həmişə iş aparılır. İranın BMT-dəki missiyası isə tvitində yazıb ki, ABŞ-ın nüvə sazişinə yenidən qoşulması üçün hər hansı təklifə ehtiyac yoxdur. "Bundan ötrü ABŞ saziş çərçivəsindəki öhdəliklərinin bütünlükdə icrası üçün siyasi qərar verməlidir”, – deyə missiyanın bəyanatında bildirilir. "Cozef Bayden administrasiyasının bu məsələdə səbri sərhədsiz deyil”. Bunu isə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib. "Biz İrana 5+1 formatında vicdanlı şəkildə danışıqların aparılması üçün təkliflər irəli sürmüşük. Tehrandan konstruktiv təkliflər gözləyirik”, – deyə o bildirib. Öz növbəsində ali dini lider ayətullah Əli Xameneyi İranın "qəti siyasətini” vurğulayır və deyir ki, Vaşinqton İranın 2015-ci il sazişi çərçivəsindəki öhdəliklərinə qayıtmasını istəyirsə, sanksiyaların hamısını qaldırmalıdır. "Mövqeyimiz aydındır və dəyişməyib. ABŞ razılaşmaya uyğun olaraq bütün sanksiyaları qaldırmalıdır və bundan sonra biz nüvə sazişinə qayıdacağıq”, – Xameneyi dövlət televiziyası ilə çıxışında deyib. Xameneyi bir daha vurğulayıb ki, "maksimum təzyiq” iflas edib və xəbərdarlıq edib ki, Bayden administrasiyası maksimum təzyiqi davam etdirmək istəyirsə, yenə iflasa uğrayacaq. Maraqlıdır ki, İran ötən aydan Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvə obyektlərində təftişini də məhdudlaşdırmağa başlayıb. BAEA-nın Baş direktoru Rafael Qrossi hər iki tərəflə danışıqlar aparıb. O, ötən ayın əvvəlində deyirdi ki, ABŞ-ın sazişə qayıtmasını mümkün hesab edir: "Onlar qayıtmaq istəyirlər. Amma əlbəttə... aydınlaşdırılası çox məsələlər var. Amma bu, qeyri-mümkün deyil. Çətindir, amma qeyri-mümkün deyil”.

İrana qarşı sanksiyaların "memarı” yenidən vəzifə başında

Belə bir durumda adı İrana qarşı sanksiyalara birbaşa bağlı olan Riçard Nefyu yenidən Dövlət Departamentinə qaytarılıb. "İrana qarşı sanksiyaların memarı” kimi tanınan Riçard Nefyu ABŞ-ın İran üzrə xüsusi elçisi Robert Mallinin köməkçisi təyin olunub. ABŞ Dövlət Departamentində, Co Bayden administrasiyasında işləməyə dəvət olunan sabiq Barak Obama administrasiyasının yüksək vəzifəli məmuru Riçard Nefyunun adı İslam Respublikası səlahiyyətlilərinə yaxşı tanışdır. İranlılar üçün Nefyu – ABŞ sanksiyalarının müəllifidir. 12 ay əvvəl 12 il İslami Şura Məclisinin spikeri olmuş Əli Laricani Nefyunun "Sanksiyalar sənəti” kitabının tərcümə edilərək millət vəkillərinə pulsuz paylanmasına göstəriş vermişdi. Bu kitab İrana qarşı sanksiyaların necə tərtib və tətbiq olunmasının vacib sirlərini açıqlayır. O, ABŞ Ali Milli Təhlükəsizlik Şurasında İran şöbəsinə rəhbərlik edib və Dövlət Departamentində sanksiya siyasəti üzrə dövlət katibinin köməkçisi olub, yəni İslam Respublikası ətrafında sanksiyalar torunun toxunmasında əsas rol oynayıb. 4 ildən az bir müddətdə bu sanksiyalar İslam Respublikasını, sanksiyaları ləğv etmək məqsədi ilə ABŞ-la gizli və sonra misilsiz şəffaf danışıqlara məcbur edib. İndi ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi elçisi Rob Malli yenidən hərəkətə keçib. İrandakı optimistlər deyir ki, onun Dövlət Departamentinə qayıdışının səbəbi Donald Tramp dövründə İslam Respublikasına tətbiq olunan sanksiyalar dalanından çıxış yolu tapmaqdır. Pessimistlər, əvvəlki illərdə yaşadıqları təcrübəyə istinadla, mövcud sanksiyaların ağıllı şəkildə qoruna biləcəyindən narahatdırlar. Nefyu, P5 + 1 (Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) formatında baş tutan İran-ABŞ nüvə danışıqlarının ilk aylarında təmaslarda iştirak edib, lakin daha sonra vəzifəsindən istefa verərək Kolumbiya Universitetinin Beynəlxalq Məsələlər Məktəbində oxuyub. "Qlobal enerji siyasəti” Mərkəzində baş araşdırmaçı olub. Corc Vaşinqton Universitetində siyasət və təhlükəsizlik araşdırmaları üzrə magistr dərəcəsi alıb. Riçard Nefyu İranla nüvə danışıqlarına qatıldıqda, Müəmmar Qəddafinin rəhbərliyi altında Liviya nüvə proqramının dağıdılması kimi fövqəladə bir təcrübəyə sahib idi. O dövrdə Nefyu NPT (Nüvə Silahını Yaymama) siyasətində ABŞ hökumətinin xüsusi köməkçisi rolunu oynayırdı. "Memar” Tramp administrasiyası dövründə İslam Respublikasına tətbiq olunan sanksiyaların hədəfə keyfiyyətcə çata bilmədiyi üçün tənqid edib. Nefyu İraq məsələsində "maksimum təzyiq” və "etibarsızlığın” ölümcüllük hissi yaratdığına və Səddamın hərəkət etmə üçün heç bir ssenari düşünülmədiyinə inanır. İndi Riçard Nefyu bu baxışı Dövlət Departamentinə və yeni administrasiyaya təlqin edir.

Gözləntilər

Beləliklə, ABŞ-la İran arasında münasibətlərdə gərginliyi aradan qaldırmaq üçün tərəflərdən birinin, sadəcə olaraq, ilk cəsarətli addımı atmaları gözlənilirdi. Lakin bu, baş vermədi. Və indi gəlinən qənaət budur ki, Bayden administrasiyası dövründə Amerika-İran münasibətlərindəki gərginliyi aradan qaldırmaq mümkün olmayacaq. Hazırda bu gərginlik kontekstində ortalıqda 7 milyard ABŞ dollarının söhbəti də gedir. Başqa sözlə, İranın 7 milyard dollar pulu ABŞ-da dondurulub. İran sanksiyalar götürülməsi tələbi irəli sürəndə, üç məsələni həll etməyə can atır: Birincisi, ABŞ-ın dondurduğu 7 milyard dollar pulu əldə etsin. İkincisi, İran neftinin satışı ilə bağlı məhdudiyyətlər aradan qaldırılsın. Üçüncü, beynəlxalq pul köçürmələr bərpa olunsun. Qalan şeylər İranı elə də maraqlandırmır. Amma ABŞ-ın bu üç məsələdə güzəştə gedə biləcəyi gözlənilmir. Bunun da səbəbi var. Belə ki, bu sanksiyalar Konqres tərəfindən qəbul edilib. Bayden administrasiyası bu sanksiyaları istədiyi şəkildə dəyişdirmək iqtidarında deyil. İranla danışıqlar müqabilində razılaşmalar olsa və yeni administrasiya Konqresi inandıra bilsə, bu zaman hansısa nəticə əldə oluna bilər. Əks təqdirdə Bayden və komandası bu sanksiya qərarlarını ləğv etmək iqtidarında deyil. Çünki qərarı Konqres verib. Bütün bunlarla yanaşı, ABŞ və İran hakimiyyət nümayəndələrinin bir-birinə qarşı şərtlər irəli sürməsinə baxmayaraq, bu iki ölkə arasında hərbi qarşıdurma gözlənilmir.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər