• cümə, 29 Mart, 04:46
  • Baku Bakı 7°C

Tətili necə keçirək? - Polemika

05.04.17 13:25 3776
Tətili necə keçirək? - Polemika

Uzun müddətli iş və dərs mövsümünün sonuna yaxınlaşanda hər birimiz tətilin başlaması üçün gün sayırıq. Hətta bir çoxlarımız xeyli plan qurur, "bunu, onu edəcəyəm” deyib, çoxdan qalan işlərimizi, görüşlərimizi bir tətilə sığışdırmağa çalışırıq. Əksər insan tətilini işgüzar şəkildə keçirməyi sevir. Belə ki, onlar tətildə də işlərini davam etdirir, kitab oxumağa üstünlük verirlər. Digərləri isə əksinə olaraq fikirləşir ki, tətil yalnız istirahət etmək üçündür. Əgər tətildə dincəlməsən, bu yorğunluq sənin sonrakı fəaliyyətinə mənfi təsir göstərir. Bəs gənclərimiz necə düşünür? Tətili necə keçirməliyik?


İdmanla məşğul olmaq...
Səbuhi İsayev, hüquqşünas


Səbuhi düşünür ki, bu seçimlərin dairəsi maddi vəziyyət və yaş həddindən asılı olaraq dəyişir. "Tələbə, şagird və gənclərin tətili yaxşı dəyərləndirmək üçün müxtəlif seçimləri var. Seçimlərdən biri idmanla məşğul olmaqdır. İdman bütün gənclər üçün maraqlı sayıla biləcək, sevilən məşğələdir. Bu məqsəd üçün istifadəyə verilən çoxsaylı futbol, basketbol meydançaları, üzgüçülük hovuzları və digər idman mərkəzləri var. İdman sağlamlıq üçün faydalı olmaqla yanaşı, həm də vaxtı əyləncəli keçirməyin bir üsuludur”.
Müsahibimiz deyir ki, başqa bir seçim parka getməkdir. "Ölkəmizdə gənclərin vaxt keçirə bilməsi və əylənməsi üçün kifayət qədər park var. Onlar burda öz ailələri, dostları ilə gəzə, müxtəlif oyunlar oynaya, kitab oxuya və piknik edə bilərlər. Günəşli və isti havalarda parka getmək, ağacların və təbiətin içində olmaq eyni zamanda, psixoloji rahatlıq tapmağa və təbiəti daha yaxından müşahidə etməyə kömək edə bilər”.
Həmsöhbətimiz bildirir ki, bəzi gənclər evdə oturmağı üstün tuturlar ki, onlar üçün də tövsiyə olunan seçimlərdən ilki kitab oxumaqdır. "Bu kitablar bədii ədəbiyyat, ensiklopediya və ya müxtəlif jurnallar ola bilər. İl boyu oxumaqdan təngə gəlmiş gənclər isə bu zamanı televizorda maraqlı filmlər və proqramlar izləyərək, keçirə bilərlər. Dostlar və ailə ilə birgə evdə zaman keçirmək, danışmaq, əyləncəli oyunlar oynamaq da gənclər üçün maraqlı olacaq və eyni zamanda onların sosial həyatlarının inkişafına müsbət təsir göstərəcəkdir”.
Səbuhi gənclərin tətil zamanı mədəni inkişafından da danışdı. O deyir ki, ruhunda sənət, musiqi, incəsənət olan gənclərimizə teatr tamaşalarına, muzeylərə, sərgilərə, konsertlərə, kitab təqdimatlarına getmək tövsiyə olunur. Bununla onlar həm əylənə, eyni zamanda da öz mədəni səviyyələrini artıra bilərlər.

"Dünyanı gəzməyə öz ölkəndən başla”
Jalə Səmədova, jurnalist

Jalə düşünür ki, tətil insana həqiqətən də istirahət bəxş etməlidir: "Çox istərdim ki, Avropa ölkələrindən birində olum. Tətilimi həmin ölkənin tarixi və görməli yerlərini gəzməklə, milli yeməklərindən dadmaqla, adət ənənəsi ilə tanış olmaqla keçirim. Amma təbii ki, bu, mən və mənim timsalımda bir çox gənc üçün əlçatmaz bir istəkdir. Bu isə tamam maddi amil və bəzi imkanlarla bağlıdır. Buna baxmayaraq, əvəzində ölkədaxili turizmdən yararlanmaq olar. Bir devizim var: "dünyanı gəzməyə öz ölkəndən başla”. Ən pis variantda bu da alınmayanda, sadəcə, evdə oturub filmlərə baxmaqla, kitab oxumaqla kifayətlənirəm. Qısaca, bu üsulla dünyanı qiyabi şəkildə gəzirəm.
Həmsöhbətimiz özündən başqa digər gənclərin də istirahət günlərini necə keçirdiyini müşahidə edir. "Öz ətrafımda tətili keçirənləri iki qrupa ayırıram. Tətili səmərəli keçirənlər, tətili məcburiyyətdən səmərəsiz keçirənlər. İkinci tipə aid olanlar əsasən tətil başlayan kimi öz rayonlarına qayıdıb, Bakıda yaşadığı həyatdan tamam qopan və passiv istirahət üsulunu seçənlərdir. Əksəriyyəti ailəsi orada yaşadığı üçün gedir. Bu xüsusilə də, yay tətillərində baş verir. Amma düşünürəm ki, iki ay rayonda tətil keçirmək üçün çox uzun müddətdir. Çünki bu zaman insan sosial həyatdan qopur. Mən də bəzən məcburiyyətdən rayona gedirəm. Amma o iki ay mənə tətildən çox, əzab kimi gəlir. Bəzi dostlarım isə tətil üçün Türkiyə və Gürcüstana gedir. Bəziləri isə yayda da işləyir. Tətilini səmərəli edənlər isə yayda dil kurslarına gedir, dostlarla vaxt keçirirlər”.

Ağacları suvarıram, meyvələri səbətlərə yığıb...
Fərid Abdullayev, tələbə

Fərid bir qədər fərqli düşünür. O deyir ki, insan özünü heç nədən məhrum etməməlidir. Fəridini fikirincə, imtahanlardan sonra istirahət etməyə ehtiyac yaranır: "Yayda qohumlarla birlikdə bağa gedirik, normal vaxt keçiririk. Hərdən dənizə gedirəm, isti yay günlərində üzmək insanın sağlamlığına da faydalıdır. Amma bütün yayı istirahət edərək keçirməyi xoşlamıram, çünki insan aktiv həyatdan kənarda qalmamalıdır. Yay tətilində dil biliklərimi inkişaf etdirirəm, universitetdə keçdiyimiz dərslərlə bağlı araşdırmalar aparıram, praktiki bilgilər əldə etməyə çalışıram. Həmçinin mütaliə ilə məşğul oluram, həm dünya həm də öz ədəbiyyatımızdan əsərlər oxuyuram. Bu yay Lev Tolstoyun "Hərb və Sülh” əsərini oxumağı düşünürəm. Ötən yay da Tolstoyun "Dirilmə”, "Anna Karenina” əsərlərini oxumuşdum. Bundan əlavə, ailəmizin tək övladı olduğum üçün atama işlərində kömək edirəm. Axşam isə dostlarımla görüşüb maraqlı söhbət edirik, diskussiya aparırıq. Yayda atamın doğulduğu Bərdə rayonuna da gedirəm. Orada həm qohumlarım, həm də dostlarım var. Bərdədə yay çox isti keçsə də axşamlar hava sərin olur. Səhər erkən yuxudan oyanıb bağda işləməkdən zövq alıram, çünki bağda hər yan yaşıllıq olur, insan təbiətdən zövq alır. Ağacları suvarıram, meyvələri səbətlərə yığıb evə gətirirəm. Ən maraqlı məşğuliyyətlərdən biri də bal arılarını müşahidə etməkdir. Onların zəhmətkeşliyi insanlar üçün də nümunədir. Yəni insanlar, xüsusilə də gənclər tənbəl olmamalı, sağlam və normal həyat tərzi keçirmək vərdişlərinə yiyələnməlidir. Hesab edirəm ki, gənclər asudə vaxtlarını boş keçirməməli, həm ailəsi, həm də cəmiyyət üçün xeyirli işlərlə məşğul olmalıdır”.
Günel Azadə
Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər