Tətildən sonra dərsə adaptasiya olmağın üsulları - Gənclərə məsləhət
"Eh,
tətilin bitməsini heç istəmirəm. Kaş ki, bütün ili istirahət etsək. 45 dəqiqə
bir yerdə oturmaq, mühazirə yazmaq, seminara hazırlaşmaq, yeni müəllimlərlə
tanış olmaq, qiymət davası etmək, fərdi işlər, bunların hamısı yeni dərs ilinin
məşəqqətli yolunun başlanğıcıdır. Ən
əsası da, 45 dəqiqə parta arxasında oturub müəllimi dinləməyə heç səbrim
çatmır”.
Bilirəm,
bu sözlər çoxlarına tanış gəldi. Çünki əksəriyyətimizin evində yeni təhsil
ilinin başlaması ilə əlaqədar olaraq deyinən biri mütləq vardır. Əslində, elə
biz də belə deyinən tələbələrdən olmuşuq. Tələbələrin yeni dərs ilində yaşadığı
problemlərdən biri də adaptasiya olmaqdır. Belə ki, bir müddətlik fasilədən
sonra dərs mühitinə alışmaq bir az vaxt alır. Hətta tələbələr arasında gülmək
məqsədilə istifadə edilən deyim var: "Biz universitetə adaptasiya olana qədər dərs
ili bitəcək”. Bəli, sözün həqiqi mənasında, bəzi tələbələr yeni dərs ilinə
adaptasiya olmaqda çətinlik çəkir. Ona görə də gənclərin yaşadığı bu kiçik
problemi nəzərə alaraq psixoloq Aidə
Səlim ilə həmsöhbət olduq.
Psixoloq
deyir ki, tətildən sonra dərslərə yenidən adaptasiya olmaq təxminən 1 həftə
davam edir: "Tətildən sonra məktəblilər və tələbələrdə həm dərsə adaptasiya
olmaq, həm də diqqətin cəmlənməsi ilə bağlı problemlər özünü göstərir. Çünki 3
aylıq yay tətilindən sonra hər gün ən azı 4-5 saat parta arxasında,
auditoriyada oturmaq, mühazirələr, sessiya imtahanları və s. barədə düşündükcə,
dərs mühiti əvvəlcə insana çox çətin və yorucu gəlir. Ancaq aparılan
araşdırmalara əsasən deyə bilərik ki, tətilsonrası dərslərə yenidən adaptasiya
olmaq təxminən bir həftə davam edir. Problemi aradan qaldırmaq, üzərinizdə olan
bu yorğunluq və "heç nə etmək istəməmək” hissini özünüzdən uzaqlaşdırmaq, ilk
olaraq özünüzdən və həyat tərzinizdən asılıdır. Belə ki, dərslər başlamazdan ən
azı bir həftə əvvəl tələbələr ya kitab oxumalı, ya əvvəlki dərslərə ümumi nəzər
salaraq, evdə o dərs mühitini formalaşdırmalıdırlar. Dolayısı ilə, tələbə bu
zaman psixoloji olaraq dərs mühitinə hazırlaşır və dərsin ilk günü ona təqvimin
yeni və yad bir günü kimi görünmür. Dərslərdən uzaq qaldığınız üçün ya
ixtisasınızla bağlı, ya da keçdiyiniz dərslərlə bağlı nələri isə unutmuş ola
bilərsiniz. Buna görə, sizə lazım olan məlumatları səthi də olsa təkrar etməkdə
fayda vardır. Hazırda təqvimə nəzər
salsaq, yeni tədris ilinin başlanmasına bir həftə vaxt var. Tələbələr elə
indidən bu hazırlıqlara başlayaraq ilk dərs həftəsində yaşaya biləcəkləri
"tətilsonrası dərs sindromu”nun da qarşısını ala bilərlər.
Müsahibimiz
deyir ki, tələbələrin tətildən sonra ən çox narahat olduqları məqam isə dərsdə
90 dəqiqə davamlı olaraq otura bilməməyidir: "Bəzi ali təhsil müəssisələrində
dərslər 45 dəqiqə olmaqla, iki hissəyə bölündüyü üçün ilk 45 dəqiqə tələbələrə
çox da çətin gəlmir. Çünki dərs arası 5 dəqiqəlik tənəffüs həm də beynin
dincəlməsi və diqqətin yenidən dərsə mərkəzləşməsinə kömək edəcəkdir. Əgər bu
fasilə yoxdursa, yaxşı olardı ki, müəllim ilk 45 dəqiqədən sonra bir neçə dəqiqəlik fasilə verib, tələbələrlə
isinmə hərəkətləri və ya buna bənzər tapşırıqlar etsin. Ümumiyyətlə, evdə də dərslə
məşğul olarkən və ya hər hansı bir işi görərkən mütləq 40-45 dəqiqədən sonra ən
azı 5 dəqiqəlik fasilə verilməlidir ki, insan beyninə və orqanizminə həddindən
artıq təzyiq, yüklənmə olmasın. Tələbə və şagirdlərin, hər şeydən əvvəl yuxu
rejimini tənzimləmələrində fayda vardır. Belə ki, dərslər başlamazdan ən azı
bir həftə əvvəl axşamlar daha tez yatmağı və səhərlər də erkən oyanmağı vərdişə
çevirmək lazımdır. Çünki tətil boyunca insan orqanizmi müxtəlif vaxtlarda
yuxuya öyrəşdiyi üçün bir gün ərzində tezdən oyanmaq insana çətin olacaq və gün
ərzində özündə yuxusuzluq, başağrısı və yorğunluq hiss edəcəkdir. Nəticə
etibarilə, belə halda tələbə nə təlim-tədris mühitinə, nə də dərslərə tam
olaraq diqqətini yönləndirə bilməyəcək”.
Psixoloq ilk dəfə məktəbə gedən uşaqlardan da danışdı:
"Əgər uşaq ilk dəfə məktəbə gedirsə, bu zaman valideyn dəstəyi xüsusilə
vacibdir. Valideyn övladını məktəbə psixoloji olaraq hazırlamalı, onunla yeni
mühit, dərslər və yeni dostlar haqqında söhbətlər etməlidir. Məktəb
hazırlıqlarını bərabər etmək, uşağın otağını
dərs mühitinə hazırlamaqla onda dərsə motivasiyanı artırmaq olar. Dərsə
yeni başlayan uşaqlarda isə nəinki davranış, həmçinin də emosional baxımından
dəyişiklər müşahidə oluna bilər və bunu normal hal kimi qəbul edib, uşağa hər
cəhətdən dəstək olmaq lazımdır. Unutmaq olmaz ki, uşaqların bu həyatda ilk
müəllimləri məhz onların valideynləridir. Məktəblərdə isə bu iş müəllimlərlə
yanaşı, məktəb psixoloqlarının üzərinə düşür. İlk dərs həftəsində uşaqlarla dərsə
adaptasiya olmaq, diqqətin cəmlənməsi ilə bağlı psixodiaqnostik işlər
aparılmalı, ehtiyac olarsa, profilaktik tədbirlər görülməlidir. Ən azı, həftədə bir dəfə uşaqlarla qrup
terapiyasının keçirilməsi, idrak proseslərinin inkişafına müsbət təsir göstərən
müxtəlif psixokorreksiya işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir”.
Günel Azadə