Tətil günlərində məktəblilərə təklif olunan tur-paketlər
Bu gündən məktəblilərin
payız tətili başlayır. Səhərlər yuxularına "haram qatan” məktəblilər bu tətili
səbirsizliklə gözləyirdilər. Dərs proqramlarının ağırlığı və materialların
çoxluğu təbii olaraq uşaqların vaxtından
tez yorulmasına gətirib çıxarır. Amma gərək tətili də elə keçirəsən ki, məktəbə
qayıdanda inşa dəftərinə yazmağa nə isə olsun. Bütün günü telefon və kompüter
arxasında keçən tətil uşağın həm fiziki, həm də zehni inkişafına mane olur. Bəs
görəsən məktəblilər payız tətilini necə və harada keçirə bilərlər? Bunun üçün
hansısa turlar, yaxud proqramlar təşkil olunurmu?
"Luna Travel” turizm agentliyinin direktoruRəhman Quliyev deyir
ki, məktəblilər üçün müxtəlif tur-paketlər təqdim edilir: "Qrup
rəhbəri, yaxud müəllimlərin müşayiəti altında şəhərətrafı turlara daha çox
üstünlük verilir. Çünki şəhərətrafı turlar həm ucuz başa gəlir, həm də şagirdlərə nəzarət
etmək daha asan olur. Lakin yuxarı sinif şagirdləri isə bir qədər fərqli şeylər
görmək istəyir. Onlar adətən Qəbələ, Quba, Göy-Göl kimi rayonlara üstünlük verirlər. Onların da
istəklərinə uyğun turlar təşkil edilir. Bu zaman tur xərcləri də təbii olaraq nisbətən artır. Bu turlar
çərçivəsində, əsas rol oynayan amil nəqliyyat vasitəsidir. Turizm şirkətlərinin
özlərinin nəqliyyat vasitələri yoxdur.
Bunun üçün nəqliyyat şirkətləri fəaliyyət göstərir. Biz həmin şirkətlərlə müqavilə bağlayaraq əməkdaşlıq
edirik. Ona görə də məktəblilər üçün nəzərdə tutulan tur-paketin qiyməti də əsasən
nəqliyyat xərclərindən asılı olaraq dəyişir. Çünki bu, turizm şirkətindən asıl
olan bir məsələ deyil. Tur daxilində fotoqraf, bələdçi kimi xidmətlərimiz var. Bütün
bunlar həmin xərcin tərkibinə daxil olur. Bütün hallarda çalışırıq ki,
qiymətlər məktəblilərin büdcəsinə uyğun olsun. Məsələn, səhər tezdən hansısa
rayona gedib axşam dönüş etməklə, bir tur-paketin qiyməti təxmini 15-20 manat
arasında dəyişir. Bu qiymətə gediş-dönüş bileti, çay süfrəsi, fotoqraf,
bələdçi, müxtəlif əyləncəli proqramlar və hədiyyələr daxil olur. Çalışırıq ki,
əyləncəli proqramlarla məktəblilərin tətili daha rəngarəng olsun. Payız
tətilinin xoş təəssüratlarla xatırlaması üçün əlimizdən gələni edirik.
Böyüklərə qiymətləri izah etmək, nəyin necə olduğunu başa salmaq olur. Amma
uşaqlara bəzi şeyləri izah edə bilmirsən. Uşaq üçün qiymətin nə qədər olduğu
önəmli deyil. Əsas odur ki, o, öz tətilindən zövq ala bilsin”.
Ekspert
deyir ki, turlar zamanı uşaqların təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilir:
"Bundan başqa, hər bir məktəbli özlüyündə böyük bir auditoriyaya malikdir. Onun
təklif olunan turdan xoş təəssüratla qayıtması, turizm şirkətinə həmin
auditoriyanı qazandıra bilir. Qeyd edim ki, xidmətlər daxilində bir neçə gün
davam edən tur-paketlər də olur. Amma çalışırıq ki, azyaşlı uşaqlar bir
günlük paketlərdən istifadə etsinlər. Çünki bir neçə günlük tur-paketlər müstəqil
şəkildə səyahət etməyi bacaran insanlar üçündür. Azyaşlı uşaqların valideynləri yanlarında olmadığı təqdirdə, gecə qalmamağa üstünlük
verilir. Yuxarı sinif şagirdlərində isə belə problemlər olmur. Valideyn müşayiəti
olarsa, uşaqların bir neçə gün qalmasında problem olmur. Bu zaman qiymətlər
məsafənin uzaqlığından və qalınan yerdən asılı olur. Qrup şəklində bəzən
uşaqlara müəyyən endirimlər də təklif edilir. Amma yenə də qeyd edim ki,
qiymətlər otelin keyfiyyətindən asılı olaraq dəyişir. Payız tətillərində belə
səyahətlər adətən hava şəraitindən asılı olur. Hava şəraiti normal olduğu zaman
maraq daha çox olur. Çalışırıq ki, yağışlı və qarlı havada azyaşlı uşaqlar üçün
turlar təşkil etməyək. Çünki bu, bəzən müəyyən çətinliklər yarada bilir”.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər
Ağakərimov bildirdi ki, tətil üçün məktəblərlə turizm şirkətləri əvvəlcədən razılığa
gəlməlidirlər: "Payız tətilinin səmərəli keçirilməsi üçün məktəb rəhbərliyi, məktəblərə ərazi üzrə
nəzarət edən qurumlar və turizm şirkətləri ilə əvvəlcədən proqram hazırlanır.
Belə proqramların hazırlanması üçün rəhbərlik özü turizm şirkətləri ilə əlaqə
saxlamalıdır. Məktəblilərin payız tətilinin təşkili üçün şirkətlər bir və bir
neçə günlük tur-paketi təqdim edirlər. Şagirdlər üçün müxtəlif kütləvi-mədəni tədbirlər, həm şəhər daxili,
həm də bölgələrə ekskursiyalar təşkil olunur. Amma yenə də qeyd edim ki, bunun
üçün valideynlər və rəhbərlik əvvəlcədən müraciət etməlidirlər. Çünki bu işin
maliyyə məsələləri əvvəlcədən həll olunmalıdır. Həmçinin, burada təhlükəsizlik
məsələlərinə də diqqət yetirilməlidir. Ona görə də əvvəlcədən hazırlıq işləri
görülməlidir. Proqramlar və marşrutlar turizm şirkətləri tərəfindən işlənərək
hazırlanır. Əslində bu məsələyə başqa rakursdan yanaşmaq lazımdır. Məktəblilər
üçün belə ekskursiyalar təkcə gəzmək və əyləncə xarakteri daşımamalıdır. Bu,
şagirdlərin Azərbaycanın tarixi,
coğrafiyası, mədəni abidələri haqqında məlumatlandırılması baxımından da çox
vacibdir. Bu zaman uşaqlar dərsdə öyrəndiyi nəzəri bilikləri daha da
zənginləşdirmək imkanı qazanırlar. Hazırda bu işlə məşğul olan xeyli sayda
turizm şirkəti var”.
Park Bulvar” ticarət mərkəzinin PR meneceri Günay
Malikqızı deyir ki, hər il olduğu kimi bu il də
məktəblilərin payız tətilini maraqlı keçirmələri üçün müxtəlif proqramlar hazırlayıblar:
"Bu proqramlar təkcə əyləncə xarakteri daşımır. Burada şagirdlər əylənərək yeni
nələrsə öyrənəcəklər. Tətil müddətində şagirdlər üçün hər gün müxtəlif
əyləncələr nəzərdə tutulur. Daha çox maarifləndirici proqramlara üstünlük
verməyə çalışırıq. Çünki bu, onlar üçün çox vacibdir. Proqramda həmçinin
uşaqların rəsm və yaradıcılıqla bağlı bacarıqlarının inkişaf etdirilməsi də
nəzərdə tutulub”.
Şəbnəm Mehdizadə