• cümə, 19 Aprel, 12:34
  • Baku Bakı 25°C

Təsviri sənətimizin əzmkar və yenilməz müdafiəçisi

13.12.17 10:00 1770
Təsviri sənətimizin əzmkar və yenilməz müdafiəçisi
Müasir Azərbaycanın yaradıcısı olan Heydər Əliyevin dövlətçilik siyasətində cəmiyyət həyatının bütün sahələri nəzərə alınsa da, Ulu Öndər ölkədə təsviri incəsənətin inkişaf etdirilməsi işinə xüsusi diqqət yetirmiş, istər 1970 – 1982-ci illərdə, istərsə də 1993-cü ildən sonra təsviri incəsənətə qayğını dövlətçilikdə prioritet səviyyəyə qaldırmışdır. Hələ 1970-ci illərdə o vaxtkı sovet məkanında Azərbaycanın dahi şəxsiyyətlərinin unutdurulması, onların xidmətlərinin kiçildilməsi məqsədilə Moskvanın diktəsilə sistem halında işlər aparılarkən dahi rəhbər xalqımızın tanıtdırılması sahəsində təsviri incəsənətin imkanlarını yüksək dəyərləndirmişdir. O, ölkə rəssamlarının, heykəltəraşlarının daha ciddi uğurlara imza atmaları üçün dövlət səviyyəsində hər cür şəraitin yaradılmasını vacib və gərəkli bilirdi. Azərbaycan təsviri incəsənəti Heydər Əliyev epoxasında tarixin heç bir dönəmində müşahidə edilməyən səviyyədə dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş, prinsip etibarilə Azərbaycan sənət adamının yaradıcı təxəyyülü Ulu Öndər tərəfindən dəstəklənmiş, nəticədə Azərbaycan təsviri incəsənəti özünün möhtəşəm uğurlarına imza atmışdır.
Azərbaycan mədəniyyətinin, incəsənətinin bilicisi olan Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə daim rəssamların, heykəltəraşların, memarların yaradıcılığını yüksək qiymətləndirib. Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Ömər Eldarov, Lətif Kərimov, Kamil Əliyev kimi yaradıcı insanlarla söhbətlərində o, Azərbaycan təsviri incəsənətinin real vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair konkret müddəalar irəli sürmüşdür. Dahi rəhbər Heydər Əliyev bütün həyatı boyu Azərbaycan mədəniyyətinin, o cümlədən Azərbaycan təsviri incəsənətinin ən fədakar təbliğatçısı missiyasını sevə - sevə həyata keçirmişdir. Ulu Öndərin şəxsi və rəsmi təşəbbüsü ilə Tahir Salahova hələ 1973-cü ildə vaxtilə sovetlərin ən üstün mükafatlarından biri olan SSRİ Xalq rəssamı fəxri adı verilmişdir.
Ulu Öndər Heydər Əliyev ölkədə təsviri incəsənətin inkişaf proqramını dövlətçilik təliminin tərkib hissəsinə çevirmiş, Azərbaycanın bütün dünyaya tanıdılması işində görkəmli rəssamların, memarların, heykəltəraşların əsərlərini mühüm vasitə kimi dəyərləndirmişdir. Əlbəttə ki, Heydər Əliyev Azərbaycan mədəniyyət xadimlərinin yeni yaradıcılıq uğurlarına imza atması üçün dövlət tərəfindən hər cür şəraitin yaradılmasını vacib saymışdır. Heydər Əliyev Azərbaycan mədəniyyəti tarixində yer tutan sənət adamlarının yubiley tədbirlərini daim dövlət səviyyəsində təşkil etmiş, respublika miqyaslı sərgilərdə iştirakı ilə yaradıcı insanları yeni sənət uğurlarına ruhlandırmışdır. Əslində Azərbaycan mədəniyyəti nümayəndəsi Heydər Əliyevin simasında özünün əzmkar və yenilməz müdafiəçisini tapmışdır.
Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafı naminə sənət adamlarının yaradıcılıq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm vermişdir. Təsadüfi deyildir ki, SSRİ Rəssamlıq Akademiyasının 1981-ci il tarixli qurultayı Bakıda keçirilmişdir. Qurultayda çıxış edən Heydər Əliyev Azərbaycan rəssamı qarşısında dövlətçiliyə, xalqa, ölkəyə xidmət baxımından ciddi vəzifələr qoymuşdur. Həmçinin o, mədəniyyət sahəsində yüksək ixtisaslı kadr potensialının formalaşdırılması məsələsinə də xüsusi diqqət yetirmişdir. Faktdır ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2000-ci ildə məhz dahi rəhbərin təşəbbüsü və dəstəyi ilə fəaliyyətə başlamışdır.
Qürurverici haldır ki, Azərbaycan təsviri incəsənəti tarixində heç bir mütərəqqi hadisə Heydər Əliyevin diqqətindən yayınmamış, ölkə mədəniyyətinə məxsus müəlliflərin, əsərlərin dəyərləndirilməsi işində ulu öndər sistemli dövlətçilik ənənəsi yaratmışdır. Məsələn, 1973-cü ildə Səttar Bəhlulzadə əsərinə Dövlət mükafatı verməklə Heydər Əliyev Azərbaycan sənət adamının daim dövlət qayğısı ilə əhatə olunacağını elan edirdi. Bu sənət adamı da öz növbəsində Heydər Əliyev qarşısında mənəvi borcunu bu möhtəşəm dahiyə məxsus şəxsi keyfiyyətləri müxtəlif sənət əsərlərində canlandırmaqla ödəməyə çalışmışdır. Bu gün fəxrlə deyə bilərik ki, dünya rəssamlığı və heykəltəraşlığının ən qiymətli sənət inciləri sırasında Ulu Öndərə həsr olunmuş örnəklər fəxri mövqe tutmaqdadır.
Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən rəsm əsərləri Azərbaycan auditoriyasını yeni bir dünya ilə tanış etmək imkanına malikdir. Digər tərəfdən, həmin əsərlərdə Azərbaycan rəssamının yaradıcılıq imkanları da aydın görünməkdədir. Başqa sözlə, fırçası və nəticəsi ilə Heydər Əliyev mövzusuna üz tutan rəssam, heykəltəraş sənətdə özünütəsdiq yolu keçmişdir. Dünya sənət tarixi son dərəcə zəngin, əlvan vasitələrlə Heydər Əliyev qədər obrazı yaradılan ikinci bir şəxsiyyət tanımır.
Heydər Əliyev epoxasında Naxçıvan rəssamlığı, memarlığı və heykəltəraşlığı sözün həqiqi mənasında, özünün neointibah dövrünü yaşamaqdadır. 1971-ci ildə Naxçıvan Rəssamlar Təşkilatı məhz dahi rəhbərin təşəbbüsü və sərəncamı ilə yaradılmışdır. XX əsrin 60-cı illərində Moskvanın diktəsi ilə Naxçıvanın Azərbaycandan qoparılması məqsədilə sistemli işlərin aparıldığı bir vaxtda Muxtar Respublika Rəssamlar Təşkilatının yaradılması mühüm siyasi əhəmiyyətə malik bir hadisə idi. Faktdır ki, məhz həmin dövrdə bölgədə Mikayıl Abdullayevin, Maral Rəhmanzadənin, Elmira Şaxtaxtlının, Rəcəb Rəcəbovun, Şəmil Mustafayevin, Sabir Qədimovun yaradıcılıq sərgiləri keçirilmiş, muxtar respublikanın mədəni həyatında yeni bir mərhələnin əsası qoyulmuşdur.
Hazırda Naxçıvanda Azərbaycan Respublikasının Xalq rəssamı, professor Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar rəssamlarından Ülviyyə Həmzəyeva, Telman Abdinov, Həsən Qurbanov, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamlarından Həbibə Allahverdiyeva, Cavid İsmayılov, Əli Səfərli, rəssam pedaqoqlardan Ləman Məmmədova, Nizami Alıyev, Mahir Xəlilov, Səyyarə Sadıxova, Əlövsət Allahverdiyev kimi tanınmış fırça ustaları yeni sənət uğurlarına imza atmaqdadırlar.
Toğrul İman oğlu Cəfərli
Naxçıvan Dövlət Universitetinin müəllimi
banner

Oxşar Xəbərlər