• çərşənbə axşamı, 19 mart, 10:48
  • Baku Bakı 8°C

“Təsviri sənət həftəsi” başlayıb

24.03.18 16:30 902
“Təsviri sənət həftəsi” başlayıb
Martın 24-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda "Təsviri sənət həftəsi” çərçivəsində "Soltan Məhəmməd” mükafatına iddiaçı rəssamların əsərlərindən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan sərgidə 50-dək fırça ustasının əsərləri nümayiş olunur.
Sərginin açılışından öncə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.
Sənət əsərlərinin məna və məzmununa görə mükəmməliyindən bəhs edən F.Xəlilov bildirib ki, sərginin ekspozisiyasında nümayiş olunan əsərlər rəngkarlıq, qrafika, tətbiqi dekorativ sənət, batika, xalçaçılıq, heykəltəraşlıq və digər janrlardadır.
Bildirilib ki, hər il ənənəvi olaraq təşkil olunan sərgiyə təqdim edilən 100-dək sənət əsərində incəsənətin bütün janrlarını görmək yüksək təəssürat yaradır. Habelə, ekspozisiyada yer alan əsərlərin təbiət, mənzərə, güllər, ilin fəsilləri, vətənpərvərlik, duyğusallıq və fəlsəfi mövzularda olması sərgiyə əlavə ovqat qatır. Müsabiqəyə qatılmış hər bir iştirakçıya minnətdarlığını bildirən F.Xəlilov onlara yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, martın 28-dək davam edəcək "Təsviri sənət həftəsi” çərçivəsində paytaxtın bir sıra aparıcı sərgi salonlarında müxtəlif sərgilərin açılışı nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər