• cümə, 19 Aprel, 14:40
  • Baku Bakı 25°C

Təslim olmaq insanı geri aparır – Uğur hekayəsi

26.10.18 09:30 4640
Təslim olmaq insanı geri aparır – Uğur hekayəsi
Uğur anlayışı onun üçün fərqlidir. Deyir ki, "mən uğurluyam” deyə bilmək ən böyük uğursuzluqdur. İnsanın daim özü ilə yarışda olmasının tərəfdarıdır. O, hər gün dünəninə baxır, bu günlə müqayisə edir və gələcəyə doğru addımlayır. Düşünür ki, özünü digər uğurlu şəxslərlə deyil, elə özünlə müqayisə edib, inkişaf etməlisən.
Müsahibimiz İmeks şirkətinin beynəlxalq münasibətlər üzrə meneceri Günay Həsənovadır. Günay Bakı Dövlət Universitetində bakalavr, ADA, Estoniyanın Tartu Universitetində magistr təhsili alıb və Kaliforniyada təqaüdü qazanıb. Uzun müddət Milli Məclisdə köməkçi, tərcüməçi işləyib, Avropa İttifaqının Azərbaycan nümayəndəliyində və UNİCEF-də layihə iştirakçısı olub. Rus, ingilis, ispan dillərini bilir.

- Bakalavr, magistr, xaricdə təhsil, təqaüdlər... Sizcə, uğurlu karyerada ilk addım təhsildirmi? Dünya təcrübəsində təhsili olmayan uğurlu şəxslər də mövcuddur...

- Yalnız karyerada deyil, gündəlik həyatda yaşamaq üçün təhsil əhəmiyyətlidir. Düzdür, həyatda uğurlu, təhsil olmayan insanlar var. Amma bir çox hallarda uğurlu hesab etdiyimiz insanlar sadəcə, daha çox pul qazanırlar. Mənə görə, karyera quran insanla, çox pul qazanan insanın arasında fərq var. Uğurlu karyeranın olması üçün təhsil mütləq və mütləq lazımdır. Amma məqsədin çox pul qazanmaqdırsa, təhsilsiz də ola bilərsən. Təhsilsiz uğur qazanan insanların biznes beyinləri kariyerist insanlardan fərqli inkişaf edir. Amma heç vaxt təhsilsiz bir insan yaxşı həkim, cərrah ola bilməz. Məsələn, Virgin Atlantic brendinin yaradıcısı Richard Branson dünyada ən uğurlu biznesmendir. Amma məktəbi 15 yaşında tərk edib. Təhsilin karyerada əhəmiyyəti bəzən seçdiyin sahədən də asılıdır.

- "İnsan gərək həmişə plan üzrə hərəkət etsin” bu fikirlə razısınızmı? Ümumiyyətlə, plan qurursunuz yoxsa, hər şeyi axarına buraxırsınız?

- Mükəmməlliyyətçi insanam. Buna görə də mənim üçün plan qurmaq çox önəmlidir. Nəinki karyeramı, hər günümü belə planlamağa çalışıram. Əlbəttə, həyatda hər şey bizim planlarımıza uyğun olmur. Bunu da normal qəbul edirəm. Amma düşünürəm ki, özlərini həyatın axarına buraxanlar məqsədsiz insanlardır. Əgər həyatda hansısa məqsədlərimiz varsa, normal olaraq, o məqsədə addımlamaq üçün planlamaq lazımdır. Mən bu vaxta qədər hər şeyi planlayıb, inandığım insanlardan məsləhət almışam. Məsləhət almaq mənim üçün kiminsə fikirləri ilə hərəkət etmək, öz istəklərimdən əl çəkmək deyil, məndən təcrübəli olan insanların təcrübəsindən yararlanmaq deməkdir. Düşünürəm ki, planlamaq bizi məqsədimizə daha çox yaxınlaşdırır və qarşıya çıxan əngəllərdən sığortalayır. Həmişə çalışıram ki, qısa müddətli planlar qurum. Hazırda Şotlandiyada Edinburg Universitetində doktorantura oxumağa hazırlaşıram.

- Gənclərin bəziləri öz həmyaşıdlarının uğur qazanmasına təəccüblənir, bunun mümkünsüz olduğunu düşünürlər. "day-day”ın, pulun varsa, uğurlusan” kimi düşüncələr onları passivləşdirir. Siz necə düşünürsünüz?

- Hər şey ailədən başlayır. Hamımız eyni ölkədə yaşayır, bağçadan, məktəbdən məzun oluruq. Ailənin sənə nə dərəcədə dəstək olması, təhsilin önəmini aşılaması, səni yönləndirməsi çox vacibdir. Mən 4 yaşımdan hərfləri yazmağı bilirdim və 5 yaşımda məktəbə getdim. Ailəmin verdiyi bacarıqlara görə, həmyaşıdlarımdan bir pillə yuxarıda idim. Əslində insan yolunu ailənin körpəlikdən verdiyi siqnallarla tapır. Ailə uşağa təhsilin əhəmiyyətini anlatmaqdan çox, göstərməlidir. Əgər ailə düşünürsə ki, "day-day”sız karyera qurmaq mümkün deyil, həmin ailədə böyüyən gəncə də bu fikir sərf edəcək və dəstəkləyəcək. Amma o qədər uğurlu insanlar var ki, çox çətin, kasıblıq içində böyüyüb, öz gücləri ilə zirvəyə qalxıblar. Düzdür, bəzi gənclər var ki, çox yaxşı kadrdır, amma karyerası istədiyi kimi getmir. Səbir etmək, çalışmaq, müsbət düşünmək lazımdır. Təslim olmaq insanı geri aparır. Həyatda həmişə heç nə mütləq düz xətlə getmir. Bəzən arxa-arxaya uğursuzluq baş verir. Amma bu son demək deyil. Səbrli olmaq, yıxılanda durmağı bacarmaq lazımdır. Ətrafdakı insanlardan sözün yaxşı mənasında yararlanmaq lazımdır. "Mən hər şeyi bilirəm”, "mənim fikirlərim düzdür” desək, inkişaf etməyəcəyik. Yeni biliklərə, məsləhətlərə açıq olmaq, özünə inanmaq və daim irəli baxmaq lazımdır. İnsanın ən böyük "day-day”ı arzuları və məqsədləridir.

- 5 yaşınızdan məktəbə getmisiniz. Sizcə, karyeranın yaşı varmı?

- Karyera qurmaq əmək, uzun illər tələb edir. Oxumağın, insanın özünü inkişaf etdirməsinin yaşı yoxdur. Amma karyera yolu insanın özünün nə istədiyini anlamasından sonra başlayır. Nə istədiyimizi nə qədər tez bilsək, o qədər tez uğur qazanarıq.

- Uğursuzluqla tez-tez qarşılaşdığınızı vurğuladınız. Hər gününü dünəni ilə müqayisə edən biri bununla necə başa çıxır?

- Həqiqətən, istər karyerada, istər şəxsi həyatda uğursuzluqla çox qarşılaşmışam. Bu, normal haldır. Uğursuzluq uğurun ən birinci şərtidir. Mənə elə gəlir ki, insan hansısa pis hadisəylə rastlaşanda mütləq, arxasınca daha yaxşısı gəlir. Bu zaman mənə kömək edə biləcək insanlarla məsləhətləşir, onlardan dəstək alıram. Özümü tez ələ alır, bilirəm ki, dünyanın sonu deyil. Həyatda heç nə daimi olmadığı kimi, uğursuzluq da daimi deyil. Nə həmişə uğurlu, nə də uğursuz olmaq mümkündür. Belə hallarda mənə planlama çox kömək olur. Öz-özümə deyirəm ki, bu artıq baş verdi. Geri qaytara bilməyəcəyim hadisə üçün pis olmamalı, qarşıya baxmalıyam. Düzəlməsi üçün ilk addımımın nə olması haqqında düşünürəm.

- Günay xanım, Avropa parlamentində, UNİCEF-də layihələriniz olub. O layihələr haqqında məlumat verərdiniz.

- Avropa parlamentindəki layihəm Avropa parlamenti və Azərbaycan parlamenti arasındakı dostluq münasibətlərini gücləndirmək məqsədi daşıyırdı və bu, mənim işimlə əlaqəli idi. UNİCEF-dəki layihəni isə ADA Universitetində oxuyarkən qrup şəklində 3 nəfərlə birlikdə işlədik. Bizim komanda yoldaşlarımızdan biri ağdamlı idi. Həmişə qaçqın uşaqların bugünkü vəziyyətini müzakirə edirdik. O qız bizimlə danışanda Ağdamı görmədiyi üçün ağlamışdı. Həyata onun çərçivəsindən baxmaq istədik. Kənardan baxanda çox insana asan gəlir. Bir insan üçün nənəsinin, babasının yaşadığı torpaqlarda olmamaq emosional haldır. Biz müxtəlif rayonlara getdik, qaçqın və məcburi köçkün həmyaşıdlarımızla danışdıq. Onların nə fikirləşdiyini, hamısının necə torpaqlarına qayıtmaq istədiyini, vətən sevgisini gördük. Layihəmiz araşdırma xarakteri daşıyırdı. Biz hansısa məqamlar tapırdıq və gələcəkdə problemin həll olunmasına çalışırdıq. Tapdığımız nəticələrə əsasən də UNİCEF bizə köməklik göstərirdi.

- CV-də ictimai aktivliyiniz qeyd olunub. Ümumiyyətlə, ictimai işlərdə iştirak etmək bir gəncə nə qazandırır? Adətən universitet tələbələri vaxt azlığından şikayətlənirlər...

- Dərslər, işlər çox olanda ictimai işlərlə məşğul olmaq insana çətin gəlir. Mənə görə, uğurlu karyera qurmaq istəyən hər bir şəxs üçün ictimai aktivlik önəmlidir. Həyata keçirdiyiniz layihələr, iştirak etdiyiniz tədbirlər vasitəsilə yaxşı əlaqələr qurmaq mümkündür. Monoton şəkildə, saatlarla dərs oxumaqla, uğur qazanmaq mümkün deyil. İctimai aktivlik səni monotonluqdan uzaqlaşdırır. Mən hər bir tədbirdən sonra özümü yaxşı hiss edir, işimə daha çox bağlana bilirəm. Hər zaman nə qədər çox işimiz olsa da, hansısa əlavə hobbiyə, yaxud bizi xoşbəxt edən məşğuliyyətlərə vaxt ayırmalıyıq.


- Ənənəvi sualımız. Uğur sirriniz nədir?

- Mən hələ özümü uğurlu hesab etmirəm. Məncə, uğur qazanmaq istəyən insan heç vaxt "mən uğurluyam” deyə bilməz. "Mən uğurluyam” demək uğursuzluğa gətirib çıxarır. Həmişə qarşıya baxıram. Məqsədlərimin ardınca gedir və ən əsası özümü başqaları ilə müqayisə etmirəm. Dünənimə baxır, bu günlə müqayisə edir, gələcəyə doğru addımlayıram. Başqalarının əldə etdiklərini görüb, özünü uğursuz hesab etmək səni ancaq demotivasiya edə bilər. Mənə görə, uğurun növbəti ən böyük şərti ünsiyyətcil olmaqdır. Öz fikirlərini ifadə edə bilməsən, kiminsə səni görməsi, bacarıqlarını bilməsi qeyri- mümkündür. İnsanların sənin ünsiyyətindən aldığı emosiyalar sənin haqqında fikir formalaşdırır. İnsana özünü təqdim etməsi çox vacibdir və bunu ancaq ünsiyyət yolu ilə etmək mümkündür. Məncə, ünsiyyətcil insanlar həyatda bir addım öndə olurlar.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər