• şənbə, 20 Aprel, 02:55
  • Baku Bakı 15°C

Təşəbbüs yaxşıdır, qalır icra mexanizminin tapılması

30.11.13 09:16 1513
Təşəbbüs yaxşıdır, qalır icra mexanizminin tapılması
Azərbaycanda ailə quran işsiz cütlükdən biri dövlət tərəfindən icbari olaraq işlə təmin ediləcək. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli APA-ya açıqlamasında bildirib ki, bu, yeni hazırlanan “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsində əksini tapıb. Bunun üçün xüsusi kvotalar da müəyyənləşdirilməsi nəzərdə tutulub. Məqsəd sosial durumu ağır olan ailələri bu vəziyyətdən birdəfəlik çıxarmaqdır”.
“Bir-birini öpərlər, sevərlər, əzizləyərlər...”
Hadi Rəcəbli qəzetimizə açıqlamasında qanun layihəsinin hələ komitədə müzakirə olunmadığını dedi. Bildirdi ki, layihə hələ hazır deyil, üzərində iş gedir: “Bu layihədə gənc ailənin sosial müdafiəsi önə çəkilir. Möhtərəm prezidentimiz Azərbaycanda demoqrafik inkişafı yüksək qiymətləndirib çoxuşaqlı ailələrə kömək edir, gənc ailələri dəstəkləyir. Ölkənin birinci xanımı Mehriban Əliyeva daim gənc ailələrlə, uşaqlarla bağlı bir sıra tədbirlər görür, eyni zamanda, qanun təşəbbüsü ilə çıxış edir. Bu baxımdan, biz sözügedən istiqamətdə axtarış aparmışıq və belə bir layihə üzərində işləyirik”.
H.Rəcəbli qeyd etdi ki, ölkəmizdə yeni ailə quranların içərisində sosial durumu qismən ağır olan, yəni mənzil almağa imkanı olmayan ailələr də var: “Bütövlükdə gənc ailənin sosial müdafiəsinin mahiyyətində iki məsələ durur: maddi və psixoloji dəstək. Maddi dəstək gənclərə güzəştli ipoteka kreditlərinin ayrılması, eyni zamanda, işsiz cütlüklərdən birinin işlə təmin olunmasıdır. İkincisi isə gənclərə psixoloji yardımdır. Belə ki, nikaha girənlər VVADQ şöbəsinə ərizə verib bir ay müddətinə nikah kağızı alırlar. Bu bir ay ərzində onlara ər-arvadın necə olması barədə kurs keçmək məsələsi də layihədə öz əksini tapıb. Yeni ailə quran cütlüklərə başa salınmalıdır ki, qapazlaşmazlar, dalaşmazlar, söyüşməzlər, bir-birini öpərlər, sevərlər, əzizləyərlər”.
Əmək Məcəlləsinə salmaq olar ki...
İşsiz cütlüklərdən birinin işlə təmin olunması məsələsinə gəlincə, H.Rəcəbli bildirdi ki, Əmək Məcəlləsinə əlillərə, uşaq evlərindən tərxis olunan uşaqlara müəssisələrdə iş üçün yer ayrılər. Bu prkatikanı yeni ailə quranlar üçün də etmək olar: “Əmək Məcəlləsinə görə, hər 25 iş yerindən biri əlillər üçün müəyyənləşdirilib, yaxud hər 50 iş yerindən biri uşaq evlərindən tərxis olunmuş uşaqlar üçündür. Hər 100 iş yerindən ikisi də yeni evlənən cütlüklərdən birinə ayrıla bilər. Belə bir normanı Əmək Məcəlləsinə sala da bilərik”.
“Pessimistəm, amma alqışlayıram”
Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov sözügedən layihənin təqdirəlayiq olduğunu bildirdi: “Çünki cütlüklərdən birinin işlə təmin olunması həm də dayanıqlı ailənin əsas amillərindən biridir və bu qanun layihəsi dayanıqlı ailə probleminin həllinə yönələn tədbirdir. Bunu ancaq alqışlamaq lazımdır. Amma mexanizmlər bir az mürəkkəb görünür. Əgər bu əlilliyi olan şəxslərə tətbiq olunan kvota kimi olsa, formal xarakter daşıyacaq. Çünki kvota müəyyən olunsa da, onun tətbiqi mexanizmləri yoxdur. Bir sözlə, dövlətin cütlüklərdən birini işlə təmin etməsi üçün rıçaqları olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət qulluğuna qəbul imtahan vasitəsilə həyata keçirilir və çox effektiv tətbiq olunur. Bura başqa qanunvericilik vasitəsilə, başqa bir prosedur daxil edilə bilməz. Şəxs yeni ailə qurduğu üçün onu imtahandankənar dövlət qulluğuna işə qəbul etmək düzgün olmaz. Çünki biliyi varsa, həmin şəxs ailəli olub-olmamasından asılı olmayaraq imtahanla dövlət qulluğuna qəbul edilə bilər. Bundan başqa, büdcədən maliyyələşən təşkilatlarda da, müəllimlər, həkimlər artıq işə biliklərinin qiymətləndirilməsi yolu ilə qəbul olunurlar, yaxud Dövlət Neft Şirkəti işçiləri imtahan vasitəsilə işə qəbul edir. Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dediyinə görə, Azərbaycanın əmək bazarının 70 faizi qeyri-formal əmək bazarının üzərinə düşür. Özəl sektorda qeyri-formal əmək bazarı üstünlük təşkil edirsə, düşünürəm ki, belə kvotaların tətbiqi effekt verməyəcək”.
S.Məmmədov layihənin gerçəkləşməsi mexanizmlərində bir az pessimist olduğunu desə də, təşəbbüsü alqışladığını bildirdi.
Kəndlərdə problem yaranacaq
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynlinin sözlərinə görə, yeni evlənən işsiz cütlüklərdən birinin işlə təminatını həyata keçirmək bir qədər çətindir: “Əgər ailə quran cütlük kənddə, rayonda yaşayırsa, bu layihəni reallaşdırmaq üçün dövlətin elə ciddi ehtiyatları və imkanları yoxdur. Kəndlərdə hansı resurslarla, hansı iş yerlərini yaratmaqla cütlükləri işlə təmin etmək mümkündür? Şəhərə gəlincə, dövlət qurumlarının hamısında işə qəbul imtahanladır. Bu kimi çox ciddi problemlər var. Amma ümumilikdə qanun layihəsinin təqdirəlayiq hesab edirəm. Sadəcə, layihənin işləməsi üçün mexanizmlər olmalıdır ki, kağız üzərində qalmasın”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər