AZE | RUS | ENG |

Terroru dəstəkləyənlər ən sərt şəkildə cəzalandırılmalıdır

Terroru dəstəkləyənlər ən sərt şəkildə cəzalandırılmalıdır
Rusiya vətəndaşı Yunis Səfərov bu il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən şəxs Gəncə polisi tərəfindən saxlanılıb, barəsində cinayət işi qaldırılıb. 

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində aydın olub ki, Y.Səfərovun bu cinayəti məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktıdır. Onun 2016-cı ildə İrana gedərək 8 ay Qum şəhərində yaşadığı, bu müddət ərzində Azərbaycan vətəndaşı Rasim Əsədovla birgə Suriya ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçdiyi də müəyyən edilib. 
 
 

Normal halda xalqına, dövlətinə, dövlətçiliyinə, millətinə bağlı olan hər bir kəs Y.Səfərovun bu əməlini ən sərt şəkildə qınamalıdır. Sevindirici haldır ki, ölkə ictimaiyyətinin mütləq əksəriyyəti məhz bu cür münasibət sərgiləyir. Lakin radikal müxalifət tərəfdarları və xaricdə olan antimilli ünsürlər Gəncədə baş verən cinayət hadisəsi ilə bağlı təqsirləndirilən Y.Səfərovu ilk gündən "qəhrəman” obrazında cəmiyyətə təqdim etməyə, onun cinayət əməlinə haqq qazandırmağa çalışırlar. Xarici qüvvələrin əlində maşa olan bu şəxslər hətta iddia edirdilər ki, Y.Səfərov saxlanılandan sonra işgəncə verilərək öldürülüb. Amma terroru törədən şəxs sonradan kamera qarşısında öz əməlini etiraf edərək, hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən hər hansı fiziki işgəncəyə məruz qalmadığını, vəkillə təmin olunduğunu bəyan edib. 
 
 

Sapı özümüzdən olan baltalar yalanlarının üzə çıxdığını görüncə başqa təbliğat vasitəsinə əl atıblar. Onlar sosial şəbəkə vasitəsilə paylaşımlar edərək, Gəncə sakinlərini iğtişaşa, qanunsuzluğa, terror törədən bir şəxsi müdafiə etməyə səsləyiblər. Bununla da özlərini qərbpərəst, demokratiya carçısı, hüququn aliliyinin tərəfdarı hesab edən radikallar və onların ətrafında olanlar, həmçinin xaricdən maliyyələşən antimilli ünsürlər söylədikləri ilə daban-dabana zidd mövqe ortaya qoyublar. 

Qeyd edək ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. Sosial şəbəkədə qaragüruhçuluq edən, dövlətə və xalqa qarşı çağırışlar edən "demokratlar”, söz pəhləvanları da Y.Səfərova dəstəkçi olmaqla əsl mahiyyətlərini ortaya qoyublar. Bu amil nəzərə alınaraq, terrorçunu müdafiə etməklə terrora dəstək verənlər, cinayətkarla eyni mövqeni bölüşənlər, Azərbaycanın konstitusion quruluşuna qarşı çıxanlar, ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmaq istəyənlər ən sərt şəkildə cəzalandırılmalıdırlar.
 
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2236
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6152
SEK 1 İsveç kronu 0.1934
EUR 1 Avro 1.9967
CHF 1 İsveçrə frankı 1.7715
USD 1 ABŞ dolları 1.7000