Terrorda ittiham olunan şəxslərə hökm oxundu

Terrorda ittiham olunan şəxslərə hökm oxundu

Kriminal
26 Sentyabr 2012, 18:39 1281
Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə qarşısında Rasim Əliyev, Əli Hüseynov və Rauf Əbilov cavab verib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rasim Əliyev, Əli Hüseynov, Rauf Əbilov habelə əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş, hazırda İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayan Dadaşov Balaqardaş Əlisəfa oğlu və qeyriləri cinayət əlaqəsinə girərək Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin xidməti fəaliyyətlərinə son qoymaq məqsədilə onların həyatına sui-qəsd, yəni terror aktı etməyə hazırlıq işləri aparıblar. Bu məqsədlə qanunsuz olaraq odlu silah, partlayıcı maddələr edərək İran istiqamətindən Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib Azərbaycana gətirib və digər hüquqazidd əməlləri törədiblər.
Müəyyən edilib ki, İranın xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşov Ərdəbil şəhərində yaşadığı mənzilində 2011-ci ilin avqust ayında qaynı Rasim Əliyev ilə növbəti görüşü zamanı sonuncuya Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin həyatına sui-qəsd törədilməsini sifariş edib və bu işin müqabilində Rasim Əliyevə 150 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində Rasim Əliyev, Əli Hüseynov və Rauf Əbilov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa çatdıra bilməyərək yaxalanıblar.
Məhkəmənin hökmü ilə Rasim Əliyev 14 il, Əli Hüseynov 13 il, Rauf Əbilov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.