• şənbə, 20 Aprel, 15:44
  • Baku Bakı 23°C

“Terrorçular sadəcə olaraq icraçıdırlar”

01.07.16 11:05 1051
“Terrorçular sadəcə olaraq icraçıdırlar”
Türkiyənin Atatürk Hava Limanında baş verən terrorla bağlı müzakirələr davam edir. Son yayılan məlumatlara əsasən, hadisəni törədənlərdən biri milliyyətcə çeçen olan Rusiya vətəndaşı, digər ikisi isə Tacikistan vətəndaşıdır. Onlar Türkiyəyə 32 gün əvvəl İŞİD-in "paytaxtı" Rakka şəhərindən göndəriliblər. Bəs onları terror törətməyə kim göndərib, məqsəd nədir? Bu haqda fikirlərini "Kaspi” ilə bölüşən politoloq Ərəstun Oruclu düşünür ki, hazırda çox mürəkkəb situasiya yaranıb və bu barədə qəti fikir bildirmək çətindir. Çünki terror aktı bir vasitə kimi istifadə olunub və ilk növbədə çaşqınlıq yaratmağa hesablanıb: "Məsələyə sadə məntiqlə baxanda, primitiv yanaşanda belə görünür ki, guya bu terroru Türkiyə- Rusiya yaxınlaşmasına, Türkiyə və İsrail münasibətlərinin bərpasına qarşı olanlar törədiblər. Yəni onlar terror törətməklə prosesə mane olmağa çalışırlar. Amma digər tərəfdən, terror aktını məhz bu yaxınlaşmanın tərəfdarlarının özləri də törədə bilər. Çünki dediyim kimi, primitiv məntiqlə düşünəndə şübhə yaxınlaşmaya qarşı olanların üzərinə yönəlir. Həqiqətən də mürəkkəb bir situasiyadır. Burada terroru kimin, hansı məqsədlə törətdiyini birmənalı şəkildə söyləmək qeyri-peşəkar, sadə, primitiv, hətta məsuliyyətsiz bir dəyərləndirmə olar. İstənilən halda, bundan Türkiyə cəmiyyəti də, hökuməti də kifayət qədər ziyan çəkdi”.
Politoloq onu da qeyd etdi ki, artıq Türkiyədə mövcud hökumətin əhalini qorumaq iqtidarında olmaması məsələsi gündəmə gəlib. İşin pis tərəfi odur ki, Türkiyə hakimiyyəti də özünü ideal aparmadı: "Bütün sosial şəbəkələrə girişi bağladılar ki, müzakirələr getməsin, terrorla bağlı detallar yayımlanmasın, heç nə açıqlanmasın. Gördüyünüz kimi, artıq terror aktı öz hökmünü verib. Fakt odur ki, bu məsələlər Türkiyənin daxili siyasi durumuna öz təsirini göstərib. Kimin törətdiyini müəyyən etmək isə çətindir. Məsələn, ABŞ-dan bəyanat gəldi ki, Türkiyədəki həmkarları ilə birlikdə terror aktını araşdırıb səbəbkarları üzə çıxarmağa hazırdırlar. Buna reaksiyadan, Türkiyənin cavabından çox şey asılıdır. Və bundan sonra müəyyən şeylər söyləmək mümkün olacaq. İcraçı məlumdur. Amma bu, elə də önəmli deyil. Əsas səbəbi üzə çıxarmaq lazımdır”.
Politoloq Fikrət Sadıqov da son vaxtlar Türkiyədə terrorun sayının artmasına təəssüflənir: "Bu dövlət mütəmadi şəkildə terrora məruz qalır. Bununla həm PKK-çılar, həm İŞİD terrorçuları, həm də digər radikal qüvvələr məşğul olur. Amma təbii ki, onlar sadəcə, icraçıdırlar. Arxalarında müəyyən siyasi qüvvələr var ki, onlar Türkiyənin qüdrətlənməsindən narahatdır. Türkiyənin digər dövlətlərə təsirindən çəkindiklərini düşünürəm. Görünür, buna görə də müəyyən ssenarilər yazılır. Onların məqsədi birmənalı şəkildə Türkiyəni zəiflətmək, sabitliyi pozmaq, Türkiyənin başına "bahar” vaxtı yaşananları gətirmək, oranı həmin ərəb ölkələrinin vəziyyətinə salmaqdır. Mənə elə gəlir ki, Türkiyə bu vəziyyətə düşməyəcək. Türkiyənin bünövrəsi başqa cürdür. Onların siyasi iradələri də var. Hər halda, xarici siyasət terror aktları nəticəsində zəifləməyəcək”.
Millət vəkili Sahib Alıyev sosial şəbəkələrdə fikirlərini bölüşərkən qeyd edib ki, Amerikanın Assoşeyted Press xəbər agentliyi rəsmi Ankaraya dayanaraq terroru İŞİD-in törətdiyi xəbərini yayıb. Əslində bu qəbildən olayları kimlərin törətdiklərini bilmək üçün terror baş verən ölkənin güc strukturlarının açıqlamasını gözləməyə ehtiyac yoxdur: "Bəlli çevrələr var ki, onlar Atatürk Hava Limanında baş verən, eləcə də ona bənzər digər terror aktları haqda hər kəsdən daha artıq bilgilidirlər. Həmin çevrələrin kimliyini və İŞİD, Əl-Qaidə, PKK, eləcə də digər terror şəbəkələrinin də məhz onlara xidmət etdiyini də Assoşeyted Press bilməmiş deyil. Bu terror hazırda Yaxın Şərqdə gedən qlobal savaşın bir parçasıdır. Lənətləyirəm, o savaşı başladanları da, həmin savaşı başladanların əlində alət olan İŞİD, Əl-Qaidə və PKK-nı da”.
Millət vəkili onu da bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə qarşı tətbiq edilən bütün embarqoların aradan qaldırıldığını açıqlaması, turistlərin ora getməsi üzərindəki inzibati əngəllərin təcili ləğvinin özəlliklə vurğulanması həm də Atatürk Hava Limanında törədilən terror aktının arxasındakı güclərə verilən cavabdır: "Kreml bununla göstərir ki, Türkiyənin terrorun öhdəsindən gələcəyinə əmindir və bu yöndə istənilən dəstəyi verməyə hazırdır. Başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, hər iki ölkənin prezidentləri görüşüb danışmaq qərarına gəliblər və görüş yeri olaraq da Çin seçilib. Fikrimcə, burada da bir rəmzilik var. Düzdür, görüş ona görə Çində baş tutur ki, böyük 20-lərin orada zirvə toplantısı keçirilməlidir. Ancaq, açığı mən Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatıyla əlaqələrinın dərinləşməsi yönündə addımların intensivləşəcəyini görürəm və proses bununla da bitməyəcək. Prosesin bununla bitməyəcəyi Kremlin ürəyindən keçənləri bir az zamanı qabaqlayaraq və müəyyən qədər də abartaraq dilə gətirən biri kimi tanınan Vladimir Jirinovskinin son açıqlamasından da görünür. Yumşaq desək, heç də türksevər biri kimi tanınmayan Jirinovskinin Türkiyənin Rusiyaya Belarus və Ermənistandan da yaxın olacağını bildirməsi də təkcə onun və bəlkə də heç onun fikri deyil. Hiss olunur ki, həm rəsmi Moskva, həm də Ankara yeni geosiyasi kombinasiyalar üzərində işləyirlər. Yeri gəlmişkən, prosesləri emosiyasız, yuxarıdan izləyən əcnəbi ekspertlər Rusiya ilə Türkiyənin barışmasını hər iki tərəfin öz sifətlərini qoruyub saxlamaqla reallaşdırdıqlarını deyirlər. Və heç şübhəsiz ki, bu məsələdə Azərbaycanın dövlət başçısının mühüm rolu var. Barışığın belə tezliklə və bu şəkildə baş tutmasında cənab İlham Əliyevin mühüm rol oynadığını iki gün öncə Türkiyənin baş naziri hörmətli Binəli Yıldırım da öz çıxışında açıqlamışdı. Bu isə artıq Azərbaycan rəhbərinin təkcə qardaşlıq qatqısı deyil, həm də regionda oynadığı rolun göstəricisdir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər