Terrorçudan milli qəhrəman düzəldənlər
Radikal müxalifət tərəfdarları və xaricdə olan anti-milli ünsürlər Gəncədə baş verən cinayət hadisəsi ilə bağlı təsirləndirilən Yunis
Səfərovdan "qəhrəman” obrazını yaradıb, onun cinayət əməlinə haqq
qazandırdılar. Lakin hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq
nəticəsində cinayətin ilkin səbəbləri bəlli oldu. Baş Prokurorluq, Daxili İşlər
Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti Gəncə şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyevin güllələnməsi faktı ilə bağlı növbəti açıqlama yayıb.
Burada bildirilir ki, fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən
istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki,
Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət
məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktı
olub. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşayıb
və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb
Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi
keçib.
Eləcə də Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi
Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün
bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə
yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək
olub.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirdi ki,
Gəncədə çox ciddi cinayət hadisəsi baş verib: "Yəni, bu cinayət hadisəsində
iqtidar və ya müxalifət nümayəndəsi olmağın heç bir aidiyyatı yoxdur. Heç kəs
inkar edə bilməz ki, bu cinayət hadisəsi deyil. Bu, prezidentin təyin etdiyi və
respublikanın ikinci ən böyük şəhərinin icra hakimiyyətinin başçısı Elmar
Vəliyevə qarşı olan bir kriminal hadisədir. İcra başçısı sıradan bir şəxs
deyil, məhz dövlət başçısının təyin etdiyi şəxsdir. Bir məsələni dərk etmək
lazımdır ki, kiminsə Elmar Vəliyevdən xoşu gəlməyə bilər, amma kimsə qanunları
rədd edə bilməz. Ona görə də bütün insanlara çağırış edirəm ki, kimliyindən
asılı olmayaraq, yad, qeyri-sağlam təsirlərə düşməsinlər, hissiyatla yaşamasınlar.
Hüquqi mexanizmlər, qanunlar var, hər şey qanunla həll olunmalıdır”.
T.Kərimli qeyd etdi ki, hadisə baş verib, təqsirkar şəxs müəyyən
olunub: "Cinayəti törədən şəxs Yunis Səfərov həbs olunub, tərkisilah edilib.
Haqqında məlumatlar toplanıb və onun əvvəllər İranın Qum şəhərində 8 ay
yaşadığı bəlli olub. Eyni zamanda digər Azərbaycan vətəndaşı Rasim Əsədovla
birgə Suriyada birgə silahlı birləşmələr tərkibində döyüşdə olduğu müəyyən
edilib. Həmçinin bu şəxs bir müddət öncə qanundan kənar hadisə nəticəsində
polisə məxsus silahı ələ keçirib. Göründüyü kimi, ilkin rəsmi məlumatlar var və
dövlət orqanları bu məsələ ilə məşğuldur. Hazırda cinayət hadisəsi ilə bağlı
ciddi istintaq hərəkətləri aparılır. Təbii ki, bu araşdırmaların ciddi
nəticələri olacaq və bunun məhkəmə perspektivi var. Bir sözlə, hər kəs qanun
qarşısında bərabərdir və hər kəs məsuliyyət daşıyır. Ona görə də insanın
kimdənsə acığı gəlirsə, bu səbəbdən qanunları ayaq altına alması haqq
qazandırılacaq hal deyil. Radikal müxalifətin təqsirkar şəxsdən "qəhrəman”
düzəltmək niyyəti başadüşülən deyil. Şəxs hadisəni törədib, qanun qarşısında
cavab verəcək”.
Millət vəkili Zahid Oruc bildirdi ki,
Gəncədə baş verən hadisə günü ictimai rəyi çaşdırmaq və öz bildikləri səmtə
yönəltmək üçün öncə müxtəlif rəhm hissi doğuran, təqsirkar şəxsə mücahid
xarakteri verən istiqamətdə informasiyalar dövriyyəyə buraxıldı: "Əvvəlcə həmin
şəxsin guya hamilə bacısı haradasa təhqir olunduğu və onun da namus-qeyrət
üstündə belə bir addımı atdığı deyildi. Daha sonra istiqamət bir qədər dəyişdi
və bəlli oldu ki, hadisədə dini çalarlar önəmli yer tutur və Gəncə rəhbərliyi
keçmişdə konkret etiqadlı şəxslərə qarşı guya sərt davranıb. Məhz bu zəmində də
kimsə qisasçılıq üçün cihada əl atıb, hətta İmam Hüseyn yolunda şəhidliyi gözə
alaraq, belə bir hərəkət edib. Bu, artıq məsələnin ikinci mərhələsi idi. Sonra
tablonun çərçivəsi bir qədər də genişləndirildi və sən demə, Gəncə özünün
üsyankar rolunu qoruyub saxlayıb, burada hakimiyyət əleyhinə ciddi proseslər
var. Hətta 4 iyun 1993-cü il hadisələri ilə paralelləşmə aparmağa çalışdılar. Ancaq
biz öncədən də vurğulayırdıq ki, Gəncədə kimsə həqiqətən dini etiqadını yerinə
yetirmək istəyirsə, Şah Abbas məscidindən İmamzadəyə qədər yetərincə ünvanlar
var. 6 böyük məscid var ki, orada müxtəlif dini ayinlər keçirilə bilər. Məsələnin
başqa bir tərəfi, Nardaranda ekstremist dairələrin dayaqları sarsılandan sonra bura
daxil onların müxtəlif uzantılarla ayrı-ayrı ərazilərdə məskunlaşmaları idi.
Biz zamanında bununla da bağlı fikirlərimizi söyləmişdik”.
Z.Oruc vurğuladı ki, bu gün Yaxın Şərqdə məlum əllərdə idarə olunan
və saxlanılan terror birləşmələri, radikal ekstremist dairələrin üzvləri ixrac
olunurlar: "Onların müəyyən elementləri Azərbaycana da gəlirlər. Təqsirkar şəxs
konkret olaraq müxtəlif təlim düşərgələrində olub, bəlli ideyalara yoluxdurulub.
Belə adamlar canlı bombalar kimi hər bir əməliyyatı həyata keçirə bilər. Ona
görə də dövlət təmsilçisinə qarşı silah işlədilməsi heç bir halda bəraət ala
bilməz. Bu, siyasi mübarizə deyil. Gəncə bir daha 90-cı illərin əvvəllərinə
qayıdası deyil. Gəncədə görülən işlər göz qabağındadır. Bunları mənəviyyat, din
adına qəbul etməyib, kimdənsə din düşməni obrazı düzəltmək yanlış bir yoldur.
Hesab edirəm ki, belə bir şəxs Azərbaycan insanı tərəfindən müdafiə oluna
bilməz”.
Bəxtiyar MƏMMƏDLİ