• cümə, 19 Aprel, 11:36
  • Baku Bakı 13°C

Terrorçudan milli qəhrəman düzəldənlər

06.07.18 19:25 1361
Terrorçudan milli qəhrəman düzəldənlər
Radikal müxalifət tərəfdarları və xaricdə olan anti-milli ünsürlər Gəncədə baş verən cinayət hadisəsi ilə bağlı təsirləndirilən Yunis Səfərovdan "qəhrəman” obrazını yaradıb, onun cinayət əməlinə haqq qazandırdılar. Lakin hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq nəticəsində cinayətin ilkin səbəbləri bəlli oldu. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi faktı ilə bağlı növbəti açıqlama yayıb. Burada bildirilir ki, fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktı olub. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.

Eləcə də Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirdi ki, Gəncədə çox ciddi cinayət hadisəsi baş verib: "Yəni, bu cinayət hadisəsində iqtidar və ya müxalifət nümayəndəsi olmağın heç bir aidiyyatı yoxdur. Heç kəs inkar edə bilməz ki, bu cinayət hadisəsi deyil. Bu, prezidentin təyin etdiyi və respublikanın ikinci ən böyük şəhərinin icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı olan bir kriminal hadisədir. İcra başçısı sıradan bir şəxs deyil, məhz dövlət başçısının təyin etdiyi şəxsdir. Bir məsələni dərk etmək lazımdır ki, kiminsə Elmar Vəliyevdən xoşu gəlməyə bilər, amma kimsə qanunları rədd edə bilməz. Ona görə də bütün insanlara çağırış edirəm ki, kimliyindən asılı olmayaraq, yad, qeyri-sağlam təsirlərə düşməsinlər, hissiyatla yaşamasınlar. Hüquqi mexanizmlər, qanunlar var, hər şey qanunla həll olunmalıdır”.

T.Kərimli qeyd etdi ki, hadisə baş verib, təqsirkar şəxs müəyyən olunub: "Cinayəti törədən şəxs Yunis Səfərov həbs olunub, tərkisilah edilib. Haqqında məlumatlar toplanıb və onun əvvəllər İranın Qum şəhərində 8 ay yaşadığı bəlli olub. Eyni zamanda digər Azərbaycan vətəndaşı Rasim Əsədovla birgə Suriyada birgə silahlı birləşmələr tərkibində döyüşdə olduğu müəyyən edilib. Həmçinin bu şəxs bir müddət öncə qanundan kənar hadisə nəticəsində polisə məxsus silahı ələ keçirib. Göründüyü kimi, ilkin rəsmi məlumatlar var və dövlət orqanları bu məsələ ilə məşğuldur. Hazırda cinayət hadisəsi ilə bağlı ciddi istintaq hərəkətləri aparılır. Təbii ki, bu araşdırmaların ciddi nəticələri olacaq və bunun məhkəmə perspektivi var. Bir sözlə, hər kəs qanun qarşısında bərabərdir və hər kəs məsuliyyət daşıyır. Ona görə də insanın kimdənsə acığı gəlirsə, bu səbəbdən qanunları ayaq altına alması haqq qazandırılacaq hal deyil. Radikal müxalifətin təqsirkar şəxsdən "qəhrəman” düzəltmək niyyəti başadüşülən deyil. Şəxs hadisəni törədib, qanun qarşısında cavab verəcək”.

Millət vəkili Zahid Oruc bildirdi ki, Gəncədə baş verən hadisə günü ictimai rəyi çaşdırmaq və öz bildikləri səmtə yönəltmək üçün öncə müxtəlif rəhm hissi doğuran, təqsirkar şəxsə mücahid xarakteri verən istiqamətdə informasiyalar dövriyyəyə buraxıldı: "Əvvəlcə həmin şəxsin guya hamilə bacısı haradasa təhqir olunduğu və onun da namus-qeyrət üstündə belə bir addımı atdığı deyildi. Daha sonra istiqamət bir qədər dəyişdi və bəlli oldu ki, hadisədə dini çalarlar önəmli yer tutur və Gəncə rəhbərliyi keçmişdə konkret etiqadlı şəxslərə qarşı guya sərt davranıb. Məhz bu zəmində də kimsə qisasçılıq üçün cihada əl atıb, hətta İmam Hüseyn yolunda şəhidliyi gözə alaraq, belə bir hərəkət edib. Bu, artıq məsələnin ikinci mərhələsi idi. Sonra tablonun çərçivəsi bir qədər də genişləndirildi və sən demə, Gəncə özünün üsyankar rolunu qoruyub saxlayıb, burada hakimiyyət əleyhinə ciddi proseslər var. Hətta 4 iyun 1993-cü il hadisələri ilə paralelləşmə aparmağa çalışdılar. Ancaq biz öncədən də vurğulayırdıq ki, Gəncədə kimsə həqiqətən dini etiqadını yerinə yetirmək istəyirsə, Şah Abbas məscidindən İmamzadəyə qədər yetərincə ünvanlar var. 6 böyük məscid var ki, orada müxtəlif dini ayinlər keçirilə bilər. Məsələnin başqa bir tərəfi, Nardaranda ekstremist dairələrin dayaqları sarsılandan sonra bura daxil onların müxtəlif uzantılarla ayrı-ayrı ərazilərdə məskunlaşmaları idi. Biz zamanında bununla da bağlı fikirlərimizi söyləmişdik”.

Z.Oruc vurğuladı ki, bu gün Yaxın Şərqdə məlum əllərdə idarə olunan və saxlanılan terror birləşmələri, radikal ekstremist dairələrin üzvləri ixrac olunurlar: "Onların müəyyən elementləri Azərbaycana da gəlirlər. Təqsirkar şəxs konkret olaraq müxtəlif təlim düşərgələrində olub, bəlli ideyalara yoluxdurulub. Belə adamlar canlı bombalar kimi hər bir əməliyyatı həyata keçirə bilər. Ona görə də dövlət təmsilçisinə qarşı silah işlədilməsi heç bir halda bəraət ala bilməz. Bu, siyasi mübarizə deyil. Gəncə bir daha 90-cı illərin əvvəllərinə qayıdası deyil. Gəncədə görülən işlər göz qabağındadır. Bunları mənəviyyat, din adına qəbul etməyib, kimdənsə din düşməni obrazı düzəltmək yanlış bir yoldur. Hesab edirəm ki, belə bir şəxs Azərbaycan insanı tərəfindən müdafiə oluna bilməz”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər