AZE | RUS | ENG |

Termal sulardan niyə lazımınca istifadə etmirik?

Termal sulardan niyə lazımınca istifadə etmirik?
Mütəxəssislər ölkəmizdə müalicəvi turizmin inkişafı üçün kifayət qədər imkanların olduğunu bildirirlər

Ukraynanın Truskavets şəhərinin sağlamlıq zonası adlandırılmasının əsas səbəbi termal və mineral sulardan turizmin inkişafı məqsədi ilə istifadə olunmasıdır. Həmin ölkədə səfərdə olarkən bu faktın bir daha şahidi olduq. Şəhərin sanatoriya və otelləri, pansionatlar və s. turizm obyektləri turistlərə tibbi turizm xidmətini yüksək səviyyədə təklif edirlər. Keçən il 6 min azərbaycanlının Truskavetsə müalicə və istirahətə yollandığını nəzərə alsaq, eyni təbii potensiala malik ölkəmizə turist cəlbinin aşağı səviyyədə olması, bu istiqamətdə infrastrukturun formalaşmaması təəssüf doğurur. 

Ölkəmizin ərazisinin termal, mineral və sənaye əhəmiyyətli su ehtiyatları ilə zəngin olması isə təbii ki, iqtisadiyyatın, xüsusən də turizmin inkişafı üçün geniş imkanlar açır. Xüsusən ölkəyə turist cəlbində böyük rol oynaya biləcək termal suların respublika ərazisində geniş miqyasda yayılmasına baxmayaraq, onlardan nəinki sağlamlıq turizmi məqsədi ilə, hətta təssərrüfatın müxtəlif sahələrində istifadə olunması səviyyəsi qənaətbəxş deyil.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinad etsək, Azərbaycanda da yüksək temperatura malik böyük termal su yataqları mövcuddur. Böyük Qafqaz, Abşeron yarımadası, Şamaxı-Qobustan, Xəzəryanı, Quba, Lənkəran-Masallı zonaları, Kür-Araz ovalığı termal su mənbələri ilə zəngindir. Mütəxəssislərin fikrincə, ölkəmizdə geotermal sulardan həm məişətdə, həm də yaşayış məntəqələrinin istilik təchizatında, istixana təsərrüfatının qızdırılmasında istifadə oluna bilər. Təəssüf ki, qiymətli mənbələrdən lazımınca istifadə edilmir. Bir çox ölkələr xüsusən, turizm sektorunda inkişafa məhz sağlamlıq turizmini inkişaf etdirərək nail olduqları halda, bizdə bu sahənin xüsusi inkişafından danışmaq hələ ki mümkün deyil.
 
"İstisu” axıb gedir

Uzağa getməyək, cənub bölgəsində hələ sovet dövründə məşhur olan "İstisu”yun demək olar ki,  əvvəlki şöhrətindən əsər-əlamət qalmayıb. Elə rayonda olarkən "İstisu axıb gedir” təəssüfünü eşitdik. Cənub rayonlarında turizmin inkişafını təmin etmək üçün müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulsa da, prosesin yaxın zamanda həyata keçəcəyi gözlənilmir. Rayon İH-dən aldığımız məlumata görə, əlaqədar təşkilatlara müraciətlər ünvanlanıb və ilkin razılıq əldə olunub: "Rayonda turizmin inkişafı rayon iqtisadiyyatının əsas sahələrindən birini təşkil edir. Bu səbəbdən bütün regionu əhatə edən və bir mərkəzdən idarə olunan Turizm İstirahət Şəhərciyinin "İstisu” zonasında salınması ilə bağlı irəli sürülən təklif reallaşmaq ərəfəsindədir. İlk növbədə Masallıya turizmlə bağlı sərmayə cəlb etmək lazımdır ki, həmin sanatoriya tikilsin”. 

İl ərzində Masallıya 25 min turist gəlir. 30-a yaxın turizm obyekti var. Ancaq turizm mövsümü yalnız yay aylarını əhatə edir: "Bu müddətdə ciddi gəlir əldə etmək mümkün deyil. Qış və müalicəvi turizmi əhatə edəcək sanatoriya tikilsə, zonada ilboyu turizmi inkişaf etdirmək olar. Ancaq bu gün müalicəvi əhəmiyyətə malik "İstisu” istifadəsiz halda axıb gedir. Biz 800-1000 nəfərlik sanatoriya tikilməsi üçün 10 hektar sahə ayırmışıq. "İstisu” borular vasitəsilə həmin əraziyə gətiriləcək və insanlar onun möcüzəvi faydasından ilboyu yararlanacaqlar. Turistin gəlməsi üçün isə ilk növbədə infrastruktur formalaşmalıdır. Bakı-Astara istiqamətindəki yol da turistin gəlişinə mane olur. Artıq çəkilişi 3-4 aya başa çatacaq magistral yol təhvil veriləndən sonra Bakıdan Masallıya 2 saata çatmaq mümkün olacaq. Bu, regionda turizmin inkişafına böyük kömək olacaq”. 
 
Dövlət Proqramı olmalıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Ekoloji Kəşfiyyat Xidmətinin kompleks hidrogeologiya və mühəndis geologiyası ekspedisiyasının baş geoloq əvəzi Rüstəm Hüseynov Azərbaycanda termal su mənbələrinin geniş yayıldığını qeyd etsə də, onlardan səmərəli istifadə olunmadığını bildirir. Belə ki, ölkənin termal su ehtiyatı respublikamızın bütün bölgələrində qeyri-bərabər yayılıb: "Termal su ehtiyatı gündə 420 min kub metrdir. Bu tip su mənbələri əsasən Kür-Araz ovalığında, Lənkəran-Talış, Samur-Dəvəçi düzənliyində, Xaçmaz rayonu ərazisində geniş yayılıb”. Dünya təcrübəsində termal suların tərkibindəki komponentlərdən asılı olaraq müxtəlif istifadə istiqamətlərinin olduğunu deyən geoloq ölkəmizdə bu istifadə sahələrindən o qədər də geniş bəhrələnmədiyimizi təəssüflə bildirir: "Yəni termal sular primitiv üsullarla, məsələn, hamam və ya vannalar kimi tətbiq olunur. Ancaq dünya miqyasında termal sulardan temperaturundan asılı olaraq istilik və elektrik enerji mənbəyi, müalicə, sanatoriya və kurort məqsədləri və s. üçün istifadə olunur. Lənkəran-Talış zonasında "İstisu” sanatoriyası var. "Haftonu” sanatoriyası sovet dövründə ümumittifaq sanatoriyası səviyyəsində idi. Goranboy rayonu ərazisində gilli sudan istifadə olunur. Düzdür, bu, dövlət səviyyəsində deyil, yalnız insanların özünün istifadə səviyyəsindən asılı olaraq işlədilir”. 
Nazirlik rəsmisi bu sahədə genişmiqyaslı Dövlət Proqramının olmadığını bildirir: "Turizmin bu sahəsi kompleks şəkildə inkişaf etməlidir. Ekoturizm, arxeoloji və termal çərçivədə palçıq vulkanları, Naftalan və s. termal mənbələr inkişaf etməlidir. Bu sahənin inkişafı ilə bağlı dövlət özəl sektorun fəaliyyətinə daha geniş imkan açıb. Onlar da maliyyə imkanlarından asılı olaraq istifadə edirlər”.   
 
İnfrastruktur yaradılmalıdır

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov məsələyə optimist yanaşmağa çalışır: "Son illərdə Azərbaycanda termal və sağlamlıq turizmi inkişaf mərhələsindədir. Naftalan, Qalaaltı, Masallı, Naxçıvan və s. sağlamlıq məkanlarında bu istiqamətdə otellər fəaliyyət göstərir. Ölkəmiz turizmin bu sahəsini inkişaf etdirmək üçün böyük potensiala malikdir. Azərbaycanın təbiəti, iqlimi, coğrafi mövqeyi sağlamlıq turizmini inkişaf etdirməyə imkan verir. Hazırda Masallıda "İstisu”, Naxçıvanda "Duzdağ” sağlamlıq turizmi bu turizm növünün inkişafında mühüm rol oynayır. Bu gün ölkəmizdə 1500-dən çox mineral məkanlar var. Həmin qaynaqlardan səmərəli istifadə etmək lazımdır. Eyni zamanda, palçıq vulkanlarından müalicə məqsədilə yararlanmaq lazımdır”. 

M.Ağakərimov bildirir ki, sağlamlıq turizmini inkişaf etdirmək məqsədi ilə infrastruktur yaradılmalı, yeni sağlamlıq məkanları müəyyənləşdirilməli, yollar çəkilməli, elektrik, qaz və su təchizatı təmin edilməlidir: "Ölkəmizdə bu sahəni yüksək səviyyədə inkişaf etdirmək üçün ixtisaslı kadrlar da hazırlanır. Həmçinin Turizm və Menecment Universitetində bu sahə ilə bağlı elmi işlər yazılır. Əsas bu sahənin inkişafına təkan verməkdir. Azərbaycan elə bir ölkədir ki, onun nəinki ümumi turizm potensialı mövcuddur, həm də müxtəlif turizm növlərini, o cümlədən sağlamlıq və termal turizmini inkişaf etdirmək üçün bütün imkanları var”. 
 
Tanıtımlara ehtiyac

Düzdür, demək olmaz ki, ölkəmizdə bu istiqamətdə işlər görülmür. Məsələn, Azərbaycanda artıq Termal və Sağlamlıq Turizm Assosiasiyası yaradılıb. Ölkəmiz Dünya Sağlamlıq Turizmi Assosasiyasında təmsil olunur. Bu platforma vasitəsi ilə turizmin bu növünü həm ölkəmizdə, həm də xaricdə tanıtmalıyıq.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının idarə heyətinin üzvü Ceyhun Aşurov qurum olaraq əsas məqsədlərinin mövcud vəziyyəti qabardıb beynəlxalq standartların tətbiqi ilə daha keyfiyyətli xidmət təklif etmək olduğunu söyləyir: "Termal turizmin inkişafı ilə bağlı ölkədə müəyyən işlər görülüb və bu istiqamətdə fəaliyyət davam edir. Bu yaxınlarda Lənkəran zonasında yeni termal otelin açılacaq. Eləcə də ölkənin başqa regionlarında termal mənbələrdən istifadə olunur. Məsələn, "İstisu” qaynağı buna misaldır. Həmçinin Qalaaltıdakı kükürdlü su mənbəyi Avropanın termal şəhərlər xəritəsinin siyahısındadır. Bu da sağlamlıq turizminin bir məhsuludur”. C.Aşurovun sözlərinə görə, sağlamlıq turizmi üçün şəraitin olması ümumən turizm sektorunda turistlər üçün çeşid yaradır. Yəni ölkəyə gələn turistlər müalicə ilə yanaşı, dincəlir, həmçinin digər turizm məhsullarından istifadə edirlər: "Sağlamlıq turizmi mövsümilik məsələsində daha dayanıqlıdır. Çünki bu turizm xidmətindən ötrü gələnlər ölkədə 10-12 gün qalırlar. Ancaq 14 gün qalmaları tövsiyə olunur”. 

C.Aşurov hesab edir ki, təkcə ölkə sakinlərini deyil,  xarici ölkə turistlərini də ölkəmizdə turizmin bu marşrutuna cəlb etmək üçün tanıtımlar olmalıdır: "Bir çox dünya ölkələri məhz bu məhsulları ilə dünya miqyasına çıxır və tanınırlar. Təbii ki, bazarı maraqlandırmaq lazımdır. Bu sahədə məşğul olan turizm şirkətlərinə bazarı tanıtmaq və əlaqələr yaratmaq lazımdır. Düzgün tanıtım olandan sonra bu sahədə təbii ki, artım və inkişaf olacaq və seqment düzgün tanınacaq”. Xidmət səviyyəsinin yüksəlməsinə gəlincə, turizmçinin sözlərinə görə, artıq bununla bağlı müəyyən addımlar atılır: «Peşə məktəblərində, böyük otellərin nəzdində treninqlər keçirilir. Sadəcə, gələn turistlərin sayı ilə xidmət personalının və açılan otellərin sayı üst-üstə düşmür, bu da bəzi problemlər yaradır. Düşünürəm ki, bu istiqamətdə işlər inkişaf etdikcə problemlər də aradan qalxacaq”. 

Mütəxəssislərin dediklərinə inansaq, yaxın gələcəkdə bizim ölkəmizdə də turizm sektorunda sağlamlıq turizmi ayrıca bir qola, həm də gəlirli bir xəttə çevrilə bilər. O şərtlə ki, termal mənbələrdən əhəmiyyəti üzrə istifadə olunsun. Təkcə dövlət deyil, investorlar da öz diqqətini bu sahədən əsirgəməsin.

Təranə Məhərrəmova 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2548
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6127
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9745
CHF 1 İsveçrə frankı 1.7156
USD 1 ABŞ dolları 1.7000