• cümə axşamı, 28 mart, 20:46
  • Baku Bakı 13°C

Tərki-dünyalar üçün gözəl ölkə - Səyyah

13.09.19 14:50 1756
Tərki-dünyalar üçün gözəl ölkə - Səyyah
Heç vaxt başqa ölkələri görmək həvəsində olmayıb, ancaq 5 il İspaniyanın Madrid şəhərində yaşadıqdan sonra onda səyahət etməyə sevgi yaranıb. Bu gün gəzdiyi ölkələrin sayını belə itirib. Deyir ki, Skandinaviya ölkələrindən başqa, bütün Avropa ölkələrinə səyahət edib. Gəzintilərin çoxu işi ilə bağlı olduğu üçün özünü səyyah hesab etmədiyini deyən müsahibimiz jurnalist Aygün Əliyevadır. Biz onunla Kuba səfəri ilə bağlı həmsöhbət olduq.
- Kubaya səyahətiniz nə vaxta təsadüf etdi?
- Bu ilin mart ayında getmişdim. Səyahətdən əvvəl öyrənmişdim ki, Cənubi Amerikaya səfər etmək üçün ilin ən yaxşı ayı mart ayıdır. Çünki havanın temperaturu nə çox isti, nə də soyuq olur. Belə demək olarsa, mart ayında orada hava ideal olur. Biz əvvəlcə Kolumbiyaya getdik. İkinci ölkə olaraq isə Kubanı seçdik. Kubanın ən böyük və paytaxt şəhəri Havanada oldum. Bildiyiniz kimi, Kuba dünyada kommunizm ideyaları ilə idarə olunan ölkələrdən biridir. Ölkə olaraq Kuba mənim çox xoşuma gəlmişdi.
- Görməyənlər üçün Kubanı necə təsvir edə bilərsiniz?
- İlk növbədə onu deyə bilərəm ki, təbiət Kubanı çox gözəl bir ərazidə - Meksika körfəzində yerləşdirib. Məncə, uzun illər kommunizm rejimi olmasaydı, bu ölkədə daha böyük nailiyyətlər əldə oluna bilərdi. Hazırda iqtisadi baxımdan Kuba geridə qalan ölkələr sırasındadır. Amma turizm bu ölkədə sürətlə inkişaf edir. Havanada həddən artıq çox turistə rast gəldik. Çoxlu sayda restoranlar, əyləncə mərkəzləri fəaliyyət göstərir. Ölkənin iqlimi çox gözəl olduğuna görə, turistlər buraya axın edir. Axşamları sərin, gündüzlər isə yandırıcı olmayan mülayim istilik var. Turistlər əsasən Şimali Amerika və Cənubi Amerika ölkələrindən gəlir. Həmçinin, Rusiyadan buraya çoxlu sayda turist axın edir. Çünki Rusiya üçün viza rejimi tətbiq olunmayıb. Kubada çoxlu sayda fransız turistlərinə rast gəlmək olur.

- Neçə günlük səfər oldu?
- Bu ölkəyə səyahət etməyi çoxdan arzulayırdım. Oraya həyat yoldaşımla səfər etdim və cəmisi altı gün qaldıq. Məncə, altı gün nəinki ölkəni, hansısa şəhəri kəşf etmək üçün də kifayət etməz. Bir ölkəni kəşf etmək istəyirsinizsə, o ölkənin təkcə şəhərlərinə yox, kəndlərinə, arxa küçələrinə də baxmaq lazımdır. Təkcə paytaxt şəhəri ilə ölkə kəşf etmək mümkün deyil. Çünki paytaxt hər zaman turistlər üçün nəzərdə tutulur. İnsanları tanımaq üçün paytaxtdan kənar ərazilərə getmək lazım gəlir. Bu isə ən azı 15-20 gün vaxt tələb edir.
- Ölkədə diqqətinizi ilk çəkən nə oldu?
- Kubada diqqətimi çəkən əsas məqamlardan biri internetin yox səviyyəsində olması idi. Həmçinin, internetin qiyməti çox bahadır. 10 dollara 1 və ya 2 saatlıq istifadə haqqı üçün internet ala bilərsiniz. Amma sürət çox zəifdir. Müqayisə üçün deyə bilərəm ki, Azərbaycanda internetin 15 il əvvəlki sürəti ilə eyni səviyyədədir. Orada siz istədiyiniz saytlara daxil ola bilməzsiniz. Bu məsələdə ciddi senzura tətbiq olunur. Həmçinin, bu ölkədə turistlər üçün ayrıca pul vahidi var. Belə bir halla ilk dəfə rastlaşırdım. Turistlər üçün nəzərdə tutulan kuk adlı pul vahidi bir dollara bərabərdir. Yerli vətəndaşlar isə peso pul vahidindən istifadə edir. 100 pesso 1 dollara bərabərdir. Qiymətlər arasında fərqi belə izah edə bilərəm ki, turistlər üçün şirin çörəklərin beşi bir dollardırsa, yerlilər üçün 5 çörək 5 pesoyadır.
- Necə düşünürsünüz, bu ölkə gəzmək üçün yaxşıdır, yoxsa yaşamaq üçün də getmək olar?
- Düşünürəm ki, Kubada yaşaya bilmərəm. Orada elə bir mühit var ki, özünü 80-90-cı illərdə hiss edirsən. Yeni texnologiyaların fonunda Kubada yaşamaq qeyri-mümkündür. Səyahətimizin ilk 3 günündə acgözlüklə ölkəni tanımağa çalışırdıq. 4-cü gün isə internet olmadığına görə, istər-istəməz sıxılmağa başlayırsan. İndiki dövrdə ətraf aləmlə ünsiyyətimiz, bank hesablarımız, ailə üzvlərimizlə, ümumiyyətlə, bütün əlaqə vasitələrimiz internet üzərindən olur. Bu gün demək olar ki, həyatımızın 70 faizi internetdən asılıdır. Kubada insan özünü adaya düşən Robinzon Kruzo kimi hiss edir. Çünki burada ətraf aləmdən təcrid olursan. Hərdən düşünürəm ki, tərki-dünyalar üçün Kuba çox gözəl ölkədir. Kubalılar ətrafda nə baş verdiyindən bir o qədər də xəbərləri olmadıqlarına görə, özlərini xoşbəxt hiss edirlər. Amma xoşbəxtlik anlayışı hər kəs üçün fərqlidir. Yəqin ki, mən də kubalı olsaydım və dünyada gedən proseslərdən xəbərdar olmasaydım, orda xoşbəxt olardım. Ona görə də, deyirlər ki, xoşbəxtlik nisbi anlayışdır.

- Yəqin ki, yerli əhali ilə ünsiyyətdə oldunuz. O insanlardan necə bir enerji aldınız?
- Bəli, yerli əhali ilə ünsiyyətdə olduq. Orada olanda otel tutmuşduq, amma qaldığımız oteli bəyənmədik. Hətta 4-5 ulduzlu otellər belə, standartlara cavab vermir. Turistlər bu otellərə pul verməkdənsə, evlərdə qalmağa üstünlük verirlər. Biz də oteldən imtina edərək ev tutduq. Bu zaman sən Kuba həyatının içinə girmiş olursan. Bir havanalının gündəlik həyat tərzini müşahidə edə bilirsən. Bu, mənim üçün maraqlı təcrübə idi. Havanalıların həyat tərzi çox maraqlıdır. Biz Havananın qədim hissəsində, təqribən Bakının İçərişəhəri sayılan hissəsində qalırdıq. Havanalılar televizora baxmağı həddindən çox sevir. Şəhər dənizin düz qırağında yerləşir və yerli əhali öz evlərinin giriş qapısını hər zaman açıq saxlayırlar. Qapıdan, sadəcə, tor pərdə asılır. Bu şəhərdə demək olar ki, milçək və digər həşəratlar yoxdur. Dar küçələrdə çoxlu restoranlar var. Amma bura çox təhlükəsiz bir şəhərdir. Səfər zamanı Latın Amerikasından olan turistlərlə tanış olduq. Onlar deyirdi ki, biz Kubaya rahat nəfəs almaq, təhlükəsiz gəzmək üçün gedirik. Kolumbiyada sən bu təhlükəsizliyi hiss edə bilmirsən. Məsələn, Kolumbiyada olanda polis bizə dedi ki, şəhərin mərkəzindəki 2-3 küçədən savayı, başqa yerə getməyi sizə tövsiyə etmirik. Əgər başınıza bir iş gəlsə, biz buna cavabdeh deyilik. Kubada özümü Bakıda, İçərişəhərdə gəzirmiş kimi hiss edirdim.
- Hansı maraqlı adət və ənənələr diqqətinizi çəkdi?
- Əslində, orada olduğumuz müddətdə xüsusi adətlərini görmək imkanımız olmadı. Kubalıların ən çox sevdiyi əyləncə mahnı oxumaq və rəqs etməkdir. Bu, bizim də çox xoşumuza gəlmişdi. Uşaqların əksəriyyəti həyətdə oynayır. İnternet dövründə böyüməyən bir uşaq kimi, öz uşaqlığımı xatırladım. Uşaqlar oynayır, qaçır, əylənirlər. Hind filmlərində gördüyümüz insanların küçədə rəqsi, mahnı oxuması Kubada realdır. İki nəfər söhbət edərkən, biri anidən rəqsə başlayır. Bu, mənim üçün çox maraqlı idi. Kubalılar xarici görünüş baxımından da gözəldirlər. Qızlar və oğlanlar hündürboy, yaraşıqlıdırlar. Əksəriyyətinin bədən quruluşu atletikdir. Xalq olaraq kubalılar çox yaraşıqlıdırlar.
- Kubaya gələn ilk avropalı Xristofer Kolumb olub. Bəs günümüzdə avropalı turistlərin bu ölkəyə marağı necədir? Ümumiyyətlə, Kubada turistlərə qarşı münasibət necədir?
- Avropalı turistlər yəqin ki, viza məsələlərinə görə bu ölkəyə səfər etmirlər. Çünki avropalılar rahat səyahətə alışıblar. İspaniyada Kubaya viza almaq çətin deyil. Amma digər ölkələr haqda məlumatlı deyiləm. Burada turistlərə qarşı münasibət əladır. Havanalılar həddən artıq mehriban, dözümlü və istiqanlı insanlardır. Çünki onlar başa düşürlər ki, turistlər, onlar üçün qazanc mənbəyidir. Avropada turistdən pul qazansalar da, turisti aşağı təbəqədən biri hesab edirlər. Sadə əhalinin bizə qarşı münasibəti çox xoşuma gəlmişdi.

- Məncə, yeməkdən də danışaq. Yerli mətbəxin dadına baxdınız?
- Mətbəxləri çox dadlıdır. Yeməklərində ətdən, xüsusilə də qoyun ətindən çox istifadə olunur. Mətbəxdə yerli lobya sayılan qara lobyadan geniş istifadə olunur. Həmçinin, düyü, mətbəxlərində geniş yer tutur. Kuba kofesi həddindən artıq ləzzətlidir. Qoyun ətindən müxtəlif təamlar hazırlanır. Onu da deyim ki, ətin qiyməti bu ölkədə çox bahadır. Kubalıların məşhur içkisi rondur. Havana ronu bütün dünyada satılır. Bildiyiniz kimi, Kuba dünyaya siqar satır və siqarlarına görə çox məşhurdur. Normalda başqa ölkələrin mətbəxini sevmirəm, amma Kuba yeməkləri çox xoşuma gəlmişdi. Burada restoranlar demək olar ki, turistlər üçün nəzərdə tutulub. Çünki yerli əhali restorana getməyi sevmir.
- Bu ölkəyə getmək istəyənlərə nələri tövsiyə edərdiniz?
- Ora getmək istəyənlərə demək istərdim ki, getməzdən əvvəl bəzi məqamları nəzərə alsınlar. Bu ölkədə texnologiya və internetdən istifadə mümkün deyil. Həmçinin, ora getməzdən əvvəl pulu nağdlaşdırmaq lazımdır. Turistlər üçün burada qiymətlərin baha olduğunu əvvəldən bilməlisən. Orada "booking”lə otel tuta bilməzsən. Otellər, adətən, insanı məyus edir. Ona görə də evlərdə qalmağı tövsiyə edərdim. Havanaya getməzdən əvvəl biletlərinizi çap etməlisiniz. Çünki onlayn bilet mümkün deyil. Hər şeydən əvvəl nəzərə alın ki, siz 90-cı illərdə yaşayan bir ölkəyə gedirsiniz və hər şeyiniz əlinizdə olmalıdır. Çünki orada internet yoxdur.
Şəbnəm Mehdizadə



banner

Oxşar Xəbərlər