Tərk
Dünya əlbəttə ki, qabıqdır. Ancaq bu qabığın içi
boşdur, yoxsa dolu? Yəni, zahir pərdəsinin ardında bir batin vardır, yoxsa yox?
Allah da, bəşər də, haqqında əfsanələr dolaşan varlıqlar da hamısı pərdənin bu
üzündə olanlardır. Yəni, zahiridir. Deyirlər, hər zahirin mütləq bir batini
vardır. Ancaq bu həqiqəti necə isbat etmək olar? Şübhənin günah, yəqinin
cahillik sayıldığı bu dünyada həqiqət nədir, yalan nədir - kimsə bilmir.
Şərq şairləri dünyanı "bivəfa" adlandırırdılar.
Deməli, onlar bu pərdənin altında bir "vəfa" olduğuna inanırdılar.
Yoxsa kəlmənin əvvəlinə inkar ədatı qoymazdılar. Hər kəs umduğu şeydən məhrum
olur. Yəni, ummadığını əldə etmək kimi bir niyyəti yoxdur kimsənin. Bəs necə
olur ki, dünya üzündə hamı əsil umduğuna həsrət qalır. Bu, istisnasız belədir.
İfadə özü də maraqlıdır: "dünya üzü". Üz elə zahirdir, üzdə olandır.
Təbii olaraq, insan üzdə görmədiyini içdə axtarır. Tapır, yoxsa tapmır - bu
ayrı məsələdir.
Bəli, hər kəs içə, həm də özündə olan içə can
atır. Mövlana Rumi əsərinin adını "Fi hi ma fih" qoymuşdu. Tərcümədə
təxminən "için içi" anlamına gəlir. Bu sözə bəlkə qayıtdıq, ancaq
qayıtmasaq, bəri başdan deyim ki, böyük ustadın gəldiyi nəticə beləymiş ki,
batinin özü də bir zaman zahirə dönüşə bilir. O zaman için içi də varmış. Bu
içlər üz-üzə qoyulmuş iki aynada əks olunan hər hansı bir nəsnənin say
etibarilə sonsuzluğuna bərabərdir. Elə sonsuzluq işarəsini icad edən
riyaziyyatçılar da bitməyən, sonu gəlməyən gedişatı nəzərdə tutmuşlar. O zaman
insan davamlı olaraq tərk edir hər şeyi. Yorulduğu üçün deyil, alışdığı və ya
bezdiyi üçün də deyil. Sadəcə aradığını heç bir üzdə, heç bir içdə bula
bilmədiyi üçün. Ancaq bu ümidsiz və qaranlıq bir anlayışdır. Yəqin bütün
işıqlar bir gün sönəcəyi üçün biz oraya gələcəyik. Hələlik isə, əlimiz çatan
şərabdan içək ki, keçici də olsa, məstliyin verdiyi unutqanlığın dadını
çıxarmış olaq.
Nədir bu keçici məstlik? Cavab birdir: keçici də
olsa, məst olmaq ən dərin, ən ağrılı və ən ağır yaralara məhz keçici olaraq
məlhəm ola biləcək tək nəsnədir - təbii, əgər yaşamaq və yaşatmaq istəyiriksə.
Yaşamaq öz yerində, yaşatmaq isə, bəzən öldürməməkdir. Bu ikili, üçlü, beşli,
yüzlü qısqacın, məngənənin arasında arzulana biləcək və adına ölüm deyilən şey
qurtuluş deyil. Bəlkə də ölməklə qurtulmaq mümkündür. Ancaq ölüm hər duanın
gücü yetəcək bir hədiyyə deyil. Yaşamağın iyrənc məcburiyyəti qarşısında iki
yol qalır - ya məst olub hər kəsi və hər şeyi tərk etmək, ya da özünütəsdiq
bataqlığına düşərək, getdikcə daha da rəzil olmaq. Dərvişlər, batinilər,
vergili hünər və elm sahibləri birinci yolu seçmişlər. Özünə sığınmağın əslində
Tanrıya sığınmaqla eyni qapıya çıxdığını dərk edənlər həmin müvəqqəti qurtuluşa
sahib olanlardır. Ariflər və aşiqlər məndən inciməsin, həmin o Tanrı insan
surətində bir aksiom kimi qarşıma çıxsa belə, mən yenə də hər şeyə
"müvəqqəti", "keçici", "fani" deməkdən geri
durmayacağam. Ancaq dediyim kimi, onsuz da hər şey fanidir. Hələlik isə baqi
olana, yəni əbədi olana bir əlçim ümidlə bağlanıb, məlami dərvişlər kimi sadəcə
söhbət edək. Hər kəs bir gün, içinin bir yerində mütləq məlamidir. Adını qoya
bilmədiyi, izinə, tozuna alışa bilmədiyi hər hansı yolla yürümək istəməyənlər
ya məlami olublar, ya üveysi olublar, ya da eşqi... Ancaq nəticə etibarilə hər
kəs özünə batini bir yuva quraraq, qurdun-quşun əlindən orada gizlənmək
istəyib. Hər kəsin keçilməz bir qapısı mütləq vardır.
İnsanlar özlərinə iman adında bir qala inşa
etdilər - bu "hər şey"dən qaçıb,onun uca və möhkəm divarları
içərisində əmniyyətdə qalmaq üçün. Din də bu hisslərin istismarından yarandı.
"İstismar" kəlməsini ona görə işlətdim ki, hisslərlə, duyğularla,
çıxılmaz durumlarda sel kimi axan ümid göz yaşları ilə qanunlar, ehkamlar,
dünya və axirət sevdası bir araya sığmaz. Bəli, bütün peyğəmbərlər məhz tərk
ediblər - hər şeyi, hər kəsi! Getdikləri yerə özləri ilə özlərindən başqa heç
nə götürmədən, bu özün içdən ibarət olduğunu fəhm edərək tərk ediblər. Bu
tərkin içində küskünlük də, inciklik də, qırğlnlıq da vardı. Ən çox da
özlərindən qopmaq istəyənlər tərk etdilər bu aləmi. Çünki aləmdə özlərindən
başqa, yəni qabıqlarından başqa tərk ediləcək heç nə yox idi. Ancaq bu özdən
çıxan yol yenə də özə doğru gedirdi. Bunu bəlkə də ilk qədəmdə bilmədilər.
Ancaq sonra etiraf etdilər ki, Allahı tanımaq istəyən özünü tanısın! Dünya
həyatı Tanrının qabığıdır, Allahın üzünə çəkilən pərdədir. Əgər söhbət qabıqdan
və ya pərdədən gedirsə, deməli həqiqət heç də uzaqda deyil. Və əgər bu qabıq
sənin həyatındırsa, bu pərdə səningözlərinə çəkilibsə, ey insan oğlu,
demək o Allah da, o həqiqət də elə səndədir. Sən səndən qaçaraq, yalnızca sənə
gedə bilərsən! Gedəcək başqa heç bir yerin yoxdur. Ən böyük və gerçək kəşfin də
elə sən özünsən! O iman qalasının hasarları sənin zahirindir. Bu zahirin səni
qoruyur, içini heç kimə açılmağa qoymur. Buna görə də arif olan kəs bir mənada dünya
həyatına minnətdar olmalıdır. Ancaq sən məhz elə bu hasarları aşmalı, bu qalanı
fəth etməlisən. Əsl fateh özünü fəth edəndir, öz hasarlarını dəlib keçə
biləndir. Öz üzərində qələbə çala bilməyənlərin başqaları üzərindəki qələbəsi
bu dünyanın özü kimi fani və mənasızdır. Necə ki, böyük cahangirlərin diliylə
böyük Hüseyn Cavid belə bəyan edir: "Heç
merak etmə xaqanım. Sən kor bir abdal, mənsə dəli bir topal. Əgər dünyanın
zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə
sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı ("Topal
Teymur").
Ariflər məhz elə özünü tanıyanlardır. Özünü
tanımaq çətin, mürəkkəb bir proses kimi qələmə verilsə də, əslində burada
sadəlikdən, mürəkkəblikdən söhbət getmir. Heç burada proses deyə bir şey də
yoxdur. Hansısa ruhani mərhələlər, fiziki və nəzəri təlimlər və sairə, əlbəttə
ki, mövcuddur və qiymətli şeylərdir. Lakin bir məqam yetişir ki, bu təlimlərin
özü də qabığa çevrilir, ən böyük hicaba dönür. Din dalınca din gəldi, sonra
dinlərin bitdiyini elan etdilər, ancaq gedişat durmadı, yeni-yeni məzhəblər,
təriqətlər, mistik və ruhani cərəyanlar meydana çıxdı və bu proses bu gün də
bütün gücüylə davam edir və edəcək də. Çünki insan oğlunun qurtuluş arayışı heç
zaman bitməz. İndi qalxıb desək ki, bu gedişat ona görə durmur ki, insanlar
həqiqəti doğru yerdə axtarmırlar, bu, ədalətsizlik olardı. Ona görə yox ki,
insanlar həqiqəti doğru yerdə axtarırlar. Yox, doğru yerdə axtarsaydılar,
tapardılar. Ədalətsizlik ondadır ki, biz belə deməklə, iddia etdiyimizin mütləq
və yeganə gerçək olduğuna işarə etmiş oluruq. Buna isə yol vermək olmaz. Zalımı
taxtından ona görə salmırıq ki, özümüz oturaq onun yerində. Xeyr, məqsəd zalımı
yox, zülmü devirməkdir. Yəni o taxta kim çıxsa, zülm edəcək. Taxtın özünü
devirmək lazımdır ki, heç kim xilaskarlıq yükünü boynuna götürməsin. İnsanı
başqası yox, yalnızca özü xilas edə bilər. Özündə başlayıb, özündə bitən yolun hər
hansı bir şəriki, yol böləni olmaz! Çölün düşmənindir, için dostun!
Allah
insanı insana hicab olaraq yaratdı. İnsan surətində həm göründü, həm gizləndi.
Ancaq bu görünmələri də, gizlənmələri də insanın öz ağlına, öz iradəsinə
buraxdı. Faili-muxtarlıq deyilən şey budur!
Məstliyin verdiyi nəşənin qaynağı ağrı-acıdır,
dərddir. Acı şərabı ən sürətli və tərəddüdsüz içən adam o an üçün ən dərdli, ən
çıxılmaz durumda olan adamdır. Elə bu paraleldən çıxış edərək, içdəki Xudavəndə
sığınıb, ona hər zamankından qat-qat artıq yaxınlaşmağın reallığını göz önünə
alan Şah Xətai deyirdi: "Bir dərdim
var, min dərmana dəyişməm". Dərdin, kimsəsizliyin, ölümü şiddətlə
arzulamağın, çarəsizliyin verdiyi sıçrayışı, təmiz və son həddə səmimi
ağlayışların verdiyi məhsulu başqa heç bir təlim, heç bir nəzəri sistem, heç
bir yol, inanc və sairə verə bilməz! Dərd, ağrı-acı, kimsəsizlik, günahkarlıq
duyğusundan doğan təlatüm yeganə şeydir ki, onu sən istəmirsən, sən
planlamırsan, sən gözləmirsən, özü gəlir, Xaliqdən gəlir, Onun lütfüylə baş
verir. Əgər sən istəsəydin, belə yana bilməzdin, belə bişə bilməzdin. Sən sənə
bunu qıymazdın! Ancaq həyat bunu sənə qıydı. Dünya öz gerçək üzünü nəhayət
göstərdi sənə. Bütün hesablar düz gəlir, nə bir nöqtə artıq, nə bir nöqtə
əksik. Sənin sənə qayıtmağın üçün sənin səni tərk etmən lazımdır. O zaman
anlarsan haq kimdədir, batil kimdə? Sən səni tərk etdiyin zaman dünyəvi aləmdə
bir nəfər də olsun, günahkar qalmır. Sən səni dərk etdiyin zaman dünya da, aləm
də bir heç olur. Bəli, dərk etmənin yolu tərk etməkdən keçir!
Tərk etmək həm də böyük bir ərdəmdir, qeyrətdir,
cəfakarlıqdır. Çünki tərk etdiyin zaman sən özünlə bərabər, dostunu da,
düşmənini də, bütün ətrafını da tərk etmiş olursan. Çünki dostluq da, düşmənlik
də sənin zahirindədir. Dünya sənin qabığın olduğü üçün və onlar da bu dünyanın
keyfiyyəti olduğu üçün batinə doğru meyilləndiyin zaman onlar öz
vəfasızlıqları, birdən-birə qeyb olan məhəbbətsizlikləri ilə sənə təkan vermiş
olurlar. Dediyimiz kimi, nəticədə bütün hesablar doğru çıxır. Əflakın xətləri
qırıldığı zaman, küncləri əyildiyi zaman dairələri təşkil etdiyi kimi, insan
qəlbi də insan ağlı da əyilmədən qırılmadan bir yerə vara bilməz, bir şəkil ala
bilməz. Qaçdığımız şeylər əslində minnətdar olmamız gərəkən şeylərdir.
Paklanmanın, arınmanın, gerçək katarsisin açarı nə təlimlərdə, nə cərəyanlarda,
nə də şəxslərdədir. Böyük ariflər deyərdi: bir vəfasızın etdiyi yüz vəfalının
etdiyindən daha artıq ucaltdı məni. Halbuki vəfa da, vəfasızlıq də şəxslərə
deyil, əməllərə şamildir. Yəni vəfalı və ya vəfasız insan yoxdur. O insanın
yaşadığı və yaşatdığı vəfalı, vəfasız anlar vardır. Zatən vəfasızdan vəfa
umulmaz. Hər iki kəlmədə vəfadan söz edilir. Buna görə də qırılan qəlb, çaşan
ağıl, yanan vücud - hamısı ətrafı tərk etmək üçün ən optimal vasitədir.
İnsan
özünə çəkilmədiyi müddətcə qafilliyinin pərdəsi get-gedə qalınlaşır. Üstəlik, o
insan ehtiyaclarının get-gedə azadlıqdan uzaqlaşan əsirinə çevrilir. Tərk etmək
məharəti bu mənada həm də bir riskdir. Tərk etmək intihar etməkdən daha
məntiqli və daha şərəflidir.İnsan zahirdəki özündən qaçıb, batindəki
özüylə birləşdiyi zaman vəhdəti-vücud məqamına yetişir. Vücudun vəhdətinə
yetişən mövcudun vəhdətinə yol açar. Özüylə birləşən aləmlə birləşər. Şübhənin
mənbəyi yarımçıqlıqdır. Kamil insan şübhə doğurmaz. Onu öldürərlər, ancaq ona
şübhə etməzlər. Zatən insanlar əmin olmasalar, öldürməzlər. Arada qalmaq
yaşamaq demək deyil. Bu zaman ölüm də sənin əlində deyil. İnsanları şübhədən
qurtarmaq lazımdır ki, səni ya öldürsünlər, ya da yaşatsınlar. Çünki sən fikir
və düşüncə insanı olduğun zaman həyat dedikləri, dünya dedikləri bu müəmmalı
nəhrin axarının tərsinə üzməyə başlayırsan. Cismani ölüm necə olsa, bir gün
gələcəkdir. Qurtuluşu ölümdə görənlər yanılmasalar da, yubanırlar. Ümidini
ölümə bağlayanlar iradələrinin xaricindəki bir məchulluqla baş-başa qalırlar.
Bu dəhşətdən qaçmaq üçün ölmədən öncə ölmək lazımdır! Susmaq, inzivaya
çəkilmək, ən yaxın, ən doğma, ən vazkeçilməz duyğu və obyektlərdən imtina edə
bilmək bacarığıdır ölmədən ölmək. Allahla şeytanın iradəsi hər zaman bir-birinə
paralellik təşkil edib. Orta nöqtədəki təbii ölümün qəzavü-qədər nəğməsinə
oynamamaq üçün Allahın təklif etdiyi şeyin adı ölmədən ölməkdir, şeytanın
təklif etdiyi şeyin adı intihar! Hər ikisi qurtuluş qapısını sənə işarə edir.
Ancaq mühüm olan bu qapıdan içəridə olanlar deyil, bu qapının özüdür, onun necə
açılmasıdır!
Zirvələrə can atanların diləkləri ancaq
alçaqlara düşməklə gerçəkləşir. Böyük Məhəmməd Füzulinin bir beytlik dühası fikrimizi
də tamamlayır, bizi də:
Sərvərlik
istər isən, üftadəlik şüar et,
Kim, düşmədən ayağə, çıxmadı başə badə.
Fəxrəddin Salim