AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tərəfli vasitəçi

Tərəfli vasitəçi

Cəmiyyət
27 Noyabr 2020, 16:07 1133
Fransa Makronun timsalında obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi
 
44 günlük müharibə ölkəmizin tək hərbi deyil, diplomatiya sahəsində də qələbəsi kimi tarixə düşdü. İllər uzunu aparılan məqsədyönlü siyasət öz bəhrəsini verdi. Və bu siyasətin nəticəsidir ki, əksər ölkələr Azərbaycanın apardığı azadlıq müharibəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun həyata keçirildiyini dolayısı yolla təsdiq etdilər. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycan BMT-nin yerinə yetirilməyən qətnamələrini təkbaşına yerinə yetirdi. Bütün dünyaya sübut etdi ki, torpaqlarını azad etməkdə israrlıdır və heç bir qüvvə qarşısını ala bilməz. İllər uzunu münaqişənin sülh yolu ilə həllinə üstünlük verən rəsmi Bakı, danışıqlar prosesinə sadiq qaldığını nümayiş etdirsə də, qarşı tərəfdən bunu görmədi. Dəfələrlə erməni tərəfinə işğal etdiyi torpaqları sülh yolu ilə azad etməyə çağırışlar etsə də, hərbi xunta rejimindən bunun əksini gördü. Əksinə, işğal altında olan Azərbaycan torpaqlarını həyasızcasına rəsmiləşdirməyə çalışdı. Rəsmi Bakı eyni zamanda Minsk qrupundan işğalçı dövlət qarısında qəti tələb qoymağa çağırışlar etsə də, cavab gəlmədi. Vasitəçi dövlətlər münaqişənin dondurulmuş vəziyyətdə saxlamağa üstünlük verərək təcavüzkar Ermənistan qarşısında torpaqları azad etmək tələbini qoymağa müvəffəq ola bilmədi və yaxud bunu, sadəcə istəmədi. Bu da Azərbaycan qarşısında münaqişənin hərbi yolla həllindən başqa bir yol qoymadı. Bu addımı atanda isə bir ağızdan əl-ayağa düşərək hərbi əməliyyatların dayandırılmasına çağırışlar etməyə başladılar.
 
Təcavüzkar deyil, təcavüzə məruz qalan hədəfə alındı
 
Maraqlıdır ki, Minsk qrupunun aktiv üzvü Rusiya ən yüksək səviyyədə Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu, əməliyyatların Azərbaycan ərazisində getdiyini bəyan etsə də, digər həmsədr dövlət Fransadan fərqli mövqe gördük. Rəsmi Paris Azərbaycan azadlıq mübarizəsinə başladığı ilk gündən birtərəfli şəkildə, özü də ən yüksək səviyyədə təcavüzkarı müdafiə etməyə başladı. 44 günlük müharibə dövründə və ondan sonrakı günlərdə Fransa anti-Azərbaycan mövqeyi ilə seçildi. Belə mövqe bu ölkənin bəyanatlarında və əməllərində səmimi olmadığını nümayiş etdirmiş oldu. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral mövqe tutmaq əvəzinə, Ermənistanı açıq şəkildə dəstəkləməsi, hətta bu ölkənin rəsmilərinin məsuliyyətsiz bəyanatlar verməsi ilə seçildi. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərdi. Fransa XİN-i ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçı siyasətini dəstəklədi. Görünən odur ki,  Fransa prezidentinin bu səyləri puça çıxdı, bütün beynəlxalq təzyiqlərə sinə gələn Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğalçı Ermənistana yerini göstərdi, onu ağır məğlubiyyətə uğradaraq kapitulyasiyaya məcbur etdi. Ermənistanın bu biabırçı məğlubiyyətindən məyus olan Fransa rəhbərliyi indi də mövcud olmayan qondarma bir qurumu tanımağa cəhd edir. Paris meriyası qondarma və hazırda mövcud olmayan "Dağlıq Qarabağ Respublikası”nı tanımaq kimi çirkin bir təşəbbüslə çıxış etdi. O da məlumdur ki, Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, erməni lobbisinin tam nəzarətindədir. Onun müavinlərindən biri erməni əsilli Anuş Toronyandır. Anuş Toronyan isə Fransa ermənilərinin CCAF təşkilatının rəhbəri Ara Toronyanın qızıdır. Paris meri dəfələrlə Yerevanda olub, keçmiş prezident Serj Sarkisyanla 4 dəfə görüşüb. O, Ermənistanda yaradılmış "TUMO Center for Creative Technologies”in Paris bölməsinin açılışında iştirak edib və bu mərkəzə hərtərəfli dəstək göstərib. 30 ildir sayı bir milyonu keçən Azərbaycan qaçqınlarının ev-eşiklərindən didərgin salınmasına göz yuman, səsini çıxarmayan Fransa işğalçı olaraq yaşadıqları torpaqları əsas sahiblərinə təhvil verən Ermənistanı "qurban” qismində qələmə verməyə çalışır.
 
İşğalçı dövlətə həmsədrdən silahlı yardım
 
44 günlük münaqişə gedişində Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb, Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərdiyi barədə məlumatlar yayıldı. Əldə olunan məlumatlara görə, Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini dəfələrlə vəd edib. Lakin göründüyü kimi, Fransanın bu dəstəyinin, vədlərinin heç bir nəticəsi olmadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu işğal altında olan torpaqları azad etdi və heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına əngəl törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Bundan sonra da Fransanın Ermənistana hər hansı bir dəstək verməsinin heç bir nəticəsi olmayacaq. Artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və düşmən üzərində tarixi qələbə çalıb. Onu da qeyd edək ki, Ermənistanın Azərbaycanın dinc şəhərlərini bombalamasına bir dəfə də olsun reaksiya vermədi. Əvəzində Fransa rəsmilərinin məsuliyyətsiz bəyanatlarının şahidi olduq.
Bir faktı da qeyd edək ki, Fransa rəhbərlərinin erməni sevgisi qondarma soyqırımı ilə də bağlı dəfələrlə üzə çıxıb. Rəsmi Paris türklərin 1915-ci ildə ermənilərə qarşı "soyqırımı” törətdiyi  iddiasında israrlıdır. Bəllidir ki, Fransa Milli Assambleyası, Senat da sözdə "soyqırımı”nı inkara görə cəzalandırmanı nəzərdə tutan qanunu qəbul etdi. Hətta Fransada "erməni soyqırımı”  yoxdur” deyənlər məhkəmə ilə hədələnmişdilər. Və belə çirkin təşəbbüslər daha çox seçkiqabağı dövrlərdə yada düşür. Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın "Soyqırımı görmək istəyənlər dönsünlər və öz çirkli qanlı tarixlərinə baxsınlar… Əgər Fransa Milli Assambleyası tarixlə maraqlanmaq istəyirsə, getsin, Afrikada yaşananları, Ruandanı, Əlcəzairi işıqlığa qovuşdursun” fikri Fransaya verilən ən tutarlı cavabdır.
 
Terrorçulara qucaq açan Fransa
 
Terrorçularla, əslində hansı ölkənin müttəfiqlik etdiyini sübuta yetirən daha bir fakt ortadadır. Fransada yaşayan ermənilər dəfələrlə Azərbaycanın Paris səfirliyi qarşısında toplaşaraq, ölkəmizin Ermənistanın hücumlarına qarşı başlatdığı əks-hücum əməliyyatlarına etiraz edib. Etirazçılara PKK terror təşkilatının Fransada yaşayan fəalları da dəstək verib. Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində döyüşmək üçün PKK terrorçularını cəlb edib. Azərbaycan Ordusunun terrorçularla mübarizə apardığı barədə dəfələrlə müxtəlif KİV-lərdə məlumat yayılıb. Qeyd olunub ki, Azərbaycan Ordusu Ermənistanın silahlı birləşmələri ilə yanaşı, PKK terror təşkilatının qruplaşmaları ilə də döyüş aparıb. Yayılan informasiyaya görə, işğal olunmuş Azərbaycan ərazilərinə daxil olan PKK yaraqlıları Qarabağın şimalı və Göyçə gölü istiqamətindən döyüşlərə qoşulub. Vurğulanır ki, PKK yaraqlılarına silah və maddi dəstəyi Fransadakı ASALA terror qruplaşması həyata keçirir.
 
Makronun mövqeyi fransız xalqının mövqeyi deyil
 
Təqdirəlayiq haldır ki, Fransa rəhbərliyinin bu mövqeyi fransız xalqının mövqeyi deyil. Sözsüz ki, fransız tərəfi bununla erməni lobbisindən öz maraqları üçün istifadə edir və bir müddət sonra onlara heç ermənilər də gərək olmayacaq. Fransız xalqı ilə Azərbaycan xalqını uzun illərin dostluğu bağlayır.  II Dünya müharibəsi zamanı azərbaycanlıların Fransada, eləcə də Avropanın digər ölkələrində Polşada, İtaliyada, Niderlandda müqavimət hərəkatlarında iştirak edib, yerli xalqlarla çiyin-çiyinə faşizmə qarşı vuruşduqları hamıya yaxşı bəllidir. Həmyerlimiz Əhmədiyyə Cəbrayılov Fransanın ən yüksək dövlət təltiflərindən olan "Fəxri Legion” ordeninə və Fransanın Milli Qəhrəmanı adına,  medallara layiq görülüb. "Azərbaycanı meriyamızın ərazisində yerləşən, İkinci Dünya Müharibəsi zamanı Kabertat Partizan Hərəkatının məskunlaşdığı məkanda dəfn olunmuş azərbaycanlı partizanların sayəsində qiyabi tanıyırıq. Fransanın azadlığı uğrunda döyüşmüş azərbaycanlı partizanlar əlaqələrimizi əbədiləşdiriblər”. Bu fikri İkinci Dünya Müharibəsində Kabertat Partizan Hərəkatının fəaliyyət göstərdiyi Vaysak kommunasının meri Fransis Delmas söyləyib. Qeyd edib ki, Azərbaycan ilə əməkdaşlıqda, daha sıx əlaqələrin qurulmasında maraqlıdırlar. "Əhmədiyyə Cəbrayılovu (Ahmed Mişel) hamı tanıyır, onun şücaətini hamı bilir. Mən onun haqqında müqavimət hərəkatının iştirakçılarından eşitmişdim. Kabertat meşəliyi onların məkanı olub. Burada onlar Fransanın nasistlərdən azad edilməsi uğrunda döyüşüblər. Bu məkanda ümumi xatirə məkanı var, ancaq Ahmed Mişel üçün əlavə stell qoyulub. Onun xatirəsini daim yad edirik” - deyə mer Fransis Delmas bildirib. Prezident İlham Əliyev də bu ilin avqustun 11-də  Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı  sərəncam da imzalayıb. Azərbaycanın əfsanəvi partizan oğlu, əslən Şəkidən olan Əhmədiyyə Cəbrayılovun İkinci Dünya Müharibəsi illərində, başda Şarl De Qoll olmaqla Fransa müqavimət hərəkatında Fransanın alman faşistlərindən azad olunması uğrunda gedən döyüşlərdə rəşadət və qəhrəmanlıq nümunəsi göstərib. Beləliklə, Makron təkcə Əhmədiyyə Cəbrayılovun yox, Fransa müqavimət hərəkatının fransız olmayan minlərlə üzvünün, o cümlədən də yüzlərlə azərbaycanlının ruhuna xəyanət edərək erməni faşistlərinin tərəfini saxlayıb. Görünür, Fransa prezidentinə Fransanın milli mənafeyi yox, qarşıdan gələn prezident seçkilərində ona səs vermək üçün erməni diasporu və lobbisinin səsləri və maraqları daha çox lazımdır.

Son olaraq bunu qeyd edə bilərik. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, "vasitəçi tərəfsiz və ədalətli olmalıdır”. Lakin Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi. Makron və onun komandası anlamalıdır ki, bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən Müharibəsi idi və bizim haqq işimiz idi. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına isə ehtiyac yoxdur.
 
Azər NURİYEV