AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Tərəfkeşliklərini o həddə çatdırıblar ki...”

“Tərəfkeşliklərini o həddə çatdırıblar ki...”

Siyasət
22 Noyabr 2014, 10:11 858
Politoloqların fikrincə, sülh yaratmağı öhdəsinə götürən ATƏT-in Minsk qrupu helikopter olayı ilə bağlı bəyanatında bütün əndazələri aşıb

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu növbəti dəfə Azərbaycanın kəskin narazılığına səbəb olan bəyanat yayıb. Belə ki, hava sərhədimizi pozduğuna görə Ermənistan helikopterinin vurulmasına münasibət bildirən həmsədrlər onun düşdüyü yeri neytral zona adlandırıb. Hətta bəyanatda həmin əraziyə daxil ola bilmədiklərinə görə narahatlıq keçirdikləri də qeyd olunub. Yerli politoloqlar isə düşünür ki, ATƏT heç zaman ölkəmizin haqlı mövqeyini real olaraq dəstəkləməyib və hər zaman ermənilərin maraqlarına xidmət edən fəaliyyət sərgiləyib. Sözügedən bəyanat da həmin planın davamı olduğu üçün belə qərəzli fikirlərə təəccüblənək lazım deyil.

Politoloq Mübariz Əhmədoğlu bizimlə söhbətində dedi ki, ATƏT ədalətli qurum olsaydı, hava sərhədini pozduğuna görə əvvəlcə Ermənistana irad bildirərdi: “ATƏT-in Minsk qrupunun bəyanatları bir Azərbaycan vətəndaşı kimi məni küsdürür. İşğalçı ölkənin maraqlarından çıxış edənlər ədalətdən, obyektivlikdən danışmasınlar. Onlar ermənilərdən işğala son qoymağı tələb etmir, Qarabağla bağlı həqiqətləri dilə gətirmirlər. Nə vaxta qədər işğala göz yumacaqlar? Tərəfkeşliklərini o həddə çatdırıblar ki, susub keçmək, görməzlikdən gəlmək olmur. Xatırlayırsınızsa, iki il bundan öncə, Xankəndi aeroportunu açdıqları zaman da, ATƏT-in Minsk qrupu ermənilərə “gözün üstə qaşın var” demədi. Bütün beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti bunun qanunsuz, yolverilməz olduğunu desə də, Minsk qrupu onların qarşısını kəsmədi. Bu, konkret şəkildə, ermənilərin mövqeyini dəstəkləmək deməkdir. Hətta Suriya ermənilərinin Qarabağa köçürülməsi məsələsi ortaya çıxanda da onlar ermənipərəstliklərini gizlətmədilər”.

M.Əhmədoğlunun fikrincə, ATƏT-in son bəyanatı növbəti dəfə fəaliyyətlərinin ikili standartlara söykəndiyini ortaya qoyub: “Maraqlısı odur ki, həmsədr ölkələrin prezidentləri, yəni, böyük məmurlar “neytral zona” adlandırdıqları yerlərin Azərbaycan ərazisi olduğunu həmişə deyiblər. Kiçik məmurlar isə oranı “neytral ərazi” adlandırırlar. Hətta amerikalı həmsədr Uorlik deyir ki, ora “bufer zona”dır və həmin ərazilərin sahibi yoxdur. O, guya siyasət yürütmək istəyir. Amma daha böyük səhvə yol verir. Necə ola bilər ki, o boyda ərazinin sahibi olmasın. Ora Azərbaycanın ərazisidir. Uorlik kimdir ki, torpaqlarımızı sahibsiz adlandırsın. Hər dəfə bir cür danışırlar və bir növ, əvvəl dediklərini təkzib edirlər. Özləri mayın 12-də atəşkəs rejiminin 20 ilinə həsr olunmuş bəyanat yaydılar və Dağlıq Qarabağ ətrafının işğal olunmuş ərazilər olduğunu etiraf etdilər. İndi isə deyirlər ki, ora neytral ərazidir. Bunları deməklə, hər zaman ermənilərə dəstək olduqlarını faktlarla sübut edirəm. Dünya Bankının ermənilərə ayırdığı krediti hara xərclədiklərini yaxşı bilirlər. O pullarla silahlar aldılar və Qarabağda işğalçılıq siyasətinin miqyasını daha da genişləndirdilər. Faktiki olaraq, Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal altında saxlamaqdadır. Görünən odur ki, ATƏT-in Minsk qrupu və Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün bir-birini tamamlayan siyasət yürüdürlər. Mən bunu çoxdan başa düşmüşəm. Ona görə də deyirəm ki, Minsk qrupunun belə bəyanatı təəccüb doğurmur”

Politoloq onu da qeyd etdi ki, Minsk qrupu özünü ermənilərdən də betər aparır və hazırda münaqişənin tənzimlənməməsində əsas pay sahibi kimi iştirak edir: “Elə görünür ki, danışıqlar masasında 3 tərəf – Azərbaycan, Ermənistan və Minsk qrupu əyləşir. Əslində isə ortada 2 tərəf var - Azərbaycan və ATƏT-in Minsk qrupu ilə Ermənistan birləşmiş qüvvələri. Ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konsepsiyası var və heç kim onu dəyişdirə bilməz. Hamı başa düşür ki, Azərbaycanın inkişafını gözləri götürmür. Təbii ki, heç kimə tabe olmamağımız onların qıcıqlanmasına səbəb olur. Ona görə də neytral dayana bilmirlər və bizə qarşı əks-mövqe tutduqlarını gizlətmirlər”.
Politoloq Fikrət Sadıqov da ATƏT-dən bu cür bəyanatlar eşitməyə vərdiş etdiyimizi söylədi: “Ortaya ikili yanaşma qoymaları birinci dəfə deyil ki? Dəfələrlə baş verənlərə qeyri-obyektiv münasibət sərgiləyiblər. Görünür, onların hədəfi məsələnin həllinə varmaq deyil. Artıq gedişatdan başqa cür nəticə çıxarmaq mümkün deyil. Qanunlardan azca da olsa başı çıxan hər kəs bilir ki, Azərbaycanın səmasında uçan ermənilərə məxsus helikopteri vurmağa ixtiyarı var. İndi durub həmin ərazini “neytral zona” adlandırılar. Hətta ATƏT sədrinin nümayəndəsi Kasprşik deyir ki, biz ora gedə bilmərik. Çünki ora hərbi zonadır”.

F.Sadıqov vurğuladı ki, helikopter Ağdam ərazisində vurulub və oranın Azərbaycana məxsus olduğunu özləri də bilirlər: “Bəs guya həmsədrlər barışdırıcı mövqe tuturlar, bizi bir araya gətirmək istəyirlər? Əksinə, bu cür ifadələrlə məsələni daha da gərginləşdirirlər və qıcıq yaradırlar. Təxribat xarakterli bəyanatlar səsləndirməyə ehtiyac yoxdur. Bu, yaxşı heç nə vəd etmir. Bunu ya başa düşmürlər, ya da tutduqları siyasi xətt bundan ibarətdir. Ərazilərimizi gah “neytral zona”, gah da “bufer zona” adlandırmaq, terminlərlə oynamaq məsələni həll etmir və nəticəyə gətirib çıxarmır”.

Şəfa Tapdıq