• cümə, 29 Mart, 01:28
  • Baku Bakı 7°C

Ter-Petrosyandan xəbərdarlıq

11.05.18 20:51 847
Ter-Petrosyandan xəbərdarlıq
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkəsini gözləyən fəlakətlər barədə xəbərdaredici bəyanatla çıxış edib. O bildirib ki, ölkə üçün hazırkı təhlükəli vəziyyətdən çıxmağın yeganə yolu növbədənkənar parlament seçkisinin keçirilməsidir. Ter-Petrosyan bu barədə iLur.am saytında dərc etdirdiyi "Zəruri izahat” məqaləsində yazıb. O yazır: "Bu günlərdə hamı qeyri-adi situasiyaya aydınlıq gətirmək üçün baş sındırır. Parlament çoxluğu özünü müxalifət elan edib, icra hakimiyyəti isə azlığın hökuməti hesab olunur. Belə bir vəziyyət dövlət aparatının maneəsiz işləməsinə mane olur. Parlamentdə çoxluğa malik Respublika Partiyası hakimiyyətin bütün qanunvericilik təşəbbüslərini bloklaya bilər. Son bəyanatları nəzərə alınarsa, onlar bunu heç gizlətmirlər də”. Levon Ter-Petrosyan sual edir ki, belə bir vəziyyətdə Nikol Paşinyan nə edə bilər? O qeyd edir ki, Paşinyan indiyədək bütün problemləri kütləvi etirazın köməyi ilə həll edib. Onun fikrincə, Pashinian bundan sonra eyni taktikadan istifadə edə bilməyəcək. Vəziyyəti ağırlaşdıran budur ki, hazırkı parlamentin legitimliyini beynəlxalq icma da tanıyıb.
Levon Ter-Petrosyan yazır ki, indiki durumda parlament seçkisinin keçirilməsinin özü də asan olmayacaq, belə ki Seçki Məcəlləsinə lazımi düzəliş və əlavələr hazırkı parlamentdən keçirilməlidir.
Xatırladaq ki, Levon Ter-Petrosyan 1991-1998-ci illərdə Ermənistanın prezidenti olub. O, hakimiyyətinin son illərində Azərbaycanla dialoqa meylli olduğunu nümayiş etdirirdi. Ter-Petrosyan bu barədə məqalə ilə çıxış etmişdi. Nəhayət, 1998-ci ildə prezident Dağlıq Qarabağ münaqişəsinin kompromisli həllinə can atdığına görə istefaya məcbur edilib və hakimiyyətə Qarabağı ermənilərinin "Qarabağ klanı” adlanan qruplaşması gəlib. Hazırkı baş nazir Nikol Paşinyan Levon Ter-Petrosyanın komandasına daxil siyasi fiqurlardan hesab olunurdu.
Qələbə eyforiyasının təsiri altında olan baş nazir Nikol Paşinyanın başı isə hələ ki, kadr islahatlarına qarışıb. Paşinyanın rəsmi müraciətindən sonra prezident Armen Sarkisyan ölkənin polis rəhbəri Vladimir Qasparyanı və milli təhlükəsizlik müşaviri Georgi Kutoyanı vəzifələrindən azad edən fərmanı imzalayıb. Kutoyanın vəzifəsinə Artur Vanetsiyan gətirilib. Paşinyan Yerevan polis rəisinin müavini Valeri Osipyanı ölkənin polis rəhbəri təyin edib. Osipyan xalq etirazları zamanı Paşinyanla hökumətin adından danışıqlar aparırdı. Paşinyan bu barədə özünün Facebook səhifəsində yazıb: "Nümayişlər zamanı biz Valeri Osipyanla barrikadanın əks tərəflərində olmuşuq. İndi isə birlikdəyik”. Maliyyə nazirinin əvəzi Vardan Aramyan yeni hökumətə uğur diləyərək istefasını elan edib. Bundan əlavə, baş nazir Nazirlər Kabinetinin Administrasiyasının rəhbəri vəzifəsinə təyinat həyata keçirib. Paşinyan bu vəzifəyə Eduard Ağacanyanı təyin edib. Qeyd edək ki, Ağacanyan Paşinyanın Vətəndaş Müqaviləsi Təşkilatının təsisçilərindən biridir. O, Monako Beynəlxalq Universitetini bitirib. Ağacanyan Ermənistanda DJ Ed Ward kimi məşhurdur. O, həmçinin B4 klubunun təsisçisi sayılır.
Ən maraqlı təyinat müdafiə naziri ilə bağlı olub. Ermənistanda keçmiş prezident və baş nazir Serj Sarkisyanın "çantadaşıyanı” Vigen Sarkisyanın müdafiə naziri vəzifəsindən istefa verməsindən sonra yeni baş nazir bu vəzifəyə fövqəladə hallar naziri səlahiyyətlərinin icraçısı David Tonoyanın təyin olunacağını açıqlayıb. "Deyə bilərəm ki, David Tonoyan bu gün müdafiə naziri təyin olunacaq”, - deyə N. Paşinyan hökumətin iclasından sonra bildirib.
Xatırladaq ki, müdafiə naziri Vigen Sarkisyan mayın 8-də vəzifəsindən istefa verib. O, 2016-cı ilin oktyabrından bu vəzifədə çalışırdı. D.Tonoyan 1967-ci ildə Qazaxıstanda doğulub. 1991-ci ildə Yerevan Dövlət Universitetini, 1997-ci ildə Rusiya Hərbi-Diplomatik Akademiyasını bitirib. Ermənistanda əvvəlcə DİN, sonra Müdafiə Nazirliyi sistemində çalışıb. 2004-cü ildə ErmənistanınNATO-dakı nümayəndəsi, 2007-ci ildə Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq və müdafiə proqramları idarəsinin rəisi, 2009-cu ildə MN-in müdafiə siyasəti idarəsinin rəisi, 2010-cu ildə müdafiə nazirinin 1-ci müavini vəzifələrinə təyin olunub.
Maraqlı olan Paşinyanın korrupsiyaya qarşı mübarizə ilə bağlı verdiyi bəyanatlardır. O, yaxın zamanlarda ölkədə korrupsiyaya qarşı mübarizə barədə qərar verəcəyini vəd edib. "İzvestiya.ru” xəbər verir ki, baş nazir bu barədə özünün "Facebook" səhifəsindəki videomüraciətində bildirib. "Dövlət Avtomobil Müfəttişliyindən başlayaraq, zəncirvari şəkildə yüksək rütbəli vəzifələrdə başa çatmaqla, polis sistemindəki korrupsiyanın kökü kəsilməlidir”, - deyə o bildirib. Paşinyan yaxın günlərdə bununla bağlı müvafiq qərarın qəbul ediləcəyini qeyd edib. O əlavə edib ki, korrupsiyaya qarşı mübarizə Milli Təhlükəsizlik Xidməti üçün prioritet olmalıdır.Onun bu mübarizədən qalib çıxacağı isə şübhə doğurur. Məsələ ondadır ki, ona qarşı ciddi cəbhə açıla bilər. Başdan-ayağa korrupsiya girdabında çabalayan ölkədə ciddi korrupsiya sistemi mövcuddur. Baş nazir onu da deyib ki, Ermənistanda hərbi-texniki elmi təhqiqat institutu yaradılacaq. Erməni KİV-i xəbər verir ki, bu barədə baş nazir ilk hökumət iclasında qərar verilib. Təklifi müdafiə nazirinin müavini David Paxçanyan irəli sürüb. Ermənistan ordusu və hərbi-texniki təchizatının zəifliyindən şikayət edən Paşinyan iclasda bildirib ki, hazırda ölkənin hərbi-sənaye kompleksi, demək olar ki, tam olaraq özəl sektorun yardımı ilə işləyir. O, hətta sarkazmla Ermənistanın hərbi sənayesinin yarıtmaz vəziyyətdə olmasına da işarə edib: "Biz yeni hərbi-texniki elmi təhqiqat institutunu özəl sektorla əməkdaşlığa son qoymaq üçün yaradırıq, yoxsa istehsalımızın həcmi o qədər böyükdür ki, əlavə dövlət strukturunun da yaranmasına ehtiyac var?” Paxçanyan isə cavab verib ki, "yeni struktur istehsalla deyil, strateji-texniki məsələlərin həlli ilə məşğul olacaq. Çünki Ermənistanda indi bu sahədə iş çox sistemsiz aparılır”.

Azər
banner

Oxşar Xəbərlər