• cümə, 19 Aprel, 10:15
  • Baku Bakı 13°C

Ter-Petrosyan Sarkisyana qarşı blok təsis etdi

08.02.17 09:00 729
Ter-Petrosyan Sarkisyana qarşı blok təsis etdi
Ermənistanda qarşıdan gələn parlament seçkiləri ilə bağlı maraqlı proseslər davam edir. Parlament seçkiləri ilə bağlı ölkədə siyasi fəallıq nəzərəçarpacaq dərəcədə artmağa başlayıb. Prezident Serj Sarkisyana qarşı güclü müxalif qüvvələr formalaşır və bunlardan biri sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi və onun ətrafında cəmləşən qüvvələrdir.
Erməni xəbər saytlarının yaydığı məlumata görə, aprelin 2-də keçiriləcək seçki ərəfəsində daha bir siyasi blok yaradılıb. "Erməni Milli Konqresi” və "Xalq Partiyası” blokunun seçki siyahısına birinci Ermənistan prezidenti Levon Ter-Petrosyan başçılıq edəcək. Siyahıda ikinci fiqur isə "Xalq Partiyası”nın sədri Stepan Dəmirçyandır. Bunu jurnalistlərə Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib. Blokun cəmi bir partiya ilə yaradılmasına gəldikdə isə, Zurabyan bildirib ki, başqa siyasi qüvvələrlə birləşmək onlar üçün önəmli məsələ deyil, daha vacib olan proqramdır, yəni xalqa nə deyəcəyimizdir. Daha geniş blokun yaradılmaması - yəni digər siyasi partiyaların bu bloka qoşulmamasının, Levon Ter-Petrosyanın Dağlıq Qarabağda sülh istəyi ilə bağlı olub-olmamasına gəldikdə isə, Zurabyan bunları deyib: "Yox, iki ay əvvəl bir sıra siyasi qüvvələr bizimlə blok yaratmaq istədilər, biz də buna razılıq verdik, amma danışıqlar baş tutmadı. Çünki digər siyasi qüvvələr tələsik hansısa bloklar yaratdılar. Biz 7-9 müxalifət qüvvəsindən ibarət iri bir blok yaradılmasına razılıq versək də, danışıqlar başlamadı və nəticədə hansısa kiçik bloklar yaradıldı”.
Blokun rəqabətqabiliyyətli olacağına gəldikdə, Zurabyan deyib ki, ilk növbədə onların ideologiyası və qətiyyəti rəqabətqabiliyyətlidir, hansı ki, bu digər siyasi qüvvələrdə yoxdur. "Biz Ermənistan və Dağlıq Qarabağ məsələsi ətrafında baş verənləri araşdırır və görürük ki, bu məsələdə nəhayət, xalqa həqiqəti deməliyik. Biz bu həqiqəti seçkiqabağı proqramımızın əsası kimi görmək istəyirik. Bu, seçkilərdə bizim blokun əsas mesajı olacaq”, - deyə L.Zurabyan vurğulayıb. Belə bir çağırışla blokun parlamentə düşmək şansı haqda danışan Zurabyan qeyd edib ki, bu mesaj nəinki həqiqətdir, həm də səs gətirə bilər.
Seçkilərdə iştirakla bağlı müraciətə qoyulmuş vaxt fevralın 16-da başa çatdığından, Zurabyan "Erməni Milli Konqresi” və "Xalq Partiyası” blokunun digər bloklarla birləşməsinin mümkünlüyünü ağılabatan saymır.
Yeri gəlmişkən, Sarkisyana qarşı sərt açıqlamalarla çıxış edən Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da ölkədəki mövcud sosial vəziyyəti kəskin tənqid edib. Təxminən 10 ildir ki, Ermənistan və separatçı Dağlıq Qarabağ rejimində vəzifələr tutan Ohanyan dövlət vəsaitlərindən düzgün istifadə olunmadığını deyir: "Bəsdi dözdük, bütün resurslar bir qrup adamın əlində cəmləşib, vacib işlə məşğul olanlara isə deyirlər ki, pul yoxdur, barışmaq lazımdır”. Qeyd edək ki, Ohanyan keçmiş xarici işlər naziri Vardan Oskanyan və digər müxalifətçi Viktor Dallakyanla seçki bloku yaradıb. O, azadlıq və ədalətə əngəl olan bütün maneələri aradan qaldırmağa çağırır, amma konkret ad çəkmir. "Artıq bu ədalətsizliyə, bu sosial duruma dözmək olmaz. Ölkədə sosial ədalət, bərabərlik mexanizmi olmalıdır. Ermənistan cəmiyyətində qütbləşmə yolverilməz həddə çatıb. Bu gün azadlıq bizə hava, təmizlik su, ədalət çörək kimi lazımdır”, - deyə keçmiş nazir vurğulayıb. S.Ohanyan deyib ki, hökumət işçilərə çox az kompensasiya verir, onların əməyini qiymətləndirmir: "Müəllimlər, həkimlər, elmi işçilər, ziyalılar, mədəniyyət işçiləri, inşaatçılar və fermerlər görünür, bu həqiqətlə barışıblar və hökumət mövcud vəziyyətdən istifadə edərək onların əməyini dəyərləndirmir”.
Qeyd edək ki, Seyran Ohanyan bundan əvvəl "qanlı inqilab təhlükəsi”ndən danışmış və bildirmişdi ki, bundan yalnız seçkilərdə dəyişiklik yolu ilə qaçmaq mümkündür: "Biz sadə və vacib bir şeyi bilməliyik ki, əgər bugünkü möhkəm sistemi seçki vasitəsi ilə,dinc yolla dəyişməsək, sabah çevrilişlər və ya qanlı inqilablar zərbəsi ilə üzləşəcəyik”. Hakimiyyətdəkilərsə keçmiş həmkarlarına onun da bu sistemin tərkib hissəsi olduğunu xatırladırlar. Məsələn, hakim "Respublika” partiyasının sədr müavini Armen Aşotyan deyir ki, "möhkəm sistem”in yaradılmasında Ohanyanın da günah payı var. Qeyd edək ki, müxalifət liderlərindən olan "Demokrat” partiyasının lideri Aram Sarkisyan, həmçinin digər siyasətçilər Prayur Ayrikyan və Tiqran Karapetyan da Ohanyanın müttəfiqləridirlər.
Blok aprelin 2-də keçiriləcək prezident seçkisinə, "Çiçəklənən Ermənistan” partiyasının keçmiş lideri, tanınmış biznesmen və həmçinin indi seçki ərəfəsində öz blokunu yaratmış Qarik Tsarukyanla birgə getməyi istisna eləmir. Tsarukyan ötən il hakimiyyətin təzyiqlərindən sonra siyasətdən getsə də, həmin ilin sonlarında yenidən siyasətə dönüb və öz seçki blokunu yaradıb.
Onu da qeyd edək ki, Ermənistanda artan iqtisadi problemlər fonunda bu qüvvələrə əhali arasında da dəstək kifayət qədər böyükdür. Amma S.Sarkisyan iqtidarı üçün ən böyük problem onun hakimiyyətdən uzaqlaşdırdığı və kifayət qədər maliyyə, digər resurslara malik sabiq məmurlardır. Artıq bu şəxslərin sırasında Ermənistanın keçmiş baş naziri Ovik Abramyan da yer alıb. Erməni mediasının yazdıqlarından bəlli olur ki, Abramyanın ilk növbədə Sarkisyanın aprel döyüşlərindən sonra hökumətdə yenilik etməsi nəticəsində vəzifəsindən atılan Seyran Ohanyanla birləşməsi gözlənilir.
Seçkilərdən söz düşmüşkən, Ermənistanda dərc edilən "168 jam” yazır ki, ölkə hakimiyyəti parlament seçkilərində seçicilərin səslərini almağa hazırdır. Qəzetin bildirdiyinə görə, seçicilərin səsləri Ermənistan prezidenti Serj Sarkisyana yaxın oliqarxların pulları hesabına alınacaq. Qəzet yazır: "Artıq seçki rüşvətlərinin həcmi barədə şayiələr gəzir. Deyilənə görə, bir səsə görə 10 min dramdan 50 min drama qədər (20-100 dollar) təklif olunur”. "Seçki rüşvətinin orta həcminin nə qədər olacağını heç kim bilmir. Əslində, bu heç vacib də deyil. Vacib odur ki, pul amili yenə işləkdir və seçkilərin nəticəsi, əvvəlki illərdə olduğu kimi, kimin çox pul verəcəyindən asılı olacaq. Ermənistanda "kölgə” pullarının çatışmazlığı yoxdur və hakimiyyətin göz yumması nəticəsində pul toplamış insanlar seçki kampaniyasının gedişində borclarını qaytaracaqlar. Ola bilsin, hətta deputat olsunlar. Seçkilər isə maliyyə müharibəsinə çevriləcək”, - "168 jam” yazır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər