• şənbə, 20 Aprel, 11:40
  • Baku Bakı 14°C

Ter-Petrosyan Qarabağa niyə gedib?

04.05.16 10:41 1109
Ter-Petrosyan Qarabağa niyə gedib?
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyinin mövqeyi aprel ayının əvvəllərinə qədər bir başqa idi. Lakin Azərbaycan ordusu onlara sarsıdıcı zərbələr endirdikdən sonra davranışları dəyişib. Yeni situasiyada hələ ki formalaşmış mövqeləri yoxdur. Təbii ki, əvvəlki mövqe artıq işləmir. Yeni mövqenin formalaşması üçün ilk növbədə ölkə daxilində ortaq məxrəcə gəlmək lazımdır. Ona görə də "dörd günlük müharibə”dən sonra prezident Sarkisyan müxalifət lideri Ter-Petrosyanla görüşdü. Ter-Petrosyanın Qarabağa səfər etməsi də bu işlərin davamıdır”. Bu sözləri "Kaspi”yə açıqlamasında millət vəkili Elman Nəsirov Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağa səfər etməsini, onu devirən indiki hakimiyyətlə danışıqlara getməsini şərh edərkən dedi. Bildirdi ki, Sarkisyan hakimiyyəti Azərbaycanla danışıqlar masasına əyləşməyə çətinlik çəkir. Buna görə də onlar vaxt udmaq taktikasını seçiblər. Onun da fərqindədirlər ki, danışıqlardan imtinanı istədikləri qədər davam etdirə bilməzlər: "Beynəlxalq təzyiqlərin fonunda geri çəkilməli olacaqlar. Buna görə də situasiyaya uyğun olaraq, ölkə daxilində ümumi ortaq fikir yaratmağa çalışırlar. Məlumdur ki, bu gün Ermənistan cəmiyyətinin münaqişə ilə bağlı fikirləri müxtəlifdir. Ermənistanda hakim siyasi elita ilə hərbi elita arasında ciddi fikir ayrılığı var. Eyni zamanda, Ermənistandakı siyasi hakimiyyətlə qondarma Dağlıq Qarabağ Respublikasındakı hakimiyyət arasında da çox ciddi ziddiyyətlər yaşanmaqdadır. Hakimiyyəti zəbt etmiş Qarabağ klanı ilə yerli erməni əhalisi arasında da konflikt hökm sürür. Belə olan vəziyyətdə hakimiyyət yeni şəraitə uyğun olaraq, Ermənistan daxilindəki bu kimi problemləri həll etmədən münaqişə ilə bağlı ortaya mövqe qoymaq iqtidarında deyil. Mövqenin formalaşmasını da uzatmaq olmaz. Çünki belə olan halda Ermənistan çox ciddi şəkildə beynəlxalq təzyiq altına düşə bilər. Ona görə də Sarkisyan Levon Ter-Petrosyanla görüşdü. Onun Sarkisyanın ardınca qondarma respublikaya səfəri də əslində, Ermənistan hakimiyyəti ilə qondarma rejim arasındakı ixtilafları, ziddiyyətləri aradan qaldırmağa xidmət göstərir”.
Millət vəkilinin fikrincə, Ermənistanda başa düşürlər ki, ictimai rəyi formalaşdırmaq lazımdır və buna bütün tərəflər razı olmalıdır: "Belə olmalıdır ki, münaqişənin həlli ilə bağlı yeni situasiyada hansısa addımlar atılsın. Danışıqlardan imtina taktikası müvəqqəti xarakter daşıya bilər. Bu, uzunmüddətli ola bilməz. Çünki belə olan vəziyyətdə Ermənistan təklənmiş olar. Bütün beynəlxalq birliyin əleyhinə tək dayanmaq istəyərlərmi? Məncə, bu, Ermənistan üçün fəsadlı nəticələr törədə bilər. Bu səfərlərə də bu kontekstdə qiymət vermək istərdim. Hesab edirəm ki, Rusiya rəhbərliyinin başı may ayının 9-na qədər qələbə gününə qarışacaq. Həmçinin Putinin Yaponiyanın baş naziri ilə çox mühüm görüşü olacaq. Yəni bu günlərdə Rusiya prezidentinin çox sıx qrafiki var. Ermənistan da bundan maksimum faydalanmağa çalışır. Lakin məncə, mayın 9-dan sonra Ermənistanın danışıqlara getməkdən başqa çarəsi qalmayacaq. İndiki vəziyyətdə şərti desək, söhbət Kazan-2 formulunda gedə bilər. 5 rayonun qaytarılması ilə bağlı proses başlaya bilər. Ona görə də hesab edirəm ki, indi Ermənistan rəhbərliyinin, eyni zamanda, ölkənin birinci prezidentinin qondarma Dağlıq Qarabağ Respublikasına səfərlərinin kökündə bu məsələlər dayanır. Yəni ölkədə ictimai-siyasi fikri yeni situasiyaya uyğunlaşdırmaq, mövcud daxili problemləri yumşaltmaq, eyni zamanda Ermənistanın yeni şəraitdə konkret mövqeyini formalaşdırmaq istəyirlər”.
Politoloq Natiq Miri Ter-Pertosyanla Sarkisyanın yaxınlaşmasının "dörd günlük müharibə”dən sonra başladığını qeyd etdi və Sarkisyanın buna ehtiyac duyduğunu vurğuladı: "Çünki Ter-Petrosyan Ermənistanda qəbul olunan ağıllı siyasətçilərdən biridir. Nəzərə almaq lazımdır ki, Ter-Petrosyan Qarabağ klanına aid olmayan bir şəxsdir. Buna görə İrəvan toplumu tərəfindən qəbul olunur. Aprel döyüşlərində Ermənistanın aldığı zərbələrdən sonra toplumda bir parçalanma müşahidə olunur. Sarkisyan da buna diqqət edib. Ona görə də cəmiyyətdə milli birliyi təmin etmək, topluma mesaj vermək üçün belə addımlar atır. Düşünürəm ki, nəticə də oldu. Küçələrdə narazılıq şüarları səsləndirilsə də, Qarabağ klanının üzvü olan prezident Sarkisyan cəmiyyət tərəfindən hədəf seçilmədi, onun istefası tələb edilmədi. Əslində, Sarkisyanın Ter-Petrosyanla görüşməsinin səbəblərindən biri bu idi. Milli birlik səbəbilə Qarabağa səfər edən Ter-Petrosyanın qərarını gələcəkdə yenidən hakimiyyətə gəlmək istəməsi ilə bağlamaq doğru olmazdı. Çünki bundan əvvəl Sarkisyanın Dağlıq Qarabağa qısamüddətli səfəri olmuşdu. Səfər çərçivəsində separatçı rejimin rəhbərliyi eyni zamanda, orada mövcud olan hərbi xunta nümayəndələri görüş keçirmişdi. Sarkisyanın diqqətinə çatdırmışdılar ki, onlar Dağlıq Qarabağ ətrafı rayonların qaytarılmasının müzakirə predmeti olmasına belə, razı deyillər. Hətta yeri gələrsə, mərkəzi Ermənistan hakimiyyətinə qarşı çıxa biləcəklərinin də anonsunu diqqətə çatdırmışdılar”.
Politoloq əmindir ki, Ter-Petrosyanın səfəri razılaşdırılmış məsələdir: "Dağlıq Qarabağdakı separatçı rejim, hərbi xunta rayonların qaytarılmasının əleyhinədir. Ancaq rayonlar qaytarılmadan danışıqlar masasına oturmağın da heç bir mənası yoxdur. Bunu həm Sarkisyan, həm də Petrosyan gözəl anlayır. Bu geosiyasi gerçəyi həm Dağlıq Qarabağ rəhbərliyinə, həm də əhaliyə anlatmaq üçün Petrosyanın səfərinə ehtiyac yarandı. Qondarma rejimin rəhbəri Bako Saakyanla Petrosyan arasında bu yöndə müzakirələr olma ehtimalı var. Qarabağ cəbhəsində vəziyyət o qədər gərgindir ki, yeni döyüş əməliyyatlarının başlaması an məsələsi ola bilər. Bunu həm Rusiya, həm digər həmsədr dövlətlər, həm də ATƏT çox gözəl anlayır. Bu döyüşlərin qarşısını almaq üçün müzakirə masasına əyləşmək lazımdır. Qarabağın gələcəkdə Ermənistan tərəfindən tanınması və Dağlıq Qarabağla Ermənistan arasında hərbi müqavilə imzalanması məsələsi də müzakirə mövzusu ola bilər. Çünki Petrosyan bunu Sarkisyanla görüşündə də qaldırmışdı. Etiraf etmişdi ki, Dağlıq Qarabağı tanımağın zamanı deyil. Amma bütün bunlara rəğmən, zamanı düzgün qiymətləndirərək Ermənistan bu addıma getməlidir. O ki qaldı, hərbi müqavilənin imzalanmasına, Ermənistan parlamentinin komissiyasında müqavilə sənədinin hazırlanması yönündə işlərin başlaması hakim partiya funksionerləri tərəfindən təsdiq olunub”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər