AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ter-Petrosyan Ermənistanın ən böyük bəlasını göstərdi

Ter-Petrosyan Ermənistanın ən böyük bəlasını göstərdi

Siyasət
08 Fevral 2013, 11:10 1525
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan fevralın 18-də keçiriləcək prezident seçkilərinə münasibət açıqlayıb. Onun sözlərinə görə, seçkilərin taleyi əvvəlcədən bəlli olduğundan namizədliyini irəli sürməyib.
“Ermənistanın ən böyük bəlası məhz burada hər şeyin qabaqcadan bəlli olmasıdır. Fəlakətli nəticələr mənim üçün bəlli idi. Əgər Serj Sarkisyanın hakimiyyətdə olduğu dörd il ərzində ölkəmizdən 50 min insan gedibsə, ikinci müddətdə bunların sayı 100 minə çatacaq. Əgər bu belə davam edəcəksə, Ermənistan demoqrafik fəlakətlə üz-üzə qalacaq. İndiki prezident kampaniyası mənə taun epidemiyası zamanı ziyafəti xatırladır” - deyə o bildirib. O, prezidentliyə namizəd Paruyur Ayrikyana qarşı həyata keçirilən sui-qəsdə də münasibət açıqlayıb. Onun sözlərinə görə, baş verənlər pisləniləsi bir haldır. O ki qaldı versiyalara - o bunları açıqlamağın düzgün olmadığını deyib.

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın prezident seçkilərində iştirak etməməsinin başqa səbəbi də var. Heç demə, bunun səbəbi onun rəhbərlik etdiyi Erməni Milli Konqresi daxilində yaranmış ziddiyyətlərdir. Keçmiş prezident yerli qəzetlərdən birinə müsahibəsində bunu bəyan edib. Erməni Milli Konqresi 2008-ci ilin prezident seçkisi ərəfəsində 13 müxalif partiyadan ibarət koalisiya kimi yaranıb. Həmin vaxtdan konqresə Levon Ter-Petrosyan rəhbərlik edir. Ter-Petrosyan 2008-ci ilin prezident seçkisində konqresin prezidentliyə namizədi olub. Ancaq o vaxt seçki Serj Sarkisyanın dövlət başçısı postuna gəlməsi ilə sonuclanıb. 2012-ci ilin parlament seçkisində Erməni Milli Konqresi 7 mandat qazanıb. Levon Ter-Petrosyan öz müsahibəsində Erməni Milli Konqresini yenidən qurmağın zəruri olduğunu bildirib: “Konqres daxilində həqiqətən müəyyən “qıcqırmalar” var. Bəzi qüvvələr və şəxslər konqresdən çıxıb. Hesab edirəm ki, bu, təbiidir, çünki bəzilərinin yanaşması və ümidi dəyişib, siyasi gündəm də dəyişib, qarşımızda duran məsələlərin yeni həlli olmalıdır. Ona gərə də konqres son beş ildə mövcud olduğu formatda və tərkibdə qala bilməz. Düşünürəm ki, konqresi partiyalar və partiyasız xadimlər blokundan vahid partiya formatına keçirməyin vaxtı çatıb. Konqresdə artıq bununla bağlı müzakirələr aparılır”.

Levon Ter-Petrosyan yaranmaqda olan yeni partiyaya başçılıq etmək istədiyini gizlətməyib: “Partiyanın qurulmasını təmin etmək və onu ölkənin ən nüfuzlu partiyasına çevirmək üçün qüvvəmi əsirgəməyəcəm. Partiyaya heç olmasa simvolik statusda rəhbərlik etmək üçün mənə etimad göstərilərsə, bundan şərəf duyaram və üzərimə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirərəm”.

Prezidentliyə namizədin anasına rüşvət təklif olunub
Seçki prosesində isə maraqlı anlar yaşanır. Belə ki, prezidentliyə namizəd Arman Melikyan hakimiyyəti ifşa edəcək xəbərlə çıxış edib. Onun sözlərinə görə, hakimiyyət adamları bir-bir evlərə gedərək sakinlərdən kimə səs verəcəklərini soruşurlar. «Onlar seçicilərə təzyiq edirlər. Yerevan şəhər icma üzvləri mənim anamın yaşadığı evə də gediblər. Hətta ona rüşvət də təklif ediblər. Bu ölkədə seçkiləri ən böyük saxtalaşdıran hakimiyyət və onun əsasını təşkil edən Respublika Partiyasıdır» deyə namizəd vurğulayıb.
Öz növbəsində Ermənistan prezidentliyinə namizədlərdən biri Aram Harutyunyan seçki kampaniyasından çıxmaq fikrində olduğunu deyib. “Milli Həmrəylik” partiyasının lideri Harutyunyan jurnalistlərə bildirib ki, kampaniyadan çıxdığını elan etdikdən sonra MSK qarşısında 1 günlük aclıq edəcək. O, həmçinin digər namizədləri seçki kampaniyasından çıxmağa çağırıb. Harutyunyan fevralın 18-də keçiriləcək prezident seçkisində 8 namizəddən biridir. 17 gündür ki, aclıq edən Ermənistan prezidentliyinə namizəd Andrias Qukasyanın səhhəti isə normallaşıb. Həkimlər onun xəstəxanaya götürülməsini məsləhət görsələr də, Qukasyan bundan imtina edib. Hazırda onun yanında təcili tibbi yardım maşını növbə çəkir. Ermənistan səhiyyə nazirinin müavini aksiya yerində olub və Qukasyanın xəstəxana şəraitində müayinədən keçməyə ehtiyacı olduğunu bildirib. Lakin namizəd aclıq aksiyasını açılıb-bükülən çarpayı üzərinə uzanmış vəziyyətdə davam etdirəcəyini bildirib. Səhiyyə Nazirliyinin qərarı ilə prezidentliyə namizədin yanında gecə və gündüz növbətçilik təşkil ediləcək. “Hay” radiosunun rəhbəri olan Qukasyan yanvarın 21-dən Milli Elmlər Akademiyasının qarşısında aclıq elan edib. O indiki prezident Serj Sarkisyanın namizədliyinin ləğvini tələb edir, beynəlxalq müşahidəçiləri seçkini boykot etməyə çağırır. Amma MSK onun tələbini rədd edib.

İnzibati resurslar işə düşüb
"İrs" fraksiyasının rəhbəri Ruben Akopyan hökuməti seçkiqabağı rüşvətlə bağlı halların aradan qaldırılması və fevralın 18-də keçiriləcək seçkilərdə inzibati resurslardan istifadənin qarşısını almaq üçün təsirli mexanizmlər hazırlamağa çağırıb. Bu barədə "Armenian Report" yazır. Ölkə parlamentində çıxış edən Akopyan qeyd edib ki, son dövrdə baş çəkdiyi 10 vilayətin hamısında adamlar pasport məlumatlarının toplanması, maliyyə yardımları barədə vədlər, bir sıra hallarda isə seçicilərə təzyiq göstərilməsindən şikayət ediblər. O bildirib ki, bu işləri həyata keçirən şəxslər ölkə hüdudlarından kənarda olan adamlar barədə məlumat toplamaqda maraqlıdırlar. Akopyan bir daha qeyd edib ki, bəzi məktəblərdə, hətta valideyn iclasları konkret namizədin xeyrinə təbliğat mərasiminə çevrilir, şantaja və valideynlərin qorxudulmasına cəhdlər edilir. O bildirib ki, adamların əksəriyyəti hakimiyyətin təşəbbüslərinə böyük inamsızlıqla yanaşır və müvafiq strukturlara müraciət və baş verənlər barədə məlumat verməkdən çəkinirlər.
Azər NURİYEV