• cümə axşamı, 25 aprel, 04:19
  • Baku Bakı 19°C

“Ter-Petrosyan ağıllı, savadlı və hiyləgər ermənidir”

30.03.17 11:00 847
“Ter-Petrosyan ağıllı, savadlı və hiyləgər ermənidir”
Ermənistanda aprel seçkiləri yaxınlaşdıqca ölkə daxilində vəziyyət daha da gərginləşir. Nəinki ölkə əhalisinin böyük əksəriyyəti, eləcə də ənənəvi müxalifətdə təmsil olunanlar, hətta vaxtilə Serj Sarkisyanla eyni komandada yer alan Seyran Ohanyan, Vardan Oskanyan və qeyriləri də hazırkı prezidentin siyasi kursunu sərt tənqid edir, Ermənistanın fəlakətə sürükləndiyini etiraf edirlər. Sarkisyan hakimiyyətinin yarıtmaz siyasətini tənqid edənlər arasında eks-prezident Levon Ter-Petrosyan da diqqət çəkməkdədir. Maraqlı burasıdır ki, ötən ilin aprel döyüşlərindən sonra Petrosyanın iqtidarı tənqid edən fikirləri nisbətən səngisə də, parlament seçkiləri öncəsi yenidən gündəmə gəlib. O, mətbuata açıqlamalarında Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. Qeyd edib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilərin danışıqlar aparılan sənədə uyğun olaraq Azərbaycana qaytarılması vacibdir. Petrosyan deyib ki, əgər Ermənistan könüllü şəkildə bunu etməsə, onda bu torpaqlar sanksiyalarla alınacaq. Hazırda müxalifətin əsas simalarından biri sayılan Petrosyan deyib ki, dövlət cəmiyyəti bu qərarlara hazırlamalıdır. Eks-prezident əlavə edib ki, əgər Serj Sarkisyan bu yolla gedərsə, sona kimi onun yanında olacaq.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, Ermənistanın sabiq prezidentinin Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması ilə bağlı səsləndirdiyi fikirlər birdən-birə meydana gəlməyib. O, Levon Ter-Petrosyanı şəxsən tanıdığını və sabiq prezidentin kifayət qədər real vəziyyəti qiymətləndirən bir siyasətçi olduğunu deyib: "Levon Ter-Petrosyan hələ öz prezidentlik dövründə bəyan etmişdi ki, təhlükəsizliyin təmin olunması müqabilində Dağlıq Qarabağ ətrafındakı rayonlardan erməni hərbi qüvvələri geri çəkilə bilərdi. Ter-Petrosyan mərhələli həll planını dəstəkləyən şəxs idi və elə buna görə də sonradan onu hakimiyyətdən uzaqlaşdırdılar. Bu mənada, ilk dəfə deyil ki, Levon Ter-Petrosyan belə bir fikir səsləndirir”.

R.Musabəyov Ermənistanda aprel ayında keçiriləcək parlament seçkilərinə toxunaraq deyib ki, Levon Ter-Petrosyanın səsləndirdiyi bu fikirlər seçki platformasında birinci yerdə dayanır: "Onun bir ifadəsi var idi ki, Ermənistanda islahatlar aparılsın və ya aparılmasın, heç bir fərqi yoxdur, Dağlıq Qarabağ münaqişəsinin həll olmadan və Azərbaycanla, Türkiyə ilə münasibətlər normallaşmadan ölkənin nə inkişafı, nə də gələcəyi olacaq”.

Politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Levon Ter-Petrosyanın Dağlıq Qarabağ tənzimlənməsi danışıqlarının cari mərhələsi haqda açıqlamaları Ermənistanda ciddi rezonans doğurub və maraqlı ekspert rəylərinə səbəb olub. Onun sözlərinə görə, Ermənistanın "İctimai televiziyası”da L.Ter-Petrosyanın Dağlıq Qarabağ tənzimlənməsi haqda fikirlərini senzura olmadan efirə getməsi onu göstərdi ki, S.Sarkisyan belə fikirlərin erməni ictimaiyyətinə çatdırılmasında maraqlıdır: "Levon Ter-Petrosyan Dağlıq Qarabağ tənzimlənməsinin cari mərhələsi barədə prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyandan sonra üçüncü ən məlumatlı şəxsdir. Aparıcı Qərb ölkələrinin səfirləri, eləcə də xaricdən gələn yüksək çinli rəsmilər Levon Ter-Petrosyanla mütəmadi görüşür, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edirlər. Eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin iş praktikasında qeyri-formal əlaqələr mövcuddur. Həmçinin Levon Ter-Petrosyan münaqişənin tənzimlənməsində Rusiyanın rolunu xüsusi qabardır. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın mövqeyinin dəyişməsinin səbəbkarı Rusiyadır. Amma Levon Ter-Petrosyan daha çox ATƏT və BMT-nin adını hallandırır. BMT-nin adının əsas aktyorlar sırasında erməni ictimaiyyətinə təqdimi ilk dəfə baş verir.”

Politoloq M.Əhmədoğlu bildirib ki, bu vaxtadək təxminən eyni məzmunlu 6 variant olub. Onun sözlərinə görə, həmin variantlar metodologiyaya görə bir-birindən fərqlənirlər: "Ter-Petrosyanın ərazilərin Azərbaycana deyil, BMT-yə qaytarılmasına dair fikrinə də praktiki həllinin başlanğıcının metodoloji həlli kimi yanaşmaq lazımdır. BMT 1992-ci ildə keçmiş SSRİ respublikalarının demək olar ki, hamısını o cümlədən Azərbaycan və Ermənistanı üzv qəbul edərkən "uti posidites” kimi beynəlxalq hüquqda geniş yayılmış praktikadan istifadə etdi. BMT uçun Dağlıq Qarabağ o zaman Azərbaycan ərazisi idi, indi də və gələcəkdə də Azərbaycan ərazisi olacaqdır. "Dağlıq Qarabağın statusunu Azərbaycan və Ermənistan deyil, ATƏT-in Minsk qrupu müəyyənləşdirir” tezisi ilə Ter-Petrosyan ermənilərin Dağlıq Qarabağın tanınması istiqamətində gördüyü bütün işlərin, keçirilmiş referendum və seçkilərin əbəs olduğunu bildirdi”.

M.Əhmədoğlu deyib ki, Levon Ter-Petrosyan indiki status-kvonun saxlanmasının mümkünsüzlüyünü etiraf edib: "Sabiq prezident aprel hadisələrinə toxunaraq əlavə edib ki, aprel hadisələri dünyanı ayıltdı və Dağlıq Qarabağ məsələsinə marağı artırdı. "Əgər bu gün məsələ həll olunmazsa, görün bizi neçə belə aprellər gözləyir. Erməni xalqı nə qədər qurbanlar verəcək” tezisləri acı həqiqətdir. Sarkisyanın kosmik optimizmini belə acı həqiqətlərlə müəyyən qədər neytrallaşdırmaq faydalıdır. Levon Ter-Perosyanın Ermənistanın tənzimlənmə sənədini imzalamaqla Azərbaycanı çətin vəziyyətdə qoyacağı ilə bağlı səsləndirdiyi fikirlər sabiq prezidentin növbəti hiyləgərliyindən başqa bir şey deyil. Onun indi ortalıqda olan həll variantını 1998-ci ildəki variantdan pis adlandırması və "Ermənistan əgər bu variantı qəbul etməzsə, ona daha pis variant təqdim edəcəklər” açıqlamaları isə düzgündür. 1998-ci ilin tənzimlənmə variantının müəllifi Ter-Petrosyan özü idi. İndiki tənzimlənmə variantlarının 1998-ci ilin tənzimlənmə variantından böyük prinsipial fərqi var”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər