• cümə axşamı, 28 mart, 22:13
  • Baku Bakı 13°C

Tənqidi realizmin estetikası milli düşüncə müstəvisində

26.01.20 10:00 4154
Tənqidi realizmin estetikası milli düşüncə müstəvisində
Təyyar Salamoğlunun "Azərbaycan tənqidi realiziminin estetikdsı” kitabı ətrafında düşüncələr

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığında milli tənqidi realizmin estetikasına müasirlik baxımından yanaşılması, tənqidi realist ədiblərin ədəbi fəaliyyətinin, estetik baxışlarının məntiqi baxımdan əsaslandırılmış elmi dəyərinin verilməsi zəruri ədəbi-tarixi tələbə çevrilmişdir. Filologiya elmləri doktoru, professor Təyyar Salamoğlu ədəbiyyatşünaslığımızda tənqidi realizmlə bağlı yaranmış boşluğu doldurmaq, Azərbaycan tənqidi realizminin estetikasının prinsip və özəlliklərini dəqiqləşdirmək, aydınlaşdırmaq məqsədilə uzun illər səmərəli elmi tədqiqatlar aparmış, bu ədəbi cərəyana milli ədəbiyyatşünaslığın çağdaş tələbləri baxımından yanaşmışdır. Görkəmli alim "Azərbaycan tənqidi realizminin estetikası” (Bakı, Orxan NPM, 2018) adlı sanballı monoqrafiyasında ədəbiyyatımızın görkəmli simaları olan Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin yaradıcılığı əsasında tənqidi realizmin mahiyyəti və xarakteri, səciyyəvi özəllikləri və estetik prinsipləri məsələlərinə aydınlıq gətirmiş, milli tənqidi realizmin estetik qanunauyğunluqlarını aşkarlamışdır.
Mirzə Cəlil və Sabirin zəngin yaradıcılığı nümunəsində ədəbi materiala daha dərindən bələd olan, elmi-nəzəri baxışları və məntiqli mühakimələri ilə diqqəti çəkən tədqiqatçı yeni elmi düşüncə işığında tənqidi realizmin estetikasını aydınlaşdırır. Monoqrafiyanın elmi redaktoru, akademik İsa Həbibbəyli "Tənqidi realizmin estetikasına realist baxış” adlı "Ön söz”ündə professor Təyyar Salamoğlunun elmi xidmətlərinə yüksək dəyər verərək yazır: "T.Salamoğlu, ilk növbədə, tənqidi realizm anlayışına sovet dövründə ideoloji cəhətdən yanaşılmaqla keçən əsrin əvvəllərinin ədəbiyyatına, xüsusən də haqqında söz açılmış Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin yaradıcılığına süni şəkildə inkarçılıq və şişirtmə baxımından yanaşıldığını elmi cəhətdən əsaslandırmışdır”.
Monoqrafiyanın elmi dəyərini artıran başlıca məziyyətlərdən biri də budur ki, alim, bir tərəfdən, Mirzə Cəlilin bədii nəsrini və Sabirin satirik poeziyasını araşdırmaqla tənqidi realizmin estetikasını milli düşüncə müstəvisində işıqlandırır, digər tərəfdən, C.Məmmədquluzadə və M.Ə.Sabir də daxil olmaqla, tənqidi-realist sənətkarların, o cümlədən, Ə.Nəzmi, Ə.Qəmküsar, Ə.Haqverdiyev, Ö.F.Nemanzadə, M.Möcüz və başqa mollanəsrəddinçi ədiblərin yaradıcılığını tənqidi realizm estetikasının müasir tələbləri çərçivəsində, çağdaş ədəbiyyatşünaslığın elmi meyarları əsasında tədqiqata çəkməyin və həqiqi elmi dəyərini verməyin perspektivlərini müəyyənləşdirir. Professor T.Salamoğlu tənqidi realizmin estetikasının həm tənqidi, həm də təsdiqedici mahiyyət daşıdığını tutarlı elmi dəlillərlə əsaslandırır. Monoqrafiyanın "Qaranlıq dünya” problemi və Mirzə Cəlilin nəsr qəhrəmanları” adlanan birinci fəslində Mirzə Cəlilin Novruzəli, Məhəmmədhəsən əmi, Usta Zeynal kimi nəsr qəhrəmanlarının xarakteri və səciyyəvi xüsusiyyətləri bədii mətn həqiqətləri kontekstində aydınlaşdırılır. Bu əsasda Novruzəli-Vəli xan, Məhəmmədhəsən əmi-Xudayar bəy münasibətlərinin tarixi və estetik mahiyyəti həqiqi elmi dəyərini alır. Monoqrafiya müəllifi "qaranlıq dünya” probleminin fəlsəfi-ideoloji əsaslarını araşdırır və məsələyə elmi baxışda akademik İsa Həbibbəylinin "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyasını (Naxçıvan. Əcəmi, 2009) Məmmədquluzadəşünaslığın yeni mərhələsinin başlanğıcı kimi təhlil süzgəcindən keçirir. Akademik İ.Həbibbəylinin düzgün dəyərləndirdiyi kimi, "qaranlıq dünya” anlayışının şərhinə müxtəlif yönlərdən yanaşan tədqiqatçı Azərbaycan tənqidi realizminin iç dünyasının aydın surətdə dərk olunmasına şərait yaradır.
Monoqrafiyada sovet dövrü Azərbaycan ədəbiyyatşünaslarının "qaranlıq dünya” problemi haqqında mülahizələrinə tənqidi yanaşılır. Bununla yanaşı, akademik İsa Həbibbəylinin sözü gedən monoqrafiyasında "qaranlıq dünya” probleminə obyektiv elmi dəyər verilməsi və milli mövqedən işıqlandırılması razılıqla qarşılanır. Tədqiqatda İ.Həbibbəylinin bir mühakiməsi də istinad obyekti olur ki, C.Məmmədquluzadənin "Xatiratım” memuarında "qaranlıq dünya” ifadəsini işlətməsi yazıçının uşaq ikən yaşadığı mühiti tam və aydın dərk edə bilməməsi, diyarda mədəni tərəqqinin, maarifçilik məsələlərinin qismən geridə qalması, ən əsası isə, sovet ideologiyasının sənətkarın düşüncəsinə təsir etməsi ilə bağlıdır.
Təyyar Salamoğlu təqdim olunan monoqrafik tədqiqatda Mirzə Cəlilin yaşayıb-yaratdığı sosial mühitin tarixi reallıqlarını səciyyələndirir, ədibin hekayə qəhrəmanlarının yaşadığı tarixi şəraiti, sosial mühiti nəzərə alır, Novruzəli, Usta Zeynal, Məhəmmədhəsən əmi, Vəli xan və Xudayar bəy obrazlarının xarakterini bədii mətn həqiqətləri kontekstində mənalandırır. Sovet dövrü Azərbaycan ədəbiyyatşünaslığının "Poçt qutusu” hekayəsinin qəhrəmanı Novruzəliyə avam, cahil, fanatik damğası vurmasına, onun sadəlövhlüyünü, mədəni geriliyini, maarifsizliyini fanatizm adlandırmasına qarşı çıxan T.Salamoğlu hekayə mətninin reallıqlarına və müəllif qayəsinə əsaslanaraq, Novruzəlini "mövcud sosial şəraitlə barışmayan, yaşadığı mühitdəki sosial ədalətsizliyi qəbul etməyən və ona tənqidi münasibət göstərən” bir obraz kimi təqdim edir. T.Salamoğlunun təqdimatında Novruzəli "hərəkətsiz və fəaliyyətsiz, yatan, mürgüləyən və düşünməyən” insan deyil, sosial və vətəndaş düşüncəli, sosial ədalətsizliklə barışmayan hekayə qəhrəmanıdır. O, C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” povestinin əsas obrazlarından biri olan Məhəmmədhəsən əmiyə də tamamilə yeni rakursdan yanaşır, bu obrazın xarakterini müstəqillik dövrü ədəbiyyatşünaslığımızın tələbləri əsasında açır. Mənəvi saflığı, əliaçıqlığı, gözütoxluğu, xeyirxahlığı ilə onun xarakterinin milli səciyyə daşıdığını vurğulayır. "Məhəmmədhəsən əmi düşünə bilən, yoxsa düşünməyən qəhrəmandır?” – sualını ortaya qoymaqla obrazın bir şəxsiyyət və vətəndaş kimi özünütəsdiqinə aydınlıq gətirməyə çalışır. Və bu nəticəyə gəlir ki, Məhəmmədhəsən əmi düşünən, real şəraiti nəzərə alan və doğru qiymətləndirməyi bacaran bir insandır. Tədqiqtçıya görə, yazıçının təsvirində Məhəmmədhəsən əmi "ağlaya-ağlaya ayılan, ayıldıqca özünü dərk edən, dərk etdikcə daha real düşünən” və etiraz səsini ucaldan bir qəhrəman kimi tanınır.
Monoqrafiyada "Danabaş kəndinin əhvalatları” povestinin qadın qəhrəmanı Zeynəb ilə Məhəmmədhəsən əminin xarakter cəhətləri arasında müqayisələr aparılır, onların hər ikisinin siyasi rejimin günahsız qurbanlarına çevrildiyi, haqsızlıqlarla qarşılaşdığı, etiraz səslərini ucaltdıqları önə çəkilir: "Məhəmmədhəsən əmidə sosial həyatda baş verənlərə münasibət daxili etiraz şəklində, Zeynəbdə isə açıq etiraz şəklində təzahür edir. Məhəmmədhəsən əmidən və Zeynəbdən fərqli olaraq, Novruzəli bir addım da qabağa gedir. Bu addımı ilə o, Mirzə Cəlil nəsrinə şikayətçi qəhrəman statusunda daxil olur”.
Tədqiqatda "Poçt qutusu” hekayəsindəki Novruzəli-Vəli xan, "Danabaş kəndinin əhvalatları” povestindəki Məhəmmədhəsən əmi və Xudayar bəy münasibətlərinə, obrazların sosial və estetik missiyalarına da aydınlıq gətirilir. Mirzə Cəlilin Novruzəli-Vəli xan münasibətlərində Azərbaycan kənd burjuaziyası ilə kəndlisi arasındakı real tarixi gerçəklikləri diqqətə çatdırdığı açıqlanır. Tədqiqatçı Novruzəli-Vəli xan münasibətlərini yuxarı təbəqə nümayəndələrinin aşağı təbəqə insanlarına istismarçı münasibət, sinflərarası ziddiyyətlər mövqeyindən izah edən ədəbiyyatşünaslıq təhlillərini qeyri-obyektivliyin ifadəsi kimi qəbul etmir. Bu obrazların xarakteri və qarşılıqlı münasibətini səciyyələndirərkən yeni elmi arqumentlər gətirir və nəticə etibarı ilə tənqidi realizmin estetikasını zənginləşdirir. Novruzəlini "Azərbaycan kəndlisinin ictimai şüurunda yaranan oyanışın təmsilçisi” kimi təqdim edən monoqrafiya müəllifi əsərin mətnindən nümunələr gətirməklə, Novruzəlini cəsarətli, Vəli xanı isə "alicənab, gözütox, mədəni və işgüzar xarakterli” qəhrəman kimi tanıdır; xanın öz kəndlisinə insani münasibətindən söz açır. Tədqiqatçı "Poçt qutusu” hekayəsindəki Vəli xanla "Usta Zeynal”dakı Muğdusi Akopu müqayisəli təhlilə cəlb edərək, sovet ədəbiyyatşünaslığında birincini aşağılayan xarakteristikaları qeyri-obyektivliyinə və mətn həqiqətlərinə uyğun gəlmədiyi üçün qəbul etmir.
Monoqrafiyada Azərbaycan tənqidi realizminin estetik prinsipləri araşdırılarkən Mirzə Ələkbər Sabirin satirik poeziyası ilə də bağlı əhatəli təhlillər aparılır. Sabirşünaslığın indiyə qədər öyrənilməmiş, yaxud az öyrənilmiş problemləri də tədqiqata çəkilir. Bununla da sabirşünaslığı yeni elmi faktlarla, əsaslı arqumentlərlə zənginləşdirmək imkanı meydana çıxır. Monoqrafiyada Sabir realizminə elmi-nəzəri və metodoloji yanaşmanın əsas aspektləri ümumiləşdirilir, "M.Ə.Sabirin milli intibah idealı ("İctimai yuxarılar”a münasibət kontekstində)”, "Sabir satirasının dioloji-polifonik məzmunu” və s. məsələlər tədqiq edilir. Akademik İ.Həbibbəyli Təyyar Salamoğlunun M.Ə.Sabirin satirik poeziyasına münasibəti ilə bağlı yazır: "Təyyar Salamoğlu Sabir satirasının inkar və təsdiq pafosunun mahiyyətini dərindən aydınlaşdırmışdır. Onun Sabirin satirasında inkar pafosu ilə təsdiq pafosunun bir-birini tamamlamasına dair baxışları elmi-nəzəri cəhətdən əsaslandırılmış qənaətlər olduğu üçün inandırıcı səslənir”. Təyyar Salamoğlu Sabirin satiralarını inqilabi-demokratik dünyagörüşü yönümündən deyil, maarifçi dünyagörüşü prizmasından işıqlandırır. Tədqiqatçının Sabirin yaradıcılıq qayəsi, vətəndaşlıq amalı haqqında söylədiyi aşağıdakı fikirlər aktuallığı və bədii həqiqətə uyğunluğu ilə diqqətimizi çəkir: "Sabirin açdığı dava bəyliyə, ağalığa, mülkədarlığa, kapitalistliyə, şahlığa, sultanlığa qarşı deyildi. Sabir hər bir təbəqə nümayəndəsinə konkret situasiyadakı konkret hərəkət və əməlinə görə qiymət verirdi. Sabir ictimai və milli şüur yoxsulluğuna qarşı mübarizə aparırdı”.
Sabir poeziyasını "Azərbaycan xalqının millət kimi təşəkkülü və formalaşması dövrünün poeziyası” hesab edən alim dahi şairin milli şüurin formalaşması, millətin özünüdərki uğrunda mübarizə apardığını xüsusi olaraq nəzərə çatdırır, "Hophopnamə”nin həqiqətən də "Millətnamə” olduğunu elmi-nəzəri və estetik meyarlarla təsdiqləyir. Alim bu nəticəyə gəlir ki, Sabirin estetik düşüncəsində "ölümə məhkum” olan milli-sosial təbəqə yoxdur; Sabir poeziyası yenicə yaranmaqda olan burjua münasibətləri zəminində meydana çıxan sosial zümrələri milli birlik uğrunda mübarizəyə səsləmək amalına xidmət edən sənət abidəsidir. Tədqiqatçı Sabirin poetik konsepsiyası və sənət kredosunun mayasında Azərbaycan xalqının milli şüurunu oyatmaq, vətəndaş həmrəyliyinə və düşüncəsinə nail olmaq amalının dayandığını elmi dəlillərlə və bədii mətn nümunələri ilə sübut edir.
Salamoğlu Sabiri "vətəndaşlıq düşüncəsi uğrunda mübarizə” aparan, vətənin və millətin qeyrətini çəkən, şəxsiyyət azadlığı amalına xidmət edən, milli birlik uğrunda mübarizədə qələmini süngüyə çevirən sənətkar hesab edir: "Məktəb uğrunda mübarizə Sabirdə milli düşüncəni oyatmaq, xalqı cəhalət əsarətindən qurtarmağın, hürriyyətə yetişməyin, azad vətəndaş cəmiyyəti yaratmağın əsas yolu kimi mənalanırdı”. Alim onu da vurğulayır ki, Sabir millətin bütün təbəqələrini sosial tərəqqi, milli intibah uğrunda mübarizə yoluna səfərbər etməyi əsas fəaliyyət məqsədi kimi seçmişdir.
Monoqrafik tədqiqatda Sabir satirası ilə Sabir ədəbi məktəbinin nümayəndələrinin yaradıcılığı arasındakı prinsipial fərqlərin aşkarlanmasına da xüsusi diqqət yetirilir. Sabirəqədərki satiriklərin və eləcə də müasirlərinin yaradıcılığından fərqli olaraq, Sabirin cəmiyyət hadisələrinə ancaq tənqidi münasibət göstərmədiyini, onun satirasının dialoji məzmun daşıdığını, tənqidi mətnlərin içərisində cəmiyyətdə gedən bütün mütərəqqi proseslərin də yer almasına dair əsaslandırılmış mülahizələr həm Sabir satirasını tam yeni keyfiyyət müstəvisində təqdim etmək, həm də realizmin yeni mərhələsinin (və tipinin) əsas estetik xüsusiyyətlərindən birini aşkarlamaqla nəticələnir.
Göründüyü kimi, Salamoğlunun Mirzə Cəlil və Sabirlə bağlı araşdırmaları milli tənqidi realizmin yeni estetik prinsiplərini müəyyənləşdirən son dərəcə ciddi bir tədqiqatdır. Məhz bu mənada, inanırıq ki, "Azərbaycan tənqidi realizminin estetikası” monoqrafiyası çağdaş ədəbi prosesimizdə elmi hadisə kimi qəbul ediləcəkdir.

Yadulla Dadaşlı
banner

Oxşar Xəbərlər