• şənbə, 20 Aprel, 11:44
  • Baku Bakı 14°C

TƏNQİDİ FƏLSƏFƏ VƏ SİMVOLİZM

06.10.15 14:51 3020
TƏNQİDİ FƏLSƏFƏ  VƏ  SİMVOLİZM
İdrakın əhəmiyyətini inkar edən Kantovun tənqidi fəlsəfəsi (kritisizmi) - hadisələrin nisbiliyinin sistematik tədqiqatını qarşısına məqsəd qoyan pozitivizmə, təsəvvürü həqiqətlə eyniləşdirən Hegelə ya da ki, tənqidi fəlsəfə və simvolizm arasındakı sərhəddə dayanan Şopenhauerə açılan qapıdır. Onun doqmatizmdən razı qalmadığına görə, idrak nəzəriyyəsinə gəlib çıxması irəliyə doğru yeni bir addım sayıla bilməz.
Şopenhauer deyir ki, sonsuz fəzada sonsuz sayda işıqlanan şarlar; onların hər birinin ətrafında bir düjün kiçik örtüklə örtülmüş içərisində közərən lampalar; örtüyünün üst tərəfi isə canlı məxluqlar yaradan kif qatı; budur empirik həqiqət, reallıq, dünya... Lakin Berkleyin və Kantın gərgin əməyi sayəsində yeni dövrün fəlsəfəsi bu nəticəyə gəlib ki, bu dünya hər şeydən öncə beyin fenomenidir... İş bizim hər hansı bir nəsnə haqqında kifayət qədər məlumatlı olmamağımızda deyil, idrakın əsil mahiyyətindədir... obyektiv idrakın yolu ilə təsəvvürdən, yəni hadisə hüdudlarından kənara çıxmaq mümkün deyil. Biz həmişə bu cür, nəsnənin xaricində dayanacağıq... Bu həqiqətin əksində başqa bir həqiqət dayanır - biz nəyinki dərk edən subyektlərik, bununla yanaşı həm də dərk edilən canlı orqanizmlərik - biz də özü özlüyümüzdə nəsnəyik... Bizim üçün qapı içəri tərəfdən açıqdır. Bir yeraltı keçid kimi, hansısa sirli məlumat kimi o qapı bizi xaricindən hücum etməklə ələ keçirilməsi mümkün olmayan qalaya sanki dəyişikliklər yolu ilə daxil edir...
...Buna əsaslanaraq biz özümüzü təbiətdə yox, təbiəti öz daxilimizdə anlamağa çalışmalıyıq... Bizim gücümüz, qüvvəmiz təsəvvürümüzdə olanlar deyil, ancaq dəqiq bildiklərimizdir... Kantın nəsnələrin dərkedilməməzliyini öyrənməsi bu nəticəyə gətirib çıxarır ki, o tamamilə dərkedilməzdir. Lakin onu səmimiyyətlə dərk etməyə, öyrənməyə çalışanda, ondakı əzmkarlıq ortaya çıxır... Canlı orqanizmin daxili bütün hallarda eynidir... Hər zaman maskarad yaradan, bütün maskaların və qrimlərin arxasında gizlənən eyni bir canlıdır...
Şopenhauer daxili mahiyyətin əsas xüsusiyyətlərindən birini iradənin obyektivləşdirilməsi adlandırır. O, müəyyən əbədi ideya pillələrində yaranır. İdeya - subyekt üçün obyektin anlaşılan, başa düşülən varlığıdır. Bu cür düşüncə forması əsas qanunları qabaqlayır. Burada mahiyyət əsas qanunlardan kənarda təsəvvürlə hüdudlanır. Hər bir məntiqli dərketməni bu cür düşüncə bürüyür. O, idrak fəaliyyətinin fonudur. Dərketmənin vasitəçi formalarını intuisiya yolu ilə məhv etməyinin bir fərqliliyi var ki, o da dahiyanə dərketmədir. Dahiyanə dərketmə qarşımızda təsəvvürlərdə peyda olmuş həqiqətin, mahiyyətin ideya pillələrinin anlaşılmasıdır. İdeyanın sonrakı mərhələlərdə zaman, səbəb, məkanla məhdudlaşdırılması onu individuumlara (fərdlərə) parçalayır. Burada Şopenhauerin təbirincə desək, Platonun ideyalarına və nəsnələrə mahiyyətinə görə deyil, təyinatına görə müəyyənləşdirilməsində olan ümumiləşmələrinə aydınlıq gəlir. Məntiqli dərketmədən məntiqsiz dərketməyə keçid - idrak formalarının bir-birini inkar etməsi və ya köhnəlməsi yox, genişlənməsidir; bu cür genişlənmə idrakın müxtəlif pillələrinin dərketmə sərhədinin müəyyənləşdirilməsini, qarşılıqlı ierarxiyanı (aşağı rütbəlinin yuxarı rütbəliyə tabe olması qaydası) tələb edir. Dar, klinik mənadakı ağılsızlıq, hadisələrin qiymətləndirməsində acizlik qalan ağılsızlıqdan fərqlənir.
İdeyaların dərkediləməsi müvəqqəti hadisələrin əbədi mənasını açır. Bu dərketmə idrakı və hissi birləşdirir. Buna görə də ideyaların dərkedilməsində biz intuitiv dərketməylə üzləşirik. Simvol haqqında anlayış "συμβάλλω" (bir yerə birləşdirirəm) yunan sözündən götürülmüş, simvolik idrakın birləşməsi mənasını daşıyır. İdeyadakı obrazı qabartmaq - həmin obrazı simvola çevirmək deməkdir. Və bu nöqteyi-nəzərdən Bodlerin diliylə desək, bütün dünya "simvollarla dolu bir meşədir". Əsil simvolizm tənqidi fəlsəfədən sonra başlayır. Bir-birinin əksində dayanan tənqidi fəlsəfə və onun törəməsi olan simvolizm, doqmatik empirizm və ayrılmış tənqidi fəlsəfədən üstün gələrək, hər ikisindən də eyni cür fərqli həyati üsluba çevrilir. Bu, idraki təəssürat keçididir.
Fəlsəfi sistemlər dərketmə nərdivanımızda ağıl və idrakın yalnız doqmatizm və tənqidi fəlsəfə mərhələlərində ön plana keçdiyi məqamda mümkündür. İdrakın həyatımızı daxildən yaradıcılıqla işıqlandırmaq bacarığı müdriklikdir. Simvolizmsə onun tətbiq sahəsidir. Ağıllı fikir sübutolunandır; müdriksə inandırıcıdır. Onda çoxlu potensial idrakı fikirlər mövcuddur; bu fikirlər bir-birləri ilə birləşərək ağılın ideyasını yaradır; onlar isə öz növbəsində hisslərlə qarışaraq idrakda birləşib simvola çevrilirlər. Yəni əbədiyyətə pəncərə açırlar. “İncil”dəki sadə, dərin ifadələrin gücü məhz burada gizlənir. Müdrik kəlamlar, mədəniyyətin təhrif edilməsi və ya onu hazırlanmamış nüvənin üstünə qoyulmasına görə izah tələb edir. O isə artıq müdrikliyin parçalanmasıdır. Elə bir zaman gəlir ki, müdrik kəlamlar düşüncənin əsirinə çevrilir və düşüncə həmişə onlardan üz çevirir, ona görə ki, onda anlamaq, başa düşmək üçün heç bir dəlil, əsas, məlumat yoxdur. Axı o, bütün hiss və düşüncə pillələrini dəf etdikdən sonra yaranır. Burada bütün hiss və fikirlər ümumidir. Ümumilik üçünsə azadlıq tələb olunur. Yaltaqlıq və köləlik onun fikirlərini məhv edir. Əbədiyyətin quslisində (barmaqla çalınan qədim musiqi aləti) çalmaq üçün çoxsimli olmaq lazımdır. Çoxsimliliksə yalnız azadlıqdadır.
Bircə cığır ilə zirvəyə qalxan alpinistlər yüksəlişin bütün yollarını görə bilirlər. Bundan əlavə onlar düzəngaha düşə-düşə istədikləri yolu seçə bilərlər. Bu seçim azadlığı - mədəniyyətə, inkişafa sahib olmaq deməkdir. O, bizə, yəni simvolistlər - düşüncənin dumanlı cəngəlliklərindən idrak təpəciklərinə gələnlərə məxsusdur. Biz "dekadentlər" əminik ki, bütün yollar başlayan həmin o mərkəzi stansiyanın hissiyyat zəncirinin sonuncu halqasıyıq. Biz yolayrıcındayıq. Bu yollar haqqında yekun nəticəyə gəlməkdən ötrü mütləq o yollardan keçmək lazımdır. İki vadi arasındakı yamacda dayanıb vadi sakinlərinin bir-birlərindən bixəbər, məlumatsız olduğuna görə günahlandırmaq olmaz. Və əksinə, arada dayananları da qınamaq olmaz.
Əgər kimlərsə Avropa mədəniyyətinin dönüşünə yaxınlaşmayıbsa, bizim suallarımızı cavablandırmağa hazır deyilsə, bu bizi narahat etmir. Başqaları naminə, özümüz naminə biz arxamızca gələnlərin varlığından yoxluğundan asılı olmayaraq irəliyə doğru addımlamalıyıq. Əgər dilimiz mükəmməl deyilsə, günəş doğmasının gözəlliklərini ifadə edə bilmirsə, onu gözlərimizdə də bu qeyri-mükəməlliyi gizlədə bilməz. Biz əllərimiz yanımıza sallayıb ona doğru addımlayırıq. Və birdən, hətta başqa dünyadan belə "dekadentlər" deyib bizi səsləsələr biz onu mütləq eşidərik. Günəşin həyatını toz basmış yuxulu adamların üzünə boz buludları yararaq saçdığı şölələri, yanğın alovlarının rənginə boyanır. Və onlar bizi bu yanğını törətməkdə günahkar bilirlər. Lakin bu optik aldanışdı. Biz ölmüş, məhv olmuş mədəniyyətdən ayrıla bildiyimiz üçün "dekadentlərik". Allah deyir ki, "ona görə siz də həmin o mühitdən çıxıb ayrılın". Hər nə olursa olsun biz sevincimizə, sevgimizə, xoşbəxtliyimizə doğru əzmlə, "sevginin pislikdən uzaq olduğuna" inanaraq gedirik.
Rus dilindən tərcümə edən: XANIM AYDIN
banner

Oxşar Xəbərlər