AZE | RUS | ENG |


Tənqiddən nəticə, yoxsa aqressiya?

Tənqiddən nəticə, yoxsa aqressiya?
Millət vəkillərinin fikrincə, Yaqlandın azad söz deyənləri hədələməsi və onlara iftira yağdırması qəbuledilməzdir

Beynəlxalq arenada Azərbaycanın qazandığı uğurlar bəzi qüvvələri narahat etməyə başlayıb. Bu "narahatlığ”ın nəticəsidir ki, son bir neçə ayda Qərbdəki media qurumları və bir sıra institutların Azərbaycana qarşı siyasi təzyiqləri ara vermir. Bu günlərdə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın quruma daxil olan ölkə səfirlərinin iclasında səsləndirdiyi fikirlər buna əyani sübutdur. O, Azərbaycan məhkəməsinin qərarına əsasən məhkum olunmuş, lakin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına rəğmən "siyasi məhbus” kimi qələmə verilən REAL-ın rəhbəri İlqar Məmmədov azadlığa buraxılmadığı üçün ölkəmizə qarşı AİHM-nin 46.4-cü maddəsinin tətbiq olunmasını istəyib. Bu da son nəticədə ölkəmizin Avropa Şurasından çıxarılmasına gətirib çıxara bilər. Tarixə nəzər salsaq görərik ki, Avropa Şurasına üzv olduğumuz 2001-ci ildən üzü bu yana təşkilat çərçivəsində səmərəli fəaliyyəti, bütün məsələlərə dair öz mövqeyi və rəyi ilə seçilən Azərbaycana qarşı ardıcıl şəkildə siyasi təzyiq kampaniyaları həyata keçirilib. AŞ Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı mövqe nəinki nümayiş etdirməyib, əksinə, laqeyd və ikili yanaşması ilə yadda qalıb.

Onu da qeyd edək ki, Yaqland Azərbaycanda ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri və müstəqil media qurumları tərəfindən haqqında səsləndirilən tənqidlərə sərt reaksiya göstərib. Özünü demokratik dəyərlərin təəssübkeşi və təbliğatçısı kimi göstərən Avropa qurumunun rəhbərinin Azərbaycan cəmiyyətindən səsləndirilən tənqidlərə aqressiv münasibəti heç də başa düşülən deyil. Çünki hər zaman avropalılar tənqidə loyal yanaşmanın tərəfdarı kimi çıxış ediblər. Görəsən, Yaqlandın bu münasibəti nədən qaynaqlanır?
 
 

Məsələ ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Rövşən Rzayev bildirdi ki, bütün bunlar Azərbaycanın əleyhinə aparılan siyasətdir: "Əslində Azərbaycan maraqlı olmalıdır ki, bu məsələ öz həllini tapsın. Ona görə də düşünürəm ki, yaxın zamanlarda biz öz problemimizi həll edəcəyik”.

R.Rzayevin sözlərinə görə, Yaqlandın ona edilən təzyiqlərə sərt reaksiya verməsi ona görədir ki, müəyyən qüvvələr Azərbaycan əleyhinə iş aparırlar: "Təəssüflər olsun ki, həmin qüvvələr uğur əldə edə biliblər. Yaqlandı da buna sövq edən insanlar, qruplar var. Bu mənada düşünürəm ki, Avropa Şurası baş katibinin sərgilədiyi mövqe qərəzlidir və əslində bu, birmənalı qarşılanmır. Şəxsi qənaətim ondan ibarətdir ki, bu halların baş verməməsi üçün addımlar atmalıyıq”.
 
 

Millət vəkili Bəxtiyar Əliyev vurğuladı ki, Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlandın Azərbaycana qeyri-obyektiv münasibəti bu vəzifədə olmamışdan əvvəl də müşahidə edilib. Onun sözlərinə görə, həmin şəxs Azərbaycana qarşı bu münasibətini indi də davam etdirir: "Baxmayaraq ki, Avropa Şurasının əsas məqsədi qarşılıqlı əməkdaşlıqdır və burada öhdəliklər var, lakin qurum heç bir əməkdaşlığı təmin etmir. Əksinə, Azərbaycana qarşı təzyiqlər etmək, ölkəmizdə gedən demokratik proseslərə kölgə salmağa cəhd edilir. Bu, Avropa Şurasının baş katibinə yaraşmayan, vəzifəsinə və statusuna uyğun olmayan bir mövqedir. Xüsusilə, onun azad söz deyən jurnalistləri hədələməsi və onlara iftira yağdırması ümumiyyətlə, qəbuledilməzdir, Avropa Şurası tarixində bu bir "Yaqland yeniliyi" kimi tarixə düşə bilər. Hesab edirəm ki, bu, dözülməz bir vəziyyətdir və qurumun ölkəmizə münasibəti dəyişməlidir. Dəyişməsə, Azərbaycan da şübhəsiz ki, öz kəskin mövqeyini bildirməlidir".
 
 

Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, Avropa Şurasının (AŞ) baş katibi T.Yaqlandın sosial şəbəkələrdə Azərbaycan əleyhinə açıqlaması onun ölkəmizə qarşı növbəti təzyiq və təhdid kampaniyasıdır. Onun sözlərinə görə, Yaqland erməni fitvası ilə ölkəmizə qarşı təzyiqlərə yenidən başlayıb: "Yaqlandın "Azərbaycanda demokratiya yoxdur” deməsi gülüncdür. Avropada müsəlmanlara qarşı münasibətlərə, yandırılan məscidlərə, müsəlmanların başına açılan oyunlara, irqi ayrı-seçkiliyə nəzər salaq. Avropa Şurasının baş katibi bu demokratiyanı deyir? Yaqland desin görək, bəlkə Azərbaycanda hansısa dini, irqi ayrı-seçkilik var? Bəlkə Azərbaycanda hansısa millətdən olan şəxsin hüququ pozulub? Demokratiya Avropada yoxdur. Dünya tarixində həmişə demokratiyanı pozan, insan hüquqlarını tapdalayan avropalılar olub".

E.Məmmədovun sözlərinə görə, Avropa Şurası baş katibinin Azərbaycan ziyalılarını sifarişlə danışmaqda ittiham etməsi də əsassızdır: "Biz Avropanın, Avropa Şurasının, Avropa İttifaqının, Avropa məhkəmələrinin Azərbaycana qarşı olan münasibətini görürük. Bütün bunları görərək deyirik ki, bizə belə Avropa lazım deyil. Biz Avropa Şurasına qəbul olunandan bu günə qədər bu qurumun yalnız təzyiqləri, haqsız tələbləri, ədalətsizlikləri ilə üzləşmişik. Avropa bizim istəklərimizə heç vaxt müsbət cavab verməyib. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ problemi ilə bağlı Avropa Şurası bəlkə bir iş görüb? Təbii ki, bunun şahidi olmamışıq”.
 
Bəxtiyar MƏMMƏDLİ


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6695
GBP 1 İngilis funt sterlinqi 2.2668
TRY 1 Türk lirəsi 0.4402
KWD 1 Küveyt dinarı 5.6288
SEK 1 İsveç kronu 0.2003
EUR 1 Avro 1.9994
CHF 1 İsveçrə frankı 1.7164
USD 1 ABŞ dolları 1.7001