• cümə, 29 Mart, 11:09
  • Baku Bakı 5°C

Tennisimizin parlayan ulduzu - Portret

18.06.14 12:41 2645
Tennisimizin parlayan ulduzu - Portret
Ölkəmizdə bəzi idman növlərinin təməli yaxşı olsa da, populyarlığı yetərincə deyil. Futbol, voleybol, güləş, boks, digər təkbətək mübarizələri sevir və daima diqqət mərkəzində saxlayırıq. Ancaq bütün dünyada böyük auditoriyaya malik tennis nədənsə, lazımi marağa səbəb olmur. Baxmayaraq ki, potensiallı gənclərimiz yetərincədir. Bu yazımızda onlardan biri haqda danışacağıq. Tanış olun: cəmi 18 yaşı olmasına baxmayaraq, Azərbaycan və tennis deyiləndə ağıla gələn ilk ad – Kamilə Fərhad.
Tennis bizə yad deyil
Kamilə haqda danışmazdan əvvəl qeyd edək ki, Azərbaycanda tennisşt yüz ildən çox yaşı var. Hələ uzaq 1907-ci ildə, Bakıda, daha dəqiqi Suraxanıda ilk kort salınıb. İlk Azərbaycan çempionatı 1927-ci ildə keçirilib, bir il sonra isə təmsilçilərimiz Birinci Zaqafqaziya Spartakiadasında qatılaraq vətənə gümüş medalla dönüblər. 1950-80-ci illərdə güclü inkişaf edən Azərbaycan tennis öz qızıl dövrünü yaşayıb. Sonralar ciddi eniş başlanıb. 1995-ci il iyunun 25-də müstəqil Azərbaycanda ilk dəfə Azərbaycan Tennis Federasiyası yaradılmasına baxmayaraq, ölkədə bu idman növü tamamilə ikinci planda olub. Yalnız 2004-cü ildə Oqtay Əsədovun Tenis Federasiyasının rəhbərliyinə gəlməsindən sonra, əvvəlki nüfuzun qaytarılması istiqamətində bir sıra layihələr həyata keçirilməyə başladı. Bunun nəticəsidir ki, ölkəmizdə gələcəyinə böyük ümidlə baxa biləcəyimiz gənclər ortaya çıxdılar. Kamilə də onlardan biri, hətta birincisidir. Ancaq qısa karyerasının qəmgin sonluğu...
Əsl vunderkind!
1996-cı il yanvarın 18-də Bakıda anadan olan Kamiləni əsl vunderkind adlandırmaq olar. Ən kiçik yaşlarında idmanla dərsi eyni uğurla davam etdirməsi onu müəllimlərinin sevimlisinə çevirmişdi. Dəcəl, hərəkətli uşaq olsa da, təhsili heç vaxt ikinci plana atmayıb. Əksinə, sevimli fənni cəbr olan Kamilə məktəbi vaxtından üç il erkən bitirib! İnanmaq çətin olsa da, məhz belədir. Tezliklə, Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin təşkili və idarə edilməsi” fakültəsinə daxil olan gənc tennisçi, artıq oranı da bitirib. Hazırda Fövqəladə Hallar Nazirliyində çalışır. İdmançı karyerasına gəlincə, burada durum bir qədər fərqlidir.
Uşaqlıqdan idmançı
Sonradan başqa işlə məşğul olacaq böyük qardaşının yaxşı tennis oynaması, hətta ölkədaxili birinciliklərdə qələbələr qazanması onu da bu idman növünə gətirib. Ancaq ondan fərqli olaraq Kamilə sona qədər sadiqlik nümayiş etdirib. Maraqlıdır ki, Kamilə tennisə çox gec – 12 yaşında gəlib. Buna qədər yüngül atletikaya meylli olan qəhrəmanımız bütün məktəb estafetlərində iştirak edib, oğlanlarla yarışıb, qələbələr qazanıb. Ən kiçik yaşlarından idmançı olacağı dəqiq idi. Güclü fiziki hazırlığı, həmçinin inadkarlıq və mübarizlik xüsusiyyətləri ona tennisdə zirvələri fəth etməyə imkan verəcəkdi.
Nəticə qazanmağı bacarır
Tezliklə, yarışlara qatılmağa başlayan Kamilə qələbələrini sıralayır. Həm təklərdə, həm də cütlərin yarışında eyni uğurla çıxış edən gənc, altıqat Azərbaycan çempionudur. Beynəlxalq arenada zəfərlər az deyil. Həmvətənimiz ITF (Beynəlxalq Tennis Federasiyası) turnirləri çərçivəsində İran, Braziliya, Boliviya və Türkiyədə çıxış edib. Azərbaycanlı tennisçilər arasında reytinqdə ən yüksək yerdə olan bu qızımız qatıldığı bütün yarışlarda ən azı bir neçə mərhələ adlamağı bacarıb. Onun xüsusilə İrandakı ilk beynəlxalq yeniyetmələr turnirindəki (3-7 sentyabr 2012-ci il) ikili qələbəsini qeyd etməyə dəyər. O, bu yarışda həm təklərdə, həm də cütlərdə turnirin qalibi olaraq böyük potensiala malik olduğunu hamıya sübut edə bilib. Artıq ötən il “Böyük Dəbilqə” turnirlərində çıxış etməyə haqq qazanan Kamilə, zədəsi üzündən bu şansdan yararlana bilməyib.
Hər mənada güclü tennisçi
Kamilə tərz olaraq kortda hücumçudur. Həmişə ön planda olmağa çalışır, öz oyununu rəqibə yeritməyə cəhd edir. Bu tərz nəticə qazanmaq baxımından çox yaxşıdır və uğur gətirir. Ancaq bunun üçün həddindən artıq yüklənmə, əziyyət, çalışma gərəkdir. Çünki oyun boyu dominant olmaq üçün fiziki hazırlıq ən yüksək səviyyədə olmalıdır. Nəzərə alsaq ki, Kamilə zəhmətsevərdir, belə oynaması təbiidir. Gündə 6-8 saat məşq etməklə yüksək peşəkarlıq nümunəsi ortaya qoyması onu fərqləndirən cəhətlərdəndir. Fəndlərə gəlincə, ən güclü tərəfi forhenddir (korta dəyib qalxan topa sağ əllə güclü zərbə - K.M). Kortlardan “hard”ı (möhkəm örtükdür, akril və poleuritandan düzəldilir, çox sürətli və dünyada ən populyar olanıdır) sevsə də, “qrunt”da (qum örtük) da yaxşı çıxış edir. Bu səbəbdəndir ki, Kamilənin sevimli idmançıları Ana İvanoviç və Mariya Şarapovadır. Çox böyük hörmətlə yanaşdığı bu tennisçilər xüsusilə “qrunt” kortlarda güclüdürlər.
Böyük təəssüf
Ancaq bütün bu müsbət məqamların sonunda çox qəmli notlar var. Keçən il onurğa sütunundan ciddi zədə alan Kamilə idmançı karyerasına ara verməli olub. Tibbi müayinələrdən sonra məlum olub ki, onun böyük tennisə qayıtması hazırda mümkün deyil. Həkimlər intensiv məşqləri ona qadağan ediblər. Müəyyən aralıqlarla yenidən qayıtmağa cəhd etsə də, ağrılar buna imkan verməyib. Qarşıdakı bir il ərzində Kamilənin tennisdəki perspektivlərinə tam aydınlıq gələcək. Ümid edək ki, hər şey yaxşı qurtaracaq.
Gənc və təcrübəlidir
Müasir Azərbaycan tennisinin parlayan ulduzu olan Kamilənin cəmi 18 yaşı olsa da, artıq təcrübəli idmançıdır. Onun karyerası bir çox gənclərə nümunə ola bilər. Müsahibələrində ölkəmizin, həmçinin onun tennisinin xoşbəxt gələcəyinə inamını qeyd edən Kamilə, Azərbaycanın böyük tennis dövləti olacağına ümid edir. Onun fikrincə, əsas kütləvilikdir. Kütləvilik olacağı halda, inkişaf tezliklə gələcək. Gəncləri kortlara dəvət edən, sağlam bədəndə sağlam ruha çağıran qəhrəmanımızın dedikləri diqqətə alınmalıdır.
Portreti
Zədəsi çox ciddi olsa da, “ümid sonda ölür” deyiblər. Yazımızı bədbin notlarla bitirmək istəmirik. Kamilə Fərhad tennisimizin yüksələn ulduzudur və onun kimilərə ehtiyacımız var. Xarakterində inadkarlıq, məqsədyönlülük, dözüm və zəhmətsevərlik olan gənc qız, bütün çətinliklərinə rəğmən arzusuna sadiq qalır. Tennis oynamaq, ölkəsini layiqincə təmsil edərək bayrağımızı yüksəltmək istəyi alqışlanmalıdır. Portretindən gənc, ancaq iti baxışlı, hələ də döyüşə hazır birisi bizə baxır. O, hələ təslim olmayıb. Zədələr və ağrılar ona təsir etsə də, ruhdan salmayıb. Bizə isə ona dəstək olmaq, dualarımızı əskik etməmək qalır. İşıqlı gələcəyimiz naminə onun bizə, bizim isə ona ehtiyacımız var.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər