• şənbə, 20 Aprel, 06:51
  • Baku Bakı 14°C

TƏNDİR YARASI

25.02.15 07:31 1753
TƏNDİR YARASI
Adamlar uzun dəhlizdə cərgə ilə dayanmışdılar. Açıq qapıdan geniş kabinet demək olar ki, tam gö¬rü¬nürdü. Komissiyanın sədri tələsmədən, asta-asta, bir-bir sənədlərə baxır, komissiya üzvlərinin rəylərini soruşur, etiraz olmayanda əlinin altındakı siyahıda qarşısındakı adamın adı¬nı tapıb nəsə qeyd edirdi. Sonra da sənədləri qaytarıb sahi¬binə verir, yenidən qapının astanasında dayananlara tərəf:
-Kimin növbəsidir, gəlsin, - deyə hündürdən səslə¬nirdi.
Bir-iki nəfər də keçdi. Qapıda dayanıb növbəyə nəzarət edən gənc orta yaşlarına çatar-çatmazlığı güclə sezilən, amma ilk baxışdan vaxtından əvvəl qocaldığı görünən qa¬dının narahatlığını bayaqdan hiss eləmişdi. Qadın hərdən divara söykənir, bir qədər dayanandan sonra görünür, özünü rahat hiss etmədiyindən növbədən kənara çıxır, pən¬cərənin taxtasına dirsəklənib dayanırdı. Bir qədər də yeriyəndə ayağını çəkirdi. Elə bil ki, pəncələri üstə yeriyirdi. Gəncin ürə¬yindən keçirdi ki, onu növbədən kənar buraxsın. Amma adamların nar¬a¬zılıq edəcəyindən ehtiyatlanırdı. Bu vaxt lap arxa cərgədə, təzəcə gəlmiş yaşlı bir kişi həmin qadına ya¬xınlaşdı. Yəqin ki, elə aralıdan görüb, tanımışdı.
- A bala, a qızım, sən Solmaz deyilsənmi? Yuxarı Tülü kəndindən, Yavərin qızı. Deyəsən, dədən bir-iki il bundan əvvəl rəhmətə gedib, elədirmi?
Qadın başını qaldırıb kişiyə baxdı. O kişi də ona tanış gəldi.
-Hə, əmi, doğrudur, mən Yavər kişinin qızıyam. -Bəs, elə bil axsayırsan. Nə olub?
-Heç, ay əmi, təndir yarasıdı.
-A bala, burada təndir var? Təndir qaldı Tülüdə, Xocalıda…
Birdən kişi irəli yeriyib növbəyə nəzarət edən oğlana güclə seziləcək, əsəbqarışıq bir səslə dedi:
- Bu əlil qadını niyə növbədə saxlayırsan?
Bəlkə də, kişi heç təpinmək qəsdi ilə demirdi. Bununla növbəyə dayananlara xəbərdarlıq edirdi, yəni ki, heç kim səsini çıxarmasın.
Həmin gənc işarə ilə Solmazı içəri dəvət etdi. Sənədləri əlində içəri keçən Solmaz nə qədər özünü tox tutsa da, axsamağını gizlədə bilmədi. Özü də deyəsən, axsamağından utanır, bunu bir qədər ört-basdır etmək üçün ayaqlarını yerə möhkəm basmağa çalışırdı. Onda da yerişi lap kobud alınırdı.
Ona əyləşmək üçün stul təklif elədilər. Oturmadı, elə stulun söykənəcəyindən yapışıb ayaq üstə durdu.
-Sənədlərini ver, -komissiya üzvlərindən biri əlini uzatdı.
-Xocalı, Tülü kəndi. Solmaz Yavər qızı. İkinci qrup əlil.
-A bacı, əlilliyinin səbəbi nədir? Növbədənkənar ev alma hüququn var-yox, biz bunu aydınlaş¬dırmalıyıq.
Solmaz qırışmış arıq əlləri ilə yapışdığı stulun söy¬kənəcəyini bir az da bərk sıxdı. Gözlərində yaş gilə¬lən¬di. Komissiya sədri hiss elədi ki, sualı yerinə düşməyib. - Xocalıda Tülü kəndi vardı?Deyəsən, bu sualla bir qədər əhvalı dəyişmək istədi.
Yenə komissiya üzvlərindən biri izahat verdi:
-Bəli, Xocalıda elə demək olar ki, Xocalıya bitişik meşəliyin içində belə bir kənd vardı. İyirmi-otuz ev olar¬dı. Ermənilər Xocalıdan qabaq Qaradağlını, Meşə¬lini yandırıb talan edəndə o kəndi də dağıtdılar. Camaatı da həlak oldu.
Görünür, danışan komissiya üzvü yerli nümayən¬dəliyi təmsil edirdi. Ona görə də məlumatlı idi:
-Bu bacının da anasını, bir qardaşını elə kəndi talan edəndə öldürmüşdülər.
Komissiya üzvünün belə sakit, təmkinlə danış¬mağı Solmazın əhvalını dəyişdi. Hiss elədi ki, əlləri qıc olur. Ya¬pış¬dığı stulun söykənəcəyi az qala qopub əlində qalacaqdı. Başında bir uğultu hiss elədi. Onsuz da sol¬ğun olan rəngi bir az da avazıdı…
…Tülü Xocalıdan yuxarı meşə içi kənddi. Aşağı tərəfindən qıjıltı ilə çay axırdı, bir yanı sıldırım idi. Digər tərəfi yarğan, ara-sıra qayalıqlar. Kənddə heç on ev də ol¬maz¬dı. Bu kəndin baş tərpədənləri gecələr düşmənin gələ biləcəyi tərəflərdə növbə çəkirdilər.
Doğrudur, tez-tez Xocalıdan ürəksıxıcı xəbərlər gəlirdi. Elə növbə ilə kənd adamları da Xocalıya enir, çatışmayan şeyləri alıb gətirir, beləcə, bir-birindən vahiməli gələn günləri sayırdılar. Hərdən də yuxarıdan Xocalı aero¬portuna enən vertolyotlara baxıb qürurlanırdılar:
-Bizimkilər gəlib-gedir, bu boyda şəhəri yiyəsiz qoymayacaqlar ki? Xocalını əldən verməsələr, Tülüyə yaxın düşən olmaz...
Bunlar ömürlərini-günlərini Tülüdə yaşayan, burda doğulub-böyüyən adamların yeganə təskinliyi, dinc sabaha bəslədikləri ümidləri idi. Bəli, insan hərdən quru sözlə istəyini dilə gətirəndə də təskinlik tapa bilir. Amma ümidsizlikdən uzaq ola da bilmir. Elə bil ki, ümid¬sizlik ümidin inamını, özü də sonuncu inamını qır¬maq üçün hər dəqiqə onların ürəklərinin qapısını döyür¬dü. İçəridən gələn cavab da elə o təskinlikverici sözləri idi. Amma bir gün…
Günün günorta çağı qəfil atışma başladı. Növbə çəkən tülülülərin bir-birini haylaması kəndə harayhəşir sal¬dı. Bəli, ermənilər gözlənilmədən kəndə soxul-muş¬du¬lar. Onsuz da az qüvvə ilə müdafiə olunan Tülü təpə¬dən dırnağa silahlanmış düşmənin qabağında dayana bilməzdi.
…Zümrüd təndiri bir az əvvəl yığışdırmışdı. Tən¬dirin içəri divarları soyumuşdu. Axırıncı kündəni tən¬dirin dibində, ortalığa yığdığı közün üstündə bişir¬mişdi. Yavər kəndin yuxarı başında bir az daldanacaq, bir az da elə səngər məq¬sədilə qayanın bir tərəfində qurduğu qalağın arxasında dayanmışdı. Saqqallıların birdən-birə yaxınlıqda peyda ol¬ması onu çox da təəc¬cüb-ləndirmədi. İlk atəşi də elə Yavər atdı. Doğrudur, nişan alıb atmadı. Demək olar ki, havaya atdı. Yavər cəsarətli adam idi. Özünün də əlli yaşı olar-ol¬maz¬dı. Gəncliyini bu meşələrdə keçirmişdi. Əlindəki qoşa¬lü¬ləsi ilə meşə¬nin dərin yerlərinəcən gedər, axtardığı ovu tap¬masa, vur¬masa geri qayıt¬mazdı. İki oğlunu, bir qızını Züm¬rüdlə birgə böyütmüşdü. Böyütmüşdü deyəndə ki, uşaq-ların ayaqları elə indi-indi, təzəcə yer tuturdu. Bircə Salman hələ ki, onunla ova gedə bilirdi. Balaca Kamalı bir neçə gün əvvəl şəhərdə yaşayan bacısı aparmışdı. Solmazın on beş-on altı yaşı olardı. Əslində, bacısı Solmazı aparmaq istəyirdi, amma Solmaz getməmişdi - anasını qoyub getməmişdi. Axır ki, ar¬vad naəlac qalıb Kamalı tovlayıb aparmışdı. Beləcə, beş-altı yaşlı Kamal bu hay-küyün içindən elə iki-üç gün əvvəl çıxıb getmişdi.
Ermənilər Yavərin gülləsindən səksənib daldalan¬dılar. Ancaq atışma davam edirdi. Yavər başa düşdü ki, bu həna o hənadan deyil. Aşağı tərəflərdən də atışma səsi gəlirdi. Sal¬man Tülünün aşağı yanında idi, yarğan tərəfdə. Əslində, Sal¬manı buraya atası göndərmişdi. Zənn eləyirdilər ki, uçurum tərəfdən ermənilər qalxa bilməzlər. Düzünə qalsa, ermənilər də bu yerlərdə yaşa¬yan adamlar idi. Onlar da buraları yaxşı tanıyırdılar. Çayın o tayında, meşəarası kəndlərin birində yaşayan ermənilərin başçısı Aşot hücum planını özü qurmuşdu: «Ara, mən bu türk tayfasını yaxşı tanıyıram. On¬lar gecə qarovulunda möhkəm olurlar. Biz onların üstünə gecə hücuma keçəcəyik. Özü də bir dəstə, yuxarıdan on¬ların gözlədiyi tərəfdən. Əsas dəstə çayın uçurum tərəfindən qalxacaq. Biriniz çayın bu tayından yarğanın qaşını gülləyə tutun, harda olsalar cavab verəcəklər. Qalan¬larınız güllə tutmayan yerdən dırmaşın».
Salman yarğanın qaşından çayaşağı baxırdı. Birdən gül¬lə səsi eşitdi. Çayın qırağında o tay erməni kəndin¬dən olan və demək olar ki, Salmanla bir yerdə böyümüş Joranı tanıdı. Jora Aşotun oğlu idi. Jora da deyəsən, Sal¬manı görmüşdü. Çünki düz onun dayandığı yeri gülləyə tuturdu. Vəziyyət ağırlaşırdı. Salman Joranı nişan aldı. Eyni vaxtda iki güllə açıldı. Birinə o tayda Jora yıxıldı, digəri də Salmanı yıxdı. Aşot onun başının üstə dayan¬mışdı:
-Ara, köpayoğlu, sən mənim oğlumu vurdun?
Salman yaralı olsa da, birtəhər geri çevrildi. Aşot da, digər saqqallılar da onu əhatəyə almışdılar:
- Ara, Salman, tork kopayoğlu, sənə demədikmi vax¬tın¬da şələ-şüləni yığışdırıb get, qanını bizdən uzaq elə… Ara, demirdik ki, fürsət düşən kimi hamınızın qanını içəcəyik? Ara, demirdimmi Allahın sizə verdiyini gö¬zünüzdən töküb, əlinizdən alacağıq. Gülürdünüz, inanmırdınız. Qulağınız kəsilməyincə ağlınız başınıza gəl¬mir, köpəyuşağı, qanınızı içə¬cəyik. Görəcəksiniz qoynunuzda necə ilan balası bəsləyib¬si¬niz.
Aşot yanındakı saqqallılardan birinə Salmanı gös¬tərib: «Bunun işinə axıracan baxın,dedi və cəld digər saq¬qallılarla yuxarı - Salmangilin həyətinə yüyürdü.
Aşotdan qabaq da iki nəfər Zümrüdgilin həyətinə çatmışdı. Zümrüd həyətin ortasında ayaq üstə dayan¬mışdı. Bir əlini qabağa uzadıb qışqıraqışqıra nəsə deyir¬di. Deyəsən, dediklərini heç özü eşitmirdi: «Burnu¬nuz¬dan gəlsin bu qapıda yedikləriniz. Evimizin, həyətimizin qa¬pısını yaxşı tanıyırdınız, ona görə bu həyətə cəsarətlə girmisiniz?». Sol qolu yanında qalmışdı. Durduğu yerdə qanı şoralanıb axır¬dı. Ayağının altında enli taxta parçası vardı. Meşə ağac¬la¬rından düzəldilmiş taxta qapalağı həmişə təndirin ağzına qoyurdu. İndi də elə həmin qa¬palağın üstündə dayanmışdı. Qan elə qapalağın üstünə süzülürdü. Ara-bərədən axan qan¬dan başqa, ağayının altında da bir gölməçə yaran¬mışdı.
-Türk qanğıcı,-Samvel silahı üzünə qaldırdı. Lüləni Zümrüdün sinəsinə dayadı.-Kəs səsini! Yavə¬rin dizdən aşağı iki ayağını da kəsib qoltuğuna verəcəm. Qoy alçaq özü olsun, dizi üstə yerisin. Bir ay bundan qabaq me¬şədə rastlaş¬mışdıq. Ona dedim ki, yır-yığış elə, bura¬lar¬dan get. O da mənə hədə-qorxu gəldi: «Sənin kimi alça¬ğın sözü ilə yerimi, yurdumu atıb gedən deyiləm». İndi qoy özü görsün ki, alçaq kimdir?
-A Samvel, boyun çinarcan olsa da, sən alçaqsan. –Zümrüd iki addımlığında dayanmış Samvelin üzünə lomba ilə tüpürdü.
Güllə açıldı və Zümrüd elə qapalağın üstünəcə yıxıl¬dı. Ermənilər qəfil gəldikləri kimi, qəfil də çəkil¬dilər. Sam¬velin səsi uzaqlaşırdı.
-Ara, tez olun, Xocalı tərəfdən gələn olar. Alipin (Əlifin) dəstələri yəqin ki, bu atışmanı eşidib.
Əllərinə keçəni, mal-davarı yığıb apardılar. Kəndə ölü sükutu çökmüşdü. Ara-sıra meşəyə qaçmış qadın-uşaq geri qayıdırdı. Yavər üzü aşağı, öz həyətinə yüyürdü. Onun sən¬gərlənib qabağını saxladığı ermənilər çəkilib getmişdilər. Əvvəlcə həyətə dönmədi. Salmanın dayan¬dığı tərəfə yüyür¬dü. Salman uçurumun qaşında yox idi. Alacalanmış gözlərilə Salmanın dayandığı yerə baxanda oğlunun necə qol-bud edildiyini, parça-parça doğrandığını gördü. Bəs Zümrüd, bəs Solmaz?.. Dəli kimi havalanıb qapıya cumdu. Zümrüd qapa¬la¬ğın üstündə həyat işığı çoxdan sönmüş, bərəlmiş gözlərilə səmaya baxırdı. Bəs qız necə olub? Bir anlığa Yavər ağlına gələndən dəhşətə gəldi: «Qızı ermənilər aparıb!». Silahı çevirib lüləsini başına sarı tutdu. Birdən ona elə gəldi ki, qapalağın altın¬dan közdə qızaran ət iyisi gəlir. Cəsədqarışıq qa¬pa¬lağı təndirin üstündən qırağa çəkdi. Solmaz bayılmış vəziyyətdə təndirin küncünə qısılmışdı.
Görünür, vahimədən və həm də elə təndirin için¬də¬ki közdə yanan ayaqlarının ağrısının şiddətindən huşunu itirmişdi. Qızın qollarından tutub təndirdən çıxardı.
Rahat nəfəs aldı. Silahını haraya atdığı da yadına düş¬mürdü. Xocalı aeroportundan Əlifin kömək üçün göndərdiyi adamlar yaralıları topladılar, ölənləri bir yerə yığıb kəndin qırağında yan-yana düzdülər.
Solmaz da ayılmışdı, amma zarıyırdı.
Yavərə baxan elə bilərdi ki, arvadı öldürülən, ca¬van oğlu yağı əlində doğram-doğram olan o deyil. Yavər qızının düşmən əlinə düşməməyinə sevinirdi.
…Tülüdə həkim-zad olmazdı. Bu kənddə hamının işinə Tavad qarı yarıyırdı. Elə indi də o, qızın ayağını təmizləyib yardım dərmanları içərisindən məlhəm tapıb ayaqlarına çəkdi.
Kimsə astadan dilləndi:
-Yavərin sevinməyinə bax.
Tavad qarı başı aşağı qızın başını qolu üstündə tutub dayandığı yerdəncə:
-Bala, bu, qiyamət sevincəyidi.
…Solmazı komissiya otağında bir tərəfdə qoyul¬muş divanın üstünə uzatmışdılar. Həkim çağırılmış, ona yardım göstərilmişdi.
-Ay bacı, özünə gəl, bu, bayaqkı komissiya üzvü¬nün sözü idi. Solmazın baxdığını görüb əlavə elədi:
-Sizə ev verirlər. Niyə belə əsəbiləşirsən?
-Yox, əsəbiləşmirəm,- Solmaz indi özünə gəlmişdi.
Daha komissiya üzvlərinə də baxmırdı. Amma dodaq¬la¬rının altında nəsə pıçıldayırdı. Diqqətlə dinləyən olsaydı açıq-aydın onun sözlərini eşidərdilər:
- Mənə öz evimi, öz Tülümü verin...
- Tülünü verin, Xocalını verin!...
Salatın Əhmədova
banner

Oxşar Xəbərlər