Ötən yayın əlvan rəngləri uşaqların düşüncəsində - Fotolar

Ötən yayın əlvan rəngləri uşaqların düşüncəsində - Fotolar

Mədəniyyət
29 Oktyabr 2019, 12:30 743
Onlar müstəqil Azərbaycanın inkişafını yaxşı görür, bununla qürur duyurlar
 
Oktyabrın 25-26-da paytaxtın Xətai Sənət Mərkəzində "Mənim yay tətilim-2019" Respublika Uşaq Rəsm Müsabiqəsinə yekun vuruldu. Bəlli həqiqətdir ki, hər bir istedadın üzə çıxması, inkişafı, böyük uğur qazanması üçün zəhmətlə yanaşı, münbit şərait və qayğı olmalıdır. Sənət dərnəkləri, uşaq incəsənət məktəbləri, müxtəlif sənət yarışları və sərgilər də bu işdə böyük rol oynayır. Müstəqillik illərində ölkəmizdə belə sənət ocaqlarının sayı da xeyli artıb. On ildir ki, fəaliyyət göstərən Xətai Sənət Mərkəzi belə arzulanan məkanlardandır. Daha çox gənc və yeniyetmələrinin yaradıcılıq imkanlarının üzə çıxarılmasına diqqət yetirən Mərkəzdə ötən cümə və şənbə günlərində qələbəlik yaşanırdı. Xətai Sənət Mərkəzini direktoru Zahid Əvəzov bununla bağlı ürək sözlərini belə ifadə etdi: "Biz belə sənət yarışlarına ev sahibliyi etməyə alışmışıq və hər bir sərginin sənətsevərlər üçün yaddaqalan olması üçün çalışırıq. Məlumat üçün deyim ki, bu il ərzində bir neçə yaddaqalan sərgi təşkil etmişik. Mayın ortalarında qədim Şamaxı şəhərində "Mənim Şamaxım", ayın sonlarında - 28 May Respublika Günü ərəfəsində "Azərbaycanım" II Respublika Rəsm Müsabiqələrinin yekun sərgilərini sənətsevərlərə təqdim etdik. İyun ayının 1-də tamaşaçılar Xətai Uşaq Yaradıcılıq Studiyasının üzvü Fatimə Mahmudovanın, 20-də isə 5 yaşlı rəssam Mədinə İsgəndərovanın rənglər dünyası ilə tanış olublar. Bundan əlavə, bu ayın əvvəlində böyük şairimiz İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı "Məndə sığar iki cahan..." adlı internet müsabiqəsini yekunlaşdırdıq. Əlavə edim ki, internet müsabiqə-sərgiyə MDB üzvü olan respublikaların gənc rəssamları tərəfindən 2000 mindən çox əsər göndərilmişdi və həmin rəsmlərdən 100 əsər yekun sərgiyə buraxılmışdı. "Nəsimi ili" çərçivəsində daha bir sərgiyə hazırlaşırıq. Həmin sərgi ilin sonlarına yaxın baş tutacaq. Sərgi "Real həyat- Real incəsənət" adlanır. Adından göründüyü kimi, həmin sərgidə yaş fərqi qoyulmadan realist üslubda işləyən rəssamların əsərləri yer alacaq. Bu gün isə gördüyünüz kimi, "arena" yenə gənc rəssamlarındır. Bu ümiddəyik ki, bu yekun müsabiqə-sərgi də yaddaqalan olacaq”.
 

 
Məlumat üçün deyək ki, məktəblilərin yay istirahətlərinin maraqlı keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə Mədəniyyət Nazirliyi, Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Təhsil Nazirliyi 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Nəsimi ili" çərçivəsində may ayında "Mənim yay tətilim-2019" Respublika Uşaq Rəsm Müsabiqəsi elan etmişdi. Bu tədbirin yaddaqalan keçməsi üçün Bakı şəhəri 1 saylı Uşaq-Gənclər İncəsənət Məktəbi (UGİM), Şamaxı Şəhər İncəsənət Təhsil Mərkəzi, Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbi, Buzovna qəsəbəsi 4 saylı UİM, Fikrət Əmirov adına 6 saylı onbirillik İM, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, 4 saylı UİM, Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət məktəbi, Gəncə şəhəri UİM, "Vusala's school”, "Yeni Nəsil" Tədris Mərkəzi, "Bilik yolu" Tədris Mərkəzi, Biləsuvar rayonu Xırmandalı kənd UİM, "Art School by Rufana”, Əhməd Bakıxanov adına UİM, Şəki şəhər UİM, Abşeron İdman klubu, "GunXan" Art Studiya, Şirvan Dövlət Rəsm Qalereyası, Kürdəmir UİM, Bakü Çoçuk Universitesi, 3 saylı UGİM, Naxçıvan şəhər Qızlar Liseyi kimi tədris mərkəzləri məktəblilərinin, həmçinin paytaxt və bölgələrimizdən olan ayrı-ayrı uşaqların əsərləri sərgilənmək üçün seçilib. Seçim zamanı müəllifin yaşı, duyğu və düşüncələri nəzərə alınmaqla, düzgün kompozisiya, rəng seçimi, ideya əsas götürülüb və imkan daxilində az müdaxilə olunmuş (müəllim və ya valideyn tərəfindən) əsərlərə yer verilib.
 
 

Oktyabrın 25-də (12 yaşa qədər) və 26-da (12-17 yaş arası uşaqlar üçün) Xətai Sənət Mərkəzində sərgi üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundular.

Biz salonu gəzərkən, sərgi məkanına əvvəlcə müsabiqə iştirakçısı olan uşaqlar buraxılmışdılar. Uşaqların çoxu ekspozisiyada yer alan rəsmləri qarşısında durub narahat-narahat tədbirin başlanmasını gözləyirdilər. Salona baxdıqca hər bir rəsmdə sanki yayın qızmar günləri, tətilin unudulmaz anları yada düşürdü. Bir rəsmdə dənizin sahili, ləpədöyəndə qumdan qala düzəldən uşaqlar, digər rəsmdə ağac altında valideynləri ilə nahar edənlər uşaqlar, digərində isə bostandan məhsul toplamaqda böyüklərə kömək edən yeniyetmələr  təsvir edilib. Rəsmlərdə daha çox güllər, çiçəklər əksini tapıb. Bu rəsmlərdə qırmızı çiçəkli nar ağacları, balalarına yem daşıyan quşlar, süfrələrimizin ən qiymətli neməti olan taxılın biçilməsi, dağların qoynuna səyahətə çıxan uşaqlar da dönə-dönə təsvir olunub. Milli naxış və elementlərlə bəzədilmiş xalça və kilimlərimiz də uşaqların yadından çıxmayıb. Məktəblilərin əl işlərinə baxdıqca, sanki Vətəni səyahətə çıxırsan, bölgələrimizin gözəl yerlərini gəzirsən. Bu, onu göstərir ki, yetişməkdə olan nəslin doğma yurda və torpağa bağlılığı güclüdür. Onlar müstəqil Azərbaycanın inkişafını yaxşı görür, bununla qürur duyurlar. Məsələn, Bakının 58 saylı məktəbinin şagirdi Səma Əsədovanın yağlı boya ilə işlədiyi rəsm, ilk baxışda tamaşaçıda xoş ovqat yaradır. Bir kənd həyətinin təsviri rənglərlə çox duyumlu hala gətirilib. Uca ağacların əhatə etdiyi evin həyətində yaşıl otlar boy verib. Bir qadın o kölgəliyin altında ocaq qalayıb...   Biləsuvar məktəblisi Gülnar Rüstəmli heyva və nar dolu xurcunun fonunda gözəl gəbəni ustalıqla işləyib. Hiss olunur ki, Gülnar milli naxışlarımıza yaxşı bələddir. Onun rəsmindəki əlvan boyalar tamaşaçını heyran edir. Biləsuvarın Xırmandalı kəndindən olan digər gənc rəssam Şəbnəm Əzimovanın işlədiyi bir kənd həyətinin təsviri də heyranlıq yaradır. Fikrimizcə, hər iki məktəblinin rəsmləri daha geniş sərgi salonlarını bəzəməyə layiqdir.
 
 
 
Bakı şəhərindəki 258 saylı məktəbin səkkizinci sinif şagirdi Ayxan İsazadə təsviri sənət dərnəyinə getmir. Amma gözəl rəsmlər çəkir. Onun müsabiqə-sərgiyə təqdim etdiyi rəsmi "Dincəliş" adlandırmaq olar. Əsərin kompozisiya və rəng həlli uğurludur. Bu, onun yaxşı müşahidə qabiliyyətinə malik olduğunu göstərir. Ayxanla söhbətimizdə, bildirdi ki, indiyədək bir neçə müsabiqədə iştirak edib və qalib olub. Ulduz Bəkirovanın (Ucar rayonu) "Laləli güldan", Namiq Məmmədlinin (Biləsuvar rayonu) təbiət mənzərəsi, Əli Əzizovun (Lənkəran rayonu) "Torpağın nemətləri", Zəhra Bəşirovanın (Lənkəran rayonu) "Vətən sevgisi", Zəhra Yusibovanın (Abşeron rayonu) "Təbiətin qoynunda", Lalə Qəmbərlinin (Fikrət Əmirov adına 6 saylı onbirillik İM) "Çiçəklər arasında" rəsmləri də uğurlu əl işləri idi.
 
Xətai Sənət Mərkəzində təşkil edilən sərgidə yaxşı cəhətlərdən biri, təcrübəli fırça və tişə ustaları ilə yeniyetmə və gənclər arasında canlı ünsiyyətin yaradılmasıdır. Bu, gənc rəssamların, belə demək olarsa, ustadlardan məsləhət almaları və təsviri sənətdə yeni yollar axtarmaları üçün şərait yaradır, onları daha yaxşı işləməyə ruhlandırır.
 
Xeyli vaxtdır ki, hər səhər məktəb zəngi uşaq və yeniyetmələri sinif otaqlarına səsləyir. Lakin onların çoxu hələ də ötən yay tətilinin xoş təəssüratları ilə yaşayır, o aylarda gördüklərini, oxuduqlarını xatirə dəftərinə köçürür, rəngi-rəngə calayaraq unudulmaz edirlər - "Mənim yay tətilim-2019" Respublika Uşaq Rəsm Müsabiqəsində tanış olduğumuz rəsmlər kimi.
 
Səməd Məlikzadə