• cümə, 29 Mart, 03:53
  • Baku Bakı 7°C

Ötən il Tərtərdə aqrar sahədə uğurlu nəticələr qazanılıb

15.01.17 11:00 962
Ötən il Tərtərdə aqrar sahədə uğurlu nəticələr qazanılıb
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında 2016-cı ildə uğurlu nəticələr əldə edilib. Aqrar sahəyə göstərilən diqqət və qayğı, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanlarına malik olması, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət tərəfindən subsidiya ayrılması kənd təsərrüfatının əsas istehsal sahələrindən olan bitkiçiliyin inkişafına stimul verir.
Rayon statistika idarəsinin rəisi Ədalət MəmmədovAZƏRTAC-a bildirib ki, 2016-cı ildə rayonda 27 min 105,6 hektar sahədə kənd təsərrüfatı bitkiləri becərilib. Əkin sahəsinin 12 min 565 hektarını dənli və dənli paxlalı bitkilər, 3140,1 hektarını texniki bitkilər, 1457,5 hektarını kartof, bostan və tərəvəz bitkiləri, 9943 hektarını yem bitkiləri təşkil edib.
Ötən il 42 min 945,4 ton taxıl məhsulu istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 2187 ton və ya 5,4 faiz çoxdur. İstehsal olunan məhsulun 68,9 faizi buğda, 27,1 faizi arpa, 1,7 faizi qarğıdalı, 2,3 faizi digər taxıl bitkiləridir. İl ərzində digər bitkiçilik məhsulları istehsalı da çoxalıb. Təsərrüfatlarda 5831,1 ton kartof, 11 min 745,2 ton tərəvəz, 77,3 ton bostan məhsulları istehsal edilib. Ötən il, həmçinin təkrar əkindən 1832,7 ton tərəvəz istehsal edilib ki, onun da 41,3 tonu kələm, 314,1 tonu çuğundur, 1318,6 tonu yerkökü, 68,7 tonu sair tərəvəzlərdir.
Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri də bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub. Rayonda 1227,1 hektar meyvə bağları və 11,1 hektar üzümlüklər var. Meyvə bağlarının 1078,1 hektarı barverəndir. Ötən il 1.461.300 ədəd meyvə və 141.344 ədəd dekorativ bitki tingləri yetişdirilib, 46,5 hektar sahədə yeni meyvə bağları və giləmeyvəliklər salınıb. Onun 24,4 hektarı xurma, 12,1 hektarı fındıq, 5 hektarı alma, 2 hektarı ərik, 1,4 hektarı nar, 0,3 hektarı gilas, 0,3 hektarı alça bağları, 1 hektarı giləmeyvəlikdir. Ötən il rayon ərazisindəki bağlardan 8676 ton meyvə və giləmeyvə, 899,6 ton üzüm yığılıb. Həmçinin baramaçılığın inkişafını təmin etmək məqsədilə 3 hektar sahədə 30 min ədəd yeni çəkil bağı salınıb.
Ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi, pambığın keçmiş şöhrətinin qaytarılması istiqamətində görülən tədbirlər də öz bəhrəsini verib. 1035,1 hektar sahədə pambıq becərən tərtərli torpaq mülkiyyətçiləri 2325,5 ton məhsul tədarük ediblər. Əvvəlki illə müqayisədə pambıq əkini sahələri 88,2 faiz, məhsul istehsalı 2,6 dəfə, hər hektardan orta məhsuldarlıq 6,5 sentner çox olub.
Tərtər ölkəmizdə ən çox şəkər çuğunduru istehsal edən rayondur. Keçən il rayonda 1187 hektar sahədə şəkər çuğunduru becərilib, 56 min 872,1 ton məhsul istehsal edilib. Hər hektarın orta məhsuldarlığı 479 sentnerdir. Məhsul istehsalı ötən illə müqayisədə 31 min 286 ton, məhsuldarlıq isə 125,7 sentner və ya 35,6 faiz çoxdur.
Dövriyyədə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq rayonda 290,7 hektar sahədə təkrar əkin aparılıb ki, həmin sahələrdən də 290,8 ton dənli və dənli paxlalılar, 1832,7 ton müxtəlif növ tərəvəz, 9 ton yem üçün yaşıl kütlə istehsal edilib. Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları, o cümlədən dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayıb.
banner

Oxşar Xəbərlər