• cümə, 29 Mart, 04:43
  • Baku Bakı 7°C

Ötən il qayda pozan 11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb

24.01.18 11:35 475
Ötən il qayda pozan 11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb
Ötən il respublika ərazisində baş verən yol qəzalarında 750 nəfər ölüb.
APA-nın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov ötən ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirib.
Oqeyd edib ki, Dövlət Yol Polisi tərəfindən il ərzində 3,3 milyondan çox yol hərəkəti qayda pozuntusu, o cümlədən 9,4 minə yaxın nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi, 1,7 milyondan çox sürət həddinin aşılması, 140,5 min ötmə, manevr və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma qaydalarının pozulması, 135 minə yaxın yolayrıcını keçmə qaydalarının pozulması ilə bağlı fakt qeydə alınıb.
Qayda pozuntularına görə, 10 min 996 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb. Həmin inzibati xətaların 63,3 faizi xüsusi texniki vasitələrin köməyi ilə, qalanları isə "İ-patrul” sistemi vasitəsilə və əməkdaşlar tərəfindən aşkarlanıb.
Ramiz Zeynalov bildirib ki, son 5 ildə nəqliyyat vasitələrinin sayının ilbəil artmasına baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayı azalıb. Ötən il respublika ərazisində baş verən 1833 yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb ki, bu da 2016-cı illə müqayisədə hadisələrin 8,6, həlak olanların 1,2, xəsarət alanların isə 14,2 faiz azalması deməkdir.
O da qeyd olunub ki, yol polisinin əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində də fəal iştirak ediblər. Məlumat bazası ilə axtarışda olan 54 nəfər və 236 avtomobil saxlanılıb, polisin digər xidmətləri ilə birgə 40 kiloqramdan çox narkotik vasitə, 6 ədəd odlu silah aşkar edilərək istintaq orqanlarına verilib. Qeydiyyat-imtahan məntəqələrində avtonəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı axtarışda olan 27 şəxs və 9 avtomobil saxlanılıb, habelə 272 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Qaçırılmış və oğurlanmış 246 nəqliyyat vasitəsindən 227-nin "isti izlərlə” tapılması təmin edilib.
banner

Oxşar Xəbərlər