• cümə, 29 Mart, 15:12
  • Baku Bakı 14°C

“Ötən il 123 layihə həyata keçirilib”

19.01.17 20:46 1464
“Ötən il 123 layihə həyata keçirilib”
Dünən Trend İnformasiya Agentliyində "Gənclər üçün Təhsil Mərkəzi” 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatını təqdim etdi. Tədbiri giriş sözləri ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirdi ki, mərkəz ənənəvi olaraq, başa çatmış ildə gördüyü işlərə qiymət vermək, fəaliyyətində şəffaflığı təmin etmək, o cümlədən yeni ildə qarşıda duran vəzifələr barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə bu formatda toplantılar təşkil edir:
"Mərkəz əhatə dairəsini genişləndirmək məqsədilə 2016-cı il Azərbaycanın «Gənclər Paytaxtı» seçilmiş Şəmkir rayonunda da nümayəndəliyini yaradıb. Qeyd edim ki, mərkəz ötən il ərzində «2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası»nın prioritet istiqamətlərinə uyğun olaraq, ümumi sayı 123 olmaqla 35 iri və 88 kiçik miqyaslı layihə həyata keçirib. Sözügedən layihələrin maliyyələşdirilməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezident yanında Gənclər Fondu, Unicef Bakı Ofisi, Avropa İttifaqının «Gənclər fəaliyyətdə» proqramı və digər qurumlarla əməkdaşlıq etmişik. Layihələr Azərbaycanın 35-dən çox şəhər və rayonunda həyata keçirilərək, ümumilikdə 10 min nəfərdən çox insana təsir edib. Hesabat dövründə «Mültikulturalizm ili» çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında «Multikultural marafon» adlı kampaniya həyata keçirilib, Azərbaycan multikultural dəyərlərə əsərlərdən bəri mühüm yer verildiyi, ölkəmizin tolerantlıq ənənələri və mədəni dəyərləri təbliğ olunub. İl ərzində gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə ardıcıl iş aparılıb, müxtəlif tədbirlərə imza atılıb. Qanlı Yanvar, Xocalı soyqırımı, eyni zamanda Qarabağ münaqişəsi haqqında real faktların dünya ictimaiyyətinə çatdırılması məqsədilə sosial şəbəkələrdə 5 dildə (ingilis, rus, alman, fransız, türk) virtual aksiyalar təşkil olunub, təbliğat işi aparılıb. Göstərilənlərlə yanaşı, gənclər arasında Qarabağla bağlı silsilə intellektual bilik yarışları keçirilərək, 31 Mart Azərbaycanlıların Soyqırımı günündə yeniyetmə və gənclərin Quba məzarlığına yürüşü təşkil edilib”.
F.Həsənzadə qeyd etdi ki, mərkəz gənclərin rəqabətə davamlılığını təmin etmək və onların beynəlxalq aləmdə Azərbaycanın maraqlarını müdafiə etməsinə şərait yaratmaq məqsədilə beynəlxalq əməkdaşlığa daha da üstünlük verir: "Avropa Gənclər Klubları Konfederasiyasının tamhüquqlu üzvü olan Mərkəz vasitəsilə 50-yə qədər gənc müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. Avropa İttifaqının "Erasmus+” proqramı çərçivəsində də çoxlu sayda gənc müxtəlif təlim, konfrans və formullarda iştirak ediblər. Region gənclərinin məşğulluğunun artırılması, gənclər arasında peşə təhsilinin stimullaşdırılması məqsədilə regionlarda Peşə Təhsili üzrə Regional Xidməti və Karyera Planlama Xidməti fəaliyyət göstərib, həmçinin Quba rayonunda gənclər üçün Biznes Planlama Xidməti yaradılıb”.
Tədbirin sonunda icraçı direktor jurnalistlərin suallarını cavablayaraq, cari ildə həyata keçirilməsi planlanan layihələr haqqında məlumat verdi.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər