Təmin edilməyən müyəssərlik - Fotolar
Müstəqil Azərbaycanın hər
bir vətəndaşının hüquq və vəzifələri ilk növbədə Konstitusiya ilə tənzimlənir.
Əsas Qanunumuzun 24-cü maddəsində insan və vətəndaş hüquqlarının,
azadlıqlarının prinsipləri əks olunub. Qeyd edilib ki, hər kəsin doğulduğu
andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları var. Eyni
zamanda vurğulanıb ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa
şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir.Yəni,
hüquqlardan sui-istifadəyə yol verilmir. Bununla yanaşı, Konstitusiyanın 25-ci
maddəsində hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, kişi ilə qadının
eyni hüquq və azadlıqlarının olduğu vurğulanıb.
Bu mənada Azərbaycanda əlilliyi
olan vətəndaşlara da münasibət bərabərdir və əlillərin hüquqları digər
qanunlarla tənzimlənir. Xüsusən də "Əlilliyi olan şəxslərin hüquqları haqqında”
qanun əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların
hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir. Bu qanunun
"Əlilliyi olan şəxslər üçün müyəssərlik” adlı III fəslinin 12-ci maddəsi "Müyəssərlik
üçün şərait yaradılması”na həsr olunub. Burada qeyd olunub ki, dövlət əlilliyi
olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində
hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə
bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən
informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan
və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması
üçün zəruri tədbirlər görür.
Eynilə qanunun 13, 14, 15, 16 və 17-ci maddələrində
"İnfrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi zamanı əlilliyi
olan şəxslərin tələbatının nəzərə alınması”, "İnfrastruktur obyektlərinin
əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması”, "Yaşayış
binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması”, "Mədəniyyət
və idman obyektlərinin əlilliyi olan şəxslərə müyəssərliyinin təmin edilməsi”,
"İnfrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərə
müyəssər olmasına dövlət nəzarəti” kimi məsələlər öz əksini tapıb.
Düzdür, son illər "Bakubus”
MMC və digər sərnişindaşıma şirkətləri marşrut xətlərinə müasirtipli avtobuslar
buraxıblar. Həmin avtobuslarda əlilliyi olan şəxslər üçün müəyyən imkanlar var.
Eləcə də "Bakı Metropoliteni” QSC-nin yeni tikilən stansiyalarında əlil vətəndaşların
hərəkəti üçün şərait yaradılıb. Bakı Nəqliyyat Agentliyi tərəfindən isə Bakı
şəhərinin mərkəzindəki bəzi küçələrdə səkilər, bardürlər yenidən qurulub,
əlilliyi olan vətəndaşların səkiyə qalxıb düşməsi, ümumiyyətlə sərbəst hərəkəti
üçün şərait yaradılıb. Lakin bütün bunlar yetərli deyil. Təəssüflər olsun ki, qanunun
müvafiq bəndlərində əks olunan tələblərin hamısı yerinə yetirilmir. Nəticədə
əlilliyi olan şəxslərin, o cümlədən hərəkət etmə, görmə məhdudiyyəti olan vətəndaşların
ictimai yerlərdə, çoxmərtəbəli binalarda, idarə və müəssisələrdə sərbəst
hərəkəti qeyri-mümkün olur.
Misal üçün, bu günlərdə bir
təqdimat mərasimində iştirak edirdim. Təqdimatın keçirildiyi ünvan Bakı
şəhərinin mərkəzində - son illərin quruculuq nişanəsi sayılan "Qış parkının”
yaxınlığında idi. Həmin ərazidə Füzuli küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə,
həmçinin "Qış parkı”na keçmək üçün yeraltı keçid var. Bu yeraltı keçiddə görmə,
yerimə məhdudiyyəti olan vətəndaşların sərbəst hərəkəti üçün şərait yoxdur. Belə
ki, yeraltı keçidin giriş və çıxışında pilləkənlər və günün hər hansı vaxtında
işlədiyinə rast gəlmədiyimiz eskalatorlar quraşdırılıb.
Həmin pilləkən və eskalatordan
keçidə enəndə içəridə daha bir pilləkənlə rastlaşırıq. Hansı ki, əlil
arabasında olan, yaxud görmə məhdudiyyətli istənilən vətəndaş üçün bu
pilləkənlər, eskalatorlar keçilməz sədlərdir. Düzdür, həmin ərazidə başqa bir
yeraltı keçiddə əlil və uşaq arabasının hərəkəti üçün panduslar quraşdırılıb.
Ancaq bu panduslarda da maililik, hündürlük o səviyyədədir ki, əlilliyi olan
şəxslərin oradan da istifadəsi qeyri-mümkündür.
Əgər biz ətrafımıza baxsaq,
eyni mənzərəni, yəni şəraitsizliyi köhnə və yeni tikilən çoxmərtəbəli
binalarda, ali və orta məktəblərdə, idarə və müəssisələrdə də görə bilərik. Bu,
qanunun tələblərinin tam yerinə yetirilməməsi, əlilliyi olan şəxslərin bir
vətəndaş kimi hüquqlarının pozulmasıdır.
Mövzu ilə bağlı fikirlərini
"Kaspi”yə bölüşən Milli Məclisin Əmək və
sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva cari ilin may ayında
parlamentdə "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun qəbul
olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, qanun layihəsi hələ Milli Məclisin
müvafiq komitəsində müzakirə olunarkən əlillərlə işləyən qeyri-hökumət
təşkilatları da prosesə cəlb olunub, onların iradları, təklifləri, fikirləri
öyrənilib: "Müzakirələrdə iştirak edən QHT təmsilçiləri əlilliyi olan şəxslərlə
bağlı narahatedici məqamları, irad və təkliflərini səsləndirdilər. Müzakirələrdə
əlillərin sərbəst hərəkəti, nəqliyyatdan istifadəsi üçün şəraitin yaradılması
və bundan irəli gələn digər məsələlər də diqqətə çatdırıldı. Vətəndaş
cəmiyyətinin, əlil vətəndaşlarımızın da fikir və təklifləri nəzərə alınmaqla
qanunvericiliyə dəyişiklik edildi. Ümumən müzakirələr, səsləndirilən fikirlər
bir daha təsdiq edir ki, Azərbaycanda əlilliyi olan şəxslərə dövlətin böyük
qayğısı var. Bu qəbildən olan insanlar digər vətəndaşlarımız kimi dövlətin
diqqətini öz üzərlərində hiss edirlər. "Əlilliyi olan şəxslərin hüquqları
haqqında” qanunun qəbul olunması da bu diqqət və qayğının daha bir nümunəsidir.
Əgər Bakıda kiçik bir gəzintiyə çıxsaq, son illər şəhər infrastrukturunda
əlilliyi olan şəxslər nəzərə alınmaqla bir sıra dəyişikliklərin həyata
keçirildiyini müşahidə edə bilərik. Bir sıra idarə və müəssisələrdə, hətta
Milli Məclisin binasında da əlilliyi olan şəxslər nəzərə alınaraq xüsusi
panduslar quraşdırılıb. Təbii ki, bütün problemlər birdən-birə aradan qalxmır.
Zamanla özünü göstərən digər çatışmazlıqlar da aradan qaldırılacaq. Bu
istiqamətdə böyük iş gedir”.
Əlil
Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli də bildirib
ki, ətraf mühitin əlilliyi olan insanlar üçün uyğunlaşdırılması, onların
sərbəst həyatının təmin olunması əsas şərtlərdən biridir. Onun sözlərinə görə,
bu şərtlər və tələblər həm beynəlxalq, həm də yerli qanunvericilikdə öz əksini
tapıb: "Azərbaycan 2008-ci ildə BMT-nin "Əlillərin hüquqları haqqında”
Konvensiyaya qoşulub. Həmin Konvensiyanın "İstifadə imkanları” adlı 9-cu maddəsi
bilavasitə əlillərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində
hərtərəfli iştirak etmək imkanının yaradılmasına həsr olunub. Bu Konvensiyaya
qoşulan dövlətlər əlilliyi olan şəxslərin, digər vətəndaşlarla bərabər
səviyyədə, fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən
informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, habelə həm şəhər,
həm də kənd rayonlarında əhaliyə açıq olan və ya ona təqdim olunan digər obyekt
və xidmətlərdən istifadəsini təmin etməli, bu istiqamətdə zəruri tədbirlər
görməlidirlər. Azərbaycan dövləti də Konvensiyaya qoşulmaqla belə bir öhdəliyi
üzərinə götürüb. Əlilliyi olan vətəndaşlarımızla əlaqəli Azərbaycanda da bir
sıra qanunlar qəbul olunub. Həmin qanunlarda da həm universal dizayn, ətraf
mühitin əlillərə uyğunlaşdırılması, müyəssərlik və sair bu kimi məsələlər öz
əksini tapıb. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
sosial sifarişi əsasında Əlil Təşkilatları İttifaqı tərəfindən ətraf mühitin
əlilliyi olan insanlara uyğunlaşdırılması, müyəssərliyin təmin olunması üçün
qaydalar hazırlanıb. Müyəssərliyin hansı formada olmasını özündə göstərən bu
qaydalar təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Ən nəhayət,
"Şəhərsalma və Tikinti Məcəlləsi”nin 57-ci maddəsinin 57.2.7 bəndində
göstərilib ki, ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektləri
əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin istifadəsi ilə bağlı
zəruri infrastruktura malik olmalıdır. Bütün bunları sadalamaqla qeyd etmək
istəyirəm ki, məsələnin qanunvericilik tərəfi həllini tapıb. Lakin real işə
gəldikdə bəzi problemlər hələ də özünü göstərməkdədir”.
ƏTİ prezidenti deyib ki,
ətraf mühitin əlilliyi olan şəxslərə uyğunlaşdırılması zamanı bütün növ
əlilliyi olan şəxslər nəzərə alınmalıdır. Onun fikrincə, 10-15 il bundan öncə
qeyd edilən sahədə yalnız epizodik işlər görülməyə başlanılıb: "Yeraltı
keçidlərdə, bəzi binaların qarşısında müəyyən işlər görüldü, panduslar, bahalı
qurğular quraşdırıldı. Təəssüf ki, bu işlər standartlara uyğun şəkildə həyata
keçirilmədi. Həmin vasitələrdən əlilliyi olan şəxslər sərbəst şəkildə istifadə
edə bilmirlər. Sanki görüntü xətrinə, "üzərimizə düşən öhdəliyi yerinə
yetirdik” demək üçün iş görüldü. Əlilliyi olan vətəndaşı bir kənara qoysaq,
əliuşaqlı, fiziki sağlamlığı tam yerində olan bir qadın uşaq arabası ilə o
panduslardan istifadə edə, yeraltı keçidə rahatlıqla enib qalxa bilməz. Hələ
mən onu demirəm ki, şəhərin mərkəzində bir çox yeraltı keçidlərdə quraşdırılan
eskalatorlar da işləmir. Bundan başqa, əlilliyi olan şəxslər üçün baha qiymətə
xaricdən alınıb yeraltı keçidlərdə quraşdırılan bir sıra qurğular da
fəaliyyətsizdir. Əlillər onlardan istifadə qaydalarını belə bilmirlər. Görmə
məhdudiyyəti olan vətəndaşların şəhərdə rahat hərəkəti üçün də şərait yoxdur.
Səsli işıqforların quraşdırılmasına, xüsusi hərəkət zolaqlarının olmasına böyük
ehtiyac var. Bakı Nəqliyyat Agentliyinin, ASAN Xidmət Mərkəzlərinin əlilliyi
olan şəxsləri nəzərə alaraq gördüyü işlər təqdirəlayiqdir. Amma ümumilikdə
götürsək ətraf mühitin əlilliyi olan şəxslərə uyğunlaşdırılması, onların evdən
işə, gəzməyə və sairə sərbəst gedib qayıtmaları üçün kompleks tədbirlər həyata
keçirilməlidir”.
Azərbaycan
Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova da bizimlə
söhbətində qeyd edib ki, əlilliyi olan şəxslərin, o cümlədən görmə
məhdudiyyətli insanların Bakı şəhərində, xüsusən də ictimai nəqliyyatda sərbəst
hərəkəti qeyri-mümkündür. O, bununla bağlı müvafiq qurumlara təşkilat adından
çoxsaylı müraciətlər edildiyini dilə gətirib: "İndiyə qədər olunan müraciətlər
nəzərə alınaraq, metronun yeni tikilən stansiyalarında gözdən əlillərin
hərəkəti üçün xüsusi sarı zolaqlar yaradılıb, istiqamətverici xətlər çəkilib.
Qatarların hərəkət istiqamətlərini göstərən yazıların iri hərflərlə müxtəlif
rənglərdə yazılması da müsbət haldır. Gözdən əlillər üçün bu böyük əhəmiyyət
daşıyır. Sözsüz ki, çatışmayan cəhətlər də çoxdur. Gözdən əlillər üçün
stansiyaların xəritəsi müfəssəl surətdə işlənməyib, yerdəki sarı
zolaqlar-xətlər sona qədər aparılmayıb. Həmin xətlərin bir qismində yarımçıqlıq
var, bir qismi isə səhv quraşdırılıb. İstərdik ki, bu kimi işlər görülən zaman
müvafiq qeyri-hökumət təşkilatlarının da tövsiyələri nəzərə alınsın, fikirləri
dinlənilsin. Yeni, müasir sərnişin avtobuslarında dayanacaqların səslə
xatırladılması var. Amma bəzən sürücülər tərəfindən o səsli xatırlatma
söndürülür ki, bu da gözdən əlillərə problemlər yaşadır. Dayanacaqlarda naviqasiya
sistemi də gözdən əlillər üçün uyğunlaşdırılmayıb. Gözdən əlillər hansı
avtobusun dayanacağa yaxınlaşdığını bilmirlər. Halbuki, inkişaf etmiş bir çox
ölkələrdə gözdən əlillər mobil telefon vasitəsilə həmin naviqasiya sisteminə
qoşulur, dayanacağa yaxınlaşan avtobusun nömrəsini, yaxud hansı marşrutun hansı
istiqamət üzrə hərəkət etdiyini bilirlər. Bakı şəhərində müasir səsli
işıqforların quraşdırılmasına böyük ehtiyac var. Bir-iki ünvanda quraşdırılan
bu tipli işıqforlar düzgün işləmir, səs qarışır, çaşqınlıq yaradır. Nəticədə
gözdən əlillərin hərəkəti yenə də məhdudlaşır. Son illər bardurlərdə
dikdirlərin aşağı salınmasını müsbət hal kimi dəyərləndirmək olar. Ancaq bu
proses də bütün küçə və prospektləri əhatə etmir, yaxud qurulanlar da gözdən
əlillər üçün düzgün istiqamətverici rol oynaya bilmir”.
Rufik
İSMAYILOV
Yazı 10 dekabr - Beynəlxalq
İnsan Hüquqları Günü münasibətilə Ombudsmanın "Hüquqlar – hamı üçün!”
mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir