“Təməlində sevgi var” şüarı ilə əlavə dərs vəsaitləri hazırlayan oğlan
27 yaşı
var, yəni hələ gəncdir. Bizdə, adətən,
dərslik və dərs vəsaitlərini daha çox yaşlı adamların hazırlamasını lazım
bilirlər, ancaq o, gənc yaşda bu məsuliyyəti də üzərinə götürüb. Çətin olsa da,
bu işin öhdəsindən gəlmək üçün çalışır, araşdırmalar aparır. Müsahibimiz "Çinar Yayımları”nın icraçı direktoru Bəhram
Orucludur.
- Bəhram bəy, uşaqlar üçün əlavə dərs vəsaitləri
hazırlamağa necə başladınız? Sizdə bu maraq necə yarandı?
- Bu işə
başlamamışdan əvvəl tədris mərkəzlərində çalışırdım, məntiq, riyaziyyatla bağlı
şagirdlərə dərs keçirdim. Həmin mərkəzlərdə ibtidai siniflər üçün sınaq
imtahanı keçirilirdi, bununla uşaqların biliyi yoxlanılırdı. İşin içində idim və
bu sınaq imtahanlarında olan sualların keyfiyyətsizliyini, necə gəldi sual tərtib
edildiyini müşahidə edirdim. Buna görə, ibtidai siniflərin sınaq imtahanları
üçün riyaziyyat və məntiqdən suallar hazırlamaq qərarına gəldim. Hazırladığım
sualların səviyyəsi həm şagirdlər, həm də valideynlər tərəfindən bəyənildi.
Eyni zamanda bu işi görəndə, bu sahədə peşəkar olan ibtidai sinif müəllimləri
ilə görüşürdüm, təklif və rəylərini öyrənirdim. Artıq həmin müəllimlərlə müəyyən
əlaqəmiz də yaranmışdı. Bir gün 272 nömrəli məktəbin
müəllimi Sevil Qulubəyova mənə dedi ki, qabiliyyətin var, tərtib etdiyin
suallar da yaxşıdır, niyə bu bacarığını kitaba çevirməyəsən? Müəllimin bu fikri
məni silkələdi və bu barədə düşünməyə başladım. Əlavə dərs vəsaiti hazırlamağın
heç də asan proses olmadığını bilirdim, amma 2015-ci ildə onun təkidi ilə bu
sahədə işləməyə, araşdırmalar aparmağa başladım.
- Araşdırmanız nədən ibarət oldu?
- Təhsilin
önəmli məqsədlərindən biri uşaqları "həqiqi həyata” hazırlamaqdır. Onlarla əlavə
dərs vəsaiti kitabı var. Lakin biz bunu unutmamalıyıq ki, təhsil yalnız bir
kitab və sınaq imtahanından ibarət deyil. Şagirdlərə bu istiqamətdə dərs verdiyim üçün onların harada büdrədiyini, hansı vəsaitlərə ehtiyaclarının olduğunu müəyyən
qədər bilirdim. Ancaq yenə də kitab layihələri hazırlamağa başlamamışdan əvvəl
digər ölkələrin də dərsliklərini araşdırmağın lazım olduğunu düşündüm və təhsil
sistemi bizə yaxın olan xarici ölkələrə yollandım. 2015-ci ilin yayında xaricdə
30-a yaxın nəşriyyatda görüşlərim oldu, proseslə tanış oldum. Əlbəttə ki, bu iş
təkcə ölkələri gəzməklə olmurdu. Dərslik müəlliflərimizi axtarmağa başladım və
onların təcrübələrindən yararlandım. Kitablar hazırlanan ərəfədə gecə-gündüz
araşdırma aparırdım. Köhnə dərsliklərimizi, milli kurikulumun strukturunu, müəllimlər
üçün metodik vəsaiti, ibtidai sinif dərsliklərinin standartlarını,
testologiyanı hər gün araşdırırdım. 2015-ci ildə təməli qoyulan işin nəticəsində,
2 ildən sonra - 2017-ci ildə 12 kitab çap edildi. 1-2-3-4-cü siniflərin hər
biri üçün riyaziyyat, məntiq və azərbaycan dili üzrə əlavə dərs vəsaiti olan
kitablarımız nəşr olundu. Riyaziyyat və məntiq vəsaitlərinin hazırlanmasında mənimlə
yanaşı, həmmüəlliflər də var idi, azərbaycan dilini isə digər müəlliflər
hazırladı.
- 2015-ci ildə 23 yaşınız var idi. Bizdə, adətən, dərslik
və dərs vəsaitlərini daha çox yaşlı adamların hazırlamasını lazım bilirlər,
onların təcrübəsinin çox olduğunu əsas gətirirlər. 23 yaşda bu işin məsuliyyətini
üzərinizə götürmək çətin gəlmirdi?
- Əlbəttə
ki, çox çətin idi. Səmimi münasibətim olan bəzi müəllimlər deyirdilər ki, bizdə
belə bir psixologiya var ki, kitabı alarkən, birinci müəllifinə, onun nə dərəcədə
tanınmış olmasına baxırıq, sizi bu sahədə tanımırlar. Bunun fərqində idim.
Lakin mən söz verdim ki, yeniliklərimlə bu sahədə özümü isbat edəcəyəm. Dərsliyin
vəzifəsi şagirdə qaydaları, anlayışları, tərifləri əzbərlətməkdən ibarət
olmayıb, onlarda müstəqil düşünmə, tənqidi təfəkkürü inkişaf etdirməkdir. Bu
baxımdan ibtidai siniflər üçün hazırladığımız vəsaitlərdə sual və çalışma
modelləri düşündürücü, fənlərarası inteqrasiya olmalı, tərtibat və dizayn
baxımından digərlərindən seçilməli idi. Şükürlər olsun ki, biz bunu bir "Çinar Yayımları”
ailəsi olaraq bacardıq. Biz daim yenilikləri izləyirik, kitablarımızın bu qədər
sevilməsinin səbəbi budur. Digər tərəfdən, bizim kitablarda şablon suallara
rast gələ bilməzsiniz. Suallarımızın hamısı düşündürücü, məntiq yönümlü,
inteqrasiyalıdır. Bizim kitablarla işləyən ibtidai sinif müəllimləri ilə söhbətləşsəniz,
sualların şagirdlər üçün çox faydalı olduğunu deyəcəklər. Çünki biz kitab
hazırlayarkən bütün şagirdlərin eyni bilik səviyyəsində olmadığını nəzərə
alırıq. Buna görə də, kitablarımızdakı sualları asan, orta və çətin olmaqla 3 səviyyəyə
ayırmışıq. Bu baxımdan kitabdakı yeniliklər, sualların keyfiyyəti bizi irəli
apardı. Kitab valideynlər, müəllimlər tərəfindən qəbul olundu və müəllifin yaşı
ilə bağlı olan məsələlər də gündəmdən düşməyə başladı.
- Suallarınızın çətinliyi hansı səviyyədədir? Çünki
dünya təcrübəsi ibtidai siniflərdə şagirdləri çox çətinə salmamağın tərəfindədir.
-
Ümumiyyətlə, tədris prosesində sualların səviyyəsi və şagird biliyinin düzgün şəkildə
ölçülməsi ən aktual məsələlərdəndir. Bu proses hər ölkədə müxtəlif şəkildə
aparılır və hər ölkənin də özünə xas qiymətləndirmə mexanizmləri var. Məsələn təhsilin
ən inkişaf etdiyi ölkələrdən olan Finlandiya ibtidai təhsil prosesi şagirdi çətinə
salmamaq və qiymətləndirmə aparmamaq üzərində qurulsa da, Sinqapurda ibtidai təhsil
proqramı, testlərin səviyyəsi və qiymətləndirmə prosesi şagirdlər üçün olduqca
ağırdır. Hətta bu ölkədə əksər ailələr övladını 3-4 yaşından repetitorlara yönləndirir. Biz isə beynəlxalq təcrübə ilə yanaşı,
suallarımızı Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin meyarlarını baza qəbul
edərək tərtib edirik. Təhsil Nazirliyinin qiymətləndirmə strategiyasında yeni
yanaşması bundan ibarətdir ki, 12-15-20 suallıq yeni qiymətləndirmə meyarları tətbiq
olunsun və bu sualların içindən çətin səviyyəli olanlara xüsusi olaraq yuxarı
bal verilsin. Biz də sual hazırlayarkən bunu nəzərə alırıq. Əgər 12-15 suallıq
test tərtib ediriksə, bir neçəsini çətin veririk ki, həmin sinifdə olan
istedadlı şagirdlərin də inkişafına dəstək ola bilək. Bu baxımdan
kitablarımızda çətin suallara rast gəlinməsi
normal haldır.
- İşə başlamaq üçün lazım olan maliyyədən, əldə
edilən gəlirdən danışaq.
- Təbii
ki, işə başlayanda əlimdə müəyyən qədər maliyyə var idi, amma bu işi görmək
üçün kifayət etmirdi. Dost-tanış sayəsində maliyyə məsələsini həll etdik, işlərimizi
gördük. Gəlirə gəlincə, heç vaxt bu işdə pulu düşünmədim. Bizim şüarımız "Təməlində
sevgi var”dır. Biz işimizə sevgi ilə yanaşırıq. Təhsil elə bir sahədir ki, siz
burada öncə gəliri düşünəcəksinizsə, işiniz uğurlu olmayacaq. Bu iş fədakar
insanların işidir.
- Sizin
kitablarınız yalnız testlərdən ibarətdir?
- Testlərlə
yanaşı, çalışma kitablarımız da artıq nəşr olunub. Uşaq ədəbiyyatı sahəsində də
işlər gedir.
- Bu, əlavə dərs vəsaitidir, yəni istəyən alıb
istifadə edir. Ona görə, düşünürəm ki, işin həm də bir reklamı olmalıdır. Bu cəhətdən
hansısa iş aparılırmı?
-
Kitablarla bağlı animasiya reklamlarımız hazırlanıb, sosial şəbəkə səhifələrimizdə
paylaşılıb. Təbii ki, reklama müəyyən qədər büdcə ayırmaq lazımdır, amma mənə
görə, keyfiyyətli işin reklama ehtiyacı yoxdur. Bizi reklam edən, kitablarımıza
bələd olan şagirdlərin valideynləri, keyfiyyətli işə dəyər verən müəllimlərdir.
Əlbəttə, mən də dayanmıram, vaxt olduqca tədris müəssisələrinə baş çəkirəm, müəllimlərin
fikrini öyrənirəm. Bizi reklam yox, işimizin keyfiyyəti tanıtdı.
Məsələn,
biz hər ay Türkiyənin "Okulistik” təhsil şirkəti ilə bir yerdə ibtidai siniflər
üçün sınaq imtahanı keçiririk. Bu imtahanlarda dünya təcrübəsindəki ən son
yenilikləri tətbiq edirik. Sonuncu imtahanımız bir neçə gün əvvəl oldu. Hər
şagird üçün ayrıca panelin olması, imtahanın içərisindəki funksionallıq
imtahanı valideynlərə, şagirdlərə sevdirdi. İmtahanın nəticəsi çıxanda cavab
kağızının onlayn qrafik təsvirindən tutmuş, şagirdin hər mövzuda bilik səviyyəsinə
qədər, bir-bir platformada bildiririk. Məsələn, bu şagird riyaziyyatın filan
mövzusundan zəifdir. Valideyn də o statistikanı əlinə alır və müəllimlə bir
yerdə uşağın zəif olduğu istiqamətdə işləyə bilir. Heç bir təhsil müəssisəsi
bunu etmir.
- Subaysınız, övladınız yoxdur. Bəs kitaba valideyn
gözü ilə baxa bilirsiniz?
- (Gülür)
Ümumiyyətlə, uşaqlarla işləmək maraqlıdır, onlar üçün iş görmək zövqlüdür.
Valideyn gözü ilə baxmaq üçün valideynlərlə çox ünsiyyətdə olmağa çalışıram.
Onlarla isə əsasən sınaq imtahanlarımızda təmasda oluruq. Valideynlərin fikrini
öyrənirik, kitablarla bağlı hər hansı bir səhv görüb-görmədiklərini, təkliflərini
öyrənirik. Düzdür, hər işin 100 faiz hər kəs tərəfindən bəyənilməsi çətin məsələdir.
İradlar da olur, bəzən valideyn zəng vurur ki, bu kitabda şəkil, yaxud rəng
çoxdur. Və təklifləri mütləq nəzərdən keçiririk. Kitab işi elədir ki, yeniliyi
mütləq tətbiq etməlisən. Təəssüf ki, satılan kitabların əksəriyyətində yenilənmə
getmir. Əgər bu gün Təhsil Nazirliyi 2-ci sinif dərsliyində hər hansı mövzunu dəyişibsə,
yaxud kitabın sonunda olan mövzunu əvvələ keçirilibsə, biz mütləq onu əlavə dərs
vəsaitimizdə düzəltməliyik ki, müəllim üçün rahat olsun. Düzdür, bu, ayrıca
maliyyə tələb edir, amma "təki pul gəlsin” deyib köhnə qaydada işləməklə də irəli
getmək olmaz.
- Müəllim və valideynlərin fikrini öyrənirsiniz, bəs
uşaqlar?
- Əslində,
bunu özüm qeyd edəcəkdim, siz sual verdiniz (gülür). Çox vaxt vəsait yayıma
buraxılmamışdan əvvəl, şagirdlərə onun müəyyən hissəsini təqdim edirik, oxuyub
işləmək üçün müəyyən vaxt veririk. Hansısa mövzuda, suallarda problem varsa,
bir də onların gözü ilə baxırıq. Sualın qoyuluşunu şagird tam anlaya bilirmi? Vəsaitin
tərtibat və dizaynını bəyənirmi? Bəzən müəllifin, redaktorun görmədiyi səhvi
şagird tutur. Bu, önəmli nüansdır. Bu baxımdan, bir vəsaitin hazırlanması
olduqca çətin prosesdir.
- Animasiyalar da hazırlamağa başlayıbsınız. Bir az
da bu haqda məlumat verin...
- Biz
kitabla kifayətlənmək fikrində deyilik, bu yaxınlarda "Sultan” animasiya
studiyası ilə bir yerdə "Uşaq və buz” və "Aydanın rəsmi” adlı iki animasiya
filmi hazırladıq. Həmin filmlər məktəbəqədər uşaqlar və birinci sinif şagirdləri
üçün nəzərdə tutulub. Hazırda öz şirkətimizin nəzdində "Çinar” animasiya
studiyası da qurulma ərəfəsindədir. Senaristlər, animatorlar bizimlə əməkdaşlıq
edə bilərlər. Məqsədimiz tədrisyönümlü animasiyaların hazırlanmasıdır. Bir çox
fənlərin tədrisində müəllimlərimiz əziyyət çəkirlər. Şagirdlərə dərsi maraqlı
etmək üçün təqdimatlar hazırlamaq müəllimlər üçün çox əziyyətli və vaxt aparan
işdir. Bunları düşünərək artıq yavaş-yavaş tədrisyönümlü animasiyaların
hazırlanmasına başlamışıq. Yolumuz uzundur, 2-3 il vaxtımızı alacaq, amma əminəm
ki, nəticədə çox faydalı tədris resursları
əldə olunacaq.
- İş uğurlu alınanda, adam daha çox yeniliklər etmək
istəyir. Maraqlıdır, planda daha nələr var?
-
Ümumiyyətlə, şirkətimiz daima
inkişaf etmiş ölkələrin təhsil sahəsindəki yeniliklərini öyrənir və bu
innovasiyaların ölkəmizdə tətbiqi ilə də məşğul olur. Son bir il ərzində tərəfimizdən
iki mobil tətbiq istifadəyə verilmişdir. Bunlar "Texno Çinar” və "Çinar ATOM”
(Ağıllı Test Oxuma Modulu) mobil tətbiqidir. "Texno Çinar” mobil tətbiqi
istifadəçilərinə imkan verir ki, onlar bizim nəşriyyata aid test kitablarındakı
sualların həllini izləyə bilsin. Bu da valideynlərimiz tərəfindən böyük rəğbətlə
qarşılaıb. Çünki onlar artıq müəllimin köməyinə ehtiyac duymadan da öz
övladlarına sualları başa sala bilirlər. "Çinar ATOM” mobil tətbiqi isə test
cavablarını vaxt itirmədən yoxlamağa imkan verir. Belə ki şagirdlərimiz xüsusi
hazırlanmış cavab kağızına öz cavablarını qeyd edərək, mobil telefonda tətbiqə
daxil olub mövcud cavab kağızının şəklini çəkməklə həmin an cavab əldə edirlər.
Həmçinin, bu tətbiq şagird barədə statistika məlumatları da təqdim edə bilir.
Adı çəkilən tətbiqlərdə hazırda təkmilləşdirə işləri gedir. Yeni tədris ilindən
mobil tətbiqlər daha mükəmməl şəkildə istifadəçilərin ixtiyarına veriləcək.
- Bəs yuxarı sinif şagirdləri üçün vəsaitlər
olacaq?
- Hələ
ki, məktəbəqədər və ibtidai sinif şagirdləri üçün vəsaitlərin hazırlanma
prosesi davam edir. Bu sahədə planlaşdırılan vəsaitlərin tam tərtibindən sonra
yuxarı siniflər şagirdləri üçün də layihələndirilən işlərimizin icrasına
başlayacağıq.
Aygün
Asimqızı