• cümə axşamı, 25 aprel, 11:11
  • Baku Bakı 14°C

Televiziyaların «killer» proqramları

17.12.14 11:25 1341
Televiziyaların «killer» proqramları
Bu günlərdə yaxın qohumumuz rəhmətə getdi. 72 yaşlı mərhumə qaraciyər serrozundan əziyyət çəkirdi. Lakin həkim onun hələ bir neçə ay, bəlkə də 1 ildən çox yaşayacağını demişdi. Düzü, xəstə özü də gümrah idi, normal yeyir-içir, gəzirdi. Ölümündən təxminən bir həftə - 10 gün əvvəl otağından televizorun götürülməsini istədi. Səhərdən-axşama qədər televiziya izləyən bir adamın birdən-birə bunu istəməsi təbii ki, bizim marağımıza səbəb oldu. Rəhmətlik bircə kəlmə “Elgizin verilişində gördüyüm məni elə stressə saldı ki, bundan sonra çətin yaşayam” dedi. Verilişdə nə gördüyünü isə demədi. Qeyd edim ki, qohumumuzun bir oğlu gənc yaşlarında rəhmətə gedib, bir oğlu isə yenə gənc yaşlarından Rusiyaya gedib və orada qalıb. Lakin orada qalmasına səbəb heç də ailəsinə qarşı soyuqluğu deyil, illər öncə şaxtaya düşən gənc donvurmadan ayaqlarını itirib və indi qayıdıb ailəsinə yük olmaq istəmir. 20 ildən çoxdur Rusiyada əlillər evində yaşayır.
Təəssüflə qeyd etməliyik ki, iki oğul faciəsi görmüş bir anaya mənəvi-psixoloji sarsıntı yaradacaq mövzuları, hadisələri işıqlandıran verilişlər Azərbaycan efirində kifayət qədərdir. Az qala, günün böyük bir hissəsində efiri bu cür verilişlər “bəzəyir”.
Bu hallar tənqid olunduqca sanki artır. Hətta aparıcılar, veriliş müəllifləri özlərinə cəmiyyətdə neqativ halların olmasını, digər ölkələrdə, məsələn, Azərbaycan izləyicisinin daha çox üz tutduğu Rusiya, Türkiyə kanallarında da belə verilişlərin yayımlanmasını əsas gətirərək haqq qazandırmağa çalışırlar. Lakin bu zaman onlar bəzi məsələləri unudurlar ki, bu məsələlərə sosioloq Əhməd Qəşəmoğlu və tibb elmləri doktoru Adil Qeybullar ilə söhbətdə aydınlıq gətirməyə çalışdıq.
Ə.Qəşəmoğlunun sözlərinə görə, “Kaspi” qəzeti tərəfindən toxunulan bu mövzu olduqca vacib məsələdir: “Siz fikir versəniz, görərsiniz ki, mən o tip verilişlərin birinə də çıxmamışam. Dəfələrlə dəvət ediblər, amma orada iştirakı məqbul saymamışam. Çünki onları mən ziyanlı sayıram. İnsanların əsəbləri onsuz da gərgindir. Siz bir fakt qeyd etdiniz, mənim xalamın yoldaşı da o cür verilişlərə baxıb əsəbləşmişdi, beyninə qan sızmışdı, bir günün içində öldü. Maraqlansanız, inanın ki, yüzlərlə belə fakt eşidəcəksiniz. O verilişlər bir texnologiyadır. Xaricdən də həvəsləndirirlər, özümüzdə də buna maraq var. Belə verilişlərlə maraqlanan, onlara həvəs göstərən müəyyən bir təbəqədir. Əksər insanlar belə verilişləri ziyanlı sayırlar.
Hesab edirəm ki, bu gün cəmiyyətdə gərginliyi artıran bu cür verilişlərin də, digər proseslərin də qarşısını almaq lazımdır. İndi cəmiyyət çox gərgin durumdadır. Görürsünüz, günü gündən ailə zəminində qətllər də çoxalır. Belə məsələlər həmişə olub. Amma bunlar haqda danışmağın müxtəlif modelləri var, necə gəldi təqdim etmək olmaz. Təbii ki, bu hadisələrə göz yummaq da olmaz, amma bu o demək deyil ki, ictimailəşdirmək, hər gün insanların gözünə soxmaq lazımdır. Bununla xüsusi orqanlar daha ciddi məşğul olmalıdır, hadisələr arxa planda saxlanmalıdır. Onların müəyyən nəticələri haqda televiziyada söhbət gedə bilər. Bilirsiniz, mən o verilişlərin bəzi təşkilatçıları ilə söhbət etmişəm. Onlar deyirlər ki, biz cəmiyyətdə olanları göstərməliyik. Amma onlar bəzəyirlər faktları. Mənim tələbələrimdən biri o verilişlərdən birinə çıxmaq istəyib, deyiblər ki, ağlamalısan. Bu isə gənc xanımdır, bildirib ki, utanır bunu etməyə, cavab veriblər ki, verilişin formatı belədir, başqa cür biz sənə kömək edə bilmərik. Bu, o deməkdir ki, reallıqda olanları orada ssenariləşdirir, daha faciəvi, daha əsəbiləşdirici durum yaradırlar. Ona görə də konkret olaraq bildirirəm ki, o verilişlərin efirə getməsi düzgün deyil. Cəmiyyətdə bu hallar var deyə onu ictimailəşdirmək olmaz. Ona qalsa biz bədənimizə paltar geyməyək, deyək ki, orqanlarımız var da, niyə gizlədirik? Bunun bir sosial-psixoloji tərəfi var. Cəmiyyətdə bu halların olmamasına qarşı mübarizə aparmalıyıq, bunu isə başqa yollarla etməliyik. Hər şeyi olduğu kimi, hətta bəzəyib-düzəyib daha da dərinləşdirib ictimailəşdirmək əlbəttə, insan ölümünə, müxtəlif xəstəliklərin yaranmasına, insanların əsəblərinin pozulmasına səbəb olur. Üstəlik və ən əsası, eybəcər halları, dəhşətli hadisələri cəmiyyət üçün adiləşdirir bu verilişlər. Dediyim kimi, buna qarşı əksinə, mübarizə aparmalıdır. Arxa planda müzakirələr aparılmalı, buna qarşı atılan addımlar ictimailəşdirilməlidir. Elə adamlar var ki, neqativ hadisələrdən impuls alır, təkrarlamağa çalışır. Məsələn, bəzi filmlərdən ilham alaraq oradakı hadisələri təkrarlayanların olması faktlarla sübut olunub. Cəmiyyətdə elə psixoloji tiplər var ki, efirdə gördükdə həvəslənirlər o hərəkətləri etməyə”.
Başqa ölkələrin kanallarında bu cür verilişlərin olmasının arqument kimi gətirilməsinə gəlincə, hömsöhbətimiz bildirdi ki, başqa ölkələrdə bu verilişlərin olması o demək deyil ki, bu yaxşı işdir: “Onlar da səhv edirlər. Amma buna baxmayaraq, mən deyə bilərəm ki, bizimkilərin daha çox müraciət etdiyi Rusiya, Türkiyə kanallarında bu verilişlər başqa cür hazırlanır, bizdəki qədər bayağılaşdırılıb, adiləşdirilmir. Elə götürək evlənmə verilişini. Mən sosioloq kimi Türkiyədəki verilişə bir neçə dəfə baxdım, çox yüksək səviyyədə, mədəni formada hazırlanırdı. Bizdə isə çox şit forması hazırlanırdı, yaxşı ki, yığışdırdılar. Digər bir yandan, hər bir ölkənin öz auditoriyası var. Türkiyədə 80, Rusiyada 140 milyon insan yaşayır, bu cür verilişlərin rezonansı o qədər də böyük olmur. Azərbaycan əhalisi isə daha azdır və televiziyaya daha çox bağlıdır, bizim insanların psixologiyasında televiziya verilişləri böyük rol oynayır. Əgər tədqiqat aparsaq görərik ki, bizdə telekanalların insanlara təsir gücü digərlərindən daha çoxdur. Həmçinin bizim müəyyən sosial təbəqələrin psixoloji cəhətdən belə verilişlərə hazır olmadığını, onların təsiri altına düşmə ehtimalının çox olduğunu nəzərə alaraq başqa ölkələri təqlid etməyi ümumiyyətlə qüsurlu sayıram”.
Stress, depressiya ölümə səbəb olur
Tibb elmləri professoru Adil Qeybullanın sözlərinə görə, stress, depressiya insan ölümünə səbəb ola bilir: “Beyində limboredukulyar sistem var, orada emosional motivasiyalar formalaşır və insanın beynində morfinəbənzər maddələr ifraz olunur, hansı ki, onlara endorfinlər deyilir. Uzun müddət nevrozda, stressdə olan şəxslərdə bu mərkəzlərdə tükənmə olur və nəticədə beyin müdafiəsiz qalır. Belə hallarda nevrozlar inkişaf edir, depressiyalar yaranır. Depressiyalar sinir sistemi zəif olan insanlarda daha tez-tez rast gəlinən haldır”.
A.Qeybullanın sözlərinə görə, indi insanlarda nevroz çoxalıb. Bu vəziyyətin yaranmasının əsas səbəblərindən biri isə son zamanlar insanlar arasında ünsiyyətin olmamasıdır: “Bu gün insanlar tamamilə təcrid olunmuş durumda yaşayırlar, qohumlar bir-birinə uzun müddət getmir, ünsiyyətdə olmur. Əvvəllər qohumlar, dostlar tez-tez yığışırdılar, görüşürdülər, sanki bir enerji mübadiləsi baş verirdi. Bu olmadıqca enerji, xüsusilə də mənfi enerji bir insanın daxilində daha çox yüklənib qalır ki, bu da nevrotik pozuntulara gətirib çıxarır”.
Həmsöhbətimiz bildirdi ki, bu gün inkişaf etmiş kapitalist ölkələrində də autizmin, təcrid olunmanın xeyli yayıldığını görürük: “Bu, sanki kapitalizmin bir özəl xüsusiyyətidir, bazar iqtisadiyyatının bir əlamətidir. Hər halda insanlar bir-birilə ünsiyyətdən qaçmamalıdırlar, bir-birilə söhbətlər etməli, dayaq olmalıdırlar. Əsasən də bizim millət hər zaman qonaqpərvər, canıyanan olduğu üçün bu mənəvi keyfiyyəti itirməməliyik. Düzdür, keçid dövründə çox çətinliklər oldu. Banklar, faizlər, çətin dolanışıq insanların bir-birinə münasibətində deformasiyalar yaratdı. Amma bütün bunlara baxmayaraq, özünəməxsus özəl keyfiyyətlərimizi qoruyub saxlamalıyıq. Çünki bunlar nə cəmiyyət qanunlarına, nə hüquqi dövlətə, nə vətəndaş cəmiyyətinə neqativ təsir eləmir, əksinə insanları daha da möhkəmləndirir”.
Verilişlərdə əks olunan neqativ, dəhşətli halların insanlara təsirinə gəlincə, A.Qeybulla bildirdi ki, telekanallarda müxtəlif verilişlər verilərkən insan psixologiyası mütləq nəzərə alınmalıdır: “Biz bəzən hesab edirik ki, daha çox müasirləşirik, amma mən düşünürəm ki, müasirləşmə daha çox intellektdə, dünyagörüşündə, millətin özünü təsdiq edəcək bir formala olmalıdır ki, dünyada tanına bilək. Yoxsa ayrı-ayrı ölkələrdə gedən verilişləri təqlid etmək heç də irəli getmək deyil. Bu gün Azərbaycan televiziyaları özünün böhran dövrünü yaşayır – həm aparıcı baxımından, həm ssenari, həm süjet, həm verilişlərin mahiyyəti baxımından. Verilişlər bu gün tamamilə başqa istiqamətə yönəlməlidir. Mən demirəm ki, hansısa ideoloji nəzarət olmalıdır, amma düşünürəm ki, müvafiq qurumlar düşünməlidir bu haqda. Televiziyalar özləri də həmçinin. Təqlid heç də telelviziyanın inkişafı deyil”.
Mütəxəssisin sözlərinə görə, stress və depressiya insan orqanizmində əvvəlcədən mövcud olan digər xəstəliklərin də fəsad verməsinə, güclənməsinə səbəb ola bilir. Buna görə də, telekanallarda verilişlər yayımlanarkən mütləq tamaşaçıların sağlıq durumu nəzərə alınmalıdır.
Yeri gəlmişkən, ATV telekanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Baxşəliyeva sosial şəbəkələrdə mövzu ilə bağlı müzakirələrdə rəyini bildirib. Yuxarıda qeyd edilən ölüm faktı tərəfimizdən qeyd edilərkən Xoşqədəm xanımın reaksiyası belə olub: “Lütfən! Elgizin verilişində nə göstərilib bilmirəm, amma “Səni axtarıram”a minlərlə insan müraciət edib yaxınlarını axtarır. İndi biz bu verilişi bağlayaq? Məncə, kimin üçün ağırdırsa baxmaya, kanalı dəyişə bilər. Mən son vaxtlar ordakı insanların göz yaşlarını, hislərini lağ obyektinə çevirənlərə belə bir arzu edirəm – sizin də doğmalarınız itsin, o ananın yaşadıqlarını yaşayın, o zaman “Səni axtarıram”ın da dəyərini biləcəksiniz. Məncə, hər kəs bu verilişin ağırlığını, həsrətlilər üçün ümid yeri olduğunu bilir, amma mənim yaratdığım üçün bəzilərində qısqanclıq var. Bu qısqanclığı mən Suriyada olarkən, ailə qurarkən hiss etdim... Bu arada türk mediası məni Müge Anlı ilə eyniləşdirdiyinə görə bizi izləyən bəzi türklər etiraz etmişdi ki, “Səni axtarıram” daha yüksəkdədir. Yəni düşüncələr fərqlidir”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər