• cümə axşamı, 25 aprel, 16:59
  • Baku Bakı 23°C

Televiziyalarda aparıcı(lıq) problemi...

15.07.15 13:46 1470
Televiziyalarda aparıcı(lıq) problemi...
Akif Cabbarlı
Son günlər ölkə mətbuatında və cəmiyyətdə daha çox tirajlanan və geniş spektrdə nəzərdən keçirilən, təhlil edilən və nəticə çıxarmağa cəhd göstərilən mövzular sırasında daha çox boy göstərəni bəzi özəl telekanallarda rast gəlinən milli-mənəvi dəyərlərimizə və əxlaqa zidd söhbətlərin, dialoqların və sözün əsl mənasında teleçaxnaşmaların baş alıb getməsidir.
Ölkəmizdə son illər söz və mətbuat azadlığının verdiyi töhfələri, gətirdiyi dividentləri sadalamaqla qurtarmaz. Senzuranın ləğvi, regional televiziya kanallarının, qəzet və radioların yaranması ilə bağlı verilən sərbəstlik, jurnalist əməyinin qədərincə qiymətləndirilməsi, hər kəsin öz fikrini istədiyi mətbuat orqanında, istədiyi formatda çatdırmaq imkanı, tənqidi qeydlərə obyektiv yanaşma mühitinin formalaşması və digər mühüm amillər jurnalistikanı cəmiyyətin daha işlək, məhsuldar və etibarlı institutlarından birinə çevirmişdir. Lakin bəzi hallarda jurnalistika kimi şərəfli və məsuliyyətli peşənin daşıyıcıları yan-yörələrində səriştəsiz, mətbuatın ən elementar prinsiplərindən xəbərsiz, naşı “həmkarları” ilə rastlaşır və bu halların medianın nüfuzuna xələl gətirəcəyi ehtimalı ortaya çıxır. İstər qəzetlərdə istərsə də internet-mediada, televiziya və radioda “ işləyən” bəzi insanlar bu müqəddəs tribunadan sözün bütün mənalarında ilk fürsətdəncə yararlanmaq, populyar olmaq, məşhurlaşmaq eşqinə düşürlər. Bunun üçünsə belələri heç kimdə maraq oyatmayan və diqqəti çəkməyən “ istedadlarına” güvənirlər. Toylardan daha çox pul tutmaq niyyətində olan ara müğənniləri varlanmağa və şöhrətə aparan yolun məhz teleekrandan başladığını güman edirlər və çox vaxt heç yanılmırlar da. Bu müğənnilər müxtəlif vasitələrlə efirə çıxır, öz primitiv, sənətdən çox-çox uzaq “mahnılarını” tamaşaçılara sırıyır, sonra isə hətta şou proqramlara aparıcılıq etmək istəyinə də düşürlər. Sənətdə heç bir uğura imza atmayanlar, ifa etdikləri mahnıdan beş-on misranı əzbərləməyə qabiliyyəti çatmayıb fonoqrama üz tutanlar görəsən teleaparıcılıq kimi çətin, məsuliyyətli yükün altına hansı ürəklə, cəsarətlə girirlər, bax bu, heç cür anlaşılmır. Hər şey göz qabağında olduğu üçün hörmətli oxuculara ad çəkmək fikrindən uzağam. Beləliklə musiqidə, habelə hansısa qəzet-jurnal redaksiyasında özünü tapmamış, təsdiqləməmiş özündənrazılar adları və mövzuları heç bir müsbət aura doğurmayan şou proqramlara “aparıcılıq” missiyasını utanmadan öz boyunlarına götürürlər. Nəticə isə göz qabağındadır. Əgər sənin söz çinədanın tamamilə boşdursa, qoyduğun mövzudan tam xəbərsizsənsə, müsahiblərindən ikiqat, üçqat aşağı səviyyədəsənsə bəzənib-düzənib zəbt etdiyin bir-iki saatlıq efir vaxtını hansı sözlərlə, epitetlərlə bəzəyəcək, Əlahəzrət Vaxtın üzünə şax baxa biləcəksən?!
Hazırda teleaparıcıları təxminən üç cür təsnifləmək olar; 1. Telekanalların müvafiq redaksiya əməkdaşları tərəfindən hazırlanan mətnin və sualların köməyi ilə öz proqramını qurmaq, aparmaq və başa çatdırmaq istəyində olanlar. 2. Aparıcı əgər özünə inanır və güvənirsə mövzunu mətnləşdirir, sualları tərtib edir və çağırılmış müsahibləri ilə söhbətini qurur. 3. Bir qisim aparıcılar isə redaksiyanın mətnindən hansısa bəhanə ilə uzaq durur, özü də heç bir mətn və ya sual tərtib edə bilmir, sadəcə, efirə Allah ümidinə çıxır. Guya ki, hər şey təbii alınacaq, bədahətən verilən suallar ətraflı cavablandırılacaq və öz proqramını uğurla yekunlaşdıracaq.
Belə bir iddiada deyiləm ki, təxminən müəyyənləşdirilmiş bu təsnifat dünya praktikasında özünü doğrultmuş prinsiplərlə üst-üstə düşür. Dediklərim sadəcə, son vaxtlar telekanallarda müşahidə olunan məqamlardan doğan qənaətim kimi yozulmalıdır. Vaxtı ilə Azərbaycan Dövlət Televiziyasına rəhbərlik etmiş görkəmli televiziya nəzəriyyəçisi və tənqidçisi, professor Elşad Quliyev şou-biznes aləmində baş verənləri, daha doğrusu, getdikcə intensivləşən mənfi çalarları ciddi qınayır, bütün bunların onda acı təəssüf hissi doğurduğunu vurğulayırdı. Qətiyyətlə bildirirdi ki, həyəcan təbili çalmağın vaxtı keçir. “Telekanal rəhbərləri, redaktor və rejissorlar belə halların qarşısını tezliklə almasalar, ciddi mənəvi-etik deqradasiyalarla üzləşə bilərik. İndi gəncləri bayağı verilişlərlə, səviyyəsiz proqramlarla təəccübləndirmək və aldatmaq mümkün deyil. İndiki mürəkkəb dövrdə televiziyanın rolunun itirilmək təhlükəsi ilə üzləşməmək naminə ciddi fəaliyyətə keçmək olduqca zəruridir”.
Müasir televiziya aparıcıları öz işlərini yüksək səviyyədə qurmaq üçün bir çox vacib üstünlüklərə yiyələnməlidir. İlk növbədə onlardan yüksək savadlılıq, mütaliə, daxili mədəniyyət, hər kəslə yüksək intellektual səviyyədə söhbət etmək bacarığı tələb olunur. Bunların biri çatışmazsa, teleaparıcı efirdə çaşqın vəziyyətdə qalar, özünü itirər, müsahibinin qarşısında nəticə etibarilə milyonların qarşısında qızarar. Belə vaxtlarda isə aparıcıya nə qalır - dəvət olunan qonaqlar arasında süni şəkildə konflikt yaratmaq, müzakirəyə çıxarılan hər hansı məsələnin söyüş dərəcəsinə çatdırılmasına “yardımçı” olmaq və sonra da efir savaşının qarşısını almaq üçün süni barışdırıcılıq mövqeyi tutmaq. Bu gün bir çox özəl telekanallarda aparıcıların çoxu məhz belə üzdəniraq “yaradıcılıq” la məşğul olur. Süni hıçqırıqlar, itkin düşmüş, baş götürüb hansısa ölkəyə getmiş əzizinin tapılması üçün tökülən acı göz yaşları, kiminsə ailəsində yaranan ayrılıq təhlükəsinə görə həyəcan hissi, daha nələr, nələr... İndi şou proqramların əsas leytmotivini məhz bu kimi “problemlər” təşkil edir. Bəzən gözlənilməz sürprizlər də çıxır ortaya. Verilişləri bağlanır, töhmətlənir, işdən uzaqlaşdırılırlar. Nə olsun, hər halda gündəmdədirlər ki, saytlardan, qəzet səhifələrindən düşmürlər ki...
Bu gün Azərbaycan teleməkanında öz peşəsinin əsl ustası, yaradıcılıq və şəxsi keyfiyyətləri ilə çoxlarına nümunə olası teleaparıcılar uğurla fəaliyyət göstərirlər. AzTV-də, İctimai Televiziya-da, ANS-də çalışan, sıravi müxbirlikdən, reportyorluqdan başlayaraq çətin və məsuliyyətli yaradıcılıq yolu keçən aparıcılar rastlaşdıqları problemlərin içindən məharətlə sıyrılıb çıxmağı bacarıblar və sələflərindən öyrəndiklərini öz işlərində uğurla tətbiq edərək artıq özləri bir nümunəyə, məktəbə çevriliblər. Adlarını çəkməsək də siz onları yaxşı tanıyırsınız və dəqiq bilirsiniz ki bu aparıcılar hər zaman sözün düzünü, olanını deyiblər, hər cür qərəzdən, yalandan, iftiradan uzaq durublar. Adını aparıcı qoyub sadəcə özlərini biabır etməkdə olanlar isə bacarsalar elin göz tərəzisindən keçənlərdən öyrənməyə, dərs almağa cəhd göstərməlidirlər. Əks halda, onların ətrafında yaranan qalmaqallara, problemlərə son qoyulmayacaq.
P.S Hər cür mübahisənin qüsurlu olduğu barədə iddianın hələ də qüvvədə olduğunu nəzərə alıb tənqid və tərif ünvanlarını açıqlamasaq da güman edirik ki, yazının söylənilənlərdən nəticə çıxarılacağına ümid niyyəti ilə qələmə alındığını dərhal hiss edəcəksiniz.
banner

Oxşar Xəbərlər