«Televiziyalar bütün Azərbaycan mediasını zəhərləyir»

«Televiziyalar bütün Azərbaycan mediasını zəhərləyir»

Müsahibə
22 Yanvar 2013, 09:20 2218
Azərbaycan jurnalistikasında peşə etikası xeyli vaxtdır ki, tətbiq olunmağa başlayıb. Belə ki, müxtəlif kitablar buraxılıb, kodeks yazılıb, nəzəri cəhətdən kağız üzərində demək olar ki, qaydalar öz həllini tapıb. Bəs yeni qaydalarla, yeni texnologiyalarla gündəmə gələn mediada vəziyyət necədir? Media eksperti Zeynal Məmmədli “Kaspi”yə müsahibəsində yeni jurnalistika məsələlərinə aydınlıq gətirib.

Ümumi vəziyyət: bərbad

- Bu gün mətbuatda peşə-davranış qadalarından danışmaq necə səslənir?
- Peşə-davranış qaydaları söz və mətbuat azadlığının, ümumiyyətlə, ifadə azadlığının dəyər olduğu ölkələrdə önəm qazanır. Bütün digər hallarda məhz peşə etikası ifadə azadlığının, söz və mətbuat azadlığının məhdudlaşdırmaq üçün bəhanə kimi istifadə edilir. Ölkədə plüralizm geniş olanda peşə etikası ümumi müzakirələrlə müşayiət olunur. Məsələn, insanlar gedib qeyri-etik hesab elədiyi qəzeti almır. Mübarizə gedir ki, bu qəzet qeyri-etik deyil və başqa bir qəzet o səviyyədədir və s. Məsələn, gözəl yazmaq və yalan yazmaq tərbiyəsizlikdir – mübahisə bunu aydınlaşdırır. Mübahisə aydınlaşdırır ki, eybəcər yazmaq, yazı dilini təhrif etmək yalan yazmaqdan daha məqbuldur. Peşə etikası istər-istəməz bu məsələlərlə birbaşa bağlıdır. Etikanın peşəkarlıqdan və mühitdən ayrı götürmək mümkün deyil.
- Ümumilikdə real mənzərəni necə xarakterizə edərdiniz?
- Bu gün ölkəmizdəki bu mənzərəni bir sözlə xaraktrizə etmək daha yaxşı olar: ümidsiz.
- Onlayn jurnalistikada peşə etikasının tətbiqi üçün ayrıca qaydaların tətbiqinə ehtiyac varmı?
- Kağız üzərində təbii ki, qaydalar var. Həmin qaydalar Mətbuat Şurasında qəbul olunub. Layihə nəticəsi kimi də həmin qaydalar var. Amma jurnalist etikası heç vaxt başqasından götürülüb redaktə və ya ixtisar etməklə, kəskin yerlərini yüngülləşdirməklə olmur. Etikanı insan özü arzulamalıdır. Bu, təxminən bilirsiniz nəyə bənzəyir: başqasının ağlı ilə ağıllı görünmək olar, amma müdrik olmaq üçün öz ağlın olmalıdır. Bu da belədir. Bunu mütləq özün yaşamalısan. Özün yaşayıb hazırlamırsansa, bu sənin qanına keçmir və sən ona əməl eləmirsən. Bu baxımdan bizdə vəziyyət çox çətindir. Əgər Mətbuat Şurası buna əhəmiyyət versəydi, onda Azərbaycan mediası, özəlliklə də televiziyalar onun diqqətində olardı. Çünki televiziyalar bütün Azərbaycan mediasını zəhərləyir. Çünki pluralizm, gerçəyə adekvat münasibət yoxdur. Dildən tutmuş hər şeyə qədər orada pozuntular var. Orada menecment yoxdur. Peşəkar, etik tələblərlə bağlı ümumi vəziyyət bərbad gündədir. Amma görürsünüz ki, Mətbuat Şurası bunu etmir, yaxasını kənara çəkir ki, mən yalnız çap mediası ilə məşğulam. Amma bu gün çap mediası Azərbaycanda ictimai rəy yaradırmı və yaxud nə dərəcədə yaradır? Və çap mediasının özündə tərbiyəli və qeyri-etik qəzet anlayışları gerçəyə uyğun gəlirmi? Burada da çoxlu sual işarələri ilə qarşılaşırıq. Tərbiyəsizlik Azərbaycan mediasının daimi özəlliklərindən biridir - yalan danışmaqla, məsuliyyətsizliklə və hədəf auditoriyasını nəzərə almamaqla bağlı.
- Necə bilirsiniz, etik qaydalar daha çox onlayn jurnalistikada pozulur, yoxsa ənənəvi jurnalistikada?
- İş orasındadır ki, onlayn jurnalistikada hər bir səhvin həmən düzəlmə şansı var. Təsəvvür edin, mən bir an kiminsə ayağını tapdalayıram və dərhal üzr istəyirəm. Həmin “bir an” şansı onlayn jurnalistikada var. Ona görə deyə bilmərəm ki, etik qaydalar onlayn jurnalistikada daha çox pozulur. Əksinə, onlayn jurnalistika əslində tərbiyəsiz adamı bir az tərbiyəli göstərə bilər. Bax, bu baxımdan aldana bilərik ki, filankəs əslində tərbiyəsizdir, amma tərbiyəli görünür.

Adi bir videoya baxmaq istəyəndə

- Bəzən sosial şəbəkələrin xəbərləri medianın əsas xəbərinə çevrilir. Buna necə baxırsınız?
- Təbii baxıram. Əgər bu gün məsələn, Facebooka qoşulan oxucuların sayı yarım milyonu keçirsə, yarım milyonu narahat edən bir məsələ niyə ictimai müzakirəyə çıxmasın? Əlbəttə, jurnalistlər sosial şəbəkədən hər hansı olayın izinə düşmək baxımından istifadə etməlidirlər. Olanları ağına-bozuna baxmadan daşımaq peşəkar davranış ola bilməz.
- Bəs internet televiziyasına necə, ümid bəsləmək olarmı? Bəzi ekspertlərin fikirləri var ki, bizdə hələlik internet TV-nin uğurlarından danışmaq tezdir.
- Bizdə ənənəvi televiziyanın uğurlarından danışmaq hələ tezdir, o da qaldı internet TV ola. Amma söhbət ondan gedir ki, internetin bu sürəti və qiyməti ilə hansı uğurdan danışmaq olar? Adi bir videoya baxmaq istəyəndə görüntü donur. Belə halda internet TV-lərin uğurundan necə danışa bilərik? Axı internet TV auditoriyasını genişləndirməlidir. Hər adam özünə çoxzolaqlı internet xətti çəkdirmək imkanında da deyil. Lap olsa belə, bizdə o da sürətli deyil.
- Bəs kreativlik baxımından yanaşanda?
- Amma burada təbii: kreativlik baxımından internet TV-lər bir çox gənclər və özünü təsdiqləmək istəyən bir çox yetkin insanlar üçün böyük bir imkandır. Əgər onun texniki vasitələri də adekvatdırsa, bu baxımdan faydalanmaq olar. Bilirsinizmi, kreativ şeylər olacaq, ancaq bunlar bir qədər özfəaliyyət şəklində olacaq. Bunu peşəkar və istedadlı səviyyəyə çatdırmaq zaman istəyəcək.

Yeniyə nə ehtiyac?

- Hər halda bizdə bu gün İnternet TV-lər fəaliyyətdədir. Ümumi mənzərə necədir?
- Sürət söhbəti insanların video ilə ünsiyyətinə mane olur. Baxmayaraq ki, Azərbaycanda məhz video insanların ən asan qavradığı və daha çox meyilləndiyidir. Məsələn, əsgər ölümü ilə bağlı aksiyanın video çarxına nə qədər insanlar baxır, giriş fantastik surətdə artır. Onlar bu videoya normal baxa bilmirlər, amma baxmaq istəyirlər. Çünki hər gün belə zaman ayıra bilmirlər və hər gün də bu tip hadisələr baş vermir. Bizdə hazırda nə qədər internet TV-lər fəaliyyət göstərir. Amma onların daimi fəaliyyətinin şübhə doğurmayanı yoxdur.
- Əgər vəziyyət belədirsə, xüsusən texniki problemlər varsa, yenilərini açmağa ehtiyac varmı?
- Yeniləri açılırsa, bazar daha yoxdursa və bazardan qazanmırsansa, onda insanlar özlərinə sual verməlidirlər ki, bu, nə məqsədlə açılır? Ola bilsin ki, bəzi insanlar idealistdirlər, cəmiyyəti bilgiləndirmək üçün açsınlar. Bəzilərinin pulu var, özlərinə uyğun ictimai rəy yaratmaq üçün ola bilər. Motivin sırf iqtisadi olması: yəni, mən bazardan pul qazanım – bu, mümkün deyil.
- Sizcə bizdə internet TV-lərin nə vaxtsa populyarlıq qazanması ənənəvi TV-lərin, yumşaq desək, bazarını bağlamayacaq ki?
- Mən bu fikirdə deyiləm. Təbii ki, ənənəvi televiziya ilə bağlı mühitdə, ənənəvi televiziyadan istəklərimizdə, ənənəvi televiziyanın proqram siyasəti və proqramların formatında dəyişiklik olacaq. Amma iş orasındadır ki, bunlar bir-birinə mane olmayacaq. Deyək ki, internet TV formatı həcminə, elementlərinə görə fərqlənə bilər. Amma prinsipial bir fərq yoxdur. Mən o fikirdəyəm ki, internet TV daha çox xəbər TV-si kimi istifadə olunacaq. Amma ənənəvi TV daha çox iri, analitik polemika, mübahisə, əyləncə, film və s. üstünlük verəcək. İnternet TV ənənəvi TV deyil. O mənada ki, veb TV və internet TV anlayışları var. İnternet TV və adi TV bir-birinə yaxındır. Amma veb TV görüntü baxımından elə bil qəzetin televiziyasıdır. Bunun fərqli yaradıcılıq tərəfləri var. Amma bunların bir müddət uyğunlaşmaması söhbət mövzusu ola bilər. Bütövlükdə isə ənənəvi televiziyaya təsiri olmayacaq. Çünki TV, ekran, kino bəşəriyyətin elə bir nailiyyətidir ki, o, ənənəvi formasını həmişə qoruyub saxlayacaq. Məsələn, teatrda olduğu kimi.
- Sonuncu sualım. Media ilə bağlı hansısa problemlər yarananda, hər hansı müzakirələrə ehtiyac hiss olunanda bir ekspert kimi Zeynal Məmmədlinin səsi eşidilirmi?
- Ümumiyyətlə, əgər müzakirələrin, polemikaların səsi eşidilmirsə, o, polemikaya qatılan insanlardan biri kimi Zeynal Məmmədlinin səsi necə eşidilə bilər? Çünki ilk növbədə onların özü eşidilməlidir. İlk növbədə cəmiyyət bilməlidir ki, media onun nəyinə lazımdır? Bunlar çox ciddi məsələlərdir. Sual “media-cəmiyyət münasibətləri, media cəmiyyətə nə fayda verə bilər, medianın sosial faydası ilə bağlı və ya siyasi partiyalar bu baxımdan medianın rolunu cəmiyyətə anladırmı” kimi səslənsə daha yaxşı olar.

Təranə Məhərrəmova