• cümə, 29 Mart, 00:39
  • Baku Bakı 7°C

“Televiziya aparıcılar özləri də treninqlərə qatılmaqda maraqlıdırlar”

17.10.17 09:45 6488
“Televiziya aparıcılar özləri də treninqlərə qatılmaqda maraqlıdırlar”
AMEA Dilçilik İnstitutunun Monitorinq Şöbəsi ilə Milli Televiziya və Radio Şurası artıq beş ildir ki, telekanallarda ədəbi dil normalarının qorunması və inkişafı istiqamətində monitorinqlər keçirir. Hələlik dil normalarının qorunmasına xidmət edən bu tip layihələrin tam müsbət təsirindən danışmaq mümkün olmasa da, bu istiqamətdə addımlar atılır. Məsələn, hazırda televiziya aparıcıları Dilçilik İnstitutunun əməkdaşlarının telekanallarda keçirdikləri treninqlərə cəlb olunub.AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva ilə müsahibəmiz də KİV-də dil mənzərəsi ilə bağlıdır.
Ffonetik, leksik və qrammatik pozuntular
- Rəhbərik etdiyiniz monitorinq şöbəsi ədəbi dil normalarının pozulması ilə bağlı telekanallarda mütəmadi monitorinqlər həyata keçirir. Hər dəfə də vəziyyətin qənaətbəxş olmaması ilə bağlı ictimaiyyətə açıqlamalar verilir. Hazırkı vəziyyəti necə xarakterizə edərdiniz?
- Bu yaxınlarda "Azərbaycan ədəbi dilinin qorunmasında vəinkişafında KİV-in rolu” mövzusunda keçirilən konfransda prezidentin köməkçisi, professor Əli Həsənov ölkə başçısının bu məsələdən ötrü ciddi narahat olduğunu diqqətə çatdırdı və əlaqədar qurumlar qarşısında məsələləri bir daha qabartdı. Təbii ki, bu qurumlardan biri də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutudur. Ölkə başçısının 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramında müəyyən maddələrin icrası ilə bağlı əlaqədar qurumlar qarşısında məsələlər qoyulub. Konkret olaraq Monitorinq şöbəsi bu proqramdan iki il əvvəl də Milli Televiziya və Radio Şurasının (MTRŞ) təklifi ilə birgə monitorinq aparırdı. MTRŞ monitorinq aparmağı hər il iki ay müddətinə bizim quruma sifariş edirdi. Artıq 2013-cü ildən şöbəmizin özü də mütəmadi olaraq monitorinqlər aparır və nəticələri ictimaiyyətə açıqlayırdı. Sevindirici cəhət odur ki, o vaxtdan bəri - keçən 5 il ərzində böyük dəyişikliklərin şahidi olmuşuq. Artıq "heç bir dəyişiklik yoxdur” deyə bilmərik. Bu uğurun əldə olunmasında Dilçilik İnstitutu və Monitorinq şöbəsinin birbaşa əməyi var. Məqsədimiz Azərbaycan ədəbi dilinin müəyyən normalarına riayət olunmasını arzu etdiyimiz kimi görməkdir. Buz "Bu il və ya gələn il düzələcək” deyə ümid etməməliyik. Ata-babalarımızdan bizə saflığı ilə gəlib çatan dilimizə hər hansı bir aparıcının istədiyi tərzdə yanaşmasına yol verə bilmərik. Biz hər addımda bu cür hallara qarşı mübarizə aparmalıyıq. Bu tip səhvləri harada müşahidə ediriksə, yerindəcə müdaxilə etməliyik. Bu il MTRŞ Bakı Dövlət Universitetinin mütəxəssisləri ilə monitorinq apardı və biz də öz nəticələrimizi təqdim etdik. Demək olar ki, hər üç səviyyədə – fonetik, leksik və qrammatik pozuntuların şahidi olduq. Ən çox orfoepiya və leksik qaydalara riayət olunmaması hallarını müşahidə etdik. Bizi daha çox narahat edən leksik normaların pozulmasıdır. Çünki leksik qat birbaşa dilin lüğət tərkibi ilə nizamlanır, cilalanır. Dilin lüğət tərkibində vətəndaşlıq hüququ qazanmış alınma sözlər ola-ola, yersiz türk mənşəli və Avropa dillərindən olan sözlərin dilimizə gətirilməsinə çalışırıq. Yadda saxlamaq lazımdır ki, dili nizamlayan xalqdır. Xalq hər hansı bir sözü dilində mütəmadi istifadə edəcəksə, o söz zamanla dilin lüğət tərkibinə daxil olacaq və vətəndaşlıq hüququ qazanacaq. Əsrlərlə dilimizi qoruyan xalq, bu gün də sözləri yaşadıb-yaşatmamağı özü müəyyənləşdirir.
- KİV-də əsasən dil normalarının hansı pozuntularına rast gəlinir?
- Aparıcıların dilində yerli-yersiz alınma sözlərdən istifadə olunması halları müşahidə olunur. Həmin aparıcı bunu öz intellektinin göstəricisi hesab etsə də, əksinə bu, onun intellekt səviyyəsinin dayazlığının göstəricisidir. Aparıcı öz müsahibi ilə danışarkən söz bazası zəngin olmadığından ağlına hansı dildən söz gəlirsə onlardan da istifadə edir. Leksik normada ən yolverilməz məqamlardan biri kobud və vulqar sözlərdən istifadədir. Aparıcı öz qonağı ilə istədiyi səviyyədə danışır və bir növ məişət səviyyəsindəki danışığı efirə gətirir. Bu zaman ekranın qarşısında yüzlərlə, minlərlə insanın oturduğunu düşünmür. Təəssüf ki, bizim tamaşaçıların bir qismini həmin aparıcıların apardığı bayağı verilişlər cəlb edir. Əgər həmin verilişin aparıcısı özü də bayağıdır və intellekt səviyyəsi aşağıdırsa, onda vəziyyət daha acınacaqlı olur. Dialektlər hesabına dilimizə söz alınması, dilimizin lüğət tərkibinin zənginləşməsi çox gözəldir. Ancaq vətəndaşlıq hüququ qazanmadan sözlərin dilimizə daxil olması yolverilməzdir. Həmçinin telekanallarda aparıcıların danışığında tələskənlik özünü göstərir. Onlar sözlərin vurğusunu özlərinə məxsus tərzdə müəyyənləşdirirlər. Bu isə fonetik qaydaların ciddi pozulması deməkdir. Hər bir telekanalın tərkibində aparıcıların ədəbi dil normalarına nəzarət edən qurumu olmalıdır. Çünki dilə müdaxilə etmək, onu ağırlaşdırmaq, cümlədə sözlərin sırasını pozmaq dilin semantikasını pozur. Çox təəssüf ki, biz bu gün KİV-in dilində bu pozuntuları müşahidə edirik. Monitorinqlərdən sonra bu cür pozuntuların azalmasını müşahidə etsək də, ancaq bəzi aparıcıların qətiyyən dəyişmədiyinin də şahidi oluruq. Onlar öz üzərlərində işləmirlər. Bu da çox pis maarifləndirmə növüdür. Əgər həmin vaxt ekranın qarşısında bir məktəbli və ya tələbə oturubsa bu, onun üçün səhv cığırın açılmasıdır. Hazırda Bilik Fondu ilə Dilçilik İnstitutu dilin qorunması istiqamətində birgə layihə həyata keçirir. Hesab edirəm ki, bu cür layihələr öz bəhrəsini verəcək. Çünki əksər aparıcılar özləri də treninqlərə qatılmaqda maraqlıdırlar. Onlar artıq dil normalarını pozmaqla qınaq obyektinə çevrildiklərini və üzərlərində nəzarət olduğunu hiss edirlər.
Cərimələr tətbiq olsa
- "KİV” deyəndə təbii ki, təkcə telekanallar nəzərdə tutulmur. Tarixi qədim olan qəzetlər, artıq oturuşmuş saytlar da bu sıradadır. Bəs bu media orqanları ilə bağlı vəziyyət necədir?
- Biz mütəmadi keçirdiyimiz konfranslarda dil qaydalarını pozan konkret sayt adları müəyyənləşdirmişik. Bu il saytların dil mənzərəsi ilə bağlı ictimaiyyətə açıqlamamız da oldu. Həmçinin sayt rəhbərləri və onların nümayəndələri ilə görüşümüz keçirildi. İstənilən sayt müxbirini narahat edən məsələ mükəmməl, təkmil orfoqrafiya lüğətinin olması arzusudur. Gələn il Dilçilik İnstitutu növbəti orfoqrafiya lüğətini hazırlayıb istifadəyə verəcək. Həmçinin orfoepiya lüğətinin hazırlanması istiqamətində gedən proseslərə nəzarət Monitorinq şöbəsinə tapşırılıb. Bu gün praktikada nə tələb olunursa ona uyğun orfoepiya lüğəti ilə çıxış etməyi düşünürük. Ən çox suallar transliterasiya - alınma sözlərin orijinala uyğun yazılışı ilə bağlıdır. Azərbaycan ədəbi dilinin fonetik normaları əsasında bu prosesə nəzarət olunmalıdır. Biz gələcəkdə transliterasiya lüğətinin istifadəyə verilməsi haqqında düşünürük. Bu, çox ciddi məsələdir. Hətta, bizim şöbəyə onlayn lüğətin hazırlanması ilə bağlı da müraciətlər olur.
- Dilçilik İnstitutu dil normalarının pozulması ilə bağlı cərimələrin tətbiqi istiqamətində layihə hazırlayıb. İnzibati qaydaların tətbiqinin fayda verəcəyinə əminsiniz?
- Bizim qurum ilk növbədə maarifləndirmənin tərəfdarıdır. Ancaq monitorinqlər zamanı maarifləndirmənin də güclü icra mexanizmi statusunu daşımadığına əmin olduq. Ona görə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu belə bir təkliflə çıxış etdi. Əlbəttə, bu təklif əvvəlcə birmənalı qarşılanmadı. Bunun nəqliyyatda, iş şəraitində və s. yerlərdə danışan fiziki şəxslərə də şamil olunacağını güman etdilər. Sonradan biz müsahibə və açıqlamalarda dəfələrlə bu cərimələrin hüquqi şəxslər üçün təklif olunduğunu vurğuladıq. Biz əminik ki, bu, böyük səhvlərin aradan qaldırılmasına təkan verəcək. Hər hansı bir sahibkar istədiyi reklamı sifariş edəndə cərimə ödəməmək üçün yanlışlığa yol verməməkdə maraqlı olacaq. Biz dilimizin saflığının təmin olunmasını düşünməli və cərimədən çəkinməliyik. Çox təəssüf ki, hüquqi şəxslər tərəfindən dil normalarının qorunması məsələsi bir qədər kənarda qalıb. Biz mütəxəssis olaraq dilimizi qorumalı, onları cərimələməliyik ki, belə səhvlərə yol verməsinlər. Əgər hər hansı media orqanının rəhbəri öz işçisini biraylıq maaşından mərhum etməklə cərimə etsə, o, ikinci dəfə heç vaxt həmin səhvləri etməyəcək. Hələlik isə biz o səhvləri müşahidə edirik. Bu baxımdan, 5 illik maariflənmədən sonra ciddi inzibati cəzanın – cərimənin tətbiq olunması tərəfdarı kimi çıxış edirik. Məqsəd hansısa bir şəxsin müəyyən məbləğdə cərimə olunmasından getmir. Biz Tarif Şurasının müəyyən etdiyi cərimələr səviyyəsində təkliflərimizi vermişik. Məqsədimiz yalnız Azərbaycan ədəbi dilinin qorunması və inkişafının təmin olunmasıdır. Düşünürük ki, cərimələrin tətbiq olunması tez bir zamanda öz təsirini göstərəcək.
Hamımız ədəbi dildə danışsaq
- Təbii ki, dilin qorunması təkcə Dilçilik İnstitutunun vəzifəsi deyil. Bütövlükdə cəmiyyətin hər bir üzvünün üzərinə məsuliyyət düşür. Ümumilikdə dilimizin qorunması üçün necə mübarizə aparmaq lazımdır? Bəlkə maarifləndirməni daha böyük təbliğata çevirməyə ehtiyac var?
- Əgər biz hər bir addımda ədəbi dilin qaydalarının qorunmasından danışarıqsa, dil öz şirinliyini, təbiiliyini itirə bilər. Təsəvvür edin, əgər biz ailə daxilində ədəbi dildə danışırıqsa bəs bizim dialektlərimiz, dilimizin gözəlliyi necə olsun? Dil təkcə ədəbi dil normalarından ibarət deyil. Ədəbi dil KİV-in dilinə və reklamlara şamil oluna bilər və biz ədəbi dili bu istiqamətdə qoruyub saxlaya bilərik. Ancaq vətəndaş olaraq kiçikdən böyüyədək hamımız ədəbi dildə danışsaq, onda bu dili korlaya bilərik. Bu, əsrlər boyu qoruduğumuz dili təbiilikdən çıxara bilər. Biz ədəbi dilin normalarını lazım olduğu yerlərdə - KİV, reklamlar, adlar, ölkəyə idxal olunan malların içlik vərəqləri və s. qorumağa çalışmalıyıq. Ədəbi dilin qorunması kütləvi səciyyə daşıyır. Ancaq dilin fərdilikdə qorunması onu təbiilikdən çıxarar.
Söhbətləşdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər