• cümə axşamı, 18 aprel, 10:57
  • Baku Bakı 12°C

Telekanallar yeni mövsümdə nə vəd edir?

31.08.16 14:12 2134
Telekanallar yeni mövsümdə nə vəd edir?
Telekanallar bir mövsümü də beləcə yola saldı. Yeni mövsümdə televiziya aləmində hansı yeniliklərin olacağı isə əksər tamaşaçılar üçün maraqlıdır. Hər il mövsüm dəyişdikcə mütəmadi olaraq günümüzün ayrılmaz hissəsinə çevrilən televiziyalar da öz repertuarlarında bir sıra dəyişikliklər edir. Bəs görəsən bu mövsümdə televiziyalarımızda hansı yeniliklər gözlənilir? Kanallarımızda ötən mövsüm hazırlanan layihələr bu mövsüm də davam edəcəkmi?
Ötən mövsüm bir çox serialların final bölümü yayımlandı. Bəs bu mövsümdə yeni serialların çəkilməsi gözlənilirmi? Bütün bu suallara biz də cavab axtardıq. Bir çox telekanallarla əlaqə saxladıq. Telekanalların sözçüləri bizimlə söhbətində yeni layihələrinin digər kanallar tərəfindən mənimsənilməməsi üçün layihələrin tam olaraq adlarını qeyd etməkdən imtina etdilər. Bir sözlə, onlardan mövsümün yeniliklərini öyrənmək heç də asan olmadı.
"Azərbaycan Televiziya və Radio Verilişləri”(AzTV) Qapalı Səhmdar Cəmiyyətinin ölkəmizin ən qocaman televiziya və radio qurumu olduğunu xatırladan mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bizimlə söhbətində bildirdi ki, Azərbaycan Televiziyasının auditoriyası çox genişdir. Hazırda bu televiziyanın yaydığı verilişlərə tamaşaçılar nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar yerlərində, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilirlər. Azərbaycan Televiziyasının Türkiyə, Rusiya, Ukrayna, İran, Kanada, Özbəkistan və Qazaxıstanda müxbir məntəqələri fəaliyyət göstərir. Hazırda Azərbaycan Televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir: "Biz adətən yeni layihələr barədə əvvəlcədən məlumat vermirik. Bilirsiniz ki, bizim kanalımız izlənilir və kifayət qədər də reytinq qazanır. Televiziyada belə bir qanun var-əvvəlcədən heç kimə heç bir məlumat verilmir. Sizə ancaq onu deyə bilərəm ki, biz hər mövsüm yeni layihələrlə tamaşaçılarımızın görüşünə gəlirik. Yeni layihəyə başlamaq üçün mövsümün əvvəlini gözləmirik. Misal üçün, ötən ilin yazında "Tam fərqli”adlı yeni verilişlimiz nümayiş olundu. Yeni proqramlarımız hələ də hazırlanır. Dövlət televiziyası olaraq həm ədəbi-bədii, həm də intellektual, ictimai-siyasi verilişlərə yer veririk. Bizim televiziyamzda yer alan verilişlərin hamısının leytmotivi maarifləndirici xarakter daşıyır. Televiziyanın üç prinsipi olan xəbər, əyləncə və maarifləndirməyə xüsusi önəm veririk”.
"Baxdıqca baxılan” devizi altında yayımlanan ATV telekanalı da yeni televiziya mövsümünə sürprizlər hazırlayır. Tamaşaçıların hüzuruna həm sevilən verilişlər, həm də yeni telelayihələrlə çıxan telekanal onların zövqünə oxşamaq, insanlara şən və xoşbəxt saatlar bəxş etmək arzusundadır.
Qeyd edək ki, teleşirkət yeni mövsümün anonsları üçün maraqlı videoçarx hazırlayıb. Aldığımız məlumata görə, bir neçə gündür yayımlanan bu videoçarxın çəkilişində 80-dən çox insan iştirak edib. 15 gün gedən çəkilişlərdə ATV-in aparıcılarının əksəriyyətini görmək mümkündür. Videoçarxın rejissoru hər zaman yaradıcı fikirlər müəllifi olan Rauf Ocaqverdiyevdir. Klipin musiqisi özünəməxsus dəsti-xətti olan Tünzalə Ağayevanın, sözləri Sevinc Çılğının, aranjemanı isə İslam Şirvaninindir. Gözəl görüntülər operator Elvin Əhmədoğlunun əməyinin nəticəsidir. Montaj Elmar Vəliyevin, qrafik tərtibat Tariyel Seyidovundur.
Bu mövsümdə ATV telekanalı bir-birindən maraqlı serialları ilə izləyicilərinə daha yaxın olacaq. Belə ki, ötən mövsümdən yarımçıq qalan "Vicdan haqqı” serialı öz ahəngi və əlavə xətləri ilə yenidən tamaşaçıların görüşünə gələcək. Əldə etdiyimiz məlumata görə, bu mövsüm kanalda 2 yeni serial da işıq üzü görəcək. Onlardan biri "Sən olmasaydın” serialıdır ki, burada estrada müğənnisi Sevda Yəhyayeva çəkilir. O, serialda baş rollardan birini canlandıracaq. Sevdanın tərəf müqabili tanınmış aktyor Anar Heybətovdur. İfaçı teleserialın afişasını İnstaqram səhifəsində yayımlayaraq "İnşallah hər şey gözəl olacaq” sözlərini yazıb.
"Yüz ölç bir biç” verilişinin aparıcısı Vüsalə Kərimova açıqlamasında bildirib ki, aparıcısı olduğu proqramın yayım müddəti cəmi bir neçə ayı əhatə edir: "Yaradıcı komandamızla heç mövsüm finalı da etməmişik. Hal-hazırda hər həftənin bazar ertəsi tamaşaçı görüşünə gəlirik. İnşallah sentyabrdan etibarən bir az dəyişiklik etmək niyyətimiz var. Maraqlı mövzuları təzələnəcək studiyamızda müzakirəyə çıxaracağıq”.
ATV telekanalında növbəti bir serial da nümayiş olunacaq. "Günəşim ol” adlanan serialda kənd həyatında yaşanan müəyyən problemlərə toxunulacaq, sürət dövrü olmasına baxmayaraq, hələ də cahil ömür sürən, haqsızlıqla, qorxuyla üz-üzə qalan insanların həyat tərzindən, eləcə də kənd həyatının gözəl adət-ənənələrindən də bəhs olunacaq. Məlumat üçün bildirək ki, serialda əsas rollar tanınmış simalara həvalə olunub. Belə ki, baş rolları Günel Məmmədova, Rəşad Kəsəmənli və Elnar Qarayev canlandıracaqlar.
"Space” Müstəqil Teleradio Şirkəti gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı, maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə digər televiziyalardan seçilir. Televiziyanın "Proqram” şöbəsindən qəzetimizə verilən məlumata görə, "Space” televiziyasında bu mövsümdə yeni layihələr işıq üzü görəcək. Bu layihələr əsasən maarifləndirici, əyləndirici, musiqili, əyləncəli, həm də informasiya xarakteri daşıyacaq. Hazırda sözügedən layihələr üzərində iş gedir. Bundan başqa, bir serialın yayımlanması da nəzərdə tutulub. Sözügedən serialın adı açıqlanmasa da, bu serialın tamaşaçıların zövqünə xitab edəcəyi söylənilir. Aldığımız məlumata görə, yaxın günlərdə tamaşaçılar serialın anonsları ilə tanış ola biləcəklər. "Space” kanalı yerli film və serialla bərabər xarici filmlərə də müraciət edəcək. Belə ki, kanal rəhbərliyi xarici yeni filmlərin alınması ilə bağlı əcnəbi şirkətlərlə danışıqlar aparır.
Bir sözlə, "Space” kanalı yeni mövsümdə tamaşaçılara sözün əsil mənasında istirahət və əyləncə vəd edir.
Mövzu ilə bağlı digər telekanallarla da əlaqə saxladıq. Onlar ümumi şəkildə yeni mövsümdə maraqlı repertuar vəd etsələr də, layihələrin adlarını çəkməkdən imtina etdilər. Səbəb kimi isə həmin layihələrin digər kanallar tərəfindən mənimsənilməsi ehtimalını göstərdilər.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər