• şənbə, 20 Aprel, 01:55
  • Baku Bakı 15°C

“Telefonumda 30 mahnıdan 28-i hind mahnısıdır” – İncəsənət

29.10.16 10:52 4052
“Telefonumda 30 mahnıdan 28-i hind mahnısıdır” – İncəsənət
Müsahibimiz ssenarist, aktyor Elvin Ağayevdir. "Qayınana”, "Həyat, sən nə qəribəsən”, "Bir ailəm var”, "Cehizsiz gəlinlər”, "İki ömür” seriallarının ssenaristlərindən, yazarlarından biri olan müsahibimiz həm də maraqlı aparıcıdır. "ArtStar” verilişində biz dəfələrlə bunun şahidi olmuşuq. Özü də "Qələm” ssenarist qrupunun üzvüdür. Maraqlı yozum tərzi və qələm sahibidir.

- İstərdik, ilk olaraq aktyorluq sənətinə marağınızdan danışasınız.
- Mən uşaqlıqdan aktyor olmağı arzulamamışam. Bu sənətə gəlişim tamamilə təsadüf nəticəsində baş verib. Təfəkkür Universitetinin "İqtisadiyyat” fakültəsini bitirmişəm. Bu ixtisasın hazırda çalışdığım sahəyə heç bir aidiyyatı belə yoxdur. Bu camiəyə aidiyyəti olmayan bir ixtisası bitirmişəm. Tələbə vaxtı KVN komandasında həvəskar olaraq fəaliyyət göstərirdim. Bu sahəyə o qədər aludə oldum ki, bir də gördüm artıq ssenarilər yazır, səhnələrə çıxıram. Tələbəlik illərində Universitetlərarası KVN yarışmalarında iştirak edirdik. Həmin dövrdə tanınmış aparıcılar, rejissorlar məni gördü, bu sahəyə dəvət etdi. 2007-ci ildən Xəzər televiziyasında yayımlanan "Mix şou” ilə fəaliyyətə başladıq. O layihə ilə tanındım və ön plana çıxan aktyorlardan oldum. Aktyor deyəndə böyük çıxmasın, hələ də özümə peşəkar aktyor deyə bilmirəm.

- Bəs ilk obrazınız hansı oldu?
- "Qayınana” serialında Lazım obrazı ilə tanındım.

- Lazım obrazı ilə yəqin ki, Azhərbaycan incəsənətinə lazımlı bir insan gəlib.

- (Gülürük) Bu, tam təsadüfdür. Serialda mənə "nenujnıy” (lazımsız) gədə deyirdilər.

- Çox fərqli bir imicə maliksiniz. Bu imicinizin həmkarlarınızdan fərqlənmək və rejissorların diqqətini daha tez cəlb etmək üçün işinizə yarayan vaxtları olubmu?
- Tez-tez mənə deyirlər ki, saçınız ayrı, qaşınız ayrı, saqqalınız da tamam ayrı rəngdədir. Vallah, heç birinə toxunmamışam. Məni yaxından görsələr, bunların hamısının təbii olduğunun şahidi olarlar. Bir az lovğalanmaq kimi çıxmasın, mənə deyirdilər ki, bu imicdə Azərbaycanda ikinci bir aktyor yoxdur. Bu da mənim özəlliyimdir. Əslində rejissorlar məni görəndə, ilk baxışdan heç də müsbət obrazlar vermirlər. Daha çox şorgöz, mənfi obrazlar təklif edirlər. Təbii ki, mən də hansı obraz könlümə, ruhuma yatırsa, onu oynamağa razılıq verirəm. Daha sonra həmin rejissorlarla söhbət edəndən, münasibət saxlayandan sonra deyirlər ki, əslində fərqli obrazlar səndə daha yaxşı alınar. Hətta ruhuma yaxın bir obraz oynamağım təklif olunsa, uzun müddətdir ki, saxladığım saqqalımı sənətimə qurban edə bilərəm (gülürük).

- Elvin bəy, "ArtStar” verilişi ilə siz daha çox tanındınız və sevildiniz. Hansı ki, bu verilişdə biz ilk dəfə idi ki, tamam başqa ampluada olan bir aparıcı görürdük - komplekssiz, pozitiv. Həmin layihənin davamı olacaqmı?

- "ArtStar”-ın mənim yaradıcılığımda xüsusi bir yeri var. Etiraf edirəm ki, nə qədər seriallara çəkilsəm də, "ArtStar” mənə möhtəşəm bir təkan verdi. Həmin verilişdə özümü tamamilə göstərə bildim. Düzdür, müxtəlif obrazlarım var idi. Ancaq bu layihədə Elvinin özü idi. Ona görə də tamaşaçılar məni olduğum kimi qəbul etdilər. "ArtStar”ın bünövrəsini qoyanda baş ssenaristimiz, ideya müəllifimiz Valeh Əhmədov mənə dedi ki, inanıram, sən bu verilişdə əsl Elvini göstərə biləcəksən. O bu layihədə mənə çox güvənirdi. Artıq mövsümü qurtarmışıq. Həmin verilişin davamının olub-olmayacağını biz özümüz də bilmirik. Ancaq həyat sürprizlərlə doludur. Bəlkə də "ArtStar”ın böyük, geniş versiyası olacaq, bəlkə də tamam başqa bir adla başqa bir veriliş hazırladıq. Böyük planlarımız var. Onları özcədən deməyək ki, sürprizin dadı qaçmasın.

- Özünüzü necə bir verilişdə aparıcı kimi görmək istəyərdiniz?
- Mənimki şoudur. Arxayınam ki, bir gün maraqlı şou proqramı ilə efirə çıxıb, Azərbaycandakı bütün şou proqramlarını unutdura biləcəyəm.

- Bugünkü şou verilişləri sizi qane etmir?
- Tamaşaçılar yerli verilişlərimiz, seriallarımız haqqında danışanda, bildirirlər ki, Azərbaycan kanallarına baxmırlar. Ancaq mən danmıram və açıq şəkildə qeyd edirəm ki, Azərbaycan kanallarına baxıram. Biz ssenaristik. Ona görə də təkcə öz kanallarımıza baxmaqla kifayətlənə bilmərik. Xarici verilişləri, kanalları izləməliyik ki, beynimizdə baza yığılsın. Xarici serialları çox izlədiyimə görə bizim verilişləri çox da bəyənmirəm. "ArtStar” verilişinin aparıcısı olsam da, o verilişi sona qədər oturub izləməmişəm. Çünki verilişi izləyərkən özümdə hər hansı səhvi tapanda əsəbiləşirəm. Sevərək izlədiyim verilişlər də var.

- Sizi həm ssenarist, həm də aktyor kimi yaxşı tanıyırıq. Bu iki sənətdən hansı sizə daha asan gəlir?

- İnsan sonradan nə ssenarist, nə də aktyor olur. Aktyor doğulur. Bu istedad insanda anadangəlmə olmalıdır. İlk olaraq özümdə ssenaristlik bacarığının olduğunu hiss etmişəm. Bu sənətlə uzun müddətdir ki, məşğulam. Çətinliyə qalsa, mənə aktyorluq çox çətindir. Çünki hər dəfə fərqli bir insanın həyatını yaşayırsan. Ssenaridə odur ki, hər dəfə fərqli insanın həyatını yazır, bütün gün ərzində onun həyatını fikirləşirsən. Əslində hər iki sənət çətindir. Ancaq mən uzun müddətdir ki, ssenarist işlədiyimə, onun praktikası məndə daha çox olduğuna görə ssenaristlik mənə asan gəlir. Ssenari yazarkən yorulmuram. Aktyor sənəti elədir ki, serial çəkilişləri bitəndən sonra yaratdığım obrazın təsirindən çıxa bilmirəm. Obraza girmək və çıxmaq mənim üçün çox çətin olur.

- Seriallarımızın ssenariləri çox zaman qınaq obyektinə çevrilir. Onların xarici seriallardan götürüldüyü iddia olunur. Bu fikirlərə münasibətiniz necədir?
- Biz bu sahə üzrə ustadlardan dərs almışıq. 2012-ci ildə "Qurdlar vadisi”, "Möhtəşəm yüzyıl” seriallarının ssenaristləri bizə ustad dərsləri keçiblər. Onlar bizə bu ixtisasın bütün incəliklərini başa salıblar. Dünyada 36 cür ideya var. Biz ssenari yazarkən özümüzdən Amerika açmırıq, insanın həyatını yazırıq. Bədbəxt taleyi yaşayan həmin insanlardan təkcə xaricdə yoxdur. Kiminsə valideyni bizdə ölürsə, o, Türkiyədə də ölür. Onlar bunu Türkiyədə görəndən sonra deyirlər ki, bunu Türkiyədən götürmüsünüz. Serial sektorunu inkişaf etdirmək üçün niyə də kimdənsə nəsə götürməyək? Tamaşaçıların fikrini normal qarşılayıram. Sadəcə olaraq bizə deyəndə ki, serialın ssenarisini xaricilərdən götürmüsünüz, onda deyirik ki, xoşunuza gəlmirsə, nə üçün baxırsınız? Nə qədər kobud səslənsə də, bunu deyəcəm. Ötən il "Həyat, sən nə qəribəsən”, "Bir ailəm var” gündəlik yayımlanan seriallar haqqında da iradlar bildirirdilər. Ancaq fakt bu idi ki, Azərbaycan serial tarixində o qədər reytinq verən serial yox idi. Reytinqlər bizə göstərirdi ki, ölkənin 60 faizi bizi izləyir. Bunlar normal iradlardır, ömür boyu da olacaq. Biz yaxşı film çəkib Oskar alsaq da, yenə də deyəcəklər ki, bizim çəkdiklərimiz bərbad gündədir.

- Aydındır. Elvin bəy, 20 ildən sonra özünüzü necə təsəvvür edirsiniz?
- Özümü 20 ildən sonra təsəvvür etmirəm, təsəvvür etmək istəmirəm. Bu günümlə yaşayan insanam, sabahımı düşünmürəm. Sabahı düşünəndə əsəbləşirəm. Hamı istəyir ki, gələcəkdə Hollivud filmlərinə çəkilsin. Mən isə bunu arzulamıram. Mənim arzum Bollivud filmlərində iştirak etməkdir. Möhtəşəm bir hind filmində çəkilmək istərəm. Mənə seçim imkanı versələr, Hollivudu deyil, Bollivudu seçərəm.

- Səbəb?
- Uşaqlıqdan onlara qarşı xüsusi simpatiyam var. Ən çox da son illər çəkdikləri filmlərin ssenarisi məni cəlb edir. Düzdür, Hollivud filmlərinin ssenarisi də güclüdür, ancaq Şərq filmlərini daha çox sevirəm. Onu da qeyd edim ki, özüm bilməyərəkdən hind dilini də öyrənmişəm.

- Bu necə olur?
- Hər hansı bir hind filminə baxanda onu tam şəkildə anlayıram. Özüm bilməyərəkdən filmlərə baxa-baxa hind dilini öyrənmişəm. Hind filmlərinə tərcüməsiz baxıram. Mənim telefonumda 30 mahnıdan 28-i hind mahnısıdır. Əvvəl bu musiqiləri dinləyəndə heç nə başa düşmürdüm, onların boğazlarına vurulurdum, indi isə mahnını tam şəkildə anlaya bilirəm. Başa düşməyəndə araşdırıram ki, bu mahının sözləri nədən ibarətdir. Bəlkə mahnıda məni söyürlər?

- Elvin bəy, hazırda ssenaristi olduğunuz seriallarda vəziyyət necədir?
- Hər şey qaydasındadır. Hazırda "Cehizsiz gəlinlər” və "İki ömür” seriallarının ssenarisini yazıram. Bundan başqa, "Cehizsiz gəlinlər” serialının 6-cı seriyasında Elnur obrazı ilə seriala çəkilirəm. Burada nənəsinin böyütdüyü ərköyün oğlanı canlandırıram. Qeyd edim ki, həftənin 3-cü günləri saat 22:00-da "Cehizsiz gəlinlər”, həftənin 1-ci günləri 22:00-da "İki ömür” serialı yayımlanır. Seriallarımızı izləməyi unutmayın. Çünki onlar çox maraqlıdır.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər